Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3219/2022 07.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «torpaq sahəsi üzərində inşa edilmiş tikililərin sökülməsi ilə torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «torpaq sahəsi üzərində inşa edilmiş tikililərin sökülməsi ilə torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv 7k saylı sahədə yerləşən ümumi sahəsi 0,0218 ha olan torpaq sahəsinin zəbt edilməklə üzərində inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülərək (həmin sahə boşaldılaraq) qeyd edilən torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv 7k saylı sahədə yerləşən ümumi sahəsi 0,0218 ha olan torpaq sahəsinin əvvəlki mülkiyyətçisi ilə aralarında «Torpaq sahəsinin alğı-satqısına dair müqavilə» bağlanmış və qeyd edilən torpaq sahəsi üzərində onun hüquqları qeydiyyata alınmışdır. Belə ki, ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə həmin torpaq sahəsi üzərində hüquqları qeydiyyata alınmış və bununla bağlı olaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən çıxarış verilmişdir. Aralarında torpaq sahəsinin alğı-satqısına dair müqavilə bağlanmamışdan öncə qeyd edilən torpaq sahəsi üzərində yarımtikililər mövcud olmuşdur. Torpaq sahəsini aldıqdan sonra cavabdehlər onun razılığı olmadan yarım-tikililərin tikintisini başa çatdırmışlar. Qeyd edilən bu hallar ona məlum olduqdan sonra torpaq sahəsinə gedərək qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi ilə bağlı cavabdehlərə dəfələrlə xəbərdarlıq etmişdir. Cavabdehlər tərəfindən hər dəfə müxtəlif təkliflər, o cümlədən torpaq sahəsinin haqqının ona ödənilməsi ilə bağlı yalan vədlər verilmişdir. Lakin bu günədək cavabdehlər tərəfindən torpaq sahəsinin haqqı ona ödənilməmiş, həmçinin qanunsuz və əsassız olaraq zəbt edilərək üzərində tikililər inşa edilmiş, mülkiyyət hüququ tam olaraq ona məxsus olan torpaq sahəsi boşaldılaraq təhvil verilməmişdir. Bununla da, onun Konstitusiyada, Mülki Məcəllədə və «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuşdur. Göründüyü kimi, cavabdehlər tərəfindən heç bir qanuni əsas olmadan qanunsuz olaraq ona məxsus torpaq sahəsi üzərində tikililər inşa edilmiş, o cümlədən, onun iradəsinə zidd olaraq mübahisəli əmlakdan istifadə və ona sahiblik etmələri, onun öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə münasibətdə konstitusion hüquqlarını kobud şəkildə pozur, bu səbəbdən də, cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı, torpaq sahəsi boşaldılaraq ona təhvil verilməlidir. Hesab edir ki, zəbt edilmiş torpaq sahəsindən qanunsuz istifadə zamanı cavabdehlər tərəfindən çəkilmiş olan xərclərin əvəzi ödənilmədən, həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililər cavabdehlərin özləri tərəfindən sökülməli və torpaq sahəsi ona qaytarılmalıdır. Qeyd edir ki, cavabdehlər tərəfindən istifadə edilən və onun mülkiyyətinə verilmiş Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv 7k saylı sahədə yerləşən ümumi sahəsi 0,0218 ha olan torpaq sahəsinin üzərində inşa olunan tikililər sökülməklə torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilə bilər. Ona görə də, cavabdehlər tərəfindən inşa edilmiş tikililər onların hesabına sökülməli və torpaq sahəsi ona təhvil verilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, mübahisəli torpaq sahəsini o, 2 il bundan öncə Ülvi adlı maklerdən almış və həmin torpaq sahəsinə görə qabaqcadan razılaşdırılmış 37.200 manat pulu göstərilən şəxsə ödəmişdir. Qonşuluqda yaşayan Bənövşə adlı qadını isə həmin torpaq sahəsinin sahibi kimi tanımışdır. Lakin 3-4 ay bundan öncə iddiaçı həmin əraziyə gəlib istifadəsində olan torpaq sahəsinin ona məxsus olmasını və həmin torpaq sahəsini tərk etməsini bildirmişdir. O Ülvi adlı makler tərəfindən aldanıldığını başa düşərək bununla bağlı 10-cu PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, mübahisəli torpaq sahəsini həmin torpaq sahəsinin üzərində tikilmiş 1 mərtəbəli yarımtikiliyə görə 35.000 manat pulu Ülviyə ödəmişdir. Evin digər mərtəbələrini isə öz vəsaiti hesabına tikmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 öncəki məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, mübahisəli torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 1 mərtəbəli yarımtikiliyə görə 27.000 manat pulu Ülviyə vermişdir. Evin digər mərtəbələrini isə öz vəsaiti hesabına tikmişdir. O Ülvidən evin çıxarışının ona nə vaxt veriləcəyini soruşduqda Ülvi ona “evin üstü” bağlandıqdan sonra çıxarışın hazır olaraq ona veriləcəyini bildirmişdir. Qonşuluqda yaşayan Bənövşə adlı qadını isə həmin torpaq sahəsinin sahibi kimi tanımışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 izahatlarını dinləyib, Cavabdeh2 öncəki məhkəmə iclasında verdiyi izahatını nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv 7k saylı sahədə yerləşən ümumi sahəsi 0,0218 ha olan torpaq sahəsi xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, mübahisə edilən torpaq sahəsi iddiaçı tərəfindən öncəki mülkiyyətçiyə dəyəri ödənilməklə notarial qaydada bağlanmış alğı-satqısına əsasən əldə olunmuşdur, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və iddiaçının Dövlət tərəfindən qorunan mülkiyyət hüququnun pozulması, buna yönələn hərəkət və ya hərəkətsizlik yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 158.1-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Göründüyü kimi, iddia əsaslıdır və təmin edilməlidir. İddiaçı mübahisə predmeti olan torpaq sahəsinin boşaldılmasını cavabdehlərdən tələb etsə də, cavabdehlər torpaq sahəsi üzərində heç bir hüquqları olmadığı halda torpaq sahəsindən çıxmırlar və iddiaçının Konstitusiyada təsbit edilmiş mülkiyyət hüququnu davamlı şəkildə pozurlar. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv 7k saylı sahədə yerləşən ümumi sahəsi 0,0218 ha olan torpaq sahəsinin üzərində inşa edilmiş tikililər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəsaiti hesabına sökülərək həmin sahə boşaldılmalı və torpaq sahəsi İddiaçı təhvil verilməlidir. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv 7k saylı sahədə yerləşən ümumi sahəsi 0,0218 ha olan torpaq sahəsinin üzərində inşa edilmiş tikililər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəsaiti hesabına sökülərək həmin sahə boşaldılsın və torpaq sahəsi İddiaçı təhvil verilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-3219/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3219/2022
07.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver