Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2878/2023 06.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onun övladı xx.xx.2009-cu il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X6 adında bir övladları doğulmuşdur. İlkin olaraq o, nikaha daxil olan kimi Cavabdeh ailəsinin yaşadığı evdə yaşamış və qısa müddət sonra birgə nikah dövründə əldə etdikləri vəsait hesabına həmin evin qonşuluğunda olan torpaq sahəsində, ünvan 1 ünvanında, ayrıca olaraq öz fərdi yaşayış evlərini tikmişlər və həmin evə köçərək yaşamışlar. Evin tam şəkildə tikintisi və təmiri təqribən 2012-ci ildə yekunlaşmış və 2013-cü ildən həmin evdə yaşamışlar. Onun cehiz əşyaları və şəxsi əşyaları da hal-hazırda həmin fərdi yaşayış evində qalmaqdadır. X8 da həmin evdə onlarla birlikdə yaşamışdır, uşağın da fərdi əşyaları hazırda həmin evdə qalmaqdadır. Tərəflər uzun müddət bir ailə kimi həmin fərdi yaşayış evində yaşamışlar, lakin münasibətləri sonradan pisləşmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, övladı X6 onun himayəsinə verilmiş, aliment təyin edilmişdir. Aliment təyin edildikdən sonra cavabdehin onlara qarşı münasibəti daha da pisləşmiş, öz evlərində yaşamaqlarına imkan verməmiş, nəticədə o, övladı ilə birlikdə Nərimanov rayonunda kirayədə qalmaq məcburiyyətində qalmışdır. Kirayədə qalmaq, eyni zamanda X8ya baxmaq ona maddi cəhətdən çox çətindir, başqa heç bir yaşayış yerləri yoxdur, uşaq Lökbatan qəsəbəsində məktəbdə oxuyur, buna görə də mübahisəli mənzilə köçməyə məcburdurlar, lakin buna baxmayaraq cavabdeh bütün vasitələrlə buna mane olur. ünvan 1 ünvanında yerləşən mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, həmin fərdi yaşayış evi onların birgə nikah dövründə tikdikləri özbaşına tikilidir. Həmin evin tikintisində atası Mirzəyev Əzizağa yaxından iştirak etmişdir. Belə ki, onların maddi durumları çətin olduğundan atası evin tikintisi üçün üç dəfəyə ümumilikdə 25000 manat pul vermişdir, onlar həmin pul vəsaiti hesabına köçmək istədikləri fərdi yaşayış evini tikmiş və təmir etmişlər. Bundan əlavə, atası öz **-XP-*** qeydiyyat nişanlı Daewoo Nexia markalı minik avtomobilini də onlara vermişdir. Cavabdeh həmin avtomobili 5400 manata satmış, oradan 1200 manat özünə götürmüş, 4200 manatı isə atasına vermişdir. Bütün bunlar onu göstərir ki, mübahisəli fərdi yaşayış evi onların birgə təsərrüfat apardıqları dövrdə onun atasının maliyyə dəstəyi ilə onların birgə vəsaiti hesabına tikilmişdir, həmin ev onun və övladının yeganə yaşayış yeridir. ünvan 1 ünvanında yerləşən mübahisəli ev birgə nikah dövründə tikilmiş özbaşına tikilidir, həmin ev 2 (iki) mərtəbədən ibarətdir. Həmin evə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev onun atasının dəstəyi ilə birgə nikah dövründə inşa edilmişdir. Həmin fərdi yaşayış evi iqtisadi dəyər kimi hazırda mövcuddur, bu səbəbdən birgə nikah dövründə əldə edilmiş əşyaya dair onun da cavabdehlə eyni həcmdə istifadə etmək və sahiblik etmək hüququ vardır. Bu səbəbdən hesab edir ki, həmin fərdi yaşayış evinə köçürülməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verdi və iddiaçının qeyd etdiyi hallar nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbinə qismən etiraz edir. Belə ki, həqiqətən o, iddiaçı ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikah dövründə xx.xx.2009-cu il təvəllüdlü X6 adında bir övladları doğulmuşdur. ünvan 1 ünvanında yerləşən mübahisəli ev özbaşına tikilidir, yalnız kommunal xidmətlər onun adına qeydiyyata alınmışdır. Əslində həmin evin tikildiyi torpaq sahəsi 2006-cı ildə bələdiyyə tərəfindən atasına ayrılmış, evin tikintisi böyük ölçüdə nikahdan əvvəl həyata keçirilmişdir. Lakin evin təmiri və bəzi kosmetik işlər təqribən 2012-ci ildə tamamlanmış və 2013-cü ildən həmin evə köçərək birgə yaşamışlar. Evin təmiri və kosmetik işlər üçün iddiaçının atası cəmi 10000 manat məbləğində pul vermiş, həmin pulu da sonradan ona qaytarmışdır. Boşanana qədər onlar iddiaçı və uşaqla birlikdə həmin evdə yaşamışlar, iddiaçının və uşağın əşyaları da həmin evdədir. Hazırda ikinci dəfə ailə həyatı qurmaq istəyir, belə olan halda, iddiaçının həmin evə köçürülməsi tərəflər arasında mübahisə yaradacaqdır, ona görə də iddiaçının həmin evə köçməsinə etiraz edir. Lakin birgə nikahdan olan uşağın evə köçürülməsinə razıdır. Hazırda faktiki olaraq uşaq çox vaxt həmin evdə onunla birlikdə qalır və uşağı məktəbə özü aparır. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, o, tərəflərin birgə nikahda olduqları dövrdə övladları Dənizin müəlliməsi olmuşdur. Uşağın 5 yaşı olandan 6-cı sinifə gedənə qədər hazırlıq müəlliməsi olmuşdur, mübahisəli evə gedib-gəlmişdir. Həmin ev ikimərtəbəli ev idi. Həmin evdə iddiaçı, cavabdeh və övladları Dəniz birgə yaşayırdılar. Evin kimin tərəfindən və nə vaxt tikilməsi barədə məlumatı yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, cavabdeh onun oğludur, iddiaçı isə köhnə gəlinidir. Torpaq 2006-cı ildə bələdiyyə tərəfindən ona ayrılmışdır. Həmin ildə evi tikməyə başlamışdır. 2 il–2 il 6 ay ərzində tikib qurtarmış, bəzi xırda işlər qalmışdır. Evi öz vəsaiti hesabına tikmişdir, ona heç kim pul verməmişdir. İddiaçının atası pul veribsə, onu özlərinə verib, gözü ilə görməmişdir. İddiaçı və cavabdeh təqribən 2010-cu ildən həmin evə köçüb yaşamışlar. Məhkəmə izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1601/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələbinə dair iddiasının təmin edilməsi, Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən Cavabdeh ilə İddiaçı arasında 14 aprel 2007-ci il tarixli akt qeydi ilə icra edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 462156 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikahın ləğv edilməsi 19 iyul 2023-cü il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş kommunal xidmət üzrə sənədlərdən görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Həzi Aslanov küçəsi, ev 16A saylı fərdi yaşayış evi üzrə abonent Cavabdehdir və kommunal ödənişlər onun tərəfindən həyata keçirilmişdir. İş materiallarında olan Qaradağ rayon Lökbatan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 86 saylı məktubun surətindən görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi sakini vətəndaş X1 Bələdiyyəsinə müraciət edərək ona məxsus olan yaşayış evinin həyətyanı sahəsinə bitişik olan 270 m² torpaq sahəsini onun mülkiyyətinə verilməsini Lökbatan Bələdiyyəsindən xahiş etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, qeyd olunan 270 m² torpaq sahəsi vətəndaş V.Nurəliyev tərəfindən hasarlanmışdır. Bununla əlaqədar müvafiq qərar qəbul edilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin rəisindən xahiş edilmiş və yerin esgizi əlavə edilmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara, o cümlədən izahatlara, şahid ifadələrinə məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, ünvan 1 ünvanında yerləşən, hüquqmüəyyənedici sənədə malik olmayan fərdi yaşayış evinin tikinti və təmir işləri xx.xx.2007-ci il tarixdə tərəflər rəsmi nikaha daxil olduqdan sonra onların birgə nikahda olduğu dövrdə başa çatmış, tərəflərin özlərinin izahatlarına əsasən həmin evin tikinti və təmir işlərində iddiaçının atasının vəsaitindən də istifadə olunmuş, tərəflər azyaşlı uşaqları ilə birlikdə evin tikinti və təmir işləri tamamlandıqdan sonra həmin evdə birgə təsərrüfat aparmaqla yaşamışlar. Tərəflər arasında nikah 2022-ci ildə pozulmuş, bundan sonra iddiaçı cavabdeh tərəfindən həmin evə buraxılmamış və azyaşlı uşağı ilə birlikdə faktiki olaraq kirayədə yaşamağa məcbur olmuşdur. İddiaçının və uşağın əşyaları da mübahisəli evdədir. Hazırda iddiaçı özünü və azyaşlı uşağını yaşayış sahəsi ilə təmin etmək imkanına malik olmadığına görə, onun azyaşlı uşağı ilə birlikdə mübahisəli evə köçürülməsini tələb edir, cavabdeh isə yalnız uşağın köçməsinə razı olduğunu, iddiaçının köçməsinə etiraz etdiyini bildirir. Qeyd olunanlara və qüvvədə olan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli Qərarına əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi, belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı yetkinlik yaşına çatmayan uşağı xx.xx.2009-cu il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan uşağı xx.xx.2009-cu il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-2878/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2878/2023
06.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver