Məhkəmə qərarları › İş №e-2(002)-370/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-370/2024

27.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-370/2024 27.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanda yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun həyat yoldaşıdır və sonuncu hazırda ona qarşı nikahın ləğvi tələbinə dair iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət etmişdir. Birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X9 adlı üç uşaqları var. Daimi pasport qeydiyyatları Lerik rayonunun Xanagah kəndinə olsa da, hamısı uzun illərdir ki, ünvan 2 ünvanda yaşayırlar. Cavabdeh məhkəmədə nikahın ləğvi barədə iddia qaldırdıqdan sonra onu və üç uşağını evdən qovaraq onları evlərinə buraxmır. Baxmayaraq ki, həmin evdə uzun illər o, uşaqları ilə birlikdə yaşamışdır, evi tikib təmir etmişlər, birgə təsərrüfatı idarə edərək evin dağılmasının qarşısını almışlar. İstər onun, istərsə də uşaqlarının geyim paltarları, məişət əşyaları oradadır. Hazırda havalar soyuyub, lakin cavabdeh onları yaşadıqları evə buraxmır, evə köçmələrinə süni şəkildə maneçilik törədir. Hazırda digər bir yaşayış yerləri olmadığından müvəqqəti olaraq üç uşağı ilə qardaşının evində qalmağa məcburdur. Lakin onların da evlərində yaşamaq özünə və üç uşağına çox çətindir, valideynləri və qardaşı ailəsi ilə birlikdə yaşadıqlarından şərait acınacaqlıdır, nə evi almağa, nə də kirayə qalmağa maddi imkanı yoxdur. Cavabdeh isə son 4 ay ərzində aliment ödəməmişdir, son günlər poçt vasitəsi ilə cəmi 9 manat aliment ödəmişdir. Uşaqların kitab-dəftərləri də mübahisəli evdədir. Yaşadıqları ev özbaşına tikilidir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və hazırda cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdən qovularkən cehiz və məişət əmlakları, uşaqlarının geyim və şəxsi istifadə əşyaları həmin evdə saxladığından həmin evdə uşaqları ilə birlikdə digər şəxslərlə bərabər şərtlər daxilində yaşamaq niyyətinin olmasını bir daha göstərir. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşadıqlarından onların da həmin şərtlər daxilində bu evdə yaşamaq imkanı müəyyən edilməlidir. Bunun əksi olan yanaşma, yəni iddiaçının evdə yaşaması evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, ona və uşaqlarına münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Lakin mübahisəli ev mülkiyyət hüququ ilə heç kəsə məxsus olmadığından, uzun illər həmin evdə yaşadığından iddia tələbi əsaslı olmaqla yanaşı həm də ədalətli və qanunidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, torpaq sahəsini Daməddən alıb, ev tikib. Evin tikintisinə atası xərc çəkmişdir. Uşağının əməliyyatına görə torpağı atasına satmışdır, atası da ev tikib, alğı-satqı olmadan. Əvvəllər işıq, su, qaz sayğacı onun adına idi, sonradan atasına satdığından öz adına keçirmişdir. Torpağı təxminən 1.000 manata satmışdır. Atası rayonda da olur, buradakı evdə də. Uşaqların gəlib qalmasına razıdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, şahid X2 ifadəsində bildirdi ki, Səidə onun bacısıdır. 2011-ci ilin fevral ayında X5 torpaq almışdır. 2012-ci ilin oktyabr ayının 3-də 1,5 sot torpaq sahəsini Varisə satmışdır. Bacısı torpaq satılanda ailəli idi. Evi Varis inşa etmişdir. Evin tikilməsinə maddi cəhətdən köməklik etmişdir. Uşaqlar həmin evdə yaşamışlar. Dəfələrlə bacısıgili qonaq etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, onların bu nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X9 adlı üç uşaqları var. xx.xx.2011-ci il tarixdə X10 Bakı şəhəri Qaradağ rayon İHB-nin xx.xx.2000-ci il tarixli 249 saylı sərəncamı ilə fərdi ev tikintisi üçün ayrılmış Bakı şəhəri Lökbatan qəsəbəsində yerləşən 600 m2 torpaq sahəsinə dair sadalanan səlahiyyətləri iddiaçının qardaşı X1 etibar etmişdir. X2 öz növbəsində xx.xx.2012-ci il tarixdə həmin torpaq sahəsinə dair səlahiyyətlərin icra edilməsini Cavabdeh etibar etmişdir. Qeyd olunan torpaq sahəsi üzərində tərəflərin birgə nikahları dövründə ev inşa edilmişdir. Tərəflər həmin evdə yaşamaqla, birgə təsərrüfat aparmışlar. Evdəki əşyalar, eləcə də, övladları və özlərinə məxsus şəxsi əşyaları, paltarları və s. həmin evdə yerləşir. Uşaqlar həmin evdən təhsil aldıqları məktəbə getmişlər. Sonradan tərəflər arasında münasibətlər məhkəməyə məlum olmayan səbəbdən kəskinləşmiş, bundan sonra cavabdeh iddiaçını yaşadığı evdən istifadə etməyə icazə verməmişdir. Halbuki, həmin ev tərəflərin birgə nikahda olduqları dövrdə inşa edilmiş və iddiaçı da, övladları ilə birlikdə həmin evdə yaşamışlar. İşin faktiki hallarından göründüyü kimi, mübahisə edilən tikili hazırda özbaşına tikilidir. Lakin təqdim olunmuş etibarnamə üzrə səlahiyyətlər həmin tikilinin gələcəkdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınacağını ehtimal etməyə kifayət qədər əsaslar verir. Bu baş verməyəcəyi təqdirdə belə, tikilidə faktiki yaşayış mövcuddur və hazırda cavabdeh həmin tikilidən təyinatı üzrə istifadə edir. Əvvəllər uzun müddət ərzində tikilidən təyinatı üzrə iddiaçı və övladları da istifadə etmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(002)-2402/2023 saylı qərarının məzmunundan da göründüyü kimi, iddiaçı və övladları cavabdeh tərəfindən evdən məcburi şəkildə çıxarılmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Sadalanan maddələrin mənasına görə, özbaşına tikinti aparmış şəxs həmin tikili üzərində mülkiyyət hüququ əldə etməsə də, yəni onun tikinti üzərində sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək və digər əqdlər bağlamaq ixtiyarları olmasa da, onun həmin tikilinin faydalı xüsusiyyətlərindən bəhərlənmək, orada yaşamaq kimi və sair qanunla qadağan olunmayan hüquqları vardır. Məhkəmə hesab edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması iddiaçının 3 övladı ilə ilə birlikdə həmin evə köçürülməməsi üçün əsas sayıla bilməz. Çünki, həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, evin faktiki mövcud olmaması, eləcə də evin sahibinin onun üzərində qanunla qadağan edilməyən hüquqlarını həyata keçirməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli ev barəsində «gözlənti» hüququna malik olması halında belə bu, iddiaçının Mənzil Məcəlləsinin 68-ci maddəsi ilə təminat verilən hüquqlardan məhrum edilməsi üçün əsas olmamalıdır. Belə ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması ilə əlaqədar olaraq mübahisəli hüquq münasibətini tənzimləyən normaların olmaması həmin münasibətlərə oxşar münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiqini, yəni qanunun analogiyasını istisna etmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddənin mənasına görə, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Bir qayda olaraq evə və digər bu kimi yerlərə köçürülmə barədə iddialara baxılarkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: birincisi, şəxs köçmək istədiyi yerdə yaşayıbmı; ikincisi, şəxs yaşadığı yerdən məhrum edilibmi; üçüncüsü, məhrum edilmə qanunidirmi. Hazırki işdə, birinci və ikinci hallar mövcuddur, yəni iddaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum edilib. İşin faktiki hallarından görünür ki, iddiaçı və övladları mübahisəli yaşayış sahəsindən iradəsinə zidd olaraq çıxarılmışdır. O, övladları ilə birlikdə əvvəllər yaşadığı və əşyalarının olduğu tikiliyə köçmək, övladları ilə orada yaşamaq istəyir. Onun yaşadığı tikilidən məhrum edilməsi halının aradan qaldırılması, hüquqlarının müdafiə olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə olunmuş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, mübahisəli tikilidə istifadə olunan təbii qazın həcmini ölçmək üçün quraşdırılan sayğac Cavabdeh adına quraşdırılmışdır. Sonradan iddiaçı müraciət edərək, sayğacı atası X4 adına keçirmişdir. Cavabdeh mübahisə olunan tikilini atasının vəsaiti hesabına inşa etdiyini, daha sonra tikilinin yerləşdiyi torpaq sahəsini atasına satdığını bildirsə də, bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin qeyd etdikləri subyektiv mülahizələr olmaqla, işin həqiqi halları ilə (iddiaçının nümayəndəsinin izahatı, məhkəməyə təqdim edilmiş sənədlər, şahid ifadəsi, qonşuların tərtib etdikləri aktlar (iddiaçının həmin evdə yaşaması, iddiaçının qayınatası və qayınanasının həmin ünvanda yaşamadığı, sonuncuları tanımadıqları barədə), yaşayış yerindən və məktəbdən verilmiş arayışlar) təkzib edilir, iddia tələbinə qarşı müdafiə olunmaq niyyəti ilə bildirilən əsassız mülahizələrdir. Yuxarıda qeyd edilən qaz sayğacını abonent kimi atasının adına keçirməsi də, evi atasına satması görüntüsü yaratmaq üçün atılmış addımdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı övladları xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X9 ilə birlikdə Cavabdeh istifadəsində olan ünvan 3 ünvanda yerləşən tikiliyə köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu tələb edilmədiyindən, iddiaçının iddia qaldırılması ilə bağlı ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı övladları xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2018ci il təvəllüdlü X9 ilə birlikdə Cavabdeh istifadəsində olan ünvan 3 ünvanda yerləşən tikiliyə köçürülsünlər. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar