Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-452/2023 01.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4.700 manat pul vəsaiti və ödənilmiş 67 manat dövlət rüsumunun Cavabdeh oğlundan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onunla özünü mebel ustası və dizayneri kimi təqdim edən Cavabdeh oğlu (podratçı) arasında xx.xx.2022-ci il tarixdə şifahi şəkildə bağlanmış podrat müqaviləsinə əsasən, podratçı 14 gün müddətində X2 evi üçün mebel hazırlamağı və quraşdırılmasını öz öhdəsinə götürmüş, gördüyü işin müqabilində ona 4.700 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə tərəfindən qeyd edilən öhdəliyin icra edilməsinə, yəni göstərilən muzdun cavabdehə ödənilməsinə baxmayaraq, cavabdeh sifarişi yerinə yetirməmiş, öhdəliyinin icrasından yayınmışdır. Cavabdeh oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbələri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı barədə lazıli qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı məhkəməyə müraciət edərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)- 452/2023 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə, iddiaçının izahatını və şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, İddiaçı ilə bacanaqdır. 2022-ci ilin avqust ayında o, mənzilində mebel əşyalarının hazırlanması və quraşdırılması üçün iddiaçıya müracət etmiş və həmin işlərin iddiaçının vasitəsi ilə həyata keçirilməsi barədə cavabdehə tapşırıq vermişdir. Bundan sonra isə tərəflər arasında podrat müqaviləsi bağlanmış, sonra isə görülən işin dəyəri onun vasitəsi ilə iddiaçıya, iddaçı tərəfindən isə cavabdehə ödənilmişdir. Bu məqsədlə iddiaçı 2022-ci ilin avqust ayında onun yanında cavabdehə 3.200 manat, daha sonra ona məxsus mənzildə 1.500 manat pul ödəmiş, lakin cavabdeh nə müqavilədə nəzərədə tutulmuş işləri görmuş, nə də verdiyi pulu ona geri qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 759.2-ci maddəsinə görə, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Mülki Məcəllənin 777.1-ci maddəsinə görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Mülki Məcəllənin 777.2-ci maddəsinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, İddiaçı ilə X4 arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə tapşırıq müqaviləsi bağlanmış, X1 Mirsamid Hacıbala oğluna xx.xx.2022-ci il tarixdə 4.700 manat pul vermiş, sonuncu tapşırığı öhdəsinə götürən şəxs kimi cavabdeh qarşısında olan öhdəliyini lazımınca icra etmişdir. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı ilə cavabdeh X5 arasında X3 məxsus mənzildə mebel əşyalayının hazırlanması və quraşdırılmasına dair şifahi podrat müqaviləsi bağlanmış, tərəflər görüləcək işlər, işin yerinə yetirilmə müddəti, ödənişin məbləği, ödəmə şərtləri, podratçı və sifarişçinin öhdəlikləri, digər məsələlər barədə qarşılıqlı razılığa gəlmişlər. Lakin podratçı olan cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq, sifarişçinin xeyrinə müqavilədə nəzərdə tutulmuş işləri yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 67 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, podrat müqaviləsi üzrə 4.700 manat pul vəsaiti və ödənilmiş 67 manat dövlət rüsumu Cavabdeh oğlundan İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Podrat müqaviləsi üzrə 4.700 manat pul vəsaiti və ödənilmiş 67 manat dövlət rüsumu Cavabdeh oğlundan İddiaçı xeyrinə tutulsun. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətmamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-452/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(002)-452/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver