Məhkəmə qərarları › İş №e-2(002)-3124/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3124/2024

05.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3124/2024 05.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-ə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs) "əmək müqaviləsinin etibarsız hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin məkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun həvalə edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2019-ci il tarixli, 2AKBC0B000200 nömrəli əmək müqaviləsinin bildirişindən görünür ki, İddiaçı (işçi) xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-də (işəgötürən) Direktor işləyir və 180 manat əmək haqqı alır. İddia tələbi

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti və Cavabdeh MMC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ”ST Sfera” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsinə işə götürülməyi barədə cavabdehlə onun aralarında bağlanıldığı iddia edilən əmək müqaviləsinin və bununla bağlı mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş bildirişin etibarsız hesab edilməsi, onunla ”ST Sfera” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanıldığı iddia edilən əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o bir müddət əvvəl rəsmi qaydada işə düzəlmək istəyərkən ona bildirilmişdir ki, o mərkəzləşdirilmiş elektron informasiya sistemində artıq işçi kimi qeydiyyatdan keçmişəmdir. Belə ki, həmin mərkəzləşdirilmiş informasiya sistemində aparılmış qeydiyyata əsasən adını belə əvvəllər bilmədiyi ”ST Sfera” Məhdud Məsuliyyətli Cəmiyyətində 02 iyul 2020-ci il tarixdən direktor vəzifəsində işlədiyi kimi göstərilmiş və bu barədə müvafiq bildiriş elektron informasiya sisteminə daxil edilmişdir. Halbuki, o ”ST Sfera” Məhdud Məsuliyyətli Cəmiyyətinə nə işə qəbul edilməklə bağlı müraciət etmiş, nə hər hansı əmək müqaviləsinə imza atmışdır, nə də bu təşkilatdan bu günədək hər hansı əmək haqqı alımışdır. O elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsini həmin hüquqi şəxslə bağlamamış və belə bir iş yerini heç tanımır. O cavabdehin vergi orqanının portalında göstərilmiş hüquqi ünvanında olsa da, nə ”ST Sfera” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələrini tapa bilmiş, nə də belə bir hüquqi şəxsi tanıyan olmamışdır. Müxtəlif dövlət qurumlarına müraciətlər etsə də, o bu hüquqi şəxsin harada yerləşməsini müəyyən edə bilməmişdir. Nəticədə, cavabdeh tərəfindən saxta sənədlər əsasında mərkəzləşdirilmiş elektron informasiya sisteminə onu yardımçı fəhlə olaraq daxil edilmiş əmək müqaviləsi bildirişi səbəbindən o başqa işə götürənlə əmək müqaviləsi bağlamaqla işə girib əmək fəaliyyəti ilə məşğul ola bilmir. Bununla bağlı o Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə şifahi qaydada müraciət edərək onun barəsində elektron informasiya sisteminə əsassız olaraq daxil edilmiş bildirişin ləğv edilməsini xahiş etmişdi. Lakin adı çəkilən qurum tərəfindən ona sözügedən məsələnin həlli üçün məhkəməyə müraciət etmək hüququmun olduğu bilirilmişdir. Eyni zamanda həmin orqanda olanda ona əmək müqaviləsi bildirişin ləğv edilməsi üçün işəgötürənə müraciət edilməli olduğu, işəğötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada aidiyyəti üzrə məhkəməyə müraciət edilməli, məsələnin başqa yolla həlli yolunun olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının çıxarılmalı olduğu bildirilmişdir. Göründüyü kimi, cavabdehin rəsmi şəxsləri tərəfindən özbaşınalığa və saxtakarlığa yol verilməklə vəzifə səlahiyyətlərini aşaraq onun əmək hüquqlarını pozmaqla aşkar qanunsuzluğa yol verilmişdir. Bu səbəbdən məhkəməyə müvafiq iddia ərizəsi ilə müraciət edərək pozulmuş hüququmun müdafiə olunmasını xahiş etməyi zəruri sayır.

4. İddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

5. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək öz izahatında adına saxta firma açıldığını, şirkət direktoru kimi qeyd edildiyini və işə düzəlməsinə problem yarandığını, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

6. Cavabdehə və üçüncü şəxsə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə məluma verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ-İV hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

8. 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir;

9. 3.5-1-ci maddəsinə görə, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı ve dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada teqdim olunan məlumatlar əsasında qeydiyyata alınır;

10. 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir;

11. 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz;

12. 49.1-ci maddəsinə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin hamin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

13. 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

14. 154-cü maddəsinə görə, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

15. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

16. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

17. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

18. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

19. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

20. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

21. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

22. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti haqqında” Əsasnamənin:

24. 3.1.1-ci bəndinə əsasən, öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək Xidmətin vəzifələrindəndir.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "M.Məmmədovanın şikayəti üzrə məhkəkə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 yanvar 2006-cı il tarixli qərarı:

25. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Əsaslandırma

26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmışdır. Cavabdehin sahibkarlıq və digər vergi tutulan əməliyyatları hazırda aktiv vəziyyətində olmasına baxmayaraq, uçot-baza məlumatlarına əsasən Cavabdeh tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən vergi, məcburi dövlət sosial sığorta, işsizlik sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə məlumat aşkar edilməmişdir. İddiaçı ümumiyyətlə cavabdeh şirkəti tanımadığını və əmək müqaviləsi bağlanması barədə razılığının olmadığını, orada işləmədiyini və əmək haqqı almadığını bildirmiş, cavabdeh tərəfindən göstərilənlərə qarşı etiraz və etirazın əsaslarına dair sübutlar təqdim edilməmişdir.

27. Göründüyü kimi, iddiaçının qeyd edilən əmək müqaviləsinin bağlanmasında iştirakının, həmin müqavilənin bağlanmasına razılığında əksini tapan iradə ifadəsinin mövcud olmaması, əmək müqavilə bildirişinin elektron sistemə cavabdeh tərəfindən birtərəfli qaydada yerləşdirilməsi müəyyən edilmiş, iddiaçı bu barədə iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır.

28. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmiş, eyni zamanda təyin edilmiş məhkəmə iclaslarının heç birində nümayəndəsinin iştirakını təmin etməmişdir.

29. Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Göründüyü kimi hər hansı əqdin, o cümlədən əmək müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.

30. Belə ki, MM-in 337.1, 337.3 və 337.4-cü maddələrinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunverici, etibarsız əqdləri subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif etməklə müvafiq maddələrdə qruplaşdırmışdır. Əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu, bu iradənin lazımi formada və doğru ifadə edilməsi zəruridir. Məhz bu qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir.

31. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

32. Mülki Məcəllənin qeyd edilən normasından göründüyü kimi, əmək müqaviləsi tərəfin iradəsi zədələnməklə bağlandıqda etibarlı sayıla bilməz. Belə ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Aldatma halında isə mülki hüquq subyektinin iradə sərbəstliyi pozularaq iradə ifadə edilmiş olur. Bu səbəbdən Mülki Məcəllənin 339.3-cü maddəsi iradə ifadəsi zədələnmiş tərəfə həmin əqdi mübahisələndirərək etibarsız hala gətirmək imkanını verir.

33. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə iddiaçının hüqunu müdafiə etmək məqsədi ilə iddia təmin edilməli, iddiaçının pozulmuş əmək hüquqları bərpa edilməli, İddiaçı ilə cavabdeh "ST Sfera” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi etibarsız hesab edilməli və əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron sistemində daxil edilməsi X1 Xidmətinə həvalə edilməlidir.

34. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı ilə "ST Sfera” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi və həmin əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar