Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-50/2024 13.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X10 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-in Cavabdeh qarşı “işçinin vurduğu maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 42/2022№-li əmək müqaviləsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən İddiaçı MMC-də sürücü vəzifəsinə işə qəbul edilmişdir, müqavilə üç ay müddətinə bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan "xxxx" adlı Əlavədə işçinin əmək funksiyaları aşağıdakı şəkildə müəyyən edilmişdir: Müəssisə tərəfindən təhkim olunmuş nəqliyyat vasitəsini təmiz,səliqəli və saz vəziyyətdə saxlanılmasına nəzarət etmək. Yük maşınlarını, furqonları və digər nəqliyyat vasitələrini yükləmək və boşaltmaq, məhsulları müəyyən edilmiş yerlərdə boşaltmaq. Reysdən əvvəl nəqliyyat vasitəsinə ümümi baxışın keçirilməsi(yağı,suyu,təkərin əziyyəti,təzyiqi,maşının hərəkətli hissələrinin işlək vəziyyətdə olmağı və s.).Nəqliyyat vasitəsinin nasaz olması barədə rəhbərliyə dərhal məlumat vermək. Sürücü tərəfindən sürət limitinə yüklü 60km/saat və yüksüz 70km/saat olmaqla riayət etmək. Nəqliyyat vasitəsinin idarə olunması dayanmadan 4 saat və ya 120 km-dən artıq olmamalıdır. Mütləq qaydada hər 4 saatda bir dəfə 15-20 dəqiqə istirahət edilməlidir. Nəqliyyat vasitəsinin maksimal idarə etmə imkanı 24 saat ərzində 10 saatdan çox olmamalıdır. Minimum istirahət vaxt 24 saat ərzində 8 saatdır. Daşımaları təhlükəsiz yerinə yetirmək, daşınacaq yüklərin daşınması üzrə gündəlik planlaşdırmam yoxlamaq və ya razılaşdırmaq (qəbul, yola salma, istehsal xətti üzrə tələblər, və s.). Təhlükəli materialların daşınması üçün müəyyən olunmuş qaydalara ciddi riayət etmək. Nəqliyyat vasitəsində GPS-in siqnalının itməsi və bütün təmir işlərini yalnız daşıyıcıya məxsus qarajda və ya şirkət tərəfindən təyin edilmiş yerdə təmir etmək. GPS-lə müəyyən edilmiş marşrutdan kənara çıxma aşkarlandığı zaman sürücü işəgötürənə bunu səbəbini iki gün ərzində yazılı sürətdə bildirməlidir(izahat). Hər hansı materialın daşınmasının sağlamlıq və təhlükəsizlik üçün riskli olmamasına nəzarət etmə və zəruri ehtiyat tədbirlərini həyata keçirmək. Yalnız İşəgötürənə məxsus olan və ya İşəgötürənin təyin etdiyi yükləri daşımaq. Gəlir əldə etmək və ya digər məqsədlərlə İşəgötürənin nəqliyyat vasitələrindən və digər əmlaklarından istifadə etməmək. (özünə və digər şəxslərə məxsus yüklərin daşınması və s.) Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək göstərilmişdir.
2. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən əmək münasibətləri prosesində “İşçi” “İşəgötürən”in ona etibar edərək verdiyi əmlakının, maddi və digər sərvətlərinin saxlanması, daşınması, emalı, istifadəsi, satışı və digər əməliyyatların aparılması ilə əlaqədar onların salamatlığını təmin etməli, “İşəgötürənin” bütün texniki və ya kommersiya xarakterli informasiya və məlumatlarını qorumalıdır. “İşçi” hərəkətləri (hərəkətsizliy) ilə yuxarıda qeyd olunan hallardan hər hansı birini pozduqda vurduğu ziyana, habelə “İşəgötürən”in şəxsiyyətini ləkəyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan məlumatlar yaymaqla onun sahibkarlıq faəliyyətinə və işgüzar nüfuzuna xələl gətirməsi nəticəsində vurduğu mənəvi ziyana görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və bu müqavilə ilə müəyyən edilmiş həcmdə tam maddi məsuliyyət daşıyır.
3. İddiaçı MMC-in sürücüsü Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 08:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktının 4-cü bölməsindən görünür ki, İddiaçı MMC-in rəhbərliyi tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş “Yük və sərnişin, o cümlədən yüngül avtomobillərin istismarında sürücünün əməyinin mühafizəsinə dair 40 nömrəli təlimat”ın “3. Xəttə işləyərkən sürücünün borcudur.” Bölməsinin “a” bəndinin (Hərəkət zamanı həmin avtomobilin texniki göstəricilərinə uyğun yol şəraitini nəzərə almaqla hərəkət axımına riayət etməli) və “m” bəndinin (Bütün hallarda sürücü avtomobili o sürətlə idarə etməlidir ki, lazım olan vaxtda onu saxlaya bilsin...) tələblərinə riayət edilməməsi.
4. Xocavənd Rayon Polis Şöbəsində tərtib edilmiş X12 İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli Qərara əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 16:10-da “DAF FT XF 105 Yük” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi nəticəsində İXM 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
5. Xocavənd rayon PŞ-in TQ-un baş təhqiqatçısı polis mayoru X3 tərəfindən qəbul edilmiş, HK-1/84-22 saylı materiallar üzrə xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/84-22 nömrəli material üzrə toplanmış materiallarda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır.
6. Xocavənd Rayon Məhkməsinin xx.xx.2023-cü il tarixli 6(069)-1/2023 saylı qərarı ilə HK-1/84-22 nömrəli araşdırma materialı üzrə X1 30 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının ləğv edilməsi və toplanmış HK-1/84-22 nömrəli araşdırma materialı üzrə tam və hərtərəfli araşdırılma aparılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır.
7. Xocavənd rayon PŞ-in TQ-un baş təhqiqatçısı polis mayoru X3 tərəfindən qəbul edilmiş, HK-1/1-24 saylı materiallar üzrə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/84-22 nömrəli material üzrə toplanmış materiallarda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Qərara əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 1 dekabr 2023-cü il tarixli 3-16-16/2-8/3266-8/3318 nömrəli rəyindən görünür ki, “DAF FTXF 105 yük” markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
8. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, DAF markalı, ** JB *** dövlət qeydiyyat nişanlı yük avtomobili və onun qoşqusu olan Felbinder markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşquya dəymiş zərər 33470 manat hesablanmışdır.
9. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli İddiaçı MMC-in direktoru X4 yazdığı ərizədən görünür ki, onu öz istəyi ilə xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir.
10. İddiaçı MMC tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 106№-li əmrdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən cəmiyyətin sürücüsü, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış №42/2022 nömrəli əmək müqaviləsinə xitam verilsin. İşlədiyi dövr ərzində istifadə etmədiyi əmək məzuniyyətlərinə görə son haqq-hesabı əmək günü olmaqla hesablanaraq ödənilməsi əmr edilmişdir.
11. İcbari Sığorta Bürosu tərəfindən daxil olmuş 10№-li məktubdan görünür ki, büronun informasiya sistemində axtarış zamanı xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən rəsmiləşdirilmiş “DAF” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid PQA********** və “FELBİNDER” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid PQA********** nömrəli sığorta şəhadətnamələrinin qüvvədə olduğu aşkar edilmişdir. Büronun informasiya sistemində axtarış zamanı qeyd edilən hadisə tarixi və nəqliyyat vasitələri məlumatları üzrə sığorta ödənişinin icra olunub-olunmaması barədə məlumat aşkar edilməmişdir.
12. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə xx.xx.2022-ci il tarixli QH**********/34 №-li əlavədən görünür ki, Cavabdeh-Sığortalının Qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək və ya mülki-hüquqi müqavilə əsasında işlər və ya xidmətin həyata keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin (bundan sonra müqavilənin mətni üzrə “sığorta olunanlar”) həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümünə görə sığortaçı Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürür. İddia tələbi
13. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işçi tərəfindən işəgötürənə vurulmuş 42,150 manat məbləğində maddi ziyan və 216.5 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-də “Sürücü” vəzifəsində işə qəbul olunmuş və müxtəlif hüquqi və ya fiziki şəxslərlə Cəmiyyət arasında bağlanan “Daşıma” müqavilələrinə əsasən, Cəmiyyətin mülkiyyətində və ya istifadəsində olan yük nəqliyyat vasitələri ilə yüklərin daşımasını həyata keçirmək məqsədilə sürücü olaraq çalışmışdır. Eyni zamanda cavabdehlə Cəmiyyət arasında “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmışdır. İşin faktiki halı belə baş vermişdir ki, cavabdeh xx.xx.2022-ci il tarixdə Cəmiyyətə məxsus DAF markalı, ** JB *** dövlət qeydiyyat nişanlı yük avtomobili və onun qoşqusu olan Felbinder markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə əmək funksiyalarını yerinə yetirərkən Xocavənd rayonu ərazisində təqsirli hərəkətləri nəticəsində qəza törətmişdir. xx.xx.2022-ci il tarixli, İXP4815686 saylı X12 Protokola əsasən cavabdeh qeyd edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilmişdir. Əmək vəzifələrini yerinə yetirən zaman cavabdeh tərəfindən İddiaçı MMC-yə 42150 manat miqdarında maddi ziyan dəymişdir. Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən həmin ziyanın əvəzi tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 205.2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər “Mediasiya Haqqında” AR Qanununun 3.1.3-cü maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya sesiyasında iştirak tələb olunur. Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-ci il tarixinə mediasiya prossesi təyin ediilmiş və cavabdeh zərərin əvəzinin ödənilməsindən imtina etmişdir. Nəticədə mediator tərəfindən xx.xx.2023- ci il tarixdə arayış təqdim olunmuşdur. Qeyd olunan məbləğdə İddiaçı MMC-yə maddi ziyanın vurulmasında cavabdehin təqsiri, həmçinin ziyanın vuruması ilə cavabdehin hərəkətləri (hərəkətsizliyi) arasında səbəbli əlaqənin mövcud olması cavabdehin yazdğı izahatla təsdiq olunur. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
15. İddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir, tərəflər arasında barışıq olmayıb. Belə ki, məhkəmə tərəfindən də vaxt verilməsinə və barışıqla bağlı təklif edilməsinə baxmayaraq cavabdeh barışıq üçün iddiaçı şirkətə yaxınlaşmamış və heç bir addım atmamışdır. Bütün işçilərlə, eləcə də cavabdeh ilə əmək müqaviləsinin bağlandığı gün eyni zamanda tam maddi məsuliyyət haqqında müqavilə də imzalanır. Həmin müqavilənin cavabdehə sonradan xəstəxanada imzalatdırılması ilə bağlı cavabdeh tərəfin dəlilləri həqiqəti əks etmirməməklə, şirkətin heç bir əməkdaşının “kuryer” və ya “motosikletli əməkdaş” vasitəsilə tam maddi məsuliyyət müqaviləsini sonradan göndərib imzalatması mümkünsüzdür. Cavabdeh tam maddi məsuliyyət müqaviləsini işə daxil olan zaman imzalayıb. Yalnız həmin müqavilə imzalandıqdan sonra sürücüyə yol vərəqi verilir. Əgər cavabdeh müqaviləni imzalamasaydı ona yol vərəqi verilməzdi. Əmək müqaviləsinə əlavədə işçinin əmək funksiyaları əks etdirilmişdir. Təhqiqat aktı və iş üzrə cinayət işinin başlanmasının rəddi, eləcə də X12 qərarlardan görünür ki, hadisənin baş verməsində cavabdehin təqsiri müəyyən edilmişdir. Əmək qanunvericiliyinin tələbinə əsasən, belə halda işçi vurduğu maddi ziyanı tam şəkildə ödəməlidir, odur ki, iddianın təmin edilməsini xahiş edir.
17. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 26 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir, iddiaçı şirkət daşıyıcıdır, cavabdeh iddiaçı tərəf olan şirkətdə sürücü vəzifəsində işləyib. O, qəza törədib və şirkətə ziyan vurub. Hadisə iş vaxtı olub, bununla bağlı cavabdehin izahatı var, əmək münasibətlərinə xitam verilib, bununla bağlı cavabehin ərizəsi var. İşçilərin tibbi sığortası var, amma cavabdeh ondan istifadə etməyib. Şirkət cavabdehi iyul-yanvar ayları ərzində işdə saxlayıb, həmin müddət ərzində ona əmək haqqı ödənilib. Qəzada iddiaçı tərəfin heç bir səhvi olmayıb, əgər şirkətin səhvi olsaydı şirkət cərimə olunardı. Həmin qəza hadisəsi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti akt tərtib edib. Yük avtomobili qəzadan sonra təmir olunub, avtomobil ekspert rəyinin təqdim olunması üçün verilsə bel,ə avtomobilin qəza zamanı olan vəziyyəti müəyyən edilə bilməyəcək. Maşının qəzadan sonrakı şəkilləri Azərbaycan Respublikası Baş X16 İdarəsində var, oradan şəkilləri əldə etmək olar. İddiaçının tələb etdiyi məbləğ və rəydə göstərilən məbləğ arasında 400 manat fərq olsa da rəyə etirazları yoxdur, rəy ilə razıdırlar. Cavabdeh müqavilədə tam maddi məsuliyyətlidir. Cavabdehin izahatı var, tərəflər arasında əmək müqaviləsi bağlanıb, maşında nasazlıq olsaydı və ya maşın artıq yüklə yüklənsəydi cavabdeh bunu bildirməli idi, amma bunu bildirməyib. Maşına baxış keçirilib, sürücü ehtiyatsız olub. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
18. İddiaçının nümayəndəsi X7 03 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
19. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir, iddiaçı şirkətdə 3 ay sürücü işləyib, həmin vaxt ərzində işdə heç bir qüsuru olmayıb. Qəza Qarabağ bölgəsində Zəfər yolunda baş verib, həmin yollar təhlükəli yollardır, maşın idarə etmək təhlükəlidir. Qəzadan arıtq 1 il keçir. Qəzadan 2 gün öncə maşın təmirə getmişdi. Maşının qoşqusu arxaya qoşulmuşdu. Maşın getdiyi yerdə yoldan çıxıb, sol tərəfə düşdü. Maşının təkəri partlayandan sonra maşın aşdı. Həmin maşınlarla 22 ton yük daşınır. Azərbaycan Respublikası X16inin əməkdaşlarının tərtib etdiyi protokolda da belə qeyd edilmişdir. Qəza zamanı ağır vəziyyətdə yaralanmışdı, bütün sümükləri sınmış, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdir. Xəstəxanada müalicə alan zaman şirkətin heç bir nümayəndəsi onunla maraqlanmayıb. Daha sonra şirkətin müdürü ona dedi ki, heç bir məsələyə görə narahat olma, bu müddət ərzində əmək haqqın ödəniləcək, amma ödənilmədi. Şirkətin əvvəlki müdiri Samir müəllim ona hər gün zəng edirdi. İddiaçının nümayəndəsi bildirir ki, guya o, könüllü şəkildə öz ərizəsi ilə işdən çıxmışdır, amma bu belə deyil. O, xəstəxanadan çıxdıqdan sonra şirkət ona dedi ki, “ya ərizəni yazıb işdən çıxacaqsan, ya da biz səni işdən çıxaracağıq. Əgər səni işdən çıxarsaq heç bir yerdə tapa bilməyəcəksən”. O da məcbur qalıb işdən çıxmaq ərizəsi yazmışdır. Vəziyyəti indi də yaxşı deyil, qəzadan sonra səhhətində problemlər yaranıb. Səhhətində problemlər olduğuna görə heç bir iş yeri onu işə götürmür. Onun 42000 manat pulu olsaydı sürücü işləməzdi. Xəstəxanada ağır vəziyyətdə olduğundan X12 protokoldan şikayət verə bilməmişdir. İddiaçı tərəf protokoldan şikayət edib, şirkət həmin protokolun yazılmasına təzyiq göstərib. Şirkət əmək haqqını sonra ödədi, indi şirkətin ona əmək haqqı borcu yoxdur. Şirkət ona əmək haqqından başqa heç bir ödəniş etməyib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ona 1200 manat ödəyib. Sığortadan pul ala bilməyibQəza olan zaman maşınla 21600 ton yük daşıyırdı. Ekspert rəyi ilə razı deyil. Ağır qəza keçirdiyinə görə xəstəxanada müalicə almışdır. Xəstəxanada olan zaman şirkətin müdiri xəstəxanaya gəldi. Müdir ona dedi ki, narahat olma, sənə kömək ediləcək və sənə sığorta pulu ödəniləcək. Ona maddi məsuliyyət müqaviləsini xəstə halında imzalatdırdı. Müqaviləni şərtlərini oxumadan imzalamışdır. İddiaçıya aid yük avtobilinin təkəri xarab idi. Şirkətin bu məsələdə təqsiri var. Qəza nəticəsində maşına ciddi ziyan dəyməyib, maşından hələ də istifadə edilir. Xəstəxanadan çıxdıqdan sonra müalicəni evdə davam etdirdi. Evdə müalicə alan zaman şirkətin əməkdaşı yayda onun evinə gəldi. O, həmin əməkdaşı tanıyır. Həmin əməkdaş şirkətdə təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edirdi. Əməkdaş ona sənədlər təqdim edərək imzalamasını istədi. Əməkdaş sənədləri imzalayan zaman ona dedi ki, “sənədləri imzalamağın sənə xeyirdir”. O da həmin sözlərə inanaraq həmin sənədləri imzaladı. Əməkdaş ona çoxlu və eyni sənədləri imzalatdırdı. Şirkət onun savadsızlığından istifadə edib. Hər ay onun üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən xəstəxanaya 143 manat ödənilib. İşə qəbul olan zaman tam maddi məsuliyyət müqaviləsini imzalamamışdır. Odur ki, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi.
20. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə baxış iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir, cavabdeh Polis İdarəsində yazdığı ərizədə qəzada səhvinin olduğunu etiraf etmir. O, izahatında bildirib ki, maşının təkərlərindən səs gəlirdi, təkərlərin şporları yeyilmiş vəziyyətdə olub, cavabdeh maşını 21 ton yüklə yuxarı qaldırmağa çalışıb, sonra maşın sürünməyə başlayıb, qəza olan zaman inspektor hadisəni tam araşdırmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il tarixli Qərarına əsasən yük avtomobili 18 tondan artıq yük daşıya bilməz, qəzada cavabdehin heç bir təqsiri yoxdur. Cavabdeh maşını idarə edərkən sükan arxasında yatmayıb. Maşının təkəri partlamışdı. Yük maşını ilə bağlı Komissiya rəyi olmalı idi, amma belə bir rəy yoxdur. Cavabdehin qəzada əli zədələnib, hal-hazırda işləmir, iddiaçının tələb etdiyi məbləği ödəməyə imkanı yoxdur. Cavabdeh sığorta ödənişi almayıb, avtomobilə yox oradakı mallara görə tam məsuliyyət daşıyır. Maşında nasazlıq olub və bununla bağlı fotoşəkillər və video var. İddiaçı tərəf cavabdehə avtomobilə dair tam maddi məsuliyyət haqqında müqaviləni imzaladıb. Əslində bu, düzgün deyil, çünki sürücü avtomobilə yox, daşıdığı mala görə məsuliyyət daşımalıdır. Avtomobil xarab vəziyyətdə idi, təkərləri yaxşı işləmirdi, həmin qəza hadisəsi olmasaydı belə avtomobil xarab olacaqdı, bizdə avtomobilin şəkilləri var, hətta avtomobilin aşan vəziyyətdə videosu var, həmin videonu da növbəti məhkəmə iclaslarında təqdim etməyə çalışacam, avtomobilin təkərlərinə baxılmalıdır, şirkətin qəzada təqsiri olduğuna görə iddiaçıdan təzminat tələb edəcəyik. Cavabdeh qəza nəticəsində çox ağır xəsarət alıb, aylarla xəstəxanada müalicə alıb, bir əli hal-hazırda işləmir. Məhkəməyə təqdim etdikləri şəkillərdə onun əlinin necə zədələndiyini görmək olar. Xəstəxanada müalicə alan zaman iddiaçı şirkətin keçmiş direktoru Samir müəllim cavabdehə deyib ki, heç bir problem olmayacaq, narahat olma. İndi isə cavabdehdən 42,150 manat tələb edirlər. Ekspert rəyi ilə razı deyil. Xocavənd Rayon Məhkəməsinin 6(06)-1/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Xocavənd Rayon Polis Şöbəsinin 30 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilib və avto-texniki ekspertiza yenidən keçiriləcək. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin aktı əsas deyil. Cavabdehin təqsiri yoxdur, təhqiqatçı qəza hadisəsini araşdırarkən səhv edib, avtotexniki ekspertiza keçirilməyib, maşın həddindən artıq yüklə yüklənib. Xocavənd Rayon Məhkəməsinin qərarı ilə Xocavənd Rayon Polis X5 baş təhqiqatçısı X1 cinayət işinin başlanmasının rədd edilməsi qərarı ləğv edildi, həmin iş tam və hərtərəfli araşdırılması üçün prokurora göndərilib. Cavabdeh maddi məsuliyyət müqaviləsini evdə imzalayıb. O, qəzadan sonra ağır vəziyyətdə olub, müqaviləni imzalayan zaman müqavilənin şərtlərini anlamayıb. Buna görə də, dəymiş ziyana görə məsuliyyət daşıya bilməz. Maşına ziyan vurulmasına dair araşdırma aparılmayıb. Maşına vurulan ziyanın məbləği artıq hesablanıb. Qəzanın yaranmasında iddiaçının təqsiri var. İddiaçı tərəfindən cavabdehə verilən avtomobil texniki baxımından yaxşı vəziyyətdə olmayıb. Cavabdeh əlildir. Qəza nəticəsində əlil olub. Onun iddiaçının tələb etdiyi məbləğdə pulu ödəməyə imkanı yoxdur. İddiaçının cavabdehə imzalatdırdığı tam maddi məsuliyyət müqaviləsi etibarsızdır. Çünki həmin müqavilə cavabdehin bildirdiyi kimi işə qəbul zamanı imzaladılmayıb, daha sonra imzaladılıb. Bu, xəttşünaslıq ekspertizasının keçirilməsi ilə təsdiq edilə bilər. İmzanın vaxtının müəyyən edilməsi üçün xəttşünaslıq ekspertizası keçirilməlidir. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsini xahiş etdi.
21. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X8 03 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında izahat verərək bildirdi ki, iş üzrə yekun məhkəmə qərarını məhkəmənin mülahizəsinə buraxır. Prosesin digər iştirakçılarının ifadələri
22. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, cavabdeh ilə kirvədir. Cavabdeh iddiaçı şirkətin yük maşınını idarə edərkən qəza olmuşdu. O, bu qəzada ağır yaralanmışdı. Bir müddət xəstəxanada müalicə alıb. Daha sonra evdə müalicə alıb. Evdə müalicə alan zaman iddiaçı şirkətin əməkdaşı motorsikletlə evə gəldi. O, yanında sənədlər gətirmişdi. Həmin sənədləri nə cavabdeh, nə də özü oxumadı. Həmin əməkdaş cavabdehə bildirdi ki, “həmin sənədlər sənin xeyrinədir. Bu sənədləri imzalasan əmək haqqı və pensiya alacaqsan”. Həmin əməkdaş cavabdeh həmin sənədləri imzalayan zaman ona dedi ki, “sən sənədləri imzala, hər şey yaxşı olacaq”. Cavabdeh də həmin sənədləri imzaladı. Şahid imzalanan sənədin tam maddi məsuliyyət müqaviləsi olub-olmadığını görmədiyini bildirdi. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.
26. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir.
28. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
29. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsi:
30. Maddə 191. 1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
31. Maddə 192. 1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
32. Maddə 194. 1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
33. Maddə 198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır.
34. Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.
35. Maddə 200.1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
36. Maddə 200.2. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər.
37. Maddə 200.5. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.
38. Maddə 201.1. İşçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət — sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşın-mexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, korlanması, habelə son zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə o, maddi məsuliyyət daşımır. Bu hallar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməzsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
39. Maddə 201.2. İşçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
40. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
41. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
42. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
43. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
44. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
45. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
46. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
47. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
49. İddia qismən əsaslıdır.
50. İşin faktiki halları bundan ibarətdir ki, Cavabdeh İddiaçı MMC-də əmək müqaviləsi əsasında sürücü işləmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə əlavədə reysdən əvvəl nəqliyyat vasitəsinə ümumi baxışın keçirilməsi, nəqliyyat vəsaitəsinin nasaz olması barədə rəhbərliyə dərhal məlumat vermək; daşımaları təhlükəsiz yerinə yetirmək, daşınacaq yüklərin daşınması üzrə gündəlik planlaşdırmanı yoxlamaq və ya razılaşdırmaq işçinin əmək funksiyalarına aid edilmişdir. Tərəflər arasında xx.xx.2022-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, işçi işəgötürənin əmlakının, maddi və digər sərvətlərinin saxlanması, daşınması, emalı, istifadəsi, satışı və digər əməliyyatların aparılması ilə əlaqədar onların salamatlığını təmin etməlidir. xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, iddiaçıya məxsus olan və cavabdehə təhkim edilmiş İddiaçı MMC-ə məxsus DAF markalı, ** JB *** dövlət qeydiyyat nişanlı yük avtomobili və onun qoşqusu olan Felbinder markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşquya maddi ziyan vurulmuşdur.
51. Məhkəmə ilk növbədə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, tərəflər arasında mübahisə mülki hüquq pozuntusundan (delikt) yaranan münasibətlərə aiddir.
52. Mülki hüquq pozuntusunun (delikt) (Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələri) dizpozisiya şərtləri aşağıdakı ünsürlərdən ibarətdir: əməl (hərəkət və hərəkətsizlik), əməlin hüquqazidd olması və təqsir.
53. Hazırkı işdə əməlin baş verib-vermədiyi, cavabdehin hüquqazidd hərəkət etməsi və bu zaman təqsirli olmasının yoxlanması zamanı ilk növbədə sübutetmə yükünün düzgün müəyyən edilməsi zəruridir.
54. Baş vermiş hərəkətdə cavabdehin təqsiri iş materiallarına əlavə edilmiş “İnzibati tənbeh verə haqqında” ******* nömrəli xx.xx.2022-ci il tarixli Qərar, bədbəxt hadisənin təhqiqat materialları ilə təsdiq edilir. Bununla yanaşı Xocavənd rayon PŞ-in TQ-un baş təhqiqatçısı polis mayoru X3 tərəfindən qəbul edilmiş, HK-1/1-24 saylı materiallar üzrə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərara əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 1 dekabr 2023-cü il tarixli 3-16-16/2-8/3266-8/3318 nömrəli rəyindən görünür ki, “DAF FTXF 105 yük” markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
55. Cavabdeh baş vermiş hadisədə təqsirinin olmadığını təsdiqləyən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, həmçinin maddi məsuliyyət müqaviləsinin hadisənin baş verməsindən sonra ona xəstəxanada imzalatdırılmasını əsaslandırma bilməmişdir. Məhkəmə bununla bağlı şahid ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, şahidin özünün də qeyd etdiyi kimi, imzalanan sənədlərin nədən ibarət olmasını, onların maddi məsuliyyət barədə müqavilə olub-olmamasını görməmişdir.
56. Göründüyü kimi, iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması halına dair sübutları məhkəməyə təqdim etmişdir. Bu halda, məhkəmə iddiaçıya məxsus əmlaka cavabdehin hərəkətləri nəticəsində maddi ziyan vurulması halının sübuta yetirilməsini və tərəflər arasında tam maddi məsuliyyət müqaviləsinin bağlandığını və Əmək Məcəlləsinin 200.5-ci maddəsini əsas götürərək hesab edir ki, iddiaçı (zərər dəymiş əmlakın mülkiyyətçisi və qanuni sahibi) cavabdehə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur.
57. İşçinin vurduğu maddi zərərin məbləği ilə bağlı tərəflər arasında mübahisə olduğundan və cavabdeh iş materiallarına əlavə edilmiş “qüsur aktı”nı əsassız hesab etdiyi üçün məhkəmə tərəfindən işəgötürənin mülkiyyətinə olan nəqliyyat vasitələrinə vurulmuş zərərin hesablanması məqsədilə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
58. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6215-8/2387 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiqatın 2-ci sualı üzrə Yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlar keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqat aparılmır. Tədqiqatın 1-ci, 3-cü və 4-cü sualları üzrə 2012-ci il buraxılışlı, "Daf" markalı, "105 XF" model, **-JB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili. Beləliklə, nəzəri hesablama yolu ilə, iş materiallarında olan zərər aktı məlumatlarına əsasən 2012-ci il buraxılışlı, "Daf" markalı, "105 XF" model, **-JB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin təmir-bərpa xərci təxminən 11349,26 manat müəyyən edilir. O cümlədən: - dəyişilməli hissələrin qiyməti - 7519,26 manat; - təmir-bərpa işlərinin qiyməti - 3830,00 manat. 1999-cu il buraxılışlı, Felbinder markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu. Beləliklə, nəzəri hesablama yolu ilə, iş materiallarında olan zərər aktı məlumatlarına əsasən 1999-cu il buraxılışlı, Felbinder markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun təmir-bərpa xərci təxminən 27010,00 manat müəyyən edilir. O cümlədən: - dəyişilməli hissələrin qiyməti - 6460,00 manat; -təmir-bərpa işlərinin qiyməti - 20550,00 manat.
59. Göründüyü kimi, yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-ə məxsus DAF markalı, ** JB *** dövlət qeydiyyat nişanlı yük avtomobili və onun qoşqusu olan Felbinder markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşquya dəymiş zərər ekspert rəyi əsasında cəmi 38359.26 manat məbləğində olduğu qeyd edilmişdir. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza rəyini mötəbər sübut kimi qəbul edərək hesab edir ki, iddiaçıya məxsus əmlaka cavabdeh tərəfindən vurulmuş maddi ziyanın məbləği məhz müvafiq ekspert rəyi əsasında müəyyən edilməli və vurulmuş ziyanın əvəzi olaraq 38359.26 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri
60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
61. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 216.5 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 216.5 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 205.8 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməli, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 manat məsrəfin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 50 manat hissəsi isə cavabdehdən, 10 manat hissəsi iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə
62. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi ziyana görə 38.359,26 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 205,8 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-ə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
63. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 38.359,26 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 205,08 manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 manat məsrəfin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 50 manat hissəsi cavabdehdən, 10 manat hissəsi iddiaçıdan tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X2, VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova