Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2124/2022 22.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «qalıq borcun və dəbbə pulunun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «qalıq borcun və dəbbə pulunun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli D-31/20 saylı «Xidmət müqaviləsi»nə əsasən 7.500 manat məbləğində qalıq borcun, gecikdirilmiş dövr üçün hesablanmış 775 manat dəbbə pulunun və məhkəmə xərclərinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli D-31/20 saylı xidmət müqaviləsinə əsasən, icraçı İddiaçı MMC sifarişçi Cavabdeh sifarişi əsasında ünvan 1 ünvanda 600 m2 sahədə fasad və iç dizayn xidmətlərini həyata keçirməyi, sifarişçi isə sifariş etdiyi xidmətləri icraçıdan qəbul edib xx.xx.2020-ci il tarixli D-31/20 saylı «Xidmət müqaviləsi»nin 3-cü bəndində razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Bəhs edilən müqavilə üzrə sifarişçi Cavabdeh ümumi dəyəri ƏDV daxil olmaqla 15.000 manat məbləğində xidmət haqqını icraçı İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçi Cavabdeh tərəfindən xidmət haqqının 50 %-i öncədən İddiaçı MMC-yə ödənilmiş, lakin icraçı İddiaçı MMC öhdəliklərini tam şəkildə icra etməsinə baxmayaraq, sifarişçi Cavabdeh tərəfindən xidmət haqqının qalan 50 %-i İddiaçı MMC-yə ödənilməmişdir. Müqavilənin ilk səhifəsində əsas hüquq və vəzifələrini şəxsi imzası ilə qəbul etməsinə baxmayaraq, bu müqavilədən yarana biləcək mübahisələrin həlli qaydası, müqaviləyə əlavə və dəyişikliklərin edilməsi və digər şərtlərlə bağlı müddəalara həsr olunmuş ikinci səhifə sifarişçi tərəfindən imza edilməmişdir. 18 aprel 2022-ci il tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh yazılı xəbərdarlıq məktubu ünvanlanaraq, müqavilənin 2-ci səhifəsinin imzalanması və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunmuş, xəbərdarlıq məktubu xx.xx.2022-ci il tarixdə təhvil alınmasına baxmayaraq Cavabdeh bu günə qədər öhdəliklərinin icrasından boyun qaçırır. Eyni zamanda, xx.xx.2020-ci il tarixli D-31/20 saylı «Xidmət müqaviləsi»nin 6.2-ci bəndinə əsasən, sifarişçi bu Müqavilənin 3-cü bəndində göstərilən məbləği (15.000 manat) icraçının hesabına ödəməzsə, onda hər gecikdirilmiş gün üçün müqavilə məbləğinin 0,1 %-i miqdarında icraçıya cərimə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, cərimənin ümumi məbləği müqavilə qiymətinin 5 %-indən ****** olmamalıdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli D-31/20 saylı «Xidmət müqaviləsi»ndən görünür ki, tərəflər arasında daşınmaz əmlakda fasad və iç dizayn xidmətlərinin yerinə yetirilməsi və bu xidmətlərin yerinə yetirilməsinə görə muzdun ödənilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən – bu Müqavilə ilə İcraçı Sifarişçinin sifarişi əsasında ünvan 1 ünvanda 600 m2 sahədə fasad və iç dizayn xidmətlərini yerinə yetirməli, Sifarişçi isə sifariş etdiyi xidmətləri İcraçıdan qəbul edir və ona müqavilənin 3-cü bəndində razılaşdırılmış muz ödəməlidir. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin qiyməti 15.000 manat ƏDV daxil olmaqla, həmin məbləğ Sifarişçi tərəfindən İcraçıya nağd qaydada ödənilməli və müqavilə üzrə görüləcək işlərə start verilməlidir. Müqavilənin 6-cı bəndi crimə hesablanması qaydasını və məbləğini müəyyən edir. Müqavilənin birinci səhifəsi hər iki tərəf, ikinci səhifəsi yalnız İcraçı tərəfindən imzalanmışdır. Sifarişçi ikinci səhifəni imzalamağı unutmuşdur. İcraçı tərəf bu məqama diqqət yetirməmişdir. Məhkəmə qeyd edir ki, müqavilə həqiqi müqavilə olmaqla, tərəflər iradə ifadələrinə uyğun müqavilə bağlamışlar. Müqavilə tərəfləri müqaviləni qeyd olunan şərtlər daxilində bağlamaqla, hər bir tərəf digər tərəf qarşısında öhdəlik və vəzifələr götürmüşdür. Təsadüfi deyildir ki, 15 sentyabr 2020-ci il tarixli 572330 saylı kassa mədaxil orderinə əsasən sifarişçi olan cavabdeh icraçı olan iddiaçının hesabına müqavilə ilə müəyyən edilmiş xidmət haqqının (muzdun) 50 % hissəsini, yəni 7.500 manatı ödəmişdir. Bu, bir daha, müqavilənin real müqavilə olduğunu təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, iş üzrə iddiaçı müqavilə öhdəliklərini tam və vaxtında icra etdiyini, lakin cavabdehin müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, razılaşdırılmış muzdun (xidmət haqqının) yalnız yarısını ödədiyini, eləcə də müqavilənin ikinci səhifəsinin imzalanmadığını cavabdehin nəzərinə çatdıraraq, müqavilənin ikinci səhifəsinin imzalanmasını, eləcə də, qalan pul vəsaitinin ödənilməsini cavabdehdən xahiş etmiş, əks təqdirdə mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə cavabdehi xəbərdar etmişdir. Göründüyü kimi, edilmiş xəbərdarlığa baxmayaraq, cavabdeh tərəfindən müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etməmiş, iddiaçıya ödənilməmiş 7.500 manat borcu qalmışdır. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 102 manat 75 qəpik dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 7.500 manat pul vəsaiti, 100 manat dəbbə pulu və ödənilmiş 102 manat 75 qəpik dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 100 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, 100 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 7.500 manat pul vəsaiti, 100 manat dəbbə pulu və ödənilmiş 102 manat 75 qəpik dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-2124/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2124/2022
22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver