Məhkəmə qərarları › İş №e-2(002)-2326/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2326/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2326/2024 24.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlu İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1627.06 manat borcun tutulması, ödənilmiş 39.53 manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********57 saylı, xx.xx.2020-ci il tarixli TAM KART çərçivə müqaviləsinə əsasən, Bank tərəfindən Cavabdeh ikitərəfli ödəniş kartı verilmiş, hesablaşmaların aparılması üçün bank hesabları açılmış, kredit limiti ayrılmışdır. Həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış TAM KART çərçivə müqaviləsinə əsasən müqavilənin 3.1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, kart sahibi müqavilə bağlandığı tarixdə və onun qüvvədə olduğu bütün müddət ərzində kreditin verilməsinə, istifadəsinə və qaytarılmasına mane olan hallar mövcud olarsa, borc alan tərəfindən aradan qaldırılacaqdır. Filialın müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabından sui-istifadə edərək ümumilikdə 1979.46 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Bankın “Binəqədi” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh hüquqi əsası olmadan 1979.46 manat məbləği hesabdan çıxarmış, həmin məbləğə 87.94 manat faiz hesablanmışdır. Hüquqi əsası olmadan əldə olunmuş məbləğdən 440.34 manat silinmə aparılmışdır. Cavabdeh Banka cəmi 1627.06 manat borcu mövcuddur. Qeyd oluna əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş BPM**********57 saylı, xx.xx.2020-ci il tarixli TAM KART çərçivə müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən Cavabdeh ikitərəfli ödəniş kartı verilmiş, hesablaşmaların aparılması üçün bank hesabları açılmış, kredit limiti ayrılmışdır. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən müxtəlif tarixlərdə **********3169441202 hesab nömrəsi üzrə kart hesabından cəmi 1979,46 manat məbləğində pul (əsassız varlanmaya səbəb olan) məxaric olunmuş və həmin məbləğə 87,94 manat faiz hesablanmış və daha sonra hüquqi əsası olmadan əldə olunmuş məbləğdən 440.34 manat silinmə aparılmışdır.Nəticədə Cavabdeh "xxxx" ASC-yə 1627.06 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışın surətindən görünür ki, "xxxx" ASC-yə əsassız varlanmaya səbəb olan 1627.06 manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş ********** nömrəli qəbzdən görünür ki, "xxxx" ASC xx.xx.2024-cü il tarixdə təyinatı Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi olmaqla 39,53 manat məbləğində dövlət rüsumu dövlət hesabına köçürülmüşdür. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, cavabdeh iddiaçının ona verdiyi plastik kart hesabında olan vəsaitdən artıq miqdarda vəsaiti-1627,06 manat pulu xərcləyərək geri qaytarmamış və nəticədə iddiaçının hesabına 1627,06 manat məbləğində əsassız varlanmışdır. Hazırda iddiaçı cavabdehdən əsassız varlanmaya səbəb olan 1627.06 manat məbləğində borcun qaytarılmasını tələb edir. Həmçinin iddiaçı məhkəmədə iddia qaldırılması üçün 39,53 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehlərə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun tutulması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı borcun tutulması məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində borcun tutulması borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməyərək, müvafiq müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabından sui-istifadə edərək 1627.06 manat məbləğində vəsait məxaric etmiş və həmçnin həmin məbləği geri qaytarmayaraq iddiaçının hesabına əsassız verlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edildiyindən məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 39,53 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1627,06 manat borc və ödənilmiş 39,53 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1627,06 manat (bir min altı iyirmi yeddi manat, altı qəpik) borc pul, ödənilmiş 39,53 manat (otuz doqquz manat əlli üç qəpik) dövlət rüsumu və 0,40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar