Məhkəmə qərarları › İş №e-2(002)-308/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-308/2025

02.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-308/2025 02.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası X1 nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı (Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmişdir) işçinin vurduğu maddi ziyana görə pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi və onun əsaslandırıldığı hallar:

1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 10,200 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70,60 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh 11475.82 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 124.43 manat məbləğində pulun cavabdeh X5 tutularaq “Avrora “MMC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçının iddia tələbinin artırılması barədə sonuncu ərizəsi ilə, Cavabdeh İddiaçı MMC-ə vurduğu zərərin əvəzi olaraq 10200 manat məbləğində pulun və avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 1540 manat məbləğində pulun ümumilikdə 11740 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125.22 manat məbləğində pulun alınaraq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.

4. İddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh İddiaçı MMC-ə vurduğu zərərin əvəzi olaraq 10200 manat məbləğində pulun və avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 06 may 2025-ci il tarixli qərardadın icrası ilə bağlı həyata keçirilmiş UNİ/İ 07-337/2025 saylı ekspert rəyini nəzərə alaraq qalıq 670.32 manat məbləğində pulun ümumilikdə 10870.32 manat məbləğində vəsaitin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125.22 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh 28 mart 2023-cü il tarixindən İddiaçı MMC-də sürücü vəzifəsində çalışmışdır. 2024-cü il Mart ayında İddiaçı MMC məhsulun daşınmasını təşkil edərkən, müəssisənin sürücüsü olan Cavabdeh müəssisəyə məxsus olan TİR: DAF yük markalı **-JE-*** qeydiyyat nişanlı və yarımqoşqusu(soyuducu) olan Krone markalı, 99-YC346 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Russiya Federasiyasına məhsulları çatdırmalı idi. Lakin soyuducu sisteminin normalarına uyğun olmayaraq, yəni avtomobilin soyuducusunu daimi yox avtomat rejiminə qoymağı nəticəsində bütün məhsullar körlanmış vəziyyətdə çatdırılmışdır. Nəticədə Cavabdeh müəsssisəyə 10 200 manat məbləğində zərər vurub. Cavabdeh İddiaçı MMC-yə vurduğu 10 200 manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Aşağıdakı sübutlara əsaslanırıq; 1. Zərər vurma Aktı 2. Termoqram 3. İnvoice və packing list Qanunvericiliyə uyğun olaraq aşağıdakı hüquqi əsaslarla iddia təmin olunmalıdı; Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə əsasən, “İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqındaişəgötürənlə yazılı müqavilə bağlandıqda”.

6. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 119-cu maddəsinin “a” bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə istinad etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi və etiraz verilməmişdir.

8. Məhkəmənin tərəfindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçının nümayəndəsi X3 xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə etmiş və bildirmişdir ki, maşın soyuducu ilə təmin edilib, sürücü malın təhlükəsizliyini təmin etməli idi. Cavabdeh bildirir ki, o, gömrükdə uzun müddət saxlandığı üçün mal xarab olub. Nəqliyyat vasitəsi gömrükdə saxlanılsa da niyə maşının kondisionerini söndürüb? Cavabdeh soyuducunu söndürdüyünə görə mal xarab olub. İddia tələbinin ikinci hissəsilə bağlı cavabdeh onlara dedi ki, Rusiyada qəza etmişdir, hadisə yerinə polis çağırmamış, maşını sürüb buraya gətirmişdir. Ona görə də qəzaya aid onlarada sənəd yoxdur. Cavabdehin izahatında və ya aktda texniki səhv olub. İddiaçının əməkdaşları aktı cavabdehin iştirakı ilə tərtib edib. 1600 manata yaxın cavabdehin əmək haqqısından tutulma olub.

10. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, cavabdehin yanlış hərəkəti ucbatından iddiaçının malı məhv olub. O, maşının soyuducu sistemini daimi rejimə qoymaq əvəzinə, avtomat rejimə qoyub. Termoqram bunu sübut edir. Əslində soyuducu daimi rejimdə olmalı idi, soyuducu rejimi söndürüb-yandırıb. Mala vurulmuş zərərin dəyəri 10200 manatdır. İddiaçı şirkət sürücülərə malı necə daşıma qaydasını əvvəlcədən izah edib. Cavabdeh öz səhlənkarlığına görə malı gec çatdırıb. Maşının soyuducusunu söndürüb, ona görə də mal xarab olub. Termoqramda cavabdehin öhdəliyi qeyd edilib. Cavabdeh özü soyuducunu avtomat rejimdə qoyduğunu etiraf edir. Maşının ehtiyat hissələri bazar satılır. Maşının iddiaçının mülkiyyətindədir. Təlimat cavabdehə şifahi izah edilib.

11. Cavabdeh məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, iddiaçı şirkətdə sürücü işləmiş öz ərizəsinə əsasən işdən çıxmışdır. Qarpız daşımaqla məşğul olurdu. xx.xx.2024-cü il tarixdən o, İrandan Rusiyaya qarpız daşımışdır. Lakin iddiaçının təqsiri üzündən sənədləşmələrdə problem olduğuna gömrükdə uzun müddət gözləməyə məcbur oldu. Ancaq gömrükdə mala baxış keçirdilər, həmin vaxt yağış yağırdı, orada mal islandı. Tombov şəhərində bildi ki, mal xarab olub. Çünki ondan başqa digər iş yoldaşı da eyni malı daşıyırdı, o, ona dedi ki, “onun malı xarab oldu”, həmin an bildi ki, onun daşıdığı mal da xarab olub. Qarpızın kifləndiyini gördü, şəklini çəkib şirkətin əməkdaşına göndərdi. Mart ayının 11-də sərhəddə idi, 28 günə çatmışdır. O malı həmişə avtomat rejimdə gətirmişdir, heç vaxt xarab olmamışdır. Malın yararsız hala düşmə səbəbləri çox ola bilər. Mal bir neçə gün gömrükdə saxlanmış, yarısı boşaldılıb yağış altında qalmışdır. ıb. Bu dəfə malın xarab olmasının səbəbi o idi ki, gömrük işçiləri malı maşından düşürdülər, mal da yağışda islandı. Əvvəllər malı maşından düşürmürdülər. Sərhəddə maşının qapısını üç-dörd dəfə açdılar. Mal karopkaların içinə qoyulmuşdu. Malı əslində 8-10 günə çatdırmalı idi, lakin 26 günə çatdıra bilmişdir. Malı gec çatdırmağının səbəbi iddiaçının hərəkətləridir. Onu 8-10 gün İranda saxladılar, 10 gün isə Bakıda qalmağa məcbur oldu. Gömrük mərkəzində karopkaları yerə atdılar, yağış da həmin karopkaları islatdı. Orada başa düşdü ki, mal xarab olacaq. İddiaçı tərəf ona malın saxlanması ilə bağlı təlimatı izah etməyib, ona sadəcə maşını sürmək tapşırılmışdı. 3 saat müddətinə soyuducunu söndürmüşdü, çünki gömrükdə yoxlama məntəqəsinə daxil olmuşdu, orada soyuducunu söndürmək lazımdır. Hər dəfə uzağı 12 saata yoxlanış bitirdi. İki maşın idilər, gömrük əməkdaşları yoxlayan zaman digər İran maşını rentgenə girib, ordan qaçdı şlaqbaumu sındırıb. Ona görə yoxlama ciddi oldu, 2-3 gün çəkdi. 2 gün Biləsuvar sərhədində gömrükdə qaldı. Malın yarı hissəsini boşaltdılar. İran Azərbaycan sərhədində. Novruz bayramə ərəfəsi idi. Gömrük əməkdaşları boşaldıb yığanda soyuducunu söndür deyiblər. Mal boşaldıldı və qaldı yağışın altında. Rejim həmişə avtomat rejimdə olub, başqa rejimdə aparmalı olduğunu bilmirdi. Qəza Rusiyada baş verib, şirkəyə məxsus nəqliyyat vasitəsinə ziyan dəyib, izahat yazdı və bu barədə əmək haqqından tutulmalar aparıldı.

12. Cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək bildirdi ki, cavabdeh iddiaçı şirkətdə yük maşını sürücüsü işləyib. O, qarpız daşıyıb. Cavabdeh maddi məsuliyyət müqaviləsini imzalamadığını bildirir. Sənəddəki imza ona aid deyil. Avtomobilə dəymiş ziyanla bağlı inzibati orqanın aktı olmayıb, cavabdeh təqsirləndirilməyib. Cavabdehə malın aparılması qaydası izah edilməyib. Malın xarab olmasının müddətlə əlaqədar olmasını mütəxəssis müəyyənləşdirə bilər. Cavabdeh iddiaçının hərəkətləri səbəbindən malı gec çatdırıb. O, iddiaçı sənədləri təqdim etmədiyinə görə gömrükdə uzun müddət saxlanıb, yubanıb. Cavabdeh maşını avtomat rejimdə sürüb, maşında da kondisioneri söndürməyib. Sürücü malın içinə baxa bilməz. Cavabdeh uzun müddət gömrükdə qaldığına görə mal bəlkə də, xarab olub. Cavabdeh yük maşınına vurduğu zərəri tam ödəyib, 1540 mnatdan çox ödəniş çıxılıb əmək haqqından. Malın xarab olmasında cavabdehin təqsiri yoxdur. Cavabdehin daşıdığı mal iddiaçının işçilərinin ucbatından xarab olmuşdur. Eyni zamanda şirkətə məxsus avtomobilə vurulmuş zərərin məbləği ilə razı deyilik. Belə ki, qüsur aktının tarixi ilə cavabdehin imzaladığı ərizənin tarixi uyğun gəlmir. Belə çıxır ki, hadisə baş verməmişdən əvvəl qüsur aktı tərtib edilmişdir. Daşınan mala dəymiş ziyanla bağlı isə işçinin təqsiri olmamışdır. İddia tərəfi ərizəyə əlavədə göstərmişdir ki, 2850 manat dəymiş ziyan göstərmişdir, cavabdeh həmin ziyanın müəyyən hissəsini ödəmişdir və 1275 manat qalmışdır. Bu rəqəmlərə baxsaq görürürük ki, cavabdeh hələ 35 manat artıq ödəyib.

13. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X7 məhkəmə baxış iclasında iştirak edərək bildirmişdir ki, sənədlərlə tanış olduqlarını, bir çox məlumatın rəy vermək üçün yetərli olmadıını, hansısa soyuducunun daimi rejiminini söndürülməsindən məhsulun xarab olmasını müəyyən etmək mümkün deyil. Qarpız elə məhsuldur ki, ağır məhsuldur onun qablaşdırılmasında xüsusi qaydalara, riayət edilməli idi. Məhsulun özünün keyfiyyət sənədi olmalıdır, həmin sənədlər işdə yox idi. Tranzit yükdaşımaları zamanı Azərbaycan Respbulikasının Nazirlər Kabinetinin 142 nömrəli qərar və 442 saylı Qaydaya riayət etmək lazım idi. Maşınların o şəkildə açılması düzgün olmamışdır. Gömrük əməkdaşlarının iştirakından əlavə, X1 əməkdaşlarınınn iştirakı təmin edilməli. Tranzit yükdaşıma zamanı maşın blomlanır və onun açılmasına icazə verilmir. Yalnız gömrük işçisi və X2 nümayəndəsinin iştirakı ilə açılıb, xüsusi labarotoriyalarda yoxlanılaraq məhsulun keyfiyyəti və xarab olub-olmaması müəyyən edilə bilərdi. Çünki məhsulda karantin zərərvericiləri ola bilər və bu dövlətə böyük məbləğlərə başa gələ bilərdi. İddiaçı tərəfindən rəyin necə hazırlanması, məhsulun harada yoxlanması, yağış suyunda qalması kimi halların hansı halda müəyyən olunması müəyyən olunmamışdır. Qarpız daşınması çətin olan məhsullardan hesab olunur. Onun yerləşdirilməsi, daşınma qaydası düzgün müəyyən olunmalıdır. Lakin maşının soyuducusunun avtomatik rejimdə olması onun xarab olmasına gətirib çıxarmır. Tərtib olunan akta əsasən isə şirkət əməkdaşları yükə baxış keçirərək qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Maşın gömrükdə açılıbsa, qarpız yağışda qalıbsa iddiaçının əməkdaşlarının bunu harda görməsi məlum deyil. xx.xx.2024-cü il tarixli iddiaçı tərəfindən tərtib edilən məhusulun xarab olması ilə bağlı rəylə bağlı sual yaranır ki, şirkətin əməkdaşları məhsulların xarab olmasını harda gördülər ki tərtib etdilər?. Çünki mallar gömrükdə açılıbsa yalnız gömrük əməkdaşları və AQTA mütəxəssisləri tərəfindən açıla bilərdi. Bu nüans da qanunvericiliyin pozuntusu kimi qeyd edilməlidir.Beynəlxalq təcrübəyə əsasən, 10-15 dərəcə kifayət edir qarpızın daşınması üçün, onu uzun müddət aşağı temperaturda daşısan xarab olar əksinə. Hər bir məhsulu daşıyarkən onun özünün keyfiyyət sənədi olur, həmin sənədlərdə məhsulun hansı temperaturda, hansı tarada və qablaşdırmada daşınmalı olması göstərilməlidir. Həmin sənədlər işdə olmadığı üçün temperatur rejimi ilə səbəbli-əlaqə ilə bağlı rəy vermək mümkün olmamışdır.

Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

15. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192.1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194.1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır.

199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. 200.1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. 200.2. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. 200.5. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. 201.1. İşçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət — sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşın-mexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, korlanması, habelə son zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə o, maddi məsuliyyət daşımır. Bu hallar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməzsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. 201.2. İşçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2 İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 124.2 İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 217.2 Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 2.1.3. daşıyıcı — daşınma müqaviləsi və ya digər qanuni əsaslarla yük daşımalarını yerinə yetirən hüquqi şəxs və ya fərdi sahibkar; 2.1.7. sifarişçi — yük daşımaları barədə daşıyıcı ilə müqavilə bağlayan hüquqi və ya fiziki şəxs (yükgöndərən, yükalan və ya ekspeditor);2.1.8. sürücü — avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan, daşımalar prosesində birbaşa iştirak edən, habelə müvafiq hallarda daşıyıcını təmsil edən şəxs. 2.1.9. tezkorlanan yüklər — daşınması zamanı salamatlığı (bütövlüyü) üçün xüsusi temperatur və sanitariya-gigiyena rejiminə əməl edilməsini tələb edən yüklər 17.1. Daşıyıcı tezkorlanan yükləri izotermik banlı xüsusi konstruksiyalı yük avtonəqliyyat vasitələrində (izotermik furqonlarda, refrijeratorlarda və ya çənlərdə) bu Qaydaların 11 nömrəli əlavəsində göstərilən temperatur rejiminə əməl olunmaqla daşımalıdır. 17.3. İxtisaslaşdırılmış avtonəqliyyat vasitəsinin seçilməsi daşıyıcı tərəfindən sifarişçi ilə razılaşdırılmaqla həyata keçirilir. 17.4. Daşıyıcı tezkorlanan yüklərin daşınması üçün müəyyən edilmiş sanitariya tələblərinə uyğun olan avtonəqliyyat vasitəsini təqdim etməlidir. 17.5. Yükgöndərən tezkorlanan yükləri yükləməzdən əvvəl avtonəqliyyat vasitəsinin sanitar vəziyyətini və həmin yüklərin daşınması üçün yararlı olubolmamasını yoxlamalıdır. 17.6. Yükgöndərən yükləmədən əvvəl tezkorlanan yükün temperaturunu və yüklənməyə verilmiş avtonəqliyyat vasitəsinin banındakı temperaturu, yükalan isə öz növbəsində onun ünvanına gələn avtonəqliyyat vasitəsinin banındakı temperaturu və tezkorlanan yükün temperaturunu həmin yükün boşaldılmasından əvvəl bu Qaydaların 12 nömrəli əlavəsində göstərilən formaya uyğun olaraq yoxlama vərəqəsində qeyd etməlidir. 17.7. Yükgöndərən daşıyıcıya tezkorlanan yükləri dövlət standartları ilə və ya texniki şərtlərlə müəyyən edilmiş müvafiq keyfiyyətə uyğun və qablaşdırmaya olan tələblərə cavab verən vəziyyətdə təqdim etməlidir. Tezkorlanan yüklərin tarası yüklərin daşınması zamanı onların qorunması üçün zəruri olan sanitariya-gigiyena tələblərinə uyğun olmalıdır. 17.15. Daşıyıcı tezkorlanan yükləri orta sutkalıq məsafə 350 km olmaqla, təyinat məntəqəsinə çatdırmalıdır. Tezkorlanan yüklər 350 km-dən böyük məsafəyə daşınırsa və avtonəqliyyat vasitəsində iki sürücü xidmət edirsə, onda orta sutkalıq məsafə 600 km ola bilər. Yüklərin çatdırılma müddəti yüklənmənin bitdiyi və sənədlərin rəsmiləşdirildiyi andan avtonəqliyyat vasitəsinin yükün təyinat məntəqəsinə çatdığı ana qədər hesablanır. 35.4. Beynəlxalq yük daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinin sürücüləri beynəlxalq yük daşımalarına dair beynəlxalq konvensiyalar, sazişlər və digər sənədlər, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq edilmiş xüsusi proqram üzrə hazırlıq keçməli, avtomobil nəqliyyatı ilə yük daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar 48.1. Yükgöndərən aşağıdakılara görə məsuliyyət daşıyır: 48.1.1. müqavilə ilə müəyyən edilmiş həcmdə, nomenklaturada və ya müddətdə yüklərin daşınma üçün təqdim edilməməsinə; 48.1.2. daşıyıcının təqsiri üzündən baş verən hallar istisna olmaqla, yük yükgöndərənə təhvil verilənədək rəsmiləşdirilməli olan əmtəə-nəqliyyat qaiməsinin düzgün doldurulmaması, o cümlədən gömrük və digər sənədlərin rəsmiləşdirilməsi üçün zəruri olan məlumatların və sənədlərin olmaması və ya düzgün doldurulmaması nəticəsində daşıyıcıya dəymiş zərərə; 48.1.3. yükün gəlməsi zamanı qüsur daşıyıcıya məlum və ya bəlli olmasına baxmayaraq, əmtəə-nəqliyyat qaiməsində onun tərəfindən bu barədə lazımi qeydlər edilmədiyi hallar istisna olmaqla, yükün qüsurlu qablaşdırılmasına görə daşıyıcıya dəymiş zərərə. 48.2. Daşıyıcı aşağıdakılara görə məsuliyyət daşıyır: 48.2.1. əmtəə-nəqliyyat qaiməsinin və ya ona əlavə edilmiş sənədlərin itirilməsinə; 48.2.2. yükün tam və ya qismən itirilməsinə, o cümlədən zədələnməsinə və ya çatdırılmanın gecikdirilməsinə; 48.2.3. gömrük qaydalarına riayət olunmasına məsuliyyət daşıyır. 48.3. Avtonəqliyyat vasitəsinin xarici dövlətin ərazisində hərəkəti üçün “İcazə” blankı almış daşıyıcılar, həmin icazədən düzgün istifadəyə, onun lazımi vəziyyətdə saxlanılmasına və vaxtında təhvil verilməsinə görə məsuliyyət daşıyırlar. 48.3-1. Beynəlxalq yük daşımalarını təşkil edən daşıyıcılar və yerinə yetirən sürücülər daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar. 48.4. Daşıyıcı yükün itirilməsi və ya çatdırılmanın gecikdirilməsinə görə aşağıdakı hallarda məsuliyyət daşımır: 48.4.1. itirilmə və ya çatdırılmanın gecikdirilməsi yükgöndərənin (yükalanın və ya ekspeditorun) təqsiri üzündən, yükə xas olan qüsur və ya qarşısıalınmaz qüvvə səbəbindən baş verdikdə; 48.4.2. yükgöndərənlə razılaşdırılmaqla və əmtəə-nəqliyyat qaiməsində göstərilməklə (əskiklik yol verilən normadan artıq olduğu və ya yük yeri itirilmiş hallar istisna olmaqla), tenti örtüsü olmayan avtonəqliyyat vasitəsindən istifadə edildikdə; 48.4.3. yükün qablaşdırılmaması və ya qablaşdırılmasının zədələnməsi yükün zədələnməsinə və ya korlanmasına səbəb olduqda; 48.4.4. itirilmə və ya korlanma yükün təbii xüsusiyyətləri — korroziyası, çürüməsi, quruyub azalması və sıxılması və ya parazitlərin və gəmiricilərin təsiri (əgər daşıma yükün istinin, soyuğun və ətraf havanın rütubətli təsirindən qorunması üçün xüsusi təchiz edilmiş avtonəqliyyat vasitəsilə yerinə yetirilirsə, daşıyıcı bu maddəyə istinad edə bilməz) nəticəsində baş verdikdə; 48.4.5. yük yerlərinin qeyri-qənaətbəxş nömrələnməsi və ya markalanması nəticəsində yük əskik çıxdıqda; 48.4.6. itirilmə və ya çatdırılmanın gecikdirilməsi canlı heyvanların daşınması (daşıyıcı öz xeyrinə bu bəndə yalnız o halda istinad edə bilər ki, o, şərait nəzərə alınmaqla, görməli olduğu bütün tədbirləri gördüyünü və təlimata uyğun olaraq hərəkət etdiyini sübuta yetirə bilsin) nəticəsində baş verdikdə.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 7 dekabr tarixli 442 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydası, həmin məhsul, material və məmulatlar gömrük ərazisinə gətirilməzdən əvvəl göndərilən elektron bildirişin forması və təqdim edilmə müddətləri, qida və yem məhsullarının tranzit daşıması” Qaydasına əsasən: 2.5. Qida təhlükəsizliyi nəzarətinə aid edilən məhsulları idxal etmək istəyən idxalatçı və ya onun səlahiyyətli nümayəndəsi həmin məhsullar gömrük ərazisinə gətirilməzdən əvvəl Agentliyə bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq elektron bildiriş göndərməlidir. 2.6. Azərbaycan Respublikasına idxal olunan qida və yem məhsulları qanunla və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun etiketlənməlidir. Məhsulların üzərindəki etiketlər və adlar, məhsulun tərkibi və istifadəyə yararlılıq müddəti, məhsuldan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərdə olduqda, onların Azərbaycan dilinə tərcüməsi də təmin edilməlidir. 9.2. Qida və yem məhsullarının gətirildiyi nəqliyyat vasitəsindən gömrük anbarına saxlanılması üçün boşaldılması, digər bir və ya bir neçə nəqliyyat vasitəsinə yüklənilməsi Agentliyin və gömrük orqanının səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilir. 9 .4. Qida və yem məhsulları bir və ya bir neçə nəqliyyat vasitəsinə yükləndikdən sonra Agentliyin səlahiyyətli nümayəndəsi müvafiq sənədləri (sertifikatları) yoxlayaraq onların etibarlılığını möhürü ilə təsdiqləyir. 9.5. Fiziki nəzarət tədbirləri nəticəsində Agentlik tərəfindən məhsullarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri ilə bağlı uyğunsuzluq aşkar edildikdə, Agentliyin yazılı rəyi əsasında həmin məhsulların ixracatçı ölkəyə geri qaytarılması və ya məhv edilməsi gömrük orqanı tərəfindən təmin edilir.

b) Əsaslandırma

19. İddia əsassızdır.

20. İşin faktiki halları bundan ibarətdir ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2023-ci il tarixli, 262/K nömrəli əmək müqaviləsinə əsasən, Anbar Təsərrüfatı və Logistika Departamentinə Tır sürücüsü təyin edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 257/K nömrəli əmr ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) Cavabdeh əmək münasibətinə xitam verilmişdir.

21. Cavabdeh xx.xx.2024-xx.xx.2024-cü il tarixlər ərzində iddiaçıya məxsus qida məhsullarını (qarpız) DAF yük markalı **-JE-*** qeydiyyat nişanlı və yarımqoşqusu (soyuducusu) olan Krone markalı, **-YC-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ilə İran İslam Respublikasından Rusiya Federasiyasına məhsulları çatdırmışdır. Bu barədə işə əlavə edilmiş 000543 nömrəli CMR -dan görünür ki, xx.xx.2024-cü il tarixdə qeyd edilən nəqliyyat vasitəsi və onun qoşqusuna məhsullar İran-Biləsuvar sərhəddində yüklənmişdir.

22. İddiaçı MMC-nin sürücüsü Cavabdeh tərfindən vurulmuş zərərin təsdiqlənməsi barədə xx.xx.2024-cü il tarixli Akta əsasən, İddiaçı MMC-ni Xarici Logistika Departamentinin rəhbəri Çerpanova Dinara, Daxili Logistika Departamentinin rəhbəri Əliyev Elşən, X9 rəhbəri Nicat Kərimov, Gömrük və Nəqliyyat prosesləri aparıcı mütəxəssis Ruslan Məmmədov bu aktı tərtib etmişlər ondan ötrü ki, sürücü öz vəzifə səlahiyyətlərinin icrası zamanı yol verdiyi ehtiyatsızlıq və səhlənkarlıq nəticəsində korlanmış məhsullara görə İddiaçı MMC-yə 10,200 manat maddi ziyan vurmuşdur.

23. İddia tələbinin ilk hissəsi - həmin qida məhsullarının işçinin təqsiri nəticəsinə xarab olması nəticəsində vurulmuş ziyana görə 10,200 manat pulun ödənilməsi ilə bağlıdır. İddiaçının mövqeyinə görə, cavabdeh (sürücü) soyuducu sisteminin normalarına uyğun olmayaraq avtomobilin soyuducusunu daimi yox, avtomat rejiminə qoymağı nəticəsində bütün məhsullar korlanmış vəziyyətdə çatdırılmışdır. İddiaçının tələbinin əsası olanaraq təqdim etdiyi sübutlar: zərərvurma aktı, termoqram və invoice packing list sənədlərindən ibarətdir.

24. Bundan başqa, xx.xx.2023-cü il tarixdə sürücü Cavabdeh İddiaçı MMC-yə məxsus, DQN: **-JF-*** DAF 460 XF markalı yük avtomobili ilə Saratov şəhərində Kamaz markalı yük avtomobili ilə qəza törətmişdir. İşçi bu barədə izahat yazaraq qəza törətməsi nəticəsində iddiaçı MMC-yə məxsus, **-JF-*** dövlət qeydiyyat nişanlı “DAF 460 XF” markalı yük avtomobilinə maddi ziyan vurduğunu və vurulmuş ziyanın əmək haqqından tuttulmasına etiraz etmədiyini etiraf etmişdir. Eyni zamanda, İddiaçı MMC tərəfindən hazırlanmış sürücü Cavabdeh tərəfindən vurulmuş zərərin təsdiqlənməsi barədə xx.xx.2023-cü il tarixli Akta əsasən, Cavabdeh idarə etdiyi İddiaçı MMC-ə məxsus **-JF- *** D.Q.N-lı DAF 460 XF markalı yük avtomaşınına 2850 manat maddi zərər vurmuşdur.

25. İddia tələbinin ikinci hissəsi – qeyd edilən qəza nəticəsində, İddiaçı MMC-yə məxsus, **-JF-*** dövlət qeydiyyat nişanlı, “DAF 460 XF” markalı yük avtomobilinə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlıdır.

26. Məhkəmə ilk tələblə bağlı aşağıdakıları qeyd edir:

27. Əmək və mülki qanunvericiliyin tələblərinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda işəgötürən və işçinin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Eyni zamanda, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda.

28. Tərəflər arasında xx.xx.2023-cü il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən, Cavabdeh iş vaxtı və ya iş vaxtından sonra işəgötürənin tapşırığını icra edərkən işçi qanunazidd, təqsirli hərəkət və/və ya hərəkətsizliyi ilə işəgötürənə və ya digər şəxsə hər hansı bir ziyan vurduqda işəgötürən və/və ya ziyan vurduğu şəxs qarşısında şəxsən tam maddi məsuliyyət daşımaq və vurulmuş ziyanı şəxsən tam şəkildə ödəmək öhdəliyi götürmüşdür.

29. Cavabdeh əmək funksiyalarının dairəsi xx.xx.2022-ci il tarixli Sürücünün vəzifə təlimatında göstərilmişdir: Vəzifələri: satışa gedən məhsulları ticarət nöqtələrinə çatdırır, gün sonu tcarət nöqətlərindən geri qaytarılan məhsulları anbara təhvil verir; təhkim olunmuş avtomobilin saz vəziyyətdə olmağına nəzarət edir; sürücü pul yığımında satış təmsilçisinə yardımçı olmalıdır. Pul yığımı kassa orderi əsasında həyata keçirilməlidirş Gün ərzində yığılan pullar hər axşam kassa orderləri ilə birlikdə satış təmsilçisinə və ya digər hadisələr baş verərsə,sürücü ərazi müdürinin icazəsi olmadan ticarət nöqtələrindən yığılan pulu istifadə etmək ixtiyarında deyil; Sürücü ərazidə müştərilərin böyük narazılığına səbəb olan satış təmsilçisinin süni sifarişlərini aşkar etdiyi halda dərhal audit şöbəsinə məlumat verməlidir (məlumatın verilməsi mərkəzi anbara geri qaytarılan məhsulların satış qaiməsini audit şöbəsinə təqdim etməklə həyata kçeirilir). Əməyin mühafizəsinə dair vəzifə öhdəlikləri: Məsuliyyətləri: Azırbaycan Respublikası Qanunularında və Cəmiyyətin qüvvədə olan Təlimat, Əsasnamə və digər qaydalarında göstərilənlərə zamanında və doğru əməl etməməyə görə məsuliyyət daşıyır; şirkətin kommersiya, maliyyə sirlərinin aidiyyəti olmayan şəxslər arasında yayılmasından məsuliyyət daşıyır. BU Vəzifə Təlimatında nəzərdə tutulan vəzifə öhdəliklərini vaxtında və keyfiyyələ yerinə yetirilməsinə görə qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.

30. Məhkəmə tərəfindən qida məhsullarının korlanması ilə avtomobilin soyuducusunun “daimi” deyil, “avtomat” rejiminə qoyulması arasında səbəbli əlaqənin olub-olmaması, ərzaq məhsullarının yararsız hala düşməməsi üçün soyuducunun hansı temperaturlarda saxlanmasının kifayət etməsi, soyuducuda avtomat rejimində məhsulların daşınması halında onların yararsız hala düşməsi üçün hansı müddətin tələb edilməsi məsələlərinə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən mütəxəssis rəyi əldə edilmişdir.

31. Azərbaycan Respublikasının X1 3-44/2-5/16-1673/2025 saylı, xx.xx.2025-ci il tarixli rəyində qeyd edilmişdir: 90%-i sudan ibarət olduğu üçün uzun müddət saxlanılması mümkün olmayan tez xarabolan qida məhsulu hesab olunur. Qarpız qida məhsulu olduğu üçün bu cür yükün tranzit daşınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023cü il 7 dekabr tarixli, 442 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydası, hemin məhsul, material və məmulatlar gömrük ərazisinə gətirilməzdən əvvəl göndərilən elektron bildirişin forması və təqdim edilmə müddətləri, qida və yem məhsullarının tranzit daşıması Qaydası" ilə, daşınma zamanı məhsulun salamatlığı (bütövlüyü) üçün xüsusi temperatur və sanitariya-gigiyena rejiminə əməl edilməsini tələb edən tezkorlanan yük olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" tənzimlənir. Qeyd olunan 142 saylı Qaydaya əsasən işin materiallarından aşağıdakı məlumatlar müəyyən edilməmişdir: avtonəqliyyat vasitəsinin tezkorlanan yüklərin daşınması üçün müəyyən edilmiş sanitariya tələblərinə uyğun olması, tezkorlanan yükləri yükləməzdən əvvəl avtonəqliyyat vasitəsinin sanitar vəziyyətini və həmin yüklərin daşınması üçün yararlı olub-olmamasının yoxlanması, yükləmədən əvvəl tezkorlanan yükün faktiki temperaturu və yüklənməyə verilmiş avtonəqliyyat vasitəsinin banındakı temperatur, daşınma zamanı yükün itirilməsi, əskik çıxması, korlanması və ya zədələnməsinin qarşısının alınması üçün tarada daşınmasına ehtiyac olan tezkorlanan yüklərin yükgöndərən tərəfindən zəruri olan qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun saz tarada təqdim nömrəsi əmtəə-nəqliyyat qaiməsində edilməsi (taranın uyğunluq sertifikatının göstərilməlidir), qarpızın təzə dərilmiş, hər partiyada yetişmə dərəcəsinə görə eyni növlü olması və standart taraya qablaşdırılması, məhsulların (qarpızın) faktiki istehsal tarixinin yükü müşayiət edən sənədlərdə (keyfiyyət sertifikatı, əmtəə-nəqliyyat qaiməsi və s) göstərilməməsi, təzə və soyudulmuş qida olan yükün avtonəqliyyat vasitəsinin havanın dövr edə bilməsini nəzərə almaqla (tavanla yükün yuxarı sırası arasında məsafə 30-35 sm-dən az olmamalıdır, bu halda yükün son sırası ilə banın arxa divarı arasında boşluq olmamalıdır) yığılması. Əlavə olaraq bildiririk ki, daşınan qarpızların yüklənməzdən əvvəl çeşidlənməsi (kalibrləmə), keyfiyyət göstəriciləri (əzik, çat, qabığının zədələnməsi və s), avtonəqliyyat vasitəsinə yığılma qaydasına əməl olunmaqla tezkorlanan yükün daşınma zamanı zədə və hərəkətdən qorunmasını gözləməklə yığılması, nisbi rütubətin miqdarı, məhsulda yad qarışıqların (kənar cisimlərin) olması, şirkət tərəfindən avtonəqliyyat vasitesinin soyuducu 168 sistemlərinin mütəmadi və tranzit daşınmadan əvvəl yoxlanılması və ölçmə vasitələrinin kalibrlənməsi ilə bağlı məlumatlar mövcud deyil. İşin materiallarında bəzi məlumatlar əskik və ya tam təqdim olunmadığı üçün qida zənciri boyunca məhsulun izlənilməsi ilə bağlı bəzi məsələləri yəqin etmək mümkün olmamışdır. Belə ki, tezkorlanan yükün faktiki yüklənmə yeri və tarixi, tranzit daşınma zamanı gömrük sərhəd buraxılış məntəqələrində olma tarixləri, yükün hansı tarixlərdə hansı gömrük sərhəd buraxılış mətəqələrində hansı səbəblərdən və nə gedər müddət saxlanılması məlum deyildir. 10-11 mart tarixlərində yüklənib yola düşən məhsula fitosanitar sertifikatın niyə 18 mart tarixində verilməsi, sənədləşmələrdə yaranmış uyğunsuzluqlar (yüklənmə bitdiyi müddətlə sənədlərin rəsmiləşdiyi müddət arasındakı fərqin çox olması) və onların səbəbləri müəyyən deyildir. Əlavə olaraq, işin materiallarında qeyd olunub ki, məhsul gömrük sərhəd buraxılış məntəqəsində (hansı məntəqə olduğu qeyd olunmayıb) saxlanılıb və yük boşaldılıb. Bu zaman yükə yağış yağıb və yük islanıb. Tranzit daşınma zamanı əgər ölkə daxili gömrük sərhəd buraxılış məntəqəsində sözügedən tezkorlanan yükə baxış keçirilib və boşaldılıbsa bu zaman 442 saylı Qaydanın 9-cu bəndinin tələblərinə əsasən (Azərbaycan Respublikası X1 və gömrük orqanının səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilir) həyata keçirilməli idi. Belə bir halın baş verməsi qanunvericiliyin tələblərinin pozulmasıdır. Karton taralara qablaşdırılmış tezkorlanan yükün ölkə daxili və ya xarici hər hansı gömrük sərhəd buraxılış məntəqəsində boşaldılıb, yağış sularının təsirinə məruz qalması bu karton qutuların tamlığının pozulması ilə nəticələnə biləcək və məhsulların xarab olmasına birbaşa təsir edə bilən xoşagəlməz hal kimi qiymətləndirilir. Belə ki, islanmış karton taralar və islanmış məhsulda mikrobioloji çirklənmə (kif və maya göbələklərinin və yaranması) riski artır. Torpaqla təmasda olduğundan qarpızın qabığında çatlar, xırda zədələr, sürtülmələr olarsa, qarpız çox sıx şəkildə yığılarsa, hava dövranı olmazsa, soyuducuda yüksək rütubət olarsa mikroorqanizmlərin inkişafı üçün münbit şerait yaranır. Əgər mövcud vəziyyətdə karton qutularda olan qarpıza yağış suları yağmışdırsa, qarpızın səthində və karton qutularda rütubət artıb, xüsusilə karton qutu kimi nəm çəkən materiallar rütubətin daha uzun müddət qalmasına səbəb olduğu üçün, xüsusilə kif göbələklərinin yaranması ehtimalını artıran hal kimi qiymətləndirilə bilər. Həmçinin, şirkət əməkdaşlarının qarpızın yararsız olması ile bağlı xx.xx.2024-cü il tarixində Bakı şəhərində tərtib etdikləri və imzaları ilə təsdiq etdikləri Akt sual yaradır. Belə ki, tranzit daşınma zamanı İran İslam Respublikasından Rusiya Federasiyasına daşınan yükün plomblarının ölkədaxilində açılaraq yükə baxış keçirilməsi və ya Rusiya Federasiyasından geri qaytarılan yük (əgər qaytarılıbsa) qeyd etdiyimiz kimi 442 saylı Qaydanın tələbləri nəzərə alınmaqla həyata keçirilməli idi. Bu Akta əsasən isə şirkət əməkdaşları yükə baxış keçirərək qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşlar. Əlavə olaraq bildiririk ki, xarab olmasına əsaslı şübhələr olan məhsulun insan istehlakına yararsız olması ilə bağlı yalnız məhsuldan sınaq nümunələrinin götürülüb, akkreditasiya edilmiş sınaq laboratoriyalarında tədqiqi (sınağı) aparıldıqdan sonra verilmiş sınaq protokoluna və/və ya rəyə əsasən məhsulun insan istehlakına yararlı və ya yararsız olması ilə bağlı qərar vermək mümkündür. Belə ki, işin materiallarında yararsızlıqla bağlı qeyd olunan aktın hər hansı hüquqi qüvvəsi yoxdur. Qarpızın xarab olmasına yalnız suallarda göstərilən temperatur rejimi və daşınma müddətinin təsiri deyil, həmçinin digər faktorların da səbəb ola biləcəyi nəzərə alınmalıdır. Eyni zamanda, sualların tam cavablandırılması üçün işin materiallarında məlumatların natamam olması səbəbindən məhsulların yararsız hala düşməsinə gətirib çıxaran hallar daha geniş təfərrüatları ilə diqqətinizə çatdırılmışdır. Yararsız hala düşən məhsullara görə ziyanın məbləği barədə rəy bildirmək Agentliyin səlahiyyətlərinə aid deyildir.

32. Göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixlər ərzində İran İslam Respublikasından Rusiya Federasiyasına daşınan, iddiaçıya məxsus qida məhsullarının (qarpız) yarasız hala düşməsinə məhz soyuducunun “avtomat rejiminə” keçirilməsinin səbəb olmasını müəyyən etmək, eləcə də, sürücünün hər hansı rejimə əməl etməli olmasına dair öhdəlik götürməsini müəyyən etmək (cavabdehin əmək funksiyalarının və vəzifələrinin dairəsində soyuducunun hər hansı rejiminə riayət edilməsi barədə göstərişlər nəzərdə tutulmamışdır) məhkəmə araşdırması zamanı mümkün olmamışdır.

33. Bununla yanaşı, cavabdehə tez xarab olan qida məhsullarının daşınması zamanı hansı texniki tədbirlərin görülməli olması və hansı tələblərə riayət edilməsi barədə ona sürücüyə Təlimatın keçirilməsi, sürücünün daşıyıcını təmsil edib-etməməsi, eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın tələblərinə uyğun olaraq, qida məhsullarının yüklənməsi zamanı avtonəqliyyat vasitəsinin və məhsulların daşınma üçün yararlı vəziyyətdə olması, tezkorlanan məhsulların qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun qablaşdırılması və tezkorlanan yüklərin daşınması üçün müəyyən edilmiş sanitariya tələblərinə uyğun olan avtonəqliyyat vasitəsini təqdim edilməsi barədə sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir.

34. Əlavə olaraq, yükdaşıma zamanı nəqliyyat vasitəsinin gömrük orqanları tərəfindən saxlanması və yükün qismən boşaldılması, bu səbəbdən, yükün normal vəziyyətdən daha gec müddətdə çatdırılması, məhsulların yağışlı havada qalması halları baş vermişdir. Lakin, tranzit daşınma zamanı ölkə daxili gömrük sərhəd buraxılış məntəqəsində sözügedən tezkorlanan yükə baxış keçirilmiş və boşaldılmışdırsa, Nazirlər Kabinetinin 2023-cü il 7 dekabr tarixli 442 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydası, həmin məhsul, material və məmulatlar gömrük ərazisinə gətirilməzdən əvvəl göndərilən elektron bildirişin forması və təqdim edilmə müddətləri, qida və yem məhsullarının tranzit daşıması” Qaydasının 9-cu maddəsinin tələblərinə əsasən, Azərbaycan Respublikası X1 və gömrük orqanının səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilməli idi. Belə olan halda, qarpız məhsulunun yükdaşımadan əvvəl lazımi keyfiyyət olmasına dair sübutların olmamasını, həmin məhsulların xarab olmasına məhz soyuducunun temperatur rejiminin daimi rejimdə saxlanmamasının səbəb olmasını, sürücünün bununla bağlı hansı hüquqi öhdəliklər daşımasını (daşıyıcını təmsil etməsi, istifadə qaydalarına dair təlimatlandırılması və ya əmək funksiyalarının dairəsi) nəticədə, cavabdehin iddiaçıya məxsuss məhsula ziyan vurulmasına gətirən təqsirli, hüquqazidd əməlinin olması məhkəmə araşdırması zamanı sübut edilməmişdir.

35. İddia tələbinin ikinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçıya məxsus **-JF-*** dövlət qeydiyyat nişanlı “DAF 460 XF” markalı yük avtomobilinə zərər vurulması ilə bağlı cavabdehin təqsiri onun özü tərəfindən yazılmış izahatla etiraf edildiyindən, həmin ərizənin etibarlığı cavabdeh tərəfindən mübahisələndirilmədiyindən (əmək haqqından tutulmalar aparılması zamanı cavabdeh artıq məlumatlı olmuşdur) məhkəmə cavabdeh tərəfindən iddiaçının əmlakına zərərin vurulma faktını sübut edilmiş hesab etmiş və zərərin məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin etmişdir.

36. "xxxx" MMC tərəfindən tərtib olunmuş, xx.xx.2025-ci il tarixli UNİ/İ 07- 337/2025 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, “DAF 460 XF” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə köhnəlmə faizi nəzərə alınmaqla Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın məbləği 1540 manatdır. Məhkəmə həmin rəyi işdə olan digər sübutlarla birgə qiymətləndirib mötəbər sübut olaraq qəbul edir.

37. Qeyd edilən zərərlə bağlı iddiaçı tərəfindən cavabdehin əmək haqqından hansı məbləğdə tutulmaların aparılması barədə sübut təqdim edilməmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli ərizədə vurulmuş maddi zərərin 2850 manat, qalıq borcun 1275,82 manat olduğu göstərilmişdir. Belə olan halda, hətta iddiaçının göstərdiyi məbləğ əsas götürüldükdə, cavabdehin əmək haqqından (2850- 1275.82=1574,18) 1574,18 manat ödəniş edildiyi müəyyən edilir.

38. Belə olan halda cavabdehin vurulmuş zərər məbləğindən (1540 manat) artıq ödədiyi (1574,18 manat) aşkar edilir.

39. Odur ki, məhkəmə bu qərara gəlir ki, iddia tələbi **-JF-*** dövlət qeydiyyat nişanlı “DAF 460 XF” markalı yük avtomobilinə vurulmuş zərərə görə 670,32 manat pulun (iddia tələbinin son dəqiqləşməsinə əsasən) tutulması hissəsində də təmin edilməməlidir.

Nəticə

40. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

41. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ: İddiaçı MMC-in Cavabdeh qarşı Cavabdeh İddiaçı MMC-ə vurduğu zərərin əvəzi olaraq 10.200 manat məbləğində pulun və avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq qalıq 670.32 manat məbləğində pulun, ümumilikdə 10,870.32 manat məbləğində vəsaitin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125.22 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-ə ödənilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının ümumi dəyəri olan 300 manat məbləğində işə baxılması ilə əlaqədar məsrəf İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-in hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AHB400600C**********4218, Bank: "xxxx" ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialının kodu: 201296; SWİFT kod: AHBAZ2XXXX) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar