Məhkəmə qərarları › İş №e-2(002)-659/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-659/2024

19.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-659/2024 19.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Cavabdeh Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş ziyan tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə maddi ziyana görə 8500 (səkkiz min beş yüz) manat pulun, 141 (yüz qırx bir) manat əldən çıxmış faydanın, ödənilmiş 56 manat dövlət rüsumunun, mediasiya üçün ödənilmiş 60 (altmış) manatın, cəmi 8757 (səkkiz min yeddi yüz əlli yeddi) manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh əmək müqaviləsinə və tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən İddiaçı MMC-də xx.xx.2023-cü il tarixdən ekspeditor vəzifəsində çalışmışdır. İşlədiyi dövrdə satılmış malların pullarını şirkətə təhvil verməli olduğu halda, öz vəzifəsinə və müqavilə öhdəliklərinə səhlənkar yanaşaraq həmin pulun bir hissəsini öz şəxsi məqsədləri üçün istifadə etməklə müəssisəyə maddi ziyan vurmuşdur. Özünün izahatından göründüyü kimi, cavabdeh etiraf etmişdir ki, 2023-cü ilin sentyabr ayında MMC-yə məxsus 6000 manat pulu müəssisəyə çatdırmaq üçün götürmüş və müəssisəyə təhvil verməmişdir. Guya pulu itirdiyini və pul tapılmasa özünün ödəyəcəyini bildirmiş, lakin polisə müraciəti barədə hər hansı sənəd təqdim etməmiş, pulu da qaytarmamışdır. Bundan əlavə, oktyabr ayında yoxlama zamanı məlum olmuşdur ki, cavabdeh çalışdığı vaxtlarda mağazalardan müəssisəyə çatası müxtəlif məbləğləri almış, şəxsi məqsədləri üçün istifadə etmiş, bununla da müəssisəyə yenə ziyan vumuşdur. Cavabdehin iştirakı ilə tərtib edilmiş təhvil-təslim aktlarına əsasən, cavabdehin şirkətə əlavə olaraq 2500 manat ziyan vurduğu öz təsdiqini tapmışdır. Bununla bağlı cavabdeh aktlarda qeyd etmişdir ki, guya şirkət tərəfindən əmək haqqı ödənilmir. Halbuki, məhkəməyə təqdim edilən çıxarışlardan görünür ki, cavabdehə vaxtında və nəzərdə tutulan məbləğdə hər ay ödənişlər edilmişdir. Əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda, dəfələrlə pulun qaytarılması ilə bağlı cavabdehə müraciət edilməsinə baxmayaraq, cavabdeh hər dəfə ödəyəcəyini bildirsə də, onun tərəfindən 8500 manat pul İddiaçı MMC-yə ödənilməmişdir. Cavabdehə pretenziya qaydasında, habelə mediasiya prosesində iştirak üçün müraciət olunsa da, ümumiyyətlə heç bir tədbir görməmişdir. Cavabdehin bu hərəkətləri nəticəsində iddiaçı təşkilata maddi ziyan dəymişdir. Ona görə də iddiaçı təşkilat məcbur olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, VO-717 saylı əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, həmin müqavilənin 1-ci bəndinə əsasən, maddi məsul şəxs olan işçi ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və bu müqavilədə nəzərdə tutulmuş vəzifələri icra etməyə borcludur. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, işçi ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, işçi ziyanı könüllü surətdə ödəməkdən imtina edərsə işəgötürənin qanunla müəyyən edilmiş qaydada müvafiq tədbirlər görmək hüququ vardır. İş materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli yazılı izahatından görünür ki, o, xx.xx.2023-cü il tarixdə ona təhkim olunmuş ərazidə mağazalardan 6000 manat məbləğində pulu alıb pul kisəsinə yerləşdirərək pul kisəsini əlində olan salafan torbaya qoymuşdur. Həmin salafan torbanı onunla birlikdə işləyən Şaiq müəllimin maşınına yerləşdirib ərazidə çay içdikdən sonra maşına yaxınlaşmış və torbanı kəsilmiş vəziyyətdə olmaqla pul kisəsinin torbanın içərisində olmadığını görmüşdür. Pulun tapılması üçün polisə müraciət etmişdir, tapılmadığı təqdirdə həmin pulu özü ödəyəcəkdir. İş materiallarında olan X1 xx.xx.2023-cü il tarixli yazılı izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında satış nümayəndəsi Cavabdehla birlikdə Sədərək TM-nə satış və pulların yığılması məqsədilə daxil olmuşlar. Borcları yoxladıqda ödəniş edən müştərilər pulu Fuada verirdilər. Pulun müştəridən alınıb kassaya verilməsinə satış nümayəndəsi məsuliyyət daşıyır. O isə borcun düzgün olub-olmadığını dəqiqləşdirirdi. Bazar daxilində onlar işlərini bitirdikdən sonra bazardan çıxdılar. Bazarda olarkən Fuad sabun və başqa xırda ləvazimatlar alıb salafan torbaya qoyurdu. Bazardan çıxdıqdan sonra “Çiçək” kafesinə doğru getdilər. Onun maşını kafenin yanında olduğundan Fuad özü salafan torbanı maşına qoydu. Daha sonra Fuad maşına torbanı götürmək üçün yaxınlaşmış və pul kisəsinin olmadığını bildirmişdir. Fuada polisə və ya mühafizəyə məlumat verilməli olduğunu bildirmiş, Fuad pulu tapacağını, tapılmasa özünün ödəyəcəyini bildirmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli, 82 saylı məktubdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş və aylıq əmək haqqı 556 manat təyin edilmişdir. 01 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşçinin əmək haqqı hər ay mütəmadi olaraq kart hesabına köçürülmüşdür, işçi ilə son haqq-hesab edilmiş və müəssisənin ona heç bir əmək haqqı borcu qalmamışdır. Əmək haqqı üzrə kart hesabından çıxarış məktuba əlavə edilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin əməkdaşları Heydərov Camal, Qasımov Vüqar, Məmmədov Amil, Nümayəndə, Mürsəlov Tural və Məmmədova Könülün imzaları ilə təsdiq etdikləri xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, satış nümayəndəsi vəzifəsində işləyən Cavabdeh 01-30 noyabr 2023-cü il tarixlərində heç bir üzrlü səbəb olmadan bütün iş günləri ərzində işə çıxmamış və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) tələblərini pozmuşdur. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli, Cavabdeh imzası ilə təsdiq etdiyi təhvil-təslim aktlarından görünür ki, Cavabdeh əmək haqqı verilmədiyinə görə şəxsi ehtiyacları üçün müxtəlif müəssisələrdən toplanılan və İddiaçı MMC-yə ödənilməli olan pul vəsaitlərindən ardıcıllıqla 86 manat, 342,01 manat, 397,58 manat, 159,52 manat, 600,20 manat, 238,71 manat və 250 manat olmaqla, ümumilikdə 2074,02 manat məbləğində pul vəsaitini götürmüşdür. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli təhviltəslim aktlarından görünür ki, həmin aktlar üzrə 80 manat və 374,58 manat məbləğlərinin şirkətə ödənilmədiyi müəyyən edilmişdir, lakin həmin aktlar Cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə dair xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) göstərilməklə əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, tərəflər arasında əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, cavabdeh ona etibar edilmiş maddi sərvətlərə, pul vəsaitlərinə görə tam maddi məsuliyyət barədə öhdəlik götürmüşdür. Həmçinin, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən yazılı izahatların, maliyyə sənədlərinin, təhvil-təslim aktlarının surətlərinə əsasən müəyyən edildi ki, cavabdeh 2023-cü ilin sentyabr ayında iddiaçı təşkilata məxsus 6000 manat pulu müəssisəyə çatdırmaq üçün götürmüş, lakin müəssisəyə təhvil verməmiş, yazılı izahatında ödəyəcəyini bildirmişdir. Cavabdeh həmin yazılı izahatında bu barədə pulun avtomobilə qoyduğu torbadan yoxa çıxdığını qeyd etsə də, bununla bağlı hər hansı polis orqanına müraciət etdiyini, ziyanın onun tərəfindən vurulmadığını təsdiq edən hər hansı sənədi nə işəgötürənə, nə də məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, təhvil təslim aktları üzrə cavabdeh tərəfindən təsdiq edilmiş və iddiaçıya təhvil verilməmiş qalıq məbləğin 2074,02 manat (86+342,01+397,58+159,52+600,2+238,71+250=2074,02) olduğu təsdiq olunur. Cavabdeh həmin aktlarda əmək haqqı almadığını və pulları şəxsi ehtiyacları üçün götürdüyünü qeyd etsə də, bu qeydlər iş materiallarında olan əmək haqqı üzrə kart hesabından çıxarışla təkzib olunur. Buna baxmayaraq, 80 manat və 374,58 manat həcmində qalıq məbləğlər üzrə təhvil-təslim aktları cavabdehin iştirakı olmadan tərtib edildiyindən, əsaslı hesab oluna bilməz. Beləliklə, iş üzrə sübutlara və məhkəmə iclasında tədqiq olunan sübutlara, o cümlədən cavabdehin özünün yazılı izahatına və qeydlərinə əsasən müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyanın 8074,02 manat həddində olduğu təsdiq olunur. Cavabdeh işçi həmin ziyanın onun tərəfindən vurulmadığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, maddi ziyana görə iddia tələbi qismən, 8074,02 manat həddində əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199.1-ci maddəsinə əsasən, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202.1ci maddəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən, əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən, qanunverici təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir.İşçi əmək münasibətləri prosesində işəgötürənə ziyan vurmuş və bu lazımi qaydada rəsmiləşdirilmişdirsə, işçi ziyanı ödəməkdən imtina edərsə işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşəgötürənə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilmişdirsə, işəgötürən bu halda da ziyan vuran işçidən ziyanın məbləğinin tutulması üçün məhkəmədə iddia qaldıra bilər. Bundan əlavə, məhkəmə, əldən çıxmış fayda barədə iddia tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 201.2-ci maddəsinə əsasən, işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır. Məhkəmə iddianın dövlət rüsumunun və mediasiya xərcinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 8074,02 manat (səkkiz min yetmiş dörd manat iki qəpik) məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumuna və mediasiya xərcinə görə 99,97 manat (doxsan doqquz manat doxsan yeddi qəpik) tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cavabdeh

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar