Məhkəmə qərarları › İş №e-2(002)-3044/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3044/2023

30.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3044/2023 30.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd edilməklə) qarşı «əmək müqaviləsinin və bununla bağlı mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş bildirişin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd edilməklə) qarşı «əmək müqaviləsinin və bununla bağlı mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş bildirişin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-də baş direktor kimi işə götürülməsi barədə cavabdehlə onun arasında bağlanıldığı iddia edilən əmək müqaviləsinin və bununla bağlı mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş bildirişin etibarsız hesab edilməsi, onunla "xxxx" MMC arasında bağlanıldığı iddia edilən əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-də baş direktor kimi işə götürülməsi barədə cavabdehlə onun arasında bağlanıldığı iddia edilən əmək müqaviləsinin və bununla bağlı mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş bildirişin etibarsız hesab edilməsi, onunla Cavabdeh MMC arasında bağlanıldığı iddia edilən əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, bir müddət əvvəl rəsmi qaydada işə düzəlmək istəyərkən ona bildirilmişdir ki, o, mərkəzləşdirilmiş elektron informasiya sistemində artıq işçi kimi qeydiyyatdan keçmişdir. Belə ki, həmin mərkəzləşdirilmiş informasiya sistemində aparılmış qeydiyyata əsasən adını belə əvvəllər bilmədiyi Cavabdeh MMC-də 02 iyul 2020-ci il tarixdən baş direktor vəzifəsində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlanan digər hüquqi şəxsdə isə 27 avqust 2021-ci il tarixdən yardımçı fəhlə işində işlədiyi kimi göstərilmiş və bu barədə müvafiq bildirişlər elektron informasiya sisteminə daxil edilmişdir. Halbuki, o, Cavabdeh MMC-yə nə işə qəbul edilməklə bağlı müraciət etmiş, nə hər hansı əmək müqaviləsinə imza etmiş, nə də bu təşkilatdan bu günədək hər hansı əmək haqqı alımışdır. O, elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsini həmin hüquqi şəxslə bağlamamışdır və belə bir iş yerini heç tanımır. O, cavabdehin vergi orqanının portalında göstərilmiş hüquqi ünvanında olsa da, nə Cavabdeh MMC-nin nümayəndələrini tapa bilmiş, nə də belə bir hüquqi şəxsi tanıyan olmamışdır. Müxtəlif dövlət qurumlarına müraciətlər etsə də, o, bu hüquqi şəxsin harada yerləşməsini müəyyən edə bilməmişdir. Nəticədə, cavabdeh tərəfindən saxta sənədlər əsasında mərkəzləşdirilmiş elektron informasiya sisteminə onun baş direktor olaraq daxil edilmiş əmək müqaviləsi bildirişi səbəbindən başqa işə götürənlə əmək müqaviləsi bağlamaqla işə girib əmək fəaliyyəti ilə məşğul ola bilmir. Bununla bağlı o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə ərizə ilə müraciət edərək onun barəsində elektron informasiya sisteminə əsassız olaraq daxil edilmiş bildirişin ləğv edilməsini xahiş etmişdir. Lakin adı çəkilən qurum tərəfindən onun müraciətinə verilmiş 25 iyul 2022-ci il tarixli **********3 saylı cavab məktubunda bildirilmişdir ki, həmin qurum tərəfindən cavabdehin həm faktiki, həm də hüquqi ünvanına müvafiq məktublar ünvanlanmış, lakin həmin məktublar cavabdehin orada yerləşməməsi səbəbindən geri qayıtmışdır. Bu səbəbdən sözügedən məsələnin araşdırlmasının mümkün olmadığı bildirilərək yaranan mübahisənin həlli üçün məhkəməyə müraciət etmək hüququnun olduğu bilirilmişdir. Eyni zamanda həmin orqanda olanda da ona sözügedən bildirişin ləğv edilməsi üçün işəgötürənə müraciət edilməli olduğu, işəğötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada aidiyyəti üzrə məhkəməyə müraciət edilməli, məsələnin başqa yolla həlli yolunun olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının çıxarılmalı olduğu bildirilmişdir. Göründüyü kimi, cavabdehin rəsmi şəxsləri tərəfindən özbaşınalığa və saxtakarlığa yol verilmiş, vəzifə səlahiyyətlərini aşaraq onun əmək hüquqlarını pozmaqla aşkar qanunsuzluğa yol verilmişdir. Bu səbəbdən məhkəməyə müvafiq iddia ərizəsi ilə müraciət edərək pozulmuş hüququnun müdafiə olunmasını xahiş etməyi zəruri sayır. İddiaçı nümayəndəsi X2 öncəki məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin öncəki məhkəmə iclasında verdiyi izahatını nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh MMC xx.xx.2020-ci il tarixdə elektron qaydada qeydiyyata alınmışdır. MMC-yə ********** saylı VÖEN verilmişdir. Hüquqi ünvanı AZ1063 ünvan 1. MMC-nin qanuni təmsilçisi İddiaçı kimi göstərilmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının rəhbəri Samir Nuriyevə ünvanladığı 03 mart 2023-cü il tarixli ərizədə göstərilmişdir ki, onun adından aldadılaraq alınmış etibarnamələrdən istifadə olunmaqla müxtəlif şəxslər tərəfindən Məhdud Məsuliyyətli Cəmiyyətlər təsis edilmiş və onunla guya Cavabdeh MMC-də işləməsinə dair əmək müqaviləsi bağlanılaraq, adı elektron sistemə daxil edilmiş və adına aylıq əmək haqqı yazılaraq pul vəsaitləri də mənimsənilmişdir. İddiaçı ərizədə onu narahat edən digər halları da ətraflı şəkildə qeyd etməklə, həmin halların qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılması, dələduzluq, sənədlərin saxtalaşdırılması və digər cinayət əməllərini törətmiş şəxslərin qanunvericiliyə uyğun şəkildə cinayət məsuliyyətinə cəlb edilmələri üçün müvafiq tədbirlərin görülməsi barədə aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında əmək müqaviləsi bağlanmasına dair bildiriş mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilsə də, həmin əmrin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməmişdir. İddiaçı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlasa da, bunun heç bir nəticəsi olmamışdır. İddiaçı yaranmış çətinliyin həll edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə də məktub ünvanlamışdır. Lakin problem öz həllini tapmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, yuxarıda qeyd olunan əmək müqaviləsinə xitam verilməməsi və əmək müqaviləsinin bağlanmasına dair bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi nəticəsində iddiaçının real olaraq başqa işəgötürənlə əmək müqaviləsi bağlamaq və əmək fəaliyyəti ilə məşğul olmaq hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. «Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli, 875-İVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar» təsdiq edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Bunun üçünsə işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş e-imzası olmalıdır. E-imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəni saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. E-imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi, hər iki tərəfin hüquqlarını müdafiə edərək, məsuliyyətdən yayınmanın qarşısını alır. Bu sistem işçilərin əmək hüquqlarının pozulmamasına, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirməklə, inkişaf edən və ya inkişafdan qalan fəaliyyət sahələrin ayırd edilməsinin asanlaşmasına, iqtisadi inkişafın tənzimlənməsi üzərində işlərin keyfiyyətinin artmasına, dolayısıyla da sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərir. Göründüyü kimi, qeyd olunan sistemdə əmək müqaviləsi barədə məlumatın olması iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanıldığı iddia edilən əmək müqaviləsinə xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişi mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, yuxarıda qeyd olunan əmək müqaviləsinin və bununla bağlı mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş bildirişin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədi. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanıldığı iddia edilən əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişi mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar