Məhkəmə qərarları › İş №e-2(002)-2156/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2156/2023

13.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2156/2023 13.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh ilə X5 arasında bağlanmış xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən, X5 Bakı şəhər İcra Hakimiyyəti Tİ MHQİ-nin verdiyi 335 saylı reyestr kitanında 48476 səhifə, 30/48476 qeydə alma nömrəli xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52.0, yaşayış sahəsi 28.0 kv metr olan 2 otaqlı mənzili qardaşı Cavabdeh bağışlamışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 28, 12 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın məzmunundan görünür ki, X4, xx.xx.1991; X3, xx.xx.1992; X1, xx.xx.1972; Cavabdeh, xx.xx.1968; X6, xx.xx.2002; Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 28, 12 saylı mənzilində qeydiyyatdadırlar.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanından Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-5295/2023 saylı məktubundan görünür ki, Cavabdeh adına Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 28, 12 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, ev 10, 1 saylı mənzil xx.xx.1995-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 8 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 4Ə-1-241 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Cavabdeh adına Azərbaycan Respublikasının digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İddia tələbi

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehə məxsus olan və hazırda faktiki olaraq yaşadığı, ünvan 1 ünvanında yerləşən mənzilə yaşamaq hüququnun tanınması, həmin mənzilə köçürülməyi, dövlət rüsumu olaraq ödədiyi 100 manat, hüquqi yardım üçün ödədiyim 150 AZN, cəmi 250 (iki yüz əlli ) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o, hazırda qeydiyyatda olduğu, qardaşı X2 xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsi əsasında digər qardaşı Cavabdeh məxsus olan, ünvan 2 ünvanında yerləşən mənzildə dünyaya göz açıb, valideynləri və digər ailə üzvləri ilə xx.xx.2022-ci il tarixədək orada yaşamışdır. Qeyd olunmuş sonuncu tarixdə, qardaşı Cavabdeh onu sözügedən mənzildən qovub çıxarmış, ona həmin mənzildə yaşamağa imkan vermir. Özü ailə qurmamışdır. Qardaşı Kamil evləndikdən sonra, həmin mənzildə, onun uşaqlarının doğulduğu vaxtdan evdən getdiyi vaxtadək evin bütün təsərrüfat işlərini, uşaqlarına xidmət göstərilməsi və s. işləri o görmüşdür. Bakı şəhəri 8 saylı Notariat kontorundan verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2012-ci il tarixli 2V-533 reyestr nömrə ilə digər ailə üzvləri ilə yanaşı ona da vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnaməsi verilmişdir (məktub əlavə olunur). Hazırda məcburiyyət qarşısındə qardaşı Tofiqin ailəsinin yaşadığı darısqal mənzilə sığınmışdır. Onun hazırda nə mənzil almaq, nə də mənzil kirayələmək imkanı yoxdur. O ömrünün keçən hissəsini yaşadığı, atasından miras qalmış, ona da vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnaməsi verilmiş, qeydiyyatda olduğu, orada yaşamaq hüququna malik olduğu mənzildə yaşamaq istəyir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

7. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215, 215.3, 215.3.1, 215.3.2, 215.4, 215.5, 215.6, 135.4; Mənzil Məcəlləsinin 30.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

8. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və əlavə olaraq evdə ona məhdudiyyətlər qoyulduğunu, atasının 1996-cı ildə vəfat etdiyini, cavabdehin qardaşı olduğunu, ev əvvəllər atanın olduğunu, atasının iki evinin olduğunu, bir evin qardaşı Tofiqin, digər evin isə cavabdehin olduğunu, ilk olaraq Tofiqə aid evdə cavabdeh, cavabdehə aid evdə isə Tofiq yaşadığını, sonra onlar aralarında bağışlama müqaviləsi bağlanaraq evləri əvəzləşdirdiklərini, hərənin öz evində qeydiyyatda düşdüyünü bildirdi. İddiaçı ünvan 1-nin mülkiyyətçisinin cavabdeh olduğunu, özünün həmin evdə doğulub böyüdüyünü, 2022-ci ilə qədər həmin evdə yaşadığını, amma cavabdehin həyat yoldaşı və uşaqları problem yaratdıqlarına görə evdən çıxmağa məcbur qaldığını bildirərək həmin evdə yaşamaq hüququnun məhkəmə qərarı ilə rəsmi təsdiq edilməsini, evdə yaşaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

9. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, tərəflər bacı-qardaşdır, mübahisəli ev ilk olaraq Rəcəbov Kamalın olub, cavabdeh və qardaşı Tofiqə iki ev miras qalıb, 12 saylı mənzil ilk olaraq Tofiqə verilmişdir, hazırda 12 saylı mənzilin mülkiyyətçisi cavabdehdir, iddiaçı həmin evdə doğulub, həmişə orada yaşayıb, iddiaçının 2022-ci ilə qədər evdə yaşadığını, ancaq cavabdehin ailəsi tərəfindən təzyiq olduğundan evdən çıxmağa məcbur qaldığını, tərəflər arasında barışıq olduğunu, bu barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi və dövlət rüsumu və ona göstərilən hüquqi xidmətə görə çəkilən xərcin iddiaçının özünə aid edilməsini xahiş etdi.

10. Cavabdeh məhkəmə iclasında izahat verərək eyni zamanda yazılı ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, iddiaçının mübahisələndirilən evə köçməsinə bir mülkiyyətçi kimi etiraz etmədiyini bildirdi və əlavə olaraq evdən gedərək kirayə yaşayacaqlarını, iddiaçı ilə birgə qala bilmədiyini qeyd edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsasları Azərbaycan Respublikasının Konstitusiyası

11. 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının 27 iyul 2001-ci il Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı

12. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi

13. 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

14. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır.

15. 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarı

16. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki,Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

18. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

19. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

20. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

21. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

22. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

24. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

25. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

37. İddia əsaslıdır.

38. Belə ki, işin faktiki halları bundan ibarətdir ki, tərəflər bacı-qardaşdırlar. ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2012-ci il tarixdən cavabdehin mülkiyyətindədir.

39. Məhkəmə qeyd dir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Eyni zamanda, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa və s.

40. Məhkəmə araşdırması gedişində cavabdeh iddianın etirafı barədə yazılı ərizə təqdim edərək mülkiyyətçisi olduğu ünvan 1 ünvanına iddiaçının köçürülməsinə etiraz etmədiyini, iddiaçının həmin evdə doğulduğunu və həmin evdə yaşadığını təsdiq etmiş və iddianın təmin edilməsini xahiş etmişdir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.4-cü maddəsinə görə, məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.

42. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

43. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

44. Məhkəmə cavabdehin iddianı etiraf edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etməsinə münasibətdə hesab edir ki, cavabdehin etirafı işin hallarının gizlədilməsi məqsədilə və ya aldatma, yanılma təsiri nəticəsində baş verməmişdir.

45. Məhkəmə qeyd edilən halları əsas götürərək hesab edir ki, hazırkı mülki iş üzrə iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə xərcləri

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

47. Həmin qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

48. Hazırkı iddia tələbinin irəli sürülməsi üçün 100 manat dövlət rüsumunun ödənilməsi (qiymətləndirilməyən iddialar üzrə) nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəf ərizə verərək iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun, 150 manat hüquqi yardıma görə xərcin iddiaçıya aid edilməsini xahiş etməsi nəzərə alınaraq məhkəmə xərci iddiaçıya aid edilməlidir. Nəticə

49. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 28, 12 saylı mənzilə köçürülməlidir.

50. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 28, 12 saylı mənzilə köçürülsün. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 150 manat məhkəmə xərci iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar