Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2969/2023 18.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, 1.100 manat pulun və ödənilmiş 33 manat 40 qəpik dövlət rüsumunun cavabdeh Məmmədova (Zamanova) Arzu Nuru qızından onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, e-2(002)- 2969/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5.4-cü maddələrinə əsasən İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Məmmədova (Zamanova) Arzu Nuru qızı onun uzaq qohumudur. Maddi imkansızlıqdan qızıllarını satmaqla borclarını ödəmək istəmişdir. Cavabdeh qızıllarını satmaq istədiyini bildikdə, qızılları ona verməsini, özü satıb bir az qazanc əldə etmək istədiyini və qızıllarının dəyəri olan 6.500 manat pulunu verəcəyini bildirmişdir. O da, uzun müddətdir ki, cavabdehi tanıdığı üçün sonuncuya inanmış və qızıllarını satmaq üçün cavabdehə vermişdir. Qızıllarının ümumi dəyəri 6.500 manatdır. Cavabdeh həmin məbləğdən 5.400 manatını hissə-hissə ödəmişdir. Hazırda ona olan borcu 1.100 manatdır. Dəfələrlə cavabdehdən pulunun verilməsini tələb etsə də, cavabdeh hər dəfə bəhanələr edərək, pulu qaytarmamışdır. O da, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Polis tərəfindən cavabdeh şöbəyə dəvət edilərək izahatı alınmışdır. Cavabdeh həqiqətən də ona 1.100 manat borclu olduğunu, bankdan pul götürərək geri qaytaracağını bildirmiş, lakin yenə də ödənişi etməmişdir. Polis bildirmişdir ki, mülki iş olduğu üçün məhkəməyə müraciət edilməlidir. İzahatın surətini istədikdə polis bildirmişdir ki, məhkəmə onlara sorğu verdikdə, həmin izahatı məhkəməyə təqdim ediləcək. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdi və izahatında bildirdi ki, həqiqətən iddiaçıya 1.100 manat borcu qalmışdır. Həmin borcu etiraf edir. Sadəcə olaraq həmin pul vəsaitini birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Həmin borcu hər ay 50 manat olmaqla, hissə-hissə ödəyə bilər. Xahiş edir ki, qətnamə çıxarılarkən qeyd olunanlar nəzərə alınsın. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş sənədlərdən (cinayət işi başlanmasının rədd edilməsi barədə qərar, hüquq-mühafizə orqanına verilmiş izahatlar), eləcə də, cavabdehin etirafedici izahatından görünür ki, iddiaçı özünə məxsus olan, dəyəri 6.500 manatlıq qızılzinət əşyalarını sataraq pulunu ona qaytarması üçün cavabdehə vermiş, cavabdeh həmin qızıl-zinət əşyalarını satmış, 5.400 manat pul vəsaitini hissə-hissə iddiaçıya ödəsə də, 1.100 manatı ödəməmiş və iddiaçıya qeyd olunan məbləğdə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdehin iddiaçı qarşısında ödənilməmiş 1.100 manat borcu mövcuddur. İddiaçı qeyd olunan borcun qaytarılmasını cavabdehdən tələb etsə də, cavabdeh həmin pul vəsaitini iddiaçıya qaytarmamış, bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh hazırda iddianı etiraf edir və iddiaçıya həqiqətən 1.100 manat borcu qaldığını, pulu qaytarmaqdan boyun qaçırmadığını, maddi imkanı olmadığından həmin borcu birdəfəyə ödəyə bilmədiyini, borcu yalnız hər ay 50 manat olmaqla ödəyə biləcəyini qeyd edir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 33 manat 40 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1.100 manat pul vəsaiti və ödənilmiş 33 manat 40 qəpik dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.100 manat pul vəsaiti və ödənilmiş 33 manat 40 qəpik dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-2969/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2969/2023
18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver