Məhkəmə qərarları › İş №e-2(002)-677/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-677/2023

05.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-677/2023 05.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə iddia tələbinə dair mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan 10 iyun 2016-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və xəritəçəkmə Komitəsi tərəfidən xx.xx.2004-cü il tarixdə Cavabdeh1 verilmiş seriya nömrəsi JN: 16512H, KOD 00600016 olan şəhadətnaməyə əsasən tam mülkiyyət üzrə Bakı şəhəri, X3, cənub-qərb hissəsində yerləşən sahəsi 0.025 ha torpaq sahəsi 5000 manata alıcı Cavabdeh2 satılmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, X3, cənubqərb hissəsində yerləşən sahəsi 0.025 ha torpaq sahəsi xüsusi mülkiyyət formasında Cavabdeh2 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.

3. İşdə olan, Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə A-1012 nömrəli xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən, Cavabdeh2 ünvan 1 ünvanında təbii qazla təmin edilir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-4873/2019 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri X3nin cənub-qərb hissəsində yerləşən 0.025 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçı Cavabdeh2 sahibliyinə verilməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 9701/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4873/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(005)- 467/2020 nömrəli Qətnaməsi ilə Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 13 nömrəli notariat ofisinə və İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi rədd edilmişdir.

İddia tələbi

7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş hallar pozulduğu üçün işin Prukurorluq tərəfindən araşdırılması və cinayət işinin qaldırılması, Bakı şəhəri, Suraxanı rayonu, X3 ünvanında yerləşən 02.5 ha torpaq sahəsi üzərində tikilmiş evin və mağazanın dəyəriylə bağlı mübahisə nəticəsində dəymiş zərər 79.000 (yetmiş doqquz min) manat maddi, 21.000 (iyirmi bir min) manat isə mənəvi zərərin ümumilikdə cəm olaraq 100.000 (yüz min) manat pul məbləğinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, 2008-ci il tarixlərində o, Cavabdeh1 X3 7-də yerləşən 0.025 ha (YH: 16512H kod:********) tarpaq sahəsinin üzərində tikilmiş 1 mərtəbəli, 3 otaqdan, 1 zal, mətbəx, hamam-tualet, guşəli eyvan evə bitişik əl damı və evin qabağında 50 kv/m mağazanı, yəni ümumilikdə mülki razılıq yoluyla 59000 (əlli doqquz min) ABŞ dollarına almışdır. Cavabdeh1 ilə aralarında etibar olub, yəni ailəvi dost olduğu üçün alqı-satqı müqaviləsini notarial qaydada bağlamamış və mülkiyyətlə bağlı sənədlər onda qalmışdır. 04 iyun 2016-cı il tarixində onunla həmyerlisi Cavabdeh2 arasında X3 7-də yerləşən mülkiyyətilə bağlı danışıq olmuşdur. Yəni evlə birlikdə mağazanı almağını istəmişdir. O Cavabdeh2yla sövdələşəndən sonra 84.000 (səksən dörd min) manata razılaşıblar. Bir neçə gündən sonra Cavabdeh2 ona 5000 (beş min) manat pul məbləğini beh qismində notarial qaydada ödəmişdir. Pul məbləğinin qalıq hissəsini tam olaraq ödəyəndən sonra ailəliklə yaşadığı evi-mülkiyyəti onun üzərinə notarial qaydada keçirilməsinə, yəni alqı-satqı müqaviləsini notarial qaydada imzalanmasına vəd verdi. Mülkiyyətinin, yəni evlə mağazanın satılması barədə razılaşmanın olmasını Cavabdeh1 bildirmişdi. Pul məbləğinin tam olaraq ona verilməməsini bilən Cavabdeh1 ona qarşı hiylə işlədib pul qazanmaq məqsədiylə onun xəbəri olmadan ailəliklə yaşadığı mülkiyyəti - evi Cavabdeh2 üzərinə notarial qaydada (AN-İ № 0490684) daşınmaz əmlakın alqı-Satqı müqaviləsini bağlamışdır. Alqı-satqı müqaviləsinin bağlanılmasını təxminən 8-12 ay keçəndən sonra bilmişdir. Hadisəni araşdırarkən Cavabdeh2ı tapa bilmədi. Cavabdeh1 isə alqı-satqı müqaviləsinin onun icazəsi olmadan niyə imzaladığını ona izah edə bilmədi. Ailəliklə yaşadığı evlə bağlı onlara qarşı dələduzluq hadisəsi baş verib. Yəni onlar iki nəfər yaxşı tanıdığı insanların hiyləsiylə evindən məhrum edilirlər. Hazırda Cavabdeh2 Azərbaycan Respublikasında olmamasını bilir və Cavabdeh1 ondan gizlənmir. Bir qrup şəxslər tərəfindən ona qarşı hiylə işlədilib. Ona 79.000 (yetmiş doqquz min) manat ziyan dəyib, yəni pul məbləğini vermədən və onun razılığı olmadan ev Cavabdeh2 adına sənədləşdirilib. Cavabdeh2 qərəzli formada ondan gizlənir. Telefonuna cavab vermir. Cavabdeh1 isə cavabdehlik daşımağa və məhkəmədə iştirak edib həqiqəti məhkəməyə bildirməyə, yəni Cavabdeh2 ona borclu olmasını təsdiqləməyə hazırdır. Cavabdeh2 ona qarşı “qanunsuz zəbt edilmiş torpaqdan çıxarılması və sahibliyinə verilməsi” iddiasıyla Suraxanı rayon Məhkəməsinə müraciət etmiş və iddiaçının xeyrinə məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmədə iclas keçirilərkən məhkəmənin hakimi onu dinləmək istəməyib iddiaçının tələbini təmin etdi. xx.xx.2021-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında onun apellyasiya şikayətimə məhkəmə iclas zalında mülki işə baxıldı və Məhkəmə onun Apellyasiya şikayətimi təmin etmədi. Bakı şəhəri Suraxanı Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4873/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanıldı. Cavabdehlər könüllü olaraq ona borclu olduqları 79.000 (yetmiş doqquz min) manat pul məbləğini qaytarmaqdan imtina edirlər. O isə öz növbəsində məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü Kadastr kitabında uçota alınıb. İstifadə etdiyi torpağın vergisini o qohumlarının vasitəsiylə ödəmişdir. Qeyd etdiyi hadisələrlə bağlı, yəni özbaşınalığın nəticəsində xeyli əsəb və gərginlik keçirmişdir. Onların özlərini ona qarşı kobud aparması qanunun tələblərinə əməl etməməkləri, yəni heç kimi saymamaqları və torpaq sahəsinin əlindən alınması artıq sübutdur. Qeyd edilən halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çxıarılmasını məhkəmədən xahiş edir.

9. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Konstitusiyası 29-cu maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 164.1, 152.5-ci maddələrinə istinad etmişdir.

10. İddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

12. İddiaçının vəkili və nümayəndəsi Vəkil işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində məhkəmə iclaslarında iştirak edərək, öz izahatında iddiaçı cavabdeh Qalibdən 59000 manata ev alıb, tərəflər arasında etibar olduğuna görə ev alqı-satqısını rəsmiləşdirməyiblər, Cavabdeh1 də məhkəmə iclasında etiraf etdi ki, evi həm iddiaçıya, həm də digər Cavabdeh2 satıb. Yəni Cavabdeh1 iddiaçının ona olan etibarından sui-istifadə edib dələduzluq edib, 5000 manata görə iddiaçının torpaq sahəsi onun əlindən çıxıb, iddiaçı elə zənn edib ki, bütün əmlakı əlindən çıxıb, amma torpaq sahəsindən məhrum olub, Cavabdeh2 İddiaçı qarşı qanunsuz zəbt edilmiş torpaqdan çıxarılması və sahibliyinə verilməsi tələbi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdi. Suraxanı Rayon Məhkəməsi onun iddia tələbini təmin edərək iddiaçının Bakı şəhəri, X3nin cənub-qərb hissəsində yerləşən torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul etmişdir. Həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti versələr də Bakı Apellyasiya Məhkəməsi apelyasiya şikayətini təmin etməyərək Suraxanı Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Göstərilənlərə əsasən iddiaçının vəkili iddianın tam təmin edilməsini xahiş etmişdir.

13. Cavabdeh1 27 fevral 2023-cü tarixli məhkəmə iclasında iştirak edərək bildirdi ki, iddiaçı mübahisəli evi ondan almışdır, İddiaçı ona dedi ki, Telman yaxınıdır, evi Cavabdeh2 satmışdır, bundan bir neçə gün sonra Telman ona demişdir ki, iddiaçıya pulu verəcək, evi adına keçirəcək, o da Telmanın bu sözünə inanaraq evi Telmanın adına keçirmiş, daha sonra Bəxtiyar Telmanın ona pul vermədiyini demişdir. Göstərilənlərə əsasən, iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

14. Cavabdeh2 16 fevral 2023-cü tarixli məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etmədiyini, iddianın tam əsassız olduğunu bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsini və mağazanı Cavabdeh1 satın almışdır, iddiaçının dediyi kimi beh verməmişdir. İddiaçı onu illərdir məhkəməyə verir, ancaq həm Nərimanov Rayon Məhkəməsi, həm Suraxanı Rayon Məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsində iddiaçının tələbləri rədd edilib, iddiaçı onun evində beç ildir heç bir kirayə ödənişi etmədən yaşayır. O, qanuni şəkildə pulunu ödəməklə alqı-satqı yolu ilə əmlak almış, iddiaçı ilə Cavabdeh1 arasındakı etibar münasibətlərinin pozulub-pozulmaması barədə məlumatsızdır və bu hal onun maddi və mənəvi zərərə görə iddiaçıya pul ödəməsinə səbəb ola bilməz.

15. Tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə baxışının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsasları

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir;

17. 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

18. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

19. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

22. 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

23. 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

25. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

26. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

27. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

29. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

31. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

32. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

a) Əsaslandırma

34. İddia əsassızdır.

35. Məhkəmə ilk növbədə onu qeyd edir ki, hüquq mübahisəsinə qiymət verilməsi ilk növbədə, tələbin qanuni əsasının müəyyən edilməsi mərhələsindən, sonra işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin hüquq normasının dispozisiya şərtlərinə uyğunluğunun yoxlanmasından ibarət olmalıdır.

36. Hazırkı iddia tələbi üç hissədən ibarətdir: - Bakı şəhəri, Suraxanı rayonunu, X3 ünvanında yerləşən 02.5 ha torpaq sahəsi üzərində tikilmiş evin və mağazanın dəyəriylə bağlı mübahisə nəticəsində dəymiş zərər 79.000 manat maddi zərərin ödənilməsi 2) həmin mübahisə nəticəsində dəymiş 21.000 manat isə mənəvi zərərin ödənilməsi 3) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265-ci maddəsinə əsasən, işin Prukurorluq tərəfindən araşdırılmasını və cinayət işinin qaldırılması.

37. İddiaçı Bakı şəhəri, X3, cənub-qərb hissəsində yerləşən sahəsi 0.025 ha torpaq sahəsi və onun üzərində yerləşən mağazanı Cavabdeh1 aldığını, lakin bu zamanda aralarında rəsmi müqavilə bağlanmadığını və əmlakın sənədlərinin Cavabdeh1 qaldığını, lakin əmlakdan faktiki olaraq özünün istifadə etməyə davam etdiyini, sonradan həmin əmlakı Cavabdeh2 84.000 manata satmaqla bağlı razılaşdıqlarını, Cavabdeh2 5000 manat beh ödədikdən sonra 79.000 manatı ödəmədən evin öz adına keçirilməsi barədə Cavabdeh1lə müqavilə bağlayaraq həmin torpaq sahəsinə dair çıxarış aldığını, nəticədə ona ödənilməmiş 79.000 manat maddi ziyanın və mənəvi zərər olaraq 21.000 manatın ödənilməli olduğunu bildirir.

38. Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinə dair qanunla müəyyən edilmiş qaydada etibarlı müqavilə bağlanması faktı mövcud olmadığından (Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir) iddia tələbinin 79.000 maddi ziyanın ödənilməsi hissəsinin qanuni əsası kimi deliktdən və ya əsassız varlanma çıxış edə bilər.

39. Məhkəmə deliktdən irəli gələn tələblə bağlı yoxlama apararaq qeyd edir ki, burada qanuni əsas qismində Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələri çıxış edir. Mülki Məcəllənin həmin maddələrinə əsasən zərərvuran zərərin əvəzini tam həcmdə ödəməlidir. Deliktlə bağlı tələbin dispozisiya şərtləri iddiaçının şəxsiyyətinə və əmlakına əməl nəticəsində zərər vurulması; həmin əməlin zərərə səbəb olması (məsuliyyəti əsaslandıran səbəb-nəticə əlaqəsi), əməlin hüquqazidd olması və zərərvuran tərəfindən təqsirli olaraq törədilməsindən ibarətdir.

40. Hazırkı işdə cavabdehlərin hüquqazidd hərəkət etməsini və bu zaman təqsirli olmasını yoxlamazdan əvvəl ümumiyyətlə əməlin baş verib-vermədiyi araşdırılmalıdır. Həmin əməl şüurlu və iradəvi xarakter daşımalıdır. Yuxarıda qeyd edilən məhkəmə qətnamələrindən də aydın olduğu kimi, Cavabdeh2la Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsızlığına qiymət verilmiş və Cavabdeh2 İddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı borclu olması faktı məhkəmə araşdırması zamanı öz hüquqi təsdiqini tapmamışdır.

41. Belə ki, İddiaçı pulunun ödənilmədiyini və nəticədə ona maddi ziyan vurulduğunu iddia etdiyi torpaq sahəsi və onun üzərində tikilmiş ev və mağazanın Cavabdeh2 satılması ilə bağlı sübutetmə yükünü yerinə yetirməmişdir. Belə ki, Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(005)-467/2020 nömrəli qətnaməsi ilə “iddiaçı Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 13 nömrəli notariat kontorunda 4Ə-101 nömrəli reyestrlə qeyd edilmiş, 10 iyun 2016-cı il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsindən onun adına verilmiş Bakı şəhəri, Suraxanı rayonu, X3 cənub-qərb hissəsinə qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 20 iyun 2017-ci il tarixli ******* nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

42. Göstərilənlərin əksinə, iş materiallarında olan çıxarış, alqı-satqı və müvafiq məhkəmə qətnamələrinə əsasən Bakı şəhəri, X3, cənub-qərb hissəsində yerləşən sahəsi 0.025 ha olan torpaq sahəsinin Cavabdeh2 mülkiyyətində olması isə işin mübahisəsiz halıdır. İddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı Cavabdeh2 ilə aralarında müqavilə bağlanması, sonuncunun müqavilə öhdəliyini yerinə yetirməyərək pul ödəməməsi faktının təsdiqi üçün yeganə sübut kimi Cavabdeh1 izahatına istinad edir. Məhkəmə cavabdeh bununla bağlı onu qeyd edir ki, həmin izahatında Cavabdeh1 mübahisəli əmlakla bağlı Cavabdeh2la notarial qaydada alqı-satqı müqaviləsi bağladığını, lakin əmlakın faktiki sahibinin İddiaçı olduğunu qeyd etmişdir və göstərilən izahat Cavabdeh2 iddiaçıya borclu qalmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

43. Beləliklə, yuxarıda qeyd edilən maddələrdə təsvir edilmiş mənada “əməl” olmadığından cavabdehlər mülki hüquq pozuntusu ilə bağlı məsuliyyət daşımırlar. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi deliktlə bağlı qeyd edilən norma ilə nəzərdə tutulmuş birinci tərkib elementinə (əməl) görə yarana bilmədiyindən, hüquqaziddlik və yaxud təqsirin olub-olmaması artıq prosessual qənaət prinsipi baxımdan məhkəmə tərəfindən yoxlanılmır.

44. Məhkəmə tələbin əsassız varlanmadan (Mülki Məcəllənin 1091-1094-cü maddələr) irəli gəlməsi ilə bağlı yoxlama apararaq qeyd edir ki, həmin tələbin dispozisiya şərtləri bir şəxsin əmlak əldə etməsi; həmin əmlakın kreditorun əmlakı hesabına əldə edilməsi; bu əldəetmə üçün heç bir hüquqi əsasın olmamasından ibarətdir.

45. Hazırkı işin hallarında Cavabdeh2 əmlak əldə etməsi, Cavabdeh1 isə alqı-satqı müqaviləsinə əsasən pul əldə etməsi faktı təkzib edilmir. Tələbin digər şərti olan həmin əmlakların kreditorun (hazırkı işdə iddiaçı) əmlakı hesabına əldə edilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərində olmasına baxmayaraq, həmin hallar yuxarıda göstərildiyi kimi hazırkı işdə sübut edilmir.

46. Göstərilənlərə əsasən, məhkəmə iddia tələbinin 79.000 manat maddi ziyanın ödənilməsi hissəsində əsassız hesab edir.

47. Həmçinin, məhkəmə iddia tələbinin mənəvi ziyanın öədnilməsi hissəsi ilə aşağıdakıları qeyd edir.

48. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar.

49. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir.

50. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

51. Qeyd edilən Qərarın 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. əxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

52. Məhkəmə qeyd edir ki, iddiaçı tələbində cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı və psixoloji iztirablar keçirməsini, sarsıntı və iztirabların nədə ifadə olunmasını təsdiq edən heç bir əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində əsassız olmaqla, təmin edilməməlidir.

53. Mülki qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri).

54. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

55. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

56. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı).

57. Məhkəmə iddia tələbinin “xüsusi qərardad çıxarılması” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265-ci maddəsində nəzərdə tutulmuş əsaslar hazırkı işdə aşkar edilməmişdir.

Məhkəmə xərcləri

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı işdə iddia tələbi təmin edilmədiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Nəticə

59. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, cavabdehlərdən 79.000 manat maddi ziyanın, 21.000 manat mənəvi zərərin, ümumilikdə 100.000 manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilməməli, ödənilmiş 390 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.

60. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş hallar pozulduğu üçün işin Prukurorluq tərəfindən araşdırılması, cinayət işinin qaldırılması, Bakı şəhəri, Suraxanı rayonu,n X3 ünvanında yerləşən 02.5 ha torpaq sahəsi üzərində tikilmiş evin və mağazanın dəyəriylə bağlı mübahisə nəticəsində dəymiş zərər 79.000 (yetmiş doqquz min) manat maddi, 21.000 (iyirmi bir min) manat mənəvi zərərin, ümumilikdə 100.000 (yüz min) manat pul məbləğinin Cavabdeh2 və Cavabdeh1 tutularaq ona ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 390 (üç yüz doxsan) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar