Məhkəmə qərarları › İş №e-2(002)-2598/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2598/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2598/2022 19.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «müqavilələrdən gələn öhdəliklərin yerinə yetirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «müqavilələrdən gələn öhdəliklərin yerinə yetirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, .Aramızda bağlanmış müqavilə üzrə 2500 manat məbləğində təhsil haqqını borcunu və gecikdirilən hər gün üçün 0,1% olmaqla 1832 manat həcmində olan dəbbə pulunu və iddia ərizəsi üçün verilmiş 63,32 manat məbləğində dövlət rüsumunu, cəmi 4395,32 manat məbləğin Cavabdeh tutularaq İdrak liseyinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək,cavabdehin 800 manat təhsil haqqı borcunun 1832 manat dəbbə pulu borcunun cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı «müqavilələrdən gələn öhdəliklərin yerinə yetirilməsi»tələbinə dair iddia ərizəsini onunla əsaslandırmışdır ki, ”Təhsil xidmətlərinin göstərilməsinə dair “ İdrak Liseyinin Bakı filialı Cavabdeh ilə 28 avqust 2014-cü ildə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İdrak Liseyinin Bakı filialı tərəfindən Cavabdeh övladı X5 müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, “Valideyn isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öhdəsin götürür. Aramızda bağlanmış müqavilənin 5.1-ci maddəsinə əsasən 1 (bir) tədris ili üçün təhsil haqqı 5000 azn təşkiledir. Həmin müqavilənin 4.1.1-ci maddəsinə əsasən valideyn təhsil haqqını tam və vaxtında ödəməlidir.” Həmin müqavilə üzrə üzərimizə düşən bütün öhdəliklər tam yerinə yetirilsə də, lakin həmin müqavilə üzrə öhdəliklər Cavabdeh tərəfindən yerinə yetirilməyərək bir tədris ili 2019/2020 üzrə 2500 manat məbləğində təhsil haqqı ödənişi həyata keçirilməmişdir. İdrak” liseyi tərəfindən valideynə dəfələrlə müraciət edilərək təhsil haqqını və ona uyğun hesablanmış dəbbə pulunu ödənilməsini xahiş etmişik . Bu səbəbdən lisey tərəfindən valideynə poçt vasitəsi ilə təhsil haqqının ödənilməsi tələbi ilə məhkəməyə 01 iyul 2022-ci ildə müraciət haqqında bildirişi ünvanlanmışdır. Lakin valideynə ünvanlanmış bildirişə baxmayaraq təhsil haqqı və hesablanmış dəbbə pulu ödənilməmişdir. Bu isə müqaviləyə əsasən valideynin üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Cavabdeh 2019/2020-ci il tədris ili üzrə təhsil haqqını tam ödəməmiş və 2500 manat borc qalmışdır. Bundan başqa, cavabdehə 2019/2020-ci tədris ili bitənədək borcu ödəməyə vaxt verilmişdir və heç bir dəbbə pulu hesablanmamışdır. Lakin cavabdeh borcu ödəmədiyi üçün 2019/2020-ci tədris ili bitdiyi tarixdən, yəni 17 iyun 2020-ci ildən dəbbə pulıu hesablanmışdır. Nəticədə, cavabdehin 2500 manat təhsil haqqı borcu və 1832 manat dəbbə pulu borcu hesablanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.5-ci maddəsinə əsasən Lisey göstərilən təhsil xidmətlərinə görə təhsil haqqını tam və vaxtında ödənilməsini tələb edə bilər. Əlavə olaraq, həmin müqavilənin 7.2-ci maddəsinə görə təhsil haqqının ödənilməsinin gecikdirilən günlərinə görə valdeyn dəbbə pulu ödəməyi öz öhdəsinə götürür. Lisey pandemiya dövründə öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq təşkiledir. Müqaviləyə əsasən yaranmış vəziyyətdə tərəf(valideyn) üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə borcludur. Müqavilənin 6.4-cü bəndinə əsasən hər hansı səbəbdən müqaviləyə xitam verilməsi sonradan vəzifələri icra etmək vəzifəsindən azad etmir. Müqavilənin 9-cu maddəsinə əsasən,mübahisələrin həlli qaydasına əsasən tərəflər arasında razılıq mümkün olmadıqda mübahisə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun müvafiq məhkəmə orqanı tərəfindən baxılırBütün bunların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək,iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında iştirak edərək, iddia tələbini qismən qəbul edərək, əsas borc hissəsində qəbul etdiyini, qalan hissədə qəbul etmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib,cavabdehin ərizəsini nəzərə alaraq, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: xx.xx.2014-ci il tarixli 60 nömrəli təhsil xidmətlərinin göstərilməsinə dair müqaviləsinin məzmunundan görünür ki, İddiaçı” ümumi təhsil müəssiəsi ilə X3 arasında müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən təhsil müəssisəsi X4 təhsil xidmətlərinin göstərilməsinə, digər tərəf isə göstərilmiş təhsil xidmətinin haqqının bir tədrsi ili üçün 5000 manat məbləği nəğd şəklində və ya köçürmə yolu iləödəməyi, ilkin ödəniş kimi 1000 manat ödəməyi, qalan məbləği isə ödəniş cədvəli üzrə ödəməyi öhdəsinə götürmüşdür.Müqavilənin 5.2-ci bəndinə əsasən valideyn hər gecikdirilən gün üçün ödənilməli olan məbləğin 1 %-i məbləğindədəbbə pulu ödəyir. xx.xx.2022-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh xx.xx.2014-cü müqaviləsi üzrə əsas məbləğ üzrə borc: 2500 manat əsas, 1832 manat cərimə, 4332 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əssən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 430.2-ci maddəsinə əsasən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, qanunvericiliyin qeyd olunan normalarının tələbinə əsasən müqavilə tərəflərin iradəsinə əsaslanan və tərəflər arasında hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqdir. Müqavilə bağlanılarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmaısnın zəruri şərtidir. Müqavilənin bağlanılmaısnın zəruri şərtlərindən biri də məhz müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Həmin prinsipin mahiyyəti isə ondan ibarətdir ki, şəxs hər hansı müqaviləni bağlayıb-bağlamaması məsələsini məhz özünün şəxsi iradəsi əsasında müəyyən edir və hər hansı müqavilə məhz həmin müqavilə tərəflərinin iradə ifadəsinin nəticəsi kimi ortaya çıxır. Həmçinin, qanunvericiliyin təhlilindən aydın olur ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanılmış sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmidşir ki, tərəflər arasında təhsil xidmətinin göstərilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin müqabilində bir uşaq üçün ümumilikdə tədris ili üçün 5000 manat məbləğində təhsil haqqı ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamnada məhkəmə araşıdrması zamanı məüyyən edilmişdir ki, cavabdeh tərəfindən müvafiq tədris ili üzrə 800 manat təhsil haqqı borcu yaranmışdır. Həmçinin, cavabdehin məhkəmə iclaısnda veridyi izahatından aydın olur ki, o iddiaçı qarşısında qalıq təhsil haqqı məbləğini ödəməyə razı olduğunu, qalan məbləği isə ödəməkdən imtina etdiyini bildirmiş, bu barədə yazılı ərizə təqdim etmişdir. Bu halda, məhkəmə hesab edir ki, iddia tələbi qalıq təhsil haqqı borcunun yaranması halı aşkar olduğundan, iddia tələbi qeyd edilən hissədə əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə təhsil haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimə borcunun tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın əsas borca hesablanmış 1832 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 80 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 63,32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 63,32 manat məbləğində dövlət rüsumunun 30 manat məbləğində hissəsi (iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh28 avqust 2014-cü il tarixli təhsil xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə yaranmış 800 manat məbləğində təhsil haqqı borcu və 80 manat məbləğində cərimə borcu olmaqla,cəmi 880 manat pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “İdrak Liseyi”nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 28 avqust 2014-cü il tarixli 60 №li təhsil xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə yaranmış 800 manat məbləğində təhsil haqqı borcu və 80 manat məbləğində cərimə borcu olmaqla,cəmi 880 manat pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “İdrak Liseyi”nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar