Məhkəmə qərarları › İş №e-2(002)-266/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-266/2024

18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-266/2024 18.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 02.05.2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan vətəndaş İddiaçı Səbail RPİ-nə ərizə ilə müraciət edərək 2023-cü ilin yanvar ayının əvvəllərində „Homme life" şirkətində işləyən Cavabdeh ilə tanış olmasını, şirkətin rəsmi dövlət qeydiyyatından keçməsini və qanuni işləmələrini ona izah etməsinə inanaraq məişət əşyaları alıb satmaqla qazanc əldə etmək məqsədilə xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixə kimi Cavabdeh məxsus ***-***- **-** nömrəli telefona 134000 (yüz otuz dörd min) manat pul ödəməşini, həmin pulun müqabilində nə qazancını ve ne de pulunu geri qaytarmamasını göstərərək bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir.

2. Səbail RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru Vüqar Məcidov tərəfindən qəbul edilmiş 06 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İddia tələbi

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 95000 manat məbləğin İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində Vəkil iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək əsas məbləğ üzrə 80000 manat, mənəvi zərər üçün 5000 manat, vəkil və nümayəndəyə çəkilən xərclər üçün 3750 manat, dövlət rüsumu üçün 376 manat, ümumilikdə 89126 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi mayor X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh İddiaçı iş qurmaq adı altında xx.xx.2023-cü il tarixədək 134000 (yüz otuz dörd min) manat pul almış, bu pul məbləğindən 39000 manat geri qayrtarmışdır, yəni 95000 manat borc qalmışdır. İddiaçı da qeyd edir ki, Cavabdeh ona 95000 (doxsan beş min) manat pul borcludur. Matteriallara əlavə edilmiş qəbzlərdən aydın olur ki, iddiaçı cavabdehə elektron qaydada 134000 manat pul məbləği köçürmüşdür. Göstərilənləri nəzərə alaraq məhkəmədən Cavabdeh 95000 (doxsan beş min) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

6. İddiaçının vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək əsas məbləğ üzrə 80000 manat, mənəvi zərər üçün 5000 manat, vəkil və nümayəndəyə çəkilmiş xərclər üçün 3750 manat, dövlət rüsumu üçün 376 manat ümumilikdə 89126 manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iştirak edərək cavabdehin hazırlıq iclasında iddiaçıdan 80000 manat aldığını etiraf etdiyini, tərəflər arasında müqavilə olmadığını, cavabdehin iddiaçıya ən son 12 yanvar 2023-cü ildə ödəniş etdiyini, həmin vaxtdan sonra ödəniş etmədiyini bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Cavabdeh xx.xx.2023-cü ildə keçirilən məhkəmə hazırlıq iclaslarında iştirak edərək izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul etdiyini, iddiaçı ilə tanış olmamışdan qabaq “Homme Life” şirkətində onlayn ticarət ilə məşğul olduğunu, türk məhsullarını satdığını, komanda ilə işlədiyini, iddiaçı ilə Aysel xanım vasitəsi ilə tanış olduğunu, iddiaçının sadəcə onunla işləmək istədiyini dediyini, onun təklifini qəbul etdiyini, lakin iddiaçının ona sadəcə 134000 manat verdiyini, pulun borc olaraq deyil “biznes qurmaq” məqsədilə aldığını, həmin puldan əvvəl 39000 manat, daha sonra polisə müraciət edilən zaman 15000 manat qaytardığını, bundan başqa polis idarəsində daha 2000 manat iddiaçıya qaytardığını, lakin həmin 2000 manatı təsdiq edəcək sübutunun olmadığını, iddiaçı ilə arasında müqavilə olmadığını, müqavilə bağlamağı ona təklif etmədiyini, iddia tələbini sadəcə 80000 manat hissədə qəbul etdiyini, mənəvi zərər və qalan məbləğlərə aid hissədə iddianı qəbul etmədiyini, 80000 manat hissədə iddianı etiraf edərək ödəyəcəyini bildirmişdir.

11. Cavabdehə məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə baxış iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a)İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

13. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

14. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

16. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

17. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

18. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

19. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

20. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

21. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

22. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

24. İddia qismən əsaslıdır.

25. İşin halları bundan ibarətdir ki, iddiaçı cavabdeh tərəfindən 80,000 manat məbləğin əsassız mənimsənildiyini qeyd edərək həmin məbləğin və mənimsəmə nəticəsində vurulmuş mənəvi ziyanın, eləcə də hüquqi yardım xərci və dövlət rüsumunun geri qaytarılmasını tələb edir.

26. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

28. Odur ki, məhkəmə ilkin olaraq sübutetmə yükünə qiymət verərək qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə məhkəmə həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırkı halda sübutetmə yükü iddiaçının üzərinə düşür.

29. İddiaçı tələbin əsaslılığını sübut etmək üçün 06 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Səbail RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru Vüqar Məcidovun qərarını təqdim etmişdir.

30. Həmin qərarda göstərilmişdir ki, toplanmış material üzrə izahatı alınmış Cavabdeh bildirmişdir ki, İddiaçı texminən 2023-cü ilin yanvar ayının əvəllərindən tanışı ve iş yoldaşı Ayselin vastesi ilə tanıyır. İddiaçı, onun işlədiyi "Homm Life" şirkətine Aysel xanımla birlikdə gələrək onunla söhbət edəndən sonra işlədiyi biznese pul qoyaraq əlavə pul qazanmaq istədiyini bildirmişdir. Aralarında olan razılaşmaya göre ilk olaraq qoyulan pul ilk 3 ay dövriyyədə qalır, 3 ay həmin pulun götürülməsi mümkün olmur, dövriyyəyə qoyulmuş məbləğin tən yarısını hər ay qazanc kimi dövriyyəyə buraxılacaq, həmçinin həmin qazanc müqabilində mal alınacaq, həmin mallar satılacaq, satılan mallardan gələn qazanc ikisi arasında bölünəcəkdir. Bundan sonra İddiaçı işin mahiyyətini başa düşərək onunla birlikdə işləmək istediyin bildirmişdir. O, bu işə başlamaq üçün onunla birgə işləmək məqsədi ilə ilkin olaraq 500 000 (beş yüz min) manat pul qoyacağını vəd edərək ona heç kimlə işləməyi tapşırmışdır. Ondan təxminən bir gün keçəndən sonra İddiaçı Milli Ön vasitəsi ilə onun hesabına cəmi 134,000 (yüz otuz dörd min) manat pulu hissə-hissə göndərmişdir. O, həmin pullara şirkətdən mal alıb öz komandasına paylamışdır. Birinci ay həmin qazancdan İddiaçıe 17000 (on yeddi min) manat pul vermişdir. Söhbət zamanı o, Ramizə əlavə 100000 (yüz min) manat pul verməsini bildirmişdir. Belə ki əvvəlcəden izah etdiyi kimi biznesin davam etmesi üçün əlavə pul verilməli idi. Lakin Ramiz müxtəlif bəhanə ilə pulu ona verməmişdir. O, Ramizə ikinci ay 22000 (iyirmi iki min) manat pul vermiş və yenə ondan işin davam etməsi üçün 100000 (yüz min) manat pul istəmişdir. Ramiz isə əsassız olaraq əlavə pul verə bilməyəcəyini və vermiş olduğu pulu geri qaytarmağını tələb etmişdir. O, Ramizə əvvəlki razılaşmalarını xatırladaraq vermiş olduğu ilkin pul ilə Homm life şirkətində olan komandasının inkişafı üçün hədiyyə və reklamlara xərclədiyini və xərclənən pulu geri yığa bilməyəcəyini izah etmişdir. Bele ki, Ramiz ilə əvvəlcədən razılaşma bu yöndə olmuşdur. O, ilkin olaraq işə başlayan zaman, Ramizin vermiş olduğu pul ilə böyük kompaniya yaradaraq və hədiyyələri ve reklamları genişləndirərək əlavə müştəri bazası yaratmağı izah etmişdir. Ramiz onun bu sözləri ilə razılaşmışdır. Aralarında razılıq olduğuna görə o biznesi genişlətmək məqsədi ile hədiyyə və reklamlara pullar xərcləmişdir. O, Ramizə dəfələrlə aralarında olan razılığı xatırlatsa da o, qulaq asmayaraq öz dediyini deyib vermiş olduğu pulun hamısını geri tələb etmişdir. Bundan sonra Ramiz işlədiyi şirkətə gedib onu şikayət etmiş, bu səbəbdən şirkət onun işlədiyi profili bağlamışdır. Sonradan şirkət özü araşdırma aparıb onun heç bir səhvinin olmadığını müəyyən etdiyinə görə hesabını aktiv etmişlər. O, İddiaçı birgə biznes üçün ümumilikdə 134,000 (yüz otuz dörd min) manat pul almış, həmin pul ilə bir neçə müddət işləyib Ramizə hissə-hissə ümumilikdə 39000 manat pul vermişdir. Lakin Ramiz, ona əvvəl vermiş olduğu vədə əməl etmədiyi üçün biznes inkişaf etmədi və əlavə müştəri bazası üçün vermiş olduğu hədiyyələri geri qaytara bilməmişdir. O, Ramizə verməli olduğu borcu danmayaraq qalıq pulu işləyib hissə-hissə qaytara biləcəyini bildirmişdir.

31. Bundan başqa, məhkəmə iclasında cavabdeh həmin borc məbləğini qismən etiraf edərək iddiaçıya 80000 manat pul ödəməli olduğunu bildirmdir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.4-cü maddəsinə görə, məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.

33. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir.

34. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

35. Məhkəmə cavabdehin iddianı qismən etiraf edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etməsinə münasibətdə hesab edir ki, cavabdehin etirafı işin hallarının gizlədilməsi məqsədilə və ya aldatma, yanılma təsiri nəticəsində baş verməmişdir.

36. Məhkəmə işin yuxarıda qeyd edilən faktiki hallarının tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğunu qiymətləndirərək hesab edir ki, cavabdehin iddiaçının hesabına 80.000 manat pul vəsaitinə münasibətdə əsassız varlanma halı baş verdiyindən iddiaçı Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən məhrum olduqlarının qaytarılmasını tələb etmək hüququna malikdir. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanma üçün şərtlər ondan ibarətdir ki, 1) borclu əmlak əldə etsin 2) həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin 3) bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın.

37. Cavabdehin 80,000 manat əldə etməsi yuxarıda qeyd edildiyi kimi sübuta yetirilmişdir. Əldə edilən pul vəsaiti əmlak xarakterlidir və həmin əmlak iddiaçının hesabına əldə edilmişdir. Nəticədə, cavabdehin varlanması iddiaçının hesabına baş verdiyi üçün Mülki Məcəllənin 1092.1-ci maddəsindən irəli gələn tələbin şərtləri mövcuddur. Odur ki, cavabdeh tərəfindən həmin məbləğin qaytarılması barədə iddiaçının tələbi əsaslıdır.

38. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olmaqla təmin edilməməlidir.

39. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

40. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər.

41. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.

42. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər.

43. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

44. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər vurulduğunu bildirsə də, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır.

45. Eyni zamanda işin hallarından aydın olur ki, cavabdeh iddiaçıdan 134.000 manat məbləğində pul vəsaitini 2023-cü ilin yanvar ayında götürmüş, bu faktı inkar etməmiş, həmin ilin sentyabrında son ödəniş olmaqla müxtəlif vaxtlarda cəmi 30.000 manat və 15.000 manat ödənişlər etməklə həmin vəsaiti qaytarmışdır. Məhkəmə işin bu halını iddiaçının əmlak hüquqlarının uzun müddət və bərpasına ümid olmayan dərəcədə pozulmaması kimi qiymətləndirərək hesab edir ki, iddia tələbi mənəvi zərərə görə 5000 manat pul vəsaitinin tutulması hissəsində iddia təmin olunmamalıdır. Məhkəmə xərcləri

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Məhkəmə iddia tələbinin vəkilə çəkilən xərclərə görə 3750 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Hüquqi xidmətlərin göstərilməsi haqqında” 259 №-li müqavilədən görünür ki, Vəkil tərəfindən İddiaçı hüquqi yardım göstərilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilə üzrə xidmətin dəyəri vergilər daxil olmaqla 3750 manat məbləğində müəyyən edilir.

48. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində vəkilə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, vəkillərin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da həddən az məbləğ kimi qəbul edilə bilər.

49. Hazırkı mülki iş hüquqi mahiyyət etibarı ilə mürəkkəbliyi ilə seçilmir. Eyni zamanda, məhkəmə hazırkı mülki iş üzrə iddiaçıya hüquqi xidmət göstərən vəkilin ümumilikdə iki məhkəmə iclasında iştirak etməsini, tələb olunan bütün sübutların iddia ərisəzinə əlavə edilməsini və cavabdeh tərəfindən iddia tələbinin qismən etiraf edilməsini, vəkil tərəfindən hər hansı vəsatətin qaldırılmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, göstərilən hüquqi yardıma görə Cavabdeh İddiaçı xeyrinə 300 manat məbləğində pul tutulmalıdır.

50. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 368 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia qismən təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğu üçün hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 368 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 330.9 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Nəticə

51. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, Cavabdeh borclu olduğu 80000 manat məbləğində əsas borc pul vəsaiti hüquqi yardıma görə çəkdiyi xərcin əvəzi olaraq 300 (üç yüz) manat pul vəsaiti və 330.9 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

52. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 80,000 (səksən min) manat, hüquqi yardıma görə çəkilən xərcin əvəzi olaraq 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 330.9 manat (üç yüz otuz manat doxsan qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar