Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3316/2023 14.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Zahid Qasımov prospektində yerləşən 6 saylı evin 3 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahlarından doğulmuş Nihad və Fidan adlı iki övladları var. Münasibətləri normal olsa da, sonradan pisləşmiş və aralarında olan nikah Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə nikahları pozulmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Zahid Qasımov prospekti ünvanda yerləşən 6 saylı evin 3 saylı mənzili onun mülkiyyətindədir. Həmçinin həmin mənzildə qeydiyyatdadır. Lakin cavabdeh tərəfindən evdən qovulmuş, mülkiyyət hüquqları məhdudlaşdırılmışdır. Uzun müddətdir ki, o, mülkiyyətində olan mənzilə daxil ola bilmir. Kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Bu səbəbdən, məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədi və izahatında bildirdi ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Zahid Qasımov prospektində yerləşən 6 saylı evin 3 saylı mənzilini xx.xx.2020-ci il tarixdə birgə nikah dövründə əldə etmişlər. Nikahları 2023-cü ildə pozulmuşdur. İddiaçının evə buraxılmaması, kirayədə qalması barədə yazdıqları yalandır. İddiaçı hazırda anasıgildə qalır, iddiaçının qaldığı həmin ev 7 otaqlıdır. Mənzildə olmamalarından istifadə edib mənzildən oğurluq etdiyi üçün iddiaçını mənzildən qovmuşdur. İddiaçı uşaqlarına baxmır, aliment ödəmir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəməyə teleqram vuraraq, üzürlü səbəbdən məhkəmə iclasına gələ bilmədiyini qeyd etmiş və məhkəmədən mülki işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəməyə gələ bilməməsinin üzürlü səbəblərlə əlaqəli olmasına dair sübut təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2(002)-2153/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında xx.xx.2013-cü irl tarixdə Qaradağ rayon qeydiyyat şöbəsində 823 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, uşaqların analarının himayəsində saxlanması və sonuncuların yetkinlik yaşına çatanadək saxlanılması üçün uşaqların atalarından analarının xeyrinə aliment tutulması qət edilmişdir. Məhkəmə vurğulayır ki, hazırki iddia tələbinin predmeti mənzilin birgə nikah dövründə əldə olunub-olunmaması, əldə olunmuşdursa tərəflərin birgə vəsaitləri hesabına alınıb-alınmaması, əvəzsiz şəkildə əldə olunması deyil, mənzilə köçürülmə tələbi ilə bağlı mübahisədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 15 oktyabr 2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Zahid Qasımov prospekti 6 saylı evin 1 saylı mənzili tam pay üzrə İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh iddiaçını mənzilə buraxmır. İddiaçı mülkiyyətçi kimi hüquqları pozulduğundan məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddənin mənasına görə, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Bir qayda olaraq evə və digər bu kimi yerlərə köçürülmə barədə iddialara baxılarkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: birincisi, şəxs köçmək istədiyi yerdə yaşayıbmı; ikincisi, şəxs yaşadığı yerdən məhrum edilibmi; üçüncüsü, məhrum edilmə qanunidirmi. Hazırki işdə, birinci və ikinci hallar mövcuddur, yəni iddaçı köçmək istədiyi mənzildə yaşayıb və yaşadığı mənzildən cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum edilib. İşin faktiki hallarından görünür ki, iddiaçı mülkiyyətində olan mənzildən iradəsinə zidd olaraq çıxarılmış, mülkiyyətçi kimi mənzildən istifadə hüququ cavabdeh tərəfindən pozulmuşdur. Bu səbəbdən, iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Zahid Qasımov prospektində yerləşən 6 saylı evin 3 saylı mənzilinə köçürülməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Zahid Qasımov prospektində yerləşən 6 saylı evin 3 saylı mənzilinə köçürülsün. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-3316/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3316/2023
14.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver