Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2645/2024 30.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı işə bərpa tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10 iyun 2024-cü il tarixli 75 nömrəli əmrinin ləğv olunması, İddiaçı işə bərpa edilməsi, qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı Cavabdeh MMC tərəfindən xx.xx.2013-cü il tarixdə mühəndis-stajor vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdə həmin müəssisənin X3 texnik-laborant vəzifəsinə keçirilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 75 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) X1 texnik-laborantı ştat vahidi ləğv edilmiş və iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verilmiş, cavabdeh tərəfindən müvafiq ştatın hansı səbəbdən ixtisar olunması əsaslandırılmamışdır. Bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv olunmalı və iddiaçı işə bərpa olunmalıdır. Belə ki, cavabdeh şirkət sübut etməlidir ki, həqiqətən ixtisara zərurət yaranmışdır. İş materiallarından görünür ki, şöbədəki digər işçilər işdə saxlanılaraq yalnız iddiaçı işdən azad olunmuşdur. Məhkəməyə təqdim olunan diplom və sertifikatların surətlərindən aydın olur ki, iddiaçı öz peşəsi üzrə yüksək göstəricilərə malik ixtisaslı kadrdır. İşəgötürən digər işçilərin iddiaçıdan hansı göstəriciləri ilə üstün olması barədə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, iddiaçı işdən azad olunarkən onun işdə saxlanması məsələsi ümumiyyətlə müzakirə olunmamışdır. İşəgötürən həqiqətən daha az xərc çəkmək niyyətində idisə, yəni həqiqətən xərcləri minimallaşdırmaq istəyirdisə, belə halda əmək şəraitinin şərtlərinin dəyişdirilməsi (əmək haqqının azaldılması) imkanından istifadə edə bilərdi. Həmçinin ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə məlumat verilməmişdir. İşçilərin ixtisarı barədə qərar hər gün qəbul edilən sıradan qərarlardan deyil. Bunun üçün şirkətin fəaliyyətinin analizi aparılmalı, ixtisar nəticəsində qarşılaşılacaq itkilərlə əldə ediləcək qazancın çəkisi öyrənilməli, müzakirə olunmalı və bundan sonra hansı işçilərin ixtisar olunmasına zərurət olduğu müəyyən edilməli, müzakirə olunmalı və qərar verilməlidir. Əmrə görə, cavabdeh tərəfindən ixtisar xərclərin minimallaşdırılması və ştatların optimallaşdırılması məqsədi ilə aparılmışdır. Halbuki, cavabdeh tərəfindən bu əsaslar üzrə heç bir analiz aparılmamış, hansı işçilərin ixtisar olunması, ixtisar nəticəsində əldə olunacaq nəticələr, ixtisar olunacaq işçilərin üstün hüquqlarının qorunması və s. kimi zəruri məlumatlara dair iddiaçıya heç bir məlumat təqdim olunmamışdır. Əmrdə dörd ştat üzrə ixtisar qeyd olunmuş, lakin digər üç ştat üzrə ixtisar formal olmuş, yalnız iddiaçı işdən azad olunmuşdur. Məhkəməyə təqdim olunmuş işçi və işəgötürən arasında elektron poçt (email) yazışmalarından aydın olur ki, iddiaçı cavabdehdə əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı tələblər irəli sürmüş və öz hüquqlarının qorunması ilə bağlı etirazlarını bildirmişdir. Şöbədə bir neçə işçinin olmasına baxmayaraq məhz iddiaçının işdən azad edilməsi, onun peşəkar keyfiyyətləri ilə bağlı deyil, böyük ehtimalla öz hüquqlarını həmişə tələb edən işçi olması səbəbindən baş vermişdir. Qeyd olunan halların mövcudluğu şirkətdə ixtisarın həqiqətən aparılması zəruriliyini ifadə etmədiyi üçün cavabdeh tərəfindən qəbul edilmiş əmr ləğv edilməli və iddiaçı işə bərpa olunmalıdır. Beləliklə, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi əsassız olmuş və əmək qanunvericiliyinin normaları cavabdeh tərəfindən pozulmuşdur. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə yazılı etiraza uyğun izahat verərək bildirdi ki, iddiaçı xx.xx.2013-cü ildə cavabdehdə mühəndis-stajor vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2017-ci il tarixində X3 texniklaborant vəzifəsinə keçirilmişdir. Cavabdeh tərəfindən 05 aprel 2024-cü il tarixində strukturun optimallaşdırılması, idarəçilik sisteminin dəyişdirilməsi və xərclərin azaldılması məqsədilə "Keyfiyyətə nəzarət mühəndisi", "TİE vǝ QM avadanlığının təmiri emalatxanasının rəis müavini", "X1 texnik-laborantı", “Təchizat menecerinin müavini” ştat vahidlərinin ixtisar edilməsi barədə 44 nömrəli əmr qəbul edilmişdir. 44 nömrəli əmrin icrası ilə əlaqədar iddiaçıya 08 aprel 2024-cü il tarixli xəbərdarlıq təqdim edilmiş, iddiaçı həmin xəbərdarlığı 09 aprel 2024-cü il tarixdə qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh 75 nömrəli əmr qəbul edərək həmin tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən, (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) X1 texnik-laborantı vəzifəsində çalışan iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh təşkilatda X1 texnik-laboranti vəzifəsində iddiaçıdan əlavə X5 (xx.xx.2013-cü ildən), X9 (xx.xx.2014-cü ildən) və X11 (xx.xx.2013-cü ildən) çalışır. Göründüyü kimi, digər üç işçi iddiaçıdan daha uzun müddətdə həmin vəzifədə çalışır və həmin vəzifədə daha təcrübəlidirlər. Ştat vahidlərini ixtisar etmək hüququnu icra edərkən cavabdeh qanunvericiliyin tələblərinə tam riayət etmiş və Əmək Məcəlləsində ştatların ixtisarı ilə bağlı bütün tələbləri yerinə yetirmişdir. Belə ki, iddia ərizəsində qeyd edildiyinin əksi olaraq, ixtisar formal olmamış, cavabdeh tərəfindən təkcə iddiaçının tutduğu "X1 texnik-laborantı" ştat vahidi deyil, eyni zamanda "Keyfiyyətə nəzarət mühəndisi", "TİE vǝ QM avadanlığının təmiri emalatxanasının rəis müavini", "Təchizat menecerinin müavini" ştatları da ixtisar edilmişdir. Həmçinin, ştat vahidinin ixtisar edilməsi üçün işəgötürənin işçi ilə ixtisarın aparılmasını müzakirə etmək öhdəliyi qanunda nəzərdə tutulmamış, ixtisar cavabdehin 44 nömrəli əmri ilə əsaslandırılmışdır. Bundan əlavə, təqdim olunan diplomların tərcüməsi düzgün edilməmişdir. Həm də qanunvericiliyə əsasən, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Bundan əlavə, iddiaçının ixtisarı yazışmalarla əlaqələndirməsi də əsassızdır, belə ki, yazışmalar 2022-2023-cü illərə aiddir, ixtisar isə 2024-cü ilin iyun ayında aparılmışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, həmin müqavilə Cavabdeh MMC (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış, işçi qazma məhlulları üzrə mühəndis-stajor vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 9.1-ci bəndinə əsasən, bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. İş materiallarında olan xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə işçi İddiaçı Cavabdeh MMC-nin X3 texnik-laborant vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsinin 9.1-ci bəndinə əsasən, bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 44 saylı əmrinin surətindən görünür ki, strukturun optimallaşdırılması, idarəçilik sisteminin dəyişdirilməsi və xərclərin azaldılması məqsədilə "Keyfiyyətə nəzarət mühəndisi", "TİE vǝ QM avadanlığının təmiri emalatxanasının rəis müavini", "X1 texnik-laborantı", “Təchizat menecerinin müavini” ştat vahidlərinin ixtisar edilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin X1 texnik-laborantı İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli “Əmək müqaviləsinə xitam verilməsi barədə rəsmi xəbərdarlıq” məktubunun surətindən görünür ki, bu xəbərdarlıqla İddiaçı bildirilmişdir ki, Cavabdeh MMC-nin strukturunun optimallaşdırılması, həmçinin xərclərin azaldılması məqsədilə müəyyən struktur dəyişikliyi edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən qərar çərçivəsində müəyyən olunmuşdur ki, şirkətin "X1 texnik-laborantı" ştat vahidinin ixtisar edilməsi zəruridir. Ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə), 10 iyun 2024-cü il tarixində xitam veriləcəkdir. Əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən, orta aylıq əmək haqqının iki misli məbləğində işdənçıxarma müavinəti ödəniləcəkdir. Bununla belə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə əsasən, verilən 9 həftəlik xəbərdarlıq müddəti ərzində İddiaçı hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə 1 (bir) iş günü əmək funksiyasının icrasından azad edilir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, xəbərdarlıq müddəti əvəzinə razılıq ilə orta aylıq əmək haqqının iki mislini bir dəfəyə ödəməklə bağlanmış əmək müqaviləsinə xitam verilə bilər. İş materiallarında olan Cavabdeh MMC-nin “İddiaçı ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 75 saylı əmrinin surətindən görünür ki, Cavabdeh MMC-nin X1 texnik-laborantı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 10 iyun 2024-cü il tarixindən xitam verilməsi və işçinin həmin tarixdən vəzifədən azad edilməsi, işçiyə işlədiyi son təqvim ayının iş günləri və istifadə etmədiyi 2022/2023 və 2023/2024-cü iş illəri üçün olan 16 (3/13) məzuniyyət günlərinə görə son haqq-hesabın ödənilməsi, işçinin Cavabdeh MMC-də on ildən çox əmək stajının olduğu nəzərə alınaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən, orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin “Keyfiyyətə nəzarət mühəndisi ştatının ixtisara düşməsi ilə əlaqədar C.Y.Alxazovanın əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 46 saylı əmrinin surətindən görünür ki, Cavabdeh MMC-nin Keyfiyyətə nəzarət mühəndisi X12 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən, 16 aprel 2024-cü il tarixindən ixtisara düşmə ilə əlaqədar xitam verilməsi və işçinin həmin tarixdən tutduğu vəzifədən azad edilməsi əmr edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X12 ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə 70.b, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin “N.N.Əbdürəhmanovun ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 74 saylı əmrinin surətindən görünür ki, Cavabdeh MMC-nin TİE və QM avadanlığının təmiri emalatxanasının rəis müavini X7 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 10 iyun 2024-cü il tarixindən xitam verilməsi və işçinin həmin tarixdən tutduğu vəzifədən azad edilməsi əmr edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X8 ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə 70.b, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin “Təchizat menecerinin müavini vəzifəsinin ixtisara düşməsi ilə əlaqədar X2 əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 82 saylı əmrinin surətindən görünür ki, "xxxx" MMC-nin Təchizat menecerinin müavini X4 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən, 12 iyul 2024-cü il tarixindən ixtisara düşmə ilə əlaqədar xitam verilməsi və işçinin həmin tarixdən tutduğu vəzifədən azad edilməsi əmr edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X6 ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə 70.b, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X11 Cavabdeh MMC-nin Texniki dəstək laboratoriyasında xx.xx.2013-cü il tarixdən texnik-laborant vəzifəsində işləyir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X9 Cavabdeh MMC-nin Texniki dəstək laboratoriyasında xx.xx.2014-cü il tarixdən texnik-laborant vəzifəsində işləyir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X10 Cavabdeh MMC-nin Texniki dəstək laboratoriyasında xx.xx.2013-cü il tarixdən texnik-laborant vəzifəsində işləyir. İş materiallarında olan Laboratoriya üzrə 2023-cü və 2024-cü illər üçün ştat cədvəllərinin surətlərindən görünür ki, texnik-laborant ştatı 2023-cü ildə 4 nəfər, 2024-cü ildə 3 nəfər nəzərdə tutulmuşdur. İş materiallarında olan 2011-ci il tarixli, B № 217961 saylı diplomun surətindən görünür ki, Dövlət Attestasiya Komissiyasının 23 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə İddiaçı neft-qaz və dağmədən istehsalatının fiziki prosesleri ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. Bundan əlavə, iş materiallarına iddiaçıya Mançestr Universiteti tərəfindən verilmiş diplomun və Şlumberger şirkəti tərəfindən verilmiş sertifikatın surətləri əlavə edilmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-nin rəhbərliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinin və 2023-cü il tarixli elektron poçt üzrə məktublarının surətlərindən görünür ki, o, iş yükünün çoxluğu və əmək haqqının azlığı barədə müraciətlər etmiş, əgər bir irəliləyiş olmayacaqsa, özünə iş axtarmaq niyyətində olduğunu bildirmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi əsasında iddiaçı xx.xx.2017-ci il tarixdən texnik laborant vəzifəsində işləmiş, cavabdehin xx.xx.2024-cü il tarixli, 75 saylı əmri ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə) xitam verilmişdir. İddiaçı hazırda həmin əmri mübahisələndirməkdə, onun ləğv edilməsini və işə bərpa edilməsini tələb etməkdədir. Məhkəmə, mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz. Belə ki, ixtisarın formal olduğu, əsaslandırılmadığı, yalnız iddiaçının ixtisar edildiyi barədə dəlillər iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 44 saylı əmrin və həmin əmrin icrası ilə bağlı digər əmrlərin, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişlərin, müvafiq laboratoriya üzrə 2023- 2024-cü illərə dair ştat cədvəllərinin surətləri ilə təkzib olunur. Həmçinin, iddiaçı ixtisar zamanı işdə saxlanmasına üstünlük verilən şəxslər kateqoriyasına aid olmamış, həmin vəzifə üzrə digər işçilərdən daha az əmək stajına malik olmuşdur. Qanunverciliyə əsasən işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən etdiyindən, iddiaçının bu barədə dəlilləri də hər hansı mötəbər sübutla təsdiq edilmir. İxtisarın onun yazdığı ərizələrlə və ona qarşı qərəzli münasibətlə bağlı olduğu dəlillər də öz təsdiqini tapmır. Belə ki, həmin yazışmalar 2022-2023-cü illərə aid olduğu halda, ixtisar 2024-cü ilin iyun ayında həyata keçirilmiş və yalnız iddiaçı ilə bağlı olmamışdır, ona görə də həmin dəlillər cavabdeh təşkilatda əmək müqaviləsi üzrə uzun müddət işləmiş, heç vaxt intizam məsuliyyətinə cəlb edilməmiş iddiaçıya münasibətdə inandırıcı və ağlabatan görünmür. Əmək haqqının azaldılması təklifinin edilməməsi barədə dəlil də, daha əvvəl işəgötürənə əmək haqqının azlığından şikayət etmiş və yaxşılaşdırma olmayacaqsa başqa iş axtarmaq niyyətində olduğunu bildirmiş iddiaçıya münasibətdə real və ağlabatan hesab oluna bilməz. Bundan əlavə, mülki iş üzrə sübutlara əsasən müəyyən olunur ki, cavabdeh təşkilat tərəfindən ixtisarla bağlı əmək müqaviləsinin şərtlərinə və əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri kimi qeyd olunmuşdur. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda, bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olan müddətdə (on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi) rəsmi xəbərdar edilməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə iclasında mübahisə predmeti olan əmrin qanunazidd olması sübuta yetirilmədiyindən, habelə iddiaçıya münasibətdə ixtisarla bağlı əmək müqaviləsinin şərtlərinin və əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmədiyindən, əmrin ləğvi və işə bərpa barədə iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Həmçinin, iddia təmin edilmədiyindən, mediasiya xərci iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı işə bərpa tələbinə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-2645/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2645/2024
30.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver