Məhkəmə qərarları › İş №e-2(002)-647/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-647/2022

30.08.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-647/2022 30.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialına qarşı işə bərpa və digər tələbləri barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialına qarşı işə bərpa və digər tələbləri barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, NK-49 saylı əmri, xx.xx.2021-ci il tarixli, NK-80 saylı əmri və xx.xx.2021-ci il tarixli, NK-87 saylı əmri ləğv edərək iddiaçının “xidmət üzrə koordinator” vəzifəsinə işə bərpa edilməsi, cavabdeh tərəfindən məcburi işburaxma dövrü üzrə xx.xx.2021-ci il tarixindən hər ay üçün orta əmək haqqının 8000 (səkkiz min) manat ödənilməsi, ödənilməmiş məzuniyyət pulunun, əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə ödənişlərin hesablanaraq ödənilməsi, əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məlumatın göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələblərini müdafiə edərək izahatında bildirdi ki, o, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialı ilə 12 iyun 2019-cu il tarixində 0946 saylı əmək müqaviləsi bağlayaraq "xidmət üzrə koordinator" vəzifəsinə qəbul edilmişdir və müqavilənin 2.1-ci maddəsinə uyğun olaraq əmək müqaviləsi müddətsiz bağlanmışdır. Əmək müqaviləsinin 4.1-ci maddəsinə əsasən, ona hər ay 5400 manat məbləğində tarif maaşı təyin edilmişdir. Müqavilənin 9.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur. Eyni zamanda, müqavilənin 10.4-cü maddəsi ilə tərəflər müəyyən etmişlər ki, işəgötürən tərəfindən zor işlədərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə bu əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmir. Məhkəməyə bildirmək istəyir ki, 12 iyun 2019-cu il tarixindən nöqsansız olaraq əmək müqaviəsi ilə müəyyən edilmiş vəzifələrini icra etmişdir, lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun əmək hüquqları kobud surətdə pozulmuşdur. Bununla bağlı o, SOCAR-a müraciət edərək öz şikayətini bildirmişdir. Onun müraciətinə SOCAR-ın Sərmayələr İdarəsində baxılaraq cavabdehə məktub göndərilmiş, cavabdeh tərəfindən isə SOCAR-a xx.xx.2021-ci il tarixli cavab məktubu göndərilərək bildirilmişdir ki, onunla heç bir problem yoxdur və əmək münasibətləri davam etməkdədir. Lakin heç bir qanuni əsas olmadan cavabdeh tərəfindən onun mobil telefonuna zəng edilərək şirkət tərəfindən iş həcminin azaldılması ilə əlaqədər kabel karotajı və perforasiya biznes seqmentində ştatların azaldılmasının (ixtisar olunmasının) məqsədəmüvafiq hesab edildiyi və bu səbəbdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar olunacağı bildirilmişdir. Daha sonra o, telefon vasitəsilə şirkətin nümayəndəsinə onu ixtisar etməyə ixtiyarının olmadığını bildirmiş və müsahibə keçirilməsini tələb etmişdir. Şirkətin nümayəndəsi ona heç bir problem olmadığını, qarşılıqlı razılaşma ilə məsələnin həll olunacağını bildirmişdir. Müsahibədən iki gün sonra ona məcburi məzuniyyətə çıxmalı olduğu bildirilmiş, həmin məzuniyyət ərizəsi ilə yanaşı ona yeni vəzifəyə keçirilməsi ilə bağlı razılıq ərizəsini də imzalatmışlar. O, yeni iş təklifinə razılıq barədə sənədi məcbur olub imzalamışdır, belə ki, məzuniyyət verilməyəcəyindən ehtiyat etmişdir. Demək olar ki, 2021-ci ilin iyun ayından etibarən şirkət onu işə buraxmamışdır. Bundan əlavə, iyul ayında xəsarət alaraq ayağı sınmış, bununla bağlı şirkətə lazımi tibbi sənədləri təqdim etmiş və bildirmişdir ki, əmək qabiliyyətini itirdiyinə görə işə gələ bilməyəcək. Qeyd etmək istəyir ki, 0946 saylı əmək müqaviləsinə dəyişiklikdə olan imza ona məxsus deyildir, həmin dəyişikliyi o, imzalamamışdır. Bununla bağlı məhkəmə tərəfindən iki dəfə keçirilmiş ekspertiza nəticəsində verilmiş rəyləri qərəzli hesab edir, belə ki, imzanın ona məxsus olmadığı aşkar görünsə də, ekspertlər bunu təsdiq etməmişlər. Lakin təqdim etdiyi mütəxəssis rəyində bu fakt təsdiq edilmişdir. Həmin müqaviləni imzalamadığı halda, ona poçt vasitəsilə xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu gəlmiş, həmin xəbərdarlıq məktubunda razılıq vermədiyi vəzifədən ixtisar olunduğu və xx.xx.2021-ci il tarixdə xəbərdarlıq müddətinin başa çataraq müqaviləyə xitam veriləcəyi bildirilmişdir. Xəbərdarlıqdan sonra ona NK-80 saylı əmr göndərilmişdir, O, həmin xəbərdarlığı və əmri rəsmi qaydada əldə etməmiş, xəbərdarlıq və əmr elektron poçt ünvanına göndərilmişdir. Həmin sənədləri görəndən sonra o, mediasiya prosesinin tətbiqi barədə təklifi cavabdehə göndərmişdir. xx.xx.2021-ci il tarixdə ona cavabdeh təşkilat tərəfindən işdən çıxdığı və gəlib əmək kitabçasını götürməsi ilə bağlı telefon zəngi edilmişdir. O, xx.xx.2021-ci il tarixində Mediasiya Şurasına müraciət etmiş, mediasiya sessiyası xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək davam etmiş və həmin müddət ərzində məhkəməyə iddia tələbi ilə müraciət edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istəyir ki, o, cavabdeh təşkilat tərəfindən əmək müqaviləsini ləğv etməyə məcbur edilmiş, buna nail olunmadığına görə razılığı olmadan saxta imza ilə başqa vəzifəyə keçirilmiş, həmin vəzifədən də yenə qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar edilmişdir. Həmçinin, məzuniyyətlə bağlı və əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə ona ödənişlər edilsə də, əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə qalan ödənişlərin aparılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məlumatın verilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Qeyd olunanlara əsasən, cavabdeh həm əmək müqaviləsinin, həm də Əmək Məcəlləsinin tələblərini kobud surətdə pozmuşdur. Hazırda məhkəmədən iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 iddiaçının izahatına uyğun izahat verərək iddia tələblərinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil3 iddia tələblərinə etiraz edərək izahatında bildirdi ki, iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixli K-49 saylı əmrin ləğv edilməsi tələbini onunla əsaslandırmışdır ki, iddiaçını başqa vəzifəyə keçirərkən razılığı alınmamış, buna dair onunla yeni müqavilə bağlanmamış, iddiaçıya bu barədə heç bir məlumat verilməmiş və müqaviləni onun yerinə kimsə imzalamışdır. Bununla bağlı qeyd etmək istəyir ki, tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli 0946 saylı əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında "xidmət üzrə koordinator" vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra şirkətin xx.xx.2021-ci il tarixli K-49 saylı əmri ilə İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında "xidmət üzrə supervayzer İİ - alətlərin müayinəsi" vəzifəsinə keçirilmişdir. Qeyd olunan əmrin verilməsinə əsas 0946 saylı müqaviləyə xx.xx.2021-ci il tarixdə tərəflər arasında imzalanmış 1 saylı dəyişiklik olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, 0946 saylı müqaviləyə xx.xx.2021-ci il tarixli 1 saylı dəyişikliyi İddiaçı şəxsən imzalamışdır. Həmçinin, İddiaçı yeni vəzifəyə keçirilməsi ilə bağlı bir neçə gün öncədən şirkətin rəhbər şəxsləri ilə İddiaçı arasında şirkətdaxili elektron yazışmalar aparılmış və həmin yazışmalardan da məlum olmuşdur ki, İddiaçı yeni vəzifəyə keçirilməsinə razılıq vermişdir. İddiaçı özü də başqa işə keçirilmə barədə 14 iyun 2021-ci il tarixədək qüvvədə olan 9 iyun 2021-ci il tarixli iş təklifi məktubunu şəxsən imzaladığını təsdiq edir. Bu fakt bir daha təsdiq edir ki, iddiaçının başqa işə keçirilməyə yazılı razılığı olmuşdur. Həmçinin, ekspert rəyləri, habelə məhkəməyə təqdim etdikləri mütəxəssis rəyi iddiaçının guya müqaviləni özünün imzalamaması barədə əsaslandığı halı təkzib etmişdir. Ona görə də, iddiaçının xx.xx.2021-ci il tarixli K-49 saylı əmrin ləğv edilməsi tələbi əsassız olduğundan rədd edilməlidir. İddiaçı xx.xx.2021-ci il tarixli K-87 saylı əmrin ləğv edilməsi tələbini onunla əsaslandırmışdır ki, iddiaçının vəzifəsi ixtisar olunarkən işəgötürən tərəfindən AR ƏM-nin 77, 78 və 79-cu maddələrinin tələbləri pozulmuş, həmçinin ixtisarla bağlı xəbərdarlıq məktubu ona rəsmi qaydada təqdim olunmamışdır. Bu tələblə bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, ştatın ixtisarı ilə əlaqədar iddiaçının işdən azad edilməsi zamanı cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Belə ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı üzrə verilmiş xx.xx.2021-ci il tarixli K-79 saylı "xərclərin optimallaşdırılması haqqında" əmrə əsasən, 2021-ci ilin noyabr ayından şirkətdə iş həcminin, yəni boru perforasiyası və qazma kəmərin sınağı üzrə əməliyyatların əhəmiyyətli dərəcədə azalması ilə əlaqədar xərclərin optimallaşdırılması işlərinin həyata keçirilməsi qərara alınmışdır. Daha sonra şirkətdə iş həcminin azalması və xərclərin optimallaşdırılması məqsədilə verilmiş xx.xx.2021-ci il tarixli K-80 saylı əmrə əsasən "Testləmə və sualtı biznes seqmentinin xidmət üzrə supervayzer İİ - alətlərin müayinəsi" (TT09-ESG) ştatının (vəzifəsinin) və həmin ştatı (vəzifəni) tutan İddiaçı xx.xx.2021-ci il tarixindən etibarən ixtisar olunması və bununla bağlı Əmək Məcəlləsinə uyğun tədbirlərin görülməsi qərara alınmışdır. Bundan sonra işəgötürən tərəfindən İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən ixtisar olunması, şirkətdə əmək stajı 2 il 4 ay olduğundan Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən dörd təqvim həftəsi rəsmi xəbərdarlıq müddətinin nəzərdə tutulması, xx.xx.2021-ci il tarixdən başlanan bu müddətin xx.xx.2021-ci il tarixdə başa çatması, bu müddət ərzində ona həftədə bir gün olmaqla (həftənin 5-ci günü), cəmi 4 gün iş axtarmaq üçün vaxt verilməsi və həmin günlər əmək funksiyasının icrasından azad olunması, xəbərdarlıq müddəti bitdikdən sonra ona Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan işdənçıxma müavinətinin ödəniləcəyi barədə xx.xx.2021-ci il tarixli xəbərdarlıq verilmiş, İddiaçı xx.xx.2021-ci il tarixli K-80 saylı əmrlə tanış edilmiş, lakin cavabdeh xəbərdarlığı götürməkdən və imzalamaqdan imtina etmiş, bu barədə şirkətin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixli müvafiq akt tərtib olunmuşdur. Bundan sonra xx.xx.2021-ci il tarixli xəbərdarlıq işəgötürən tərəfindən poçt vasitəsilə xx.xx.2021-ci il tarixdə İddiaçı göndərilmiş və xx.xx.2021-ci il tarixdə saat 09.15-də onun tərəfindən qəbul edilmişdir. Həmçinin, İddiaçı iddia ərizəsində həmin xəbərdarlığın və əmrin onun e-mail ünvanına göndərilməsini təsdiq etmişdir. Xəbərdarlıq müddəti başa çatandan sonra isə işəgötürənin xx.xx.2021-ci il tarixli K-87 saylı əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsi xx.xx.2021-ci ii tarixindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən ləğv edilmiş və ona orta aylıq əmək haqqının 1,4 misli miqdarında müavinət ödənilmişdir. xx.xx.2021ci il tarixli K-87 saylı əmr və əmək kitabçası sonuncu iş günü cavabdehə təqdim edilmiş və cavabdeh qeyd olunan sənədləri alması barədə imza etmişdir. İddianın məcburi işburaxma dövrü üzrə xx.xx.2021-ci il tarixindən hər ay üçün orta əmək haqqının 8000 (səkkiz min) manat ödənilməsi, ödənilməmiş məzuniyyət pulunun, əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə ödənişlərin hesablanaraq ödənilməsi, əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məlumatın göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi də əsassızdır. Belə ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsi xx.xx.2021-ci il tarixində deyil, xx.xx.2021-ci il tarixindən ləğv edilmiş və həmin tarixədək işəgötürən tərəfindən işçiyə müvafiq əmək haqqı ödənilmişdir. Digər tərəfdən, əmək müqaviləsi ləğv olunan zaman işəgötürən tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət olunmuşdur. İddia tələbinin bu hissəsi tələbin birinci hissəsindən törəmə olduğundan və tələbin birinci hissəsi əsassız olduğu üçün məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi tələbi də tamamilə əsassızdır. Həmçinin bildirir ki, iddia ərizəsində qeyd olunanların əksinə olaraq iddiaçı xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər əmək məzuniyyətinə buraxılmış, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər xəstəliyi ilə əlaqədar olaraq işə çıxmamış, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixə qədər yenidən əmək məzuniyyətinə buraxılmış və xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixə qədər yenidən xəstəliyi ilə əlaqədar olaraq işə çıxmamışdır. İddiaçıya məzuniyyətdə olduğu dövrdə qanunvericiklə nəzərdə tutulmuş qaydada məzuniyyət pulu tam olaraq ödənilmişdir. Bu halı iddiaçı özü məhkəmə iclasında etiraf etmişdir. İddiaçı yeni vəzifə üzrə işə xx.xx.2021-ci il tarixdən çıxmış və əmək haqqı almışdır. Habelə, iddiaçıya müvəqqəti fəaliyyət qabiliyyətini itirdiyi dövrün ilk 14 günü üçün işəgötürən tərəfindən ödəniş edilmiş, qalan günlər üçün ödəniş olunması məqsədilə müvafiq qaydada DSMF-yə müraciət edilmişdir, bununla bağlı DSMF-nin məktubu məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, iddiaçı hazırda BP Azərbaycan şirkətində işləyir və onun cavabdeh təşkilata qarşı işə bərpa tələbi barədə iddia qaldırması qərəzli hesab olunmalıdır. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələblərinin əsassız olduğundan rədd edilməsini xahiş edir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbləri aşağıdakı əsaslara görə əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 0946 saylı əmək müqaviləsinin surətindən görünür ki, həmin müqavilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialı (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış, işçi xidmət üzrə koordinator vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 10.1-ci maddəsinə əsasən, bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialında xidmət üzrə koordinator vəzifəsində işləmiş, xx.xx.2021-ci il tarixdə NK-49 saylı əmrə əsasən xidmət üzrə supervayzer İİ-alətlərin müayinəsi vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdən K-87 saylı əmrlə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki: 31 may 2021-ci il tarixində sizə məlumat verildiyi kimi, TSS PSL çərçivəsində planlaşdırılan xərclərin optimallaşdırılması üzrə sizin hazırda çalışdığınız vəzifənin də ixtisar olunması nəzərdə tutulmuşdur. TSS PSL üzrə digər iş imkanlarını da qiymətləndirərək, ona xidmət üzrə koordinator İİ-sınaq alətləri (TT09-ESG) vəzifəsi üzrə müvafiq şərtlərlə (əsas əmək haqqı: 2379 manat, iş qrafiki 5/2, 30 təqvim günü illik ödənişli məzuniyyət, başlama tarixi: xx.xx.2021-ci il) iş təklifi ünvanlamaq niyyətində olduqları təsdiq edilmiş, bu təklifin xx.xx.2021-ci il tarixinədək qüvvədə olduğu, qeyd olunan tarixədək mənfi və ya müsbət cavabın verilməli olduğu bildirilmişdir. X3 öz imzası ilə təklif olunan işi qəbul etdiyini təsdiq etmişdir. İş materiallarında olan 0946 saylı müqaviləyə 1 nömrəli dəyişiklikdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xidmət üzrə supervayzer İİ-alətlərin müayinəsi (TT09-ESG) vəzifəsinə keçirilmişdir. İş materiallarında olan Cavabdeh Şirkətinin SOCAR Sərmayələr İdarəsinə ünvanladığı 27 iyul 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı ilə əmək münasibətləri davam etməkdədir, əməkdaşın heç bir şikayəti yoxdur. İş materiallarında olan SOCAR Sərmayələr İdarəsinin İddiaçı ünvanladığı 28 iyul 2021-ci il tarixli məktubdan görünür ki, SOCAR-ın “Qaynar xətt”inə ünvanlanmış xx.xx.2020-ci il tarixli müraciətə SOCAR-ın Sərmayələr İdarəsində baxılmışdır. Müraciətdə qeyd edilən məsələnin araşdırılması zamanı Hallibörton Yeureyja Limited Şirkəti tərəfindən əmək münasibətlərinə davam edildiyi və heç bir şikayətin olmadığı bildirilmişdir. İş materiallarında olan Cavabdeh Şirkəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki: Cavabdeh-in iş həcminin azaldılması ilə əlaqədar Testing və subsea biznes seqmentində ştatların azaldılması (ixtisar olunması) məqsədəmüvafiq hesab edilmişdir. Bu səbəbdən də siz, işçi kimi AR Əmək Məcəlləsinin 70-ci maddasinin “b” bəndinə əsasən ixtisar olunursunuz. Sizin Cavabdeh-də əmək stajınız 2 il 04 ay olduğundan Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən dörd təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulmuşdur. 10 noyabr 2021-ci il tarixdən başlanan xəbərdarlıq müddəti 08 dekabr 2021-ci il tarixində başa çatacaq. Bu müddət ərzində sizə həftədə 1 gün olmaqla (həftənin 5-ci günü), cəmi 4 gün iş axtarmaq üçün vaxt veriləcək və həmin günlər siz əmək funksiyalarının icrasından azad olunacaqsınız. Xəbərdarlıq müddəti bitdikdən sonra sizə Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti ödəniləcək. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Testləmə və sualtı biznes seqmentinin xidmət üzrə supervayzer İİ-alətlərin müayinəsi (TT09-ESG) vəzifəsində çalışan İddiaçı 10 noyabr 2021-ci il tarixli K-80 nömrəli “İşçilərin sayı və ştatların ixtisarı haqqında” əmrlə tanış edilmişdir. İşçi İddiaçı qeyd olunan K-80 nömrəli əmrə əsasən hazırlanan xəbərdarlıq məktubunu imzalamaqdan imtina etmişdir. İş materiallarında olan 952696 nömrəli qaimədən görünür ki, ixtisarla bağlı xəbərdarlıq məktubunun surəti sürətli poçt vasitəsilə İddiaçı xx.xx.2021-ci il tarixdə şəxsən təqdim olunmuşdur. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının “əmək haqqının və vəzifənin dəyişdirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, K-49 saylı əmrinin surətindən görünür ki, xidmət üzrə koordinator müayinə və sualtı işlər (FF05-ESG) İddiaçı 16 iyun 2021-ci il tarixdən etibarən xidmət üzrə supervayzer İİ-alətlərin müayinəsi (TT09-ESG) vəzifəsinə keçirilməsi və hesablanmış aylıq əmək haqqının 2379 manat məbləğində təyin edilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının “xərclərin optimallaşdırılması haqqında” xx.xx.2021-ci il tarixli, K-79 saylı əmrinin surətindən görünür ki, sifarişçi tərəfindən təqdim olunan məlumata əsasən 2021-ci ilin noyabr ayından boru perforasiyası və qazma kəmərin sınağı üzrə əməliyyatlar əhəmiyyətli dərəcədə azalacaqdır. Nəticə olaraq şirkətdə iş həcminin azalması ilə əlaqədar xərclərin optimallaşdırılması işlərinin həyata keçirilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının “işçilərin sayı və ştatlarının ixtisarı haqqında” xx.xx.2021-ci il tarixli, K-80 saylı əmrinin surətindən görünür ki, iş həcminin azaldılması ilə əlaqədar və xərclərin optimallaşdırılması məqsədilə Testləmə və sualtı biznes seqmentinin xidmət üzrə supervayzer İİ-alətlərin müayinəsi (TT09-ESG) ştatının (vəzifəsinin) 8 dekabr 2021-ci il tarixindən etibarən ixtisar olunması, Testləmə və sualtı biznes seqmentinin işçisi İddiaçı 08 dekabr 2021-ci il tarixdən etibarən ixtisar olunması əmr edilmiş, əmrə əsas kimi xx.xx.2021-ci il tarixli, K-79 saylı əmr qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının “işdən azad olunması haqqında” xx.xx.2021-ci il tarixli, K-87 saylı əmrinin surətindən görünür ki, xidmət üzrə supervayzer İİ-alətlərin müayinəsi (TT09-ESG) vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinin 09 dekabr 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “b” bəndinə (ştatları ixtisar edildikdə) əsasən ləğv edilməsi, Əmək Məcəlləsinə əsasən orta aylıq əmək haqqının 1,4 misli miqdarında müavinətin ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən 12 iyun 2019-cu il tarixindən 15 iyun 2021-ci il tarixinə kimi şirkətdə xidmət üzrə koordinator-müayinə və sualtı işlər (FF05-ESG) vəzifəsində çalışmış və onun aylıq hesablanmış əmək haqqısı 5400 manat, 16 iyun 2021-ci il tarixindən 08 dekabr 2021-ci il tarixinə kimi xidmət üzrə supervayzer İİ-alətlərin müayinəsi (TT09-ESG) vəzifəsində çalışmış və onun aylıq hesablanmış əmək haqqısı 2379 manat təşkil etmişdir. İşçinin çalışdığı dövr ərzində aldığı ödənişlər həmin arayışda və 4 vərəqdən ibarət əlavədə qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının “əmək məzuniyyətinin verilməsi haqqında” xx.xx.2021-ci il tarixli, K-49/1 saylı əmrinin surətindən görünür ki, xidmət üzrə supervayzer İİ-alətlərin müayinəsi (TT09-ESG) vəzifəsində işləyən İddiaçı 17 iyun 2021-ci il tarixindən 30 iyun 2021-ci il tarixi daxil olmaqla 13 təqvim günü müddətində əmək məzuniyyəti verilmişdir. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının “əmək məzuniyyətinin verilməsi haqqında” xx.xx.2021-ci il tarixli, K-50/B saylı əmrinin surətindən görünür ki, xidmət üzrə supervayzer İİ-alətlərin müayinəsi (TT09-ESG) vəzifəsində işləyən İddiaçı 01 iyul 2021-ci il tarixindən 06 iyul 2021-ci il tarixi daxil olmaqla 6 təqvim günü müddətində əmək məzuniyyəti verilmişdir. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının “əmək məzuniyyətinin verilməsi haqqında” xx.xx.2021-ci il tarixli, K-65/2 saylı əmrinin surətindən görünür ki, xidmət üzrə supervayzer İİ-alətlərin müayinəsi (TT09-ESG) vəzifəsində işləyən İddiaçı 01 sentyabr 2021-ci il tarixindən 30 sentyabr 2021-ci il tarixi daxil olmaqla 30 təqvim günü müddətində əmək məzuniyyəti verilmişdir. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının “əmək məzuniyyətinin verilməsi haqqında” xx.xx.2021-ci il tarixli, K-71/4 saylı əmrinin surətindən görünür ki, xidmət üzrə supervayzer İİ-alətlərin müayinəsi (TT09-ESG) vəzifəsində işləyən İddiaçı 01 oktyabr 2021-ci il tarixindən 21 oktyabr 2021-ci il tarixi daxil olmaqla 21 təqvim günü müddətində əmək məzuniyyəti verilmişdir. İş materiallarında olan əmək qabiliyyətinin olmaması vərəqələrinin surətlərindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər xəstəliyi ilə əlaqədar olaraq işdən azad edilmişdir. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə İdarəsi 20 saylı şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, 1979-cu il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixində Nəsimi rayonu 20 saylı şəhər poliklinikasının cərrahiyyə kabinetinə “sağ diz oynağının əziyi” şikayətləri ilə müraciət etmişdir. Xəstə İddiaçı həkim-cərrah tərəfindən müayinə olunaraq “sağ diz oynağının əziyi və hemoartrozu” diaqnozu ilə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci ilə qədər 162840 nömrəli xəstəlik vərəqəsi açılmışdır. Xəstə İddiaçı vəziyyətinə əsasən, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci ilə qədər 162840 nömrəli xəstəlik vərəqəsinin davamı olaraq ******* nömrəli xəstəlik vərəqəsi açılmışdır. Xəstə İddiaçı xx.xx.2021-ci il tarixindən sağalma ilə işə yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən Cavabdeh Şirkətinin Filialına ünvanlanan xx.xx.2022-ci il tarixli, **********8 saylı əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında məktubun surətindən görünür ki, Cavabdeh Şirkətinin Filialı tərəfindən sığortaolunan İddiaçı əmək qabiliyyətini müvəqqəti itirməsi barədə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına müraciət olunmuş və həmin müraciətə qeyd olunan məktubla cavab verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən 12 iyun 2019-cu il tarixindən 15 iyun 2021-ci il tarixinə kimi şirkətdə xidmət üzrə koordinator-müayinə və sualtı işlər (FF05-ESG) vəzifəsində çalışmış və onun aylıq hesablanmış əmək haqqısı 5400 manat, 16 iyun 2021-ci il tarixindən 08 dekabr 2021-ci il tarixinə kimi xidmət üzrə supervayzer İİ-alətlərin müayinəsi (TT09-ESG) çalışmış və onun aylıq hesablanmış əmək haqqısı 2379 manat təşkil etmişdir. İddiaçı vergi daxil olmaqla xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində məzuniyyətdə olduğuna görə 3933,67 manat, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində məzuniyyətdə olduğuna görə 1836,54 manat, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ilk 14 gün və şirkət tərəfinə düşən öhdəliyin ödənilməsi üzrə 2328,75 manat, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində məzuniyyətdə olduğuna görə 611,94 manat, xx.xx.2021xx.xx.2021-ci il tarixlərində məzuniyyətdə olduğuna görə 8717,10 manat, xx.xx.2021-xx.xx.2021ci il tarixlərində məzuniyyətdə olduğuna görə 6278,79 manat, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 1428,57 manat, xx.xx.2021xx.xx.2021-ci il tarixlərində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 1250 manat, ixtisar zamanı istifadə edilməmiş məzuniyyətə görə 4482,45 manat, ixtisar üzrə orta aylıq əmək haqqının 1,4 misli miqdarında müavinət 7335,73 manat, son-haqq hesab üzrə ödəniş 12470,71 manat ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən “BHM və Partnyorları” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********8 saylı məktubdan görünür ki, İddiaçı (FİN-xxxxxxx) adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində qüvvədə olan əmək müqaviləsi bildirişinə əsasən, İddiaçı ilə BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında xx.xx.2022-ci il tarixdə quyular qrupu, quyuların tamamlanması və quyulara müdaxilə üzrə mühəndis vəzifəsi üzrə müddətsiz əmək müqaviləsi bağlanılmışdır. Əmək haqqı barədə məlumat əldə etmək üçün işəgötürənə müraciət olunması tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2022-ci il tarixli, 4/407 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli 946 saylı əmək müqaviləsinə 1 saylı dəyişikliyin 3-cü vərəqinin aşağı hissəsində “İddiaçı” yazılarının yuxarısında “İşçi” qrafasında və “By: Farid Bakhshaliyev” yazılarının yuxarısındakı imzanın-İddiaçı tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərdən (nümunələrin öz aralarında birbirindən fərqlənməsi, imzaların fərqli variantlarda icra olunması, tədqiq olunan imzalarda qəsdən dəyişdirməklə icra olunma əlamətlərinin istisna olunmaması və digər səbəblərdən) müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan “X2” MMC-nin 23 may 2022-ci il tarixli, 110 nömrəli mütəxəssis rəyindən görünür ki, tədqiqata təqdim edilmiş A-4 formatlı iki ədəd kağız vərəqdə kserosurətlə çap edilmiş və əsli ilə eynilik təşkil edən Cavabdeh şirkətinin 16 iyun 2021-ci il tarixli müqaviləsinin İngilis və Azərbaycan dilində icra edilmiş hər iki işçi qrafalarında İddiaçı adından icra edilmiş mübahisəli imzalar İddiaçı tərəfindən deyil, başqa bir şəxs tərəfindən icra edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2022-ci il tarixli, 4/922 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh Şirkətinin Filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 946 saylı əmək müqaviləsinin 5-ci vərəqinin aşağı hissəsində “İddiaçı” və “By: Farid Bakhshaliyev” yazılarının yuxarısındakı imzalar ilə 946 saylı əmək müqaviləsinə 1 saylı dəyişikliyin 3-cü vərəqinin aşağı hissəsində “İddiaçı” yazılarının yuxarısında “İşçi” qrafasında və “By: Farid Bakhshaliyev” yazılarının yuxarısındakı imzaların öz aralarında – eyni şəxs və ya müxtəlif şəxslər tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan “X5” MMC-nin 28 iyul 2022-ci il tarixli, İEM-03/06/22 nömrəli mütəxəssis rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında yerləşən nümayəndəliyi ilə İddiaçı adından bağlanmış 12 iyun 2019-cu il tarixli 0946 saylı əmək müqaviləsinin kserosurətinin 10-cu vərəqində “Adı: İddiaçı” və “By: Farid Bakhshaliyev” qrafalarındakı imzalarla (İ qrup) həmin əmək müqaviləsinə edilmiş dəyişikliyə dair tərtib edilmiş 16 iyun 2021-ci il tarixli 1 saylı əlavənin kserosurətinin 3-cü vərəqində “By: Farid Bakhshaliyev” və “Adı: İddiaçı” qrafalarındakı imzaların (İİ qrup) öz aralarında eyni şəxs tərəfindən və ya bu imzalar qrupunun öz aralarında müxtəlif şəxslər tərəfindən icra olunub-olunmamasını tədqiqi hissədə göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli 0946 saylı əmək müqaviləsi bağlanmış, iddiaçı xidmət üzrə koordinator vəzifəsinə işə qəbul edilmiş, daha sonra 0946 saylı müqaviləyə 1 nömrəli dəyişikliyə və xx.xx.2021-ci il tarixli K-49 saylı əmrə əsasən, İddiaçı xidmət üzrə supervayzer İİ-alətlərin müayinəsi (TT09-ESG) vəzifəsinə keçirilmişdir. İddiaçı tərəfin başqa işə keçirilməyə razılığının olmadığı və 0946 saylı müqaviləyə 1 nömrəli dəyişikliyin onun tərəfindən imzalanmadığı barədə dəlilləri (iddia tələbinin əsaslandığı hallar) məhkəmə baxışı zamanı sübuta yetirilməmiş, əksinə mötəbər sübutlar (başqa işə keçirilmə ilə bağlı işəgötürənin təklifinin qəbul edildiyini təsdiq edən xx.xx.2021-ci il tarixli sənədi imzaladığını iddiaçının özünün etiraf etməsi, mülki iş üzrə iki dəfə keçirilmiş ekspertizanın rəyləri, 28 iyul 2022-ci il tarixli, İEM-03/06/22 nömrəli mütəxəssis rəyi) ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfin təqdim etdiyi 23 may 2022-ci il tarixli, 110 nömrəli mütəxəssis rəyi 15 aprel 2022-ci il tarixli, 4/407 nömrəli, 18 iyul 2022-ci il tarixli, 4/922 nömrəli ekspert rəyləri, 28 iyul 2022-ci il tarixli, İEM-03/06/22 nömrəli mütəxəssis rəyi ilə təkzib edildiyindən mötəbər sübut kimi qiymətləndirilə və qəbul edilə bilməz. Qeyd olunanlara və məhkəmə iclasında tədqiq olunan sübutlara əsasən müəyyən edildi ki, iddianın xx.xx.2021-ci il tarixli, NK-49 saylı əmrin ləğvi, iddiaçının “xidmət üzrə koordinator” vəzifəsinə bərpa edilməsi, cavabdeh tərəfindən məcburi işburaxma dövrü üzrə xx.xx.2021-ci il tarixindən hər ay üçün orta əmək haqqının 8000 (səkkiz min) manat ödənilməsi ilə bağlı hissəsi, həmin tələblərin əsaslandığı hallar sübuta yetirilmədiyindən və mülki iş üzrə mötəbər sübutlarla təkzib edildiyindən, əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4-1-ci maddəsinə əsasən, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Bundan əlavə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh təşkilat tərəfindən ixtisarla bağlı əmək müqaviləsinin şərtlərinə və əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir. Belə ki, şirkətdə iş həcminin azalması səbəbindən xərclərin optimallaşdırılması zərurəti xx.xx.2021-ci il tarixli, K-79 saylı əmrlə müəyyən edilmiş, daha sonra bu məqsədilə verilmiş xx.xx.2021-ci il tarixli, K-80 saylı əmrə əsasən iddiaçının tutduğu vəzifənin (ştatın) ixtisar olunması və bununla bağlı Əmək Məcəlləsinə uyğun tədbirlərin görülməsi qərara alınmış, əmrə uyğun olaraq xəbərdarlıq müddəti, iş axtarmağa imkan yaradılması, işdənçıxarma müavinəti və digər tələblərə əməl olunmaqla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda, məzuniyyətlərlə bağlı ödənişlərin aparıldığı maliyyə arayışları ilə yanaşı məhkəmə iclasında iddiaçı tərəfindən də təsdiq edilmiş, həmçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə məlumatın cavabdeh tərəfindən müvafiq dövlət qurumuna təqdim edildiyi Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən Cavabdeh Şirkətinin Filialına ünvanlanan xx.xx.2022-ci il tarixli, **********8 saylı məktubdan aydın olmuşdur. Qeyd olunanlara və məhkəmə iclasında tədqiq olunan sübutlara əsasən müəyyən edildi ki, iddianın xx.xx.2021-ci il tarixli, NK-80 saylı və xx.xx.2021-ci il tarixli, NK-87 saylı əmrlərin ləğv edilməsi, işə bərpa, ödənilməmiş məzuniyyət pulunun, əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə ödənişlərin hesablanaraq ödənilməsi, əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məlumatın göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı hissəsi, həmin tələblərin əsaslandığı hallar sübuta yetirilmədiyindən və mülki iş üzrə mötəbər sübutlarla təkzib edildiyindən, əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11.1-ci maddəsinin b) və ə) bəndlərinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqları arasında qeyd olunmuşdur. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda, bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olan müddətdə (bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi) rəsmi xəbərdar edilməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq (bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında) işdənçıxarma müavinəti ödənilir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia tələblərinin əsaslandığı hallar, o cümlədən mübahisə predmeti olan əmrlərin qanunazidd olması sübuta yetirilmədiyindən, habelə iddiaçıya münasibətdə cavabdeh tərəfindən əmək müqaviləsinin şərtlərinin və əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmədiyindən, iddia tələbləri əsassız hesab olunaraq təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia təmin olunmadığından, ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialına qarşı işə bərpa və digər tələbləri barədə iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərclərinə görə İddiaçı 248 (iki yüz qırx səkkiz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, ekspertiza xərci, SAP (XİİS) hesabı: X1, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar