Məhkəmə qərarları › İş №e-2(002)-254/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-254/2024

19.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-254/2024 19.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «istifadə hüququ olmayan şəxs hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «istifadə hüququ olmayan şəxs hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Şıxlar qəsəbəsi 259-260/1046-1047 ünvanda yerləşən bağ evinə istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Şıxlar qəsəbəsi 259-260/1046-1047 ünvanda yerləşən bağ evi 03 oktyabr 2014-cü il tarixdə atası X1 tərəfindən ona bağışlama müqaviləsi əsasında hədiyyə verilmişdir. 2019cu ildə bacısı Cavabdeh ona müraciət edərək, yeni tikili binada ev aldığını, mənzildən çıxarışı olmadığı üçün qeydiyyata düşə bilmədiyindən onun mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Şıxlar qəsəbəsi 259-260/1046-1047 ünvanda yerləşən bağ evinə qeydiyyata alınmasına icazə verməsini xahiş etmişdir. O da, bacısının qeydiyyata alınmasına etiraz etməmişdir. Göründüyü kimi, cavabdeh onun mülkiyyətində olan bağ evində formal olaraq pasport qeydiyyatında qalır. Hazırda zərurət yarandığından cavabdehin onun mülkiyyətində olan mənzildən pasport qeydiyyatından çıxarılması üçün mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin onun mülkiyyətində olan bağ evində pasport qeydiyyatında qalması səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşır. Qanunvericilik ailə üzvlərinin dairəsini müəyyən edərək, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynlərini aid etmişdir. İşin halları ilə miüəyyən edilmişdir ki, Cavabdeh bağ evi mülkiyyətçisi kimi onun ailə üzvü deyil və cavabdehin bağ evindən istifadə hüququ yaranmamışdır. Onun məqsədi cavabdehin qeydiyyatdan çıxarılmasına nail olmaqdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə ictaata xitam verilməlidir. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə müəyyən edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən Bakı şəhəri Qaradağ rayonu Şıxlar qəsəbəsi 259-260/1046-1047 ünvanda yerləşən bağ evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdeh həmin bağ evində qeydiyyatda olmaqla, mülkiyyətçi olan iddiaçının öz ərizəsində qeyd etdiyi kimi onun razılığı ilə həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Məhkəmə qeyd edir ki, iddia tələbi mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməsi kimi irəli sürülsə də, iddiaçının hüquqi marağı iddia ərizəsinin məzmunundan göründüyü kimi, cavabdehin mənzildə olan formal qeydiyyatına son qoymaqdır. Belə ki, bu vəziyyət onun mülkiyyət hüquqlarını tam həyata keçirməsinə mane olur. İşdə olan sənədlərdən aydın olur ki, Cavabdeh hazırda həmin mənzildə yaşamır, daşınmaz əmlak faktiki olaraq iddiaçının istifadəsindədir və cavabdehin həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatı məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında göstərlən mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə işlər şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Hazırkı mübahisə isə yuxarıda adı çəkilən plenum qərarında aydınlıq gətirilmiş məsələ ilə eynilik təşkil edir, yəni mülkiyyətçinin öz razılığı əsasında mənzilə qeydiyyata düşmüş və orada faktiki yaşamayan şəxsin qeydiyyatdan çıxarılması ilə bağlıdır. Odur ki, qeydiyyata mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməli, bu müraciətdən imtina edildiyi halda isə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin həmin orqanın üzərinə qoyulması barədə tələblə inzibati məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu onun özünə qaytarılmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsini mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iş üzrə ictaata xitam verir və iddiaçıya qeyd edilən mübahisə ilə bağlı inzibati orqana müraciət etmək, inzibati orqan tərəfindən imtina edildikdə isə inzibati orqanın üzərinə öhdəlik qoyulması tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququnun olduğunu izah edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı «istifadə hüququ olmayan şəxs hesab edilməsi» tələbinə dair iş üzrə icraata xitam verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar