Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3241/2025 17.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı MMC Cavabdeh qarşı “göstərilmiş tibbi xidmətlərinin dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC üçüncü şəxs qismində X2 qeyd etməklə Cavabdeh qarşı “göstərilmiş tibbi xidmətlərinin dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona göstərilmiş tibbi xidmətlərin əvəzi olaraq 3984,73 manat məbləğində və ödənilmiş dövlət rüsumu 60 manat məbləğində, ümumiliklə 4044,73 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-yə daxil olmuş və müvafiq müayinələrdən sonra ixtisaslı həkim tərəfindən ona XBT10 kodu üzrə E10 “İnsulindən asılı şəkərli diabet”, İ61.6 “Beyindaxili çox lokalizasiyalı qansızma” və J15.9 “Baş beynin silkələnməsi” diaqnozları qoyulmuşdur. Xəstə yaxınlarının bildirdiyinə görə Cavabdeh şəkərli diabet xəstəsidir. Xəstə Hospitala daxil olarkən ümumi vəziyyəti ağır olaraq qiymətləndirilmişdir. Hospitalda yatış müddətində xəstəyə müvafiq ixtisaslı həkimin təyinatına uyğun müalicə və dimanik nəzarət edilmişdir. Aparılmış müalicə nəticəsində xəstənin ümumi vəziyyəti stabil olmuşdur. Xəstə yaxınlarının istəyi ilə müalicədən imtina edilmiş və Cavabdeh xx.xx.2024-cü il tarixində Təcili tibbi Yardım avtomobili vasitəsilə evə aparılmışdır. Qeyd edirik ki, Cavabdeh həyat yoldaşı X3 ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixli Tibbi xidmətlərin göstərilməsi barədə müqavilə imzalanmışdır. Cavabdeh Hospitalda müalicədə olunduğu dövrdə, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ona Hospitalda göstərilən tibbi xidmətlərin, sərf olunmuş dərman vasitələrinin və sairənin dəyəri 32.484,73 (otuz iki min dörd yüz səksən dörd manat 73 qəpik) manat təşkil etmişdir. Qeyd edirik ki, xəstə tərəfindən Hospitala 28.500 (iyirmi səkkiz min beş yüz) manat ödənilmişdir. Cavabdeh hazırda İddiaçı MMC-yə ona göstərilən tibbi xidmətlərə, sərf olunmuş dərman vasitələrinə və s. görə 3984,73 manat məbləğdə borcu qalmışdır. Bu borc hazırkı vaxtadək Hospitala ödənilməmişdir. Nəzərə çatdırmağı zəruri hesab edilir ki, xəstə evə aparılarkən xəstənin həyat yoldaşı X3 xx.xx.2024-cü il tarixli faktura bildirişində yaranmış borc məbləği ilə məlumatlı olduğunu imzasıyla təsdiq etmişdir. (Faktura bildirişin surəti əlavə edilir) Yuxarıda göstərilənlərlə yanaşı qeyd edilir ki, İddiaçı MMC müvafiq lisenziya əsasında, ödənişli əsaslarla əhaliyə yüksək keyfiyyətli tibbi yardım xidmətini göstərən özəl tibb müəssisəsidir. Cavabdeh yaxınlarının istəyinə uyğun olaraq xəstə evə aparılan anadək onun İddiaçı MMC-yə göstərilmiş tibbi xidmətlərə görə 3984,73 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Yuxarıda göstərilən xüsusatlarla yanaşı qeyd etməyi zəruri hesab edirlər ki, Cavabdeh həyat yoldaşı X3 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli “tibbi xidmətlərin göstərilməsi barədə müqavilə”yə əsasən o, tibbi xidmətlərin dəyərini ödəmək öhdəliyini götürmüşdür. Lakin Cavabdeh sözügedən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini vaxtında və layiqincə icra etməmişdir ki, nəticədə də onun İddiaçı MMC-yə yuxarıda göstərilən məbləğdə olan borcu yaranmışdır. Qeyd olunan borc hazırkı vaxtadək ödənilmədiyindən hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında iddia tələbini qəbul etdiyini bildirərək iddia tələbinin təmin edilməsinə etiraz etmədi. O bildirdi ki, hazırda maddi vəziyyəti zəifdir, imkanı olanda pulu ödəyəcəkdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasında izahatında iddia tələbini qəbul etdiyini bildirərək iddia tələbinin təmin edilməsinə etiraz etmədi. Əlavə olaraq qeyd etdi ki, əri Cavabdeh xəstəxanaya daxil olanda vəziyyəti pis olduğundan və huşu yerində olmadığından xəstəxana ilə müqaviləni və digər lazimi sənədlərin imzalanmasında o iştirak etmişdir. Hazırda onlar arasında sənədlərin imzalanmasına dair mübahisə yoxdur. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Tibbi xidmətlərin göstərilməsi üçün müqavilədən görünür ki, İddiaçı MMC ilə X4(pasiyent Cavabdeh həyat yoldaşı) arasında tibbi xidmətlərin göstərilməsi və şərtləri barədə müqavilə imzalanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli faktura bildirişindən görünür ki, X4(pasiyent Cavabdeh həyat yoldaşı) onların xəstəxanaya faktiki faktura borc məbləğinin 3985 manat olmasına dair bildirişi şəxsən imzalamaqla əldə etmişdir. İş materiallarına əlavə olunmuş Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixdə daxil olmaqla , xx.xx.2024-cü il tarixdə çıxmışdır. İş materiallarına əlavə olunmuş faktura cədvəlindən görünür ki, Cavabdeh xəsətana tərəfindən dərman vasitələrinə görə 17.647,68 manat, göstərilən Xidmətlərə görə isə 14.837,05 manat olmaqla, cəmi 32.484,73 manat hesablanmış və onun 28.500 manat məbləği pasiyent tərəfindən ödənilmiş və hazırda 3.984,73 manat qalıq qaldığı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, İddiaçı MMC-tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə faktiki halları araşdıraraq müəyyən edir ki, iddiaçı ilə cavab(nümayəndəsi) arasında tibbi xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmış, iddiaçı tərəfindən müqavilə üzrə qeyd olunan xidmətlər göstərilə də, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş vəzifəsini lazımınca yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır. Bu səbəbdən hazırda iddiaçı cavabdehdən müqavilə üzrə qalıq borcunu tələb edir. Cavabdehlər isə məhkəmə iclasında iddia tələbinə etiraz etməyərək, borclarını etiraf etmiş və iddia tələbinin təmin edilməsinə etiraz etməmişdir. Həmçinin məhkəmə əlavə edir ki, iş materiallarında olan iddiaçı ilə bağlanmış sənədləri(müqavilə, faktura bildirşi və s) cavabdehin arvadı-hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs - X4 ilə imzalansa da, hazırda X4 həmin imzaların ona aid olmasını, eyni zamanda pasiyent olan Cavabdeh isə müqavilə üzrə borcun ondan tutulmasını mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığı və yaxud cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi tərəflər arasında mübahisə predmeti olmadığından həmin hallar işin mübahisəsiz halları hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yarandığından iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddia tələbinə etiraz etməmişdir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, hazırda iddiaçının tələbi qanuni və əsaslıdır, bu səbəbdən iddia tələbi təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı MMC -nin xeyrinə 3984,73 manat xidmət haqqı və 60 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 3984,73(üç min doqquz yüz səksən dörd manat yetmiş üç qəpik) manat xidmət haqqı və 60(altmış) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə elektron kabinet vasitəsilə apelyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-3241/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3241/2025
17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver