Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2807/2023 27.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı notariat ofisinə qarşı «miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı notariat ofisinə (xüsusi notarius X10) qarşı «miras əmlakın qəbul edilmiş hesab edilməsi və miras əmlaklara pay hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 22 iyul 2016cı il tarixdə vəfat etmiş X7ndan qalmış mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və onun Bakı şəhəri Sahil qəsəbəsi V.Ələkbərov küçəsi 6 saylı evin 1 saylı mənzilinə qanun üzrə vərəsəlik hüququ əsasında miras əmlak qismində pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı vəsatətinə əsasən onun bacıları X13, X8, X14 və qardaşı X12 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişlər. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun tərəfindən miras əmlak olan Bakı şəhəri Sahil qəsəbəsi V.Ələkbərov küçəsi 6 saylı evin 1 saylı mənzilinin qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X3 ürək çatışmazlığından 22 iyul 2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bununla bağlı Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında 26 iyul 2016-cı il tarixdə 356 saylı akt qeydi aparılmışdır. Onun atası vəfat edəndən sonra adına Bakı şəhəri Sahil qəsəbəsi V.Ələkbərov küçəsi 6 saylı evin 1 saylı mənzili olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsinin məktubunda X15 adına Bakı şəhəri Sahil qəsəbəsi V.Ələkbərov küçəsi 6 saylı evin 1 saylı mənzilinin xx.xx.1999-cu il tarixdə ilkin qeydiyyata alındığı və hazırda mülkiyyətində olduğu göstərilmişdir. İddiaçı digər valideyni olan anası İslamova Əfruza Babaş qızına son günlərinə qədər baxmışdır. Anası 06 avqust 2018-ci il tarixdə Bakı şəhərində iddiaçının yaşadığı mənzildə vəfat etmişdir. Anasının vəfatı ilə bağlı dəfnə görə müavinəti də iddiaçı almışdır. Ölüm haqqında şəhadətnamənin alınması üçün 1 saylı Bakı «ASAN xidmət» mərkəzinə iddiaçı müraciət etmişdir. İddiaçının atasından ona 1 ədəd üzük və 1 ədəd xalça qalmış, o, həmin mirası qəbul edərək ona faktiki sahiblik etmişdir. İddiaçı yuxarıda qeyd olunan hərəkətlərlə mirası faktiki olaraq qəbul etmişdir. Qanunvericilik baxımından vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası tamamilə qəbul etmiş sayılır. Lakin qanunları bilmədiyi üçün vaxtında notariat ofisinə müraciət edə bilməmiş və vərəsəlik hüququnu tanıtdırmaqla müvafiq şəhadətnamə almamışdır. Həmçinin iddiaçı heç bir zaman mirasdan imtina ilə bağlı hər hansı bir notariusa müraciət etməmişdir. Bu səbəbdən, iddiaçının Bakı şəhəri Sahil qəsəbəsi V.Ələkbərov küçəsi 6 saylı evin 1 saylı mənzilinə vərəsəlik hüququ var və onun həmin miras payı müəyyən edilməlidir. Mirası qəbul etməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı ərizə ilə Bakı şəhəri 45 saylı notariat ofisinə müraciət edilmiş, lakin müddətin keçməsi ilə əlaqədar olaraq vərəsəlik işinin açılmasından imtina olunmuşdur. Vərəsənin notariat ofisinə mirası qəbulu və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. İddiaçı miras əmlakı faktiki qəbul etdiyindən hər hansı bir müddət ötürülməsindən söhbət gedə bilməz. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X13, X8 və X14 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Bakı şəhəri 45 saylı notariat ofisinin nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X13, X8 və X6 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 izahatında bildirdi ki, mərhum atasından onlara Bakı şəhəri Sahil qəsəbəsi V.Ələkbərov küçəsi 6 saylı evin 1 saylı mənzili miras qalmışdır. Həmin miras əmlakın qəbulu ilə bağlı notariat ofisinə nə onun, nə də mərhumun digər vərəsələri tərəfindən müraciət edilməmiş, mirasın qəbulu müddəti formal olaraq ötürülmüşdür. Lakin buna baxmayaraq faktiki olaraq onlar həmin mənzildə yaşamışlar. Hazırda isə həmin mənzildə o yaşayır. Bununla belə bacısı X5 həmin mənzilə gəlib-getməsinə, orada yaşamasına etiraz etmir. Məhkəmə İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Şahid1 ifadəsində bildirdi ki, Zemfiranı 2009-cu ildən tanıyır. Rəfiqədirlər. Atası 2016-cı ildə vəfat edib. Zemfiranın Drujba kinoteatrı tərəfdə evi var, orada atasının yasında iştirak etmişdir. Mərhum atasının Həcc ziyarətindən gətirdiyi üzüyü və xalça Zemfiradadır. İddiaçı hal-hazırda Buzovnada kirayədə yaşayır. Şahid2 ifadəsində bildirdi ki, iddiaçı ilə 2009-cu ildən rəfiqədirlər. İddiaçının atası 2016-cı ildə vəfat etmişdir, anası isə 2018-ci ildə. İddiaçıya atasından üzük və xalça qalıb. Həmin əşyaların iddiaçının atasından qaldığını iddiaçının anası demişdir. İddiaçının bacıqardaşlarını yaxından tanımır. İş materiallarına əlavə olunmuş: - 11 may 1976-cı il tarixdə verilmiş İV-JQ seriyalı 347025 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X7, anası İslamova Əfruza Babaş qızıdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsinin 08 may 2023-cü il tarixli məktubundan görünür ki, X15 adına Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi V.Ələkbərov küçəsi 6 saylı evin 1 saylı mənzili xx.xx.1999-cu il tarixdə ilkin qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. - Ölüm haqqında arayış və şəhadətnamədən görünür ki, X17 22 iyul 2016-cı il tarixdə Bakı şəhərində, kəskin ürək çatmamazlığından, İslamova Əfruza Babaş qızı isə xx.xx.2018-ci il tarixdə Bakı şəhərində, kəskin ürək damar çatmamazlığından vəfat etmişdir. - Bakı şəhəri 45 saylı notariat ofisinin 16 avqust 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı mirası qəbul etmək barədə xx.xx.2023-cü il tarixli ərizəsinə baxılmışdır. Bildirilmişdir ki, İddiaçı Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi V.Ələkbərov küçəsi 6 saylı evin 1 saylı mənzilində yaşamış X7 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət onun tərəfindən buraxılmışdır. Buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - X2 notarial qaydada (Bakı şəhəri 32 saylı notariat ofisi, reyestrdə 8İ-9886 nömrəsi ilə qeyd olunub) təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, iddianı qəbul edir. İddianın təmin edilməsinə etiraz etmir. - Təqdim olunmuş fotoşəkillərdən görünür ki, iddiaçının atasından iddiaçıya üzük və xalça miras qalmışdır. İddiaçı həmin əşyaları qoruyur, mühafizə edir, atasından miras və yadigar olaraq saxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, miras qalmış əmlak iddiaçının atasının mülkiyyətindədir. O, sağlığında iddiaçı ilə birlikdə həmin mənzildə yaşamışdır. X17 22 iyul 2016-cı il tarixdə Bakı şəhərində, kəskin ürək çatmamazlığından ölmüşdür. Kamil İslamovun vəfatından sonra da iddiaçı bir müddət həmin mənzildə yaşamışdır. Daha sonra, iddiaçı anası ilə birlikdə sonuncunun sağlıq durumu ilə bağlı başqa yerdə yaşamışdır. Hazırda isə qeyd olunan mənzildə X12 yaşayır. İddiaçı hazırda həmin mənzildə yaşamasa da, miras əmlak yaşadığı müddət ərzində faktiki olaraq onun tərəfindən qəbul edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı atasından miras qalmış üzük və xalçanı qəbul etmiş, bununla harada və nədən ibarət olmasından asılı olmayaraq miras kütləsinə daxil olan əşya və əmlakı da qəbul etdiyini nümayiş etdirmişdir. Eləcə də, iddiaçı atası vəfat edərkən miras kütləsinə daxil olan evdə yaşamışdır və mirası faktiki olaraq qəbul etmişdir. Bundan sonra, bir müddət anası ilə birlikdə ayrı ünvanda yaşasa da, bu onun mirası qəbul etməməsi, yaxud qəbul etdiyi mirasdan imtina etməsi, yaxud miras üzərində hüquqlarının təsbit edilməsindən imtina edilməsi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyriformal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə - vərəsənin mirasın açıldığı yerin notariat orqanına mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşulür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: məsələn, vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və sair hallar. Qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Miras əmlakın faktiki idarə olunması dedikdə isə - vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o, hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və sair hallar aiddir. Eyni zamanda miras əmlakın faktiki cəhətdən qəbulunun təsdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən verilən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras açılandan sonra vərəsənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qoyana məxsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən verilən arayışla təsdiq oluna bilər və sair. Lakin, yuxarıda qeyd olunduğu kimi, mirasın qəbuluna istər rəsmi, istərsə də faktiki yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Mirasın qəbul edilmə müddəti dedikdə qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Bu müddət qeyd olunan Mülki Məcəllənin 552-ci maddəsində dəqiq müəyyən edilmiş, göstərilmişdir. Həmin maddəyə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən altı ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 305.1-ci və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-nin 307.2-ci və 307.2.9-cu maddələrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iddia tələbi ilə bağlı yekun olaraq qeyd edir ki, iddia təmin edilməli, X1 miras qalmış Bakı şəhəri Sahil qəsəbəsi V.Ələkbərov küçəsi 6 saylı evin 1 saylı mənzilinin İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X1 miras qalmış Bakı şəhəri Sahil qəsəbəsi V.Ələkbərov küçəsi 6 saylı evin 1 saylı mənzilinin İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 miras qalmış Bakı şəhəri Sahil qəsəbəsi V.Ələkbərov küçəsi 6 saylı evin 1 saylı mənzilinin İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-2807/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2807/2023
27.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver