Məhkəmə qərarları › İş №e-2(002)-907/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-907/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-907/2025 20.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, tərcüməçi X1, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1, cavabdeh və digər Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh2, cavabdehlərin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə ilk iddiası, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı mənzilə görə ödənilmiş pul məbləğinin qaytarılması, mənzilin alqı-satqısına dair razılaşmanın müəyyən edilmiş hesab edilməsi tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə ilk iddia ərizəsi, daha sonra ilk iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13, 71 saylı mənzilin özgəninkiləşdirilməsinə dair 31 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin mənzilin üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyatının bərpa olunması, həmin mənzilin üzərində Cavabdeh1 mülkiyyət hüquqlarının tanınmasına dair verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı mənzilə görə ödənilmiş pul məbləğinin qaytarılması, mənzilin alqı-satqısına dair razılaşmanın müəyyən edilmiş hesab edilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi, daha sonra qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı 10000 (on min) manat pulun alınaraq Cavabdeh2 ödənilməsi və aralarında mənzilin alqı-satqısına dair razılaşmanın müəyyən edilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mərhum nənəsi X4 məxsus olmuşdur. İddia ərizəsinə əlavə edilmiş 14 iyun 1994-cü il tarixli, 022199 saylı orderin surətindən görünür ki, mərhum nənəsi X7, mərhum anası X9 və o, həmin mənzildə qeydiyyatda olmuşlar. 2006-cı ildə nənəsi vəfat etdikdən sonra həmin mənzilin sənədləşdirilməsində çətinlik çəkmişlər. Çünki, həmin mənzildə məcburi köçkünlər məskunlaşdığı üçün, onlar köçkünlərin necə çıxarılacağını bilmirdilər. Amma Cavabdeh2 bu işdə onlara köməklik edəcəyini vəd etdiyi üçün, bu işlərin həll edilməsini mərhum anası Tatyanaya həvalə etmişdir. Özü demək olar ki, bu işlərlə maraqlana bilməmişdi. Çünki, anası sağ olanda, hər şeyə nəzarəti özü edirdi. Mərhum anası Cavabdeh2 ilə yaxın münasibətdə olduğu üçün, həmin mənzilin özəlləşdirilməsi ilə bağlı Cavabdeh2 etibarnamə vermişdir. Həmin etibarnamədən də görünür ki, verilən etibarnamə yalnız sənədləşmə işlərinin aparılması ilə bağlı olmuşdur. Daha sonra anası Olqa Smirnova 2016-cı ildə vəfat etdiyi üçün, o, bu işlərin gedişatından məlumatsız qalmışdır. O, həmin evi görmədiyi üçün orada kimlərin yaşadığını bilmirdi. Arada Cavabdeh2 zəng edib məlumat alırdı. Hər dəfə zəng edəndə deyirdi ki, Prezidentin sərəncamı var, ona görə çətinlik çəkir və çalışır ki, məcburi köçkünləri həmin mənzildən çıxardıb mənzili özəlləşdirsin. Təxminən 2020-ci ilin əvvəllərində Cavabdeh2 ona zəng edərək bildirdi ki, məcburi köçkünləri çıxarmaq üçün kiminləsə danışmışdır və əlaqələri vardır, ona yenidən etibarnamə vermək lazımdır. O, Tatyanaya inanaraq yenidən etibarnamə vermişdir, 2020-ci ilin 19 noyabrında isə bildirmişdir ki, bu işləri axıra çatdırmaq üçün baş etibarnamə verilməlidir ki, Tatyana həmin mənzilə onu qeydiyyata sala bilsin, sonra isə mənzili onun adına özəlləşdirə bilsin. Bununla bağlı onun tərəfindən 19 noyabr 2020-ci il tarixdə Cavabdeh2 baş etibarnamə verilsə də, Tatyananın bu mənzili öz oğlunun adına keçirəcəyindən məlumatsız olmuşdur. Sadəcə olaraq onu bilirdi ki, Cavabdeh2 mənzili onun adına keçirdikdən sonra həmin mənzili alqı-satqı yolu ilə almaq istəyir. Çünki, Tatyana özü ona demişdi ki, həmin mənzili görüb, xoşuna gəlib və ona görə mənzili özü almaq istəyir. O, Tatyana ilə razılaşmışdı ki, evi öz adına keçirdikdən sonra həmin mənzili qarşılıqlı razılıq və uyğun qiymət əsasında Tatyanaya sata bilər, amma əsas odur ki, mənzildən məcburi köçkünləri çıxartsın, mənzili özəlləşdirsin və ona təhvil versin. Hətta Tatyanaya bildirmişdi ki, bu işi bacarmırsa o, bu prosesi başı çıxan başqa bir adama həvalə edə bilər. Çünki, iş çox uzandığı üçün narahat idi. Bu narahatlıqdan az bir müddət sonra, təxminən 2021-ci ilin sentyabr ayında Tatyana ona 10000 manat məbləğində pul verdi ki, guya bu məbləği beh kimi ona verir və narahat olmasın, yenə də səbr edib gözləsin ki, qaçqınlar evdən çıxsın və evi onun adına özəlləşdirə bilsin. O, verilən behə görə yenə səbr etdi və mərhum anasının tanışı olduğu üçün başqa adamlara xahiş etmədi ki, ona bu işdə kömək etsinlər. Təxminən 2024-cü ilin sonlarına qədər Cavabdeh2 müxtəlif bəhanələrlə bu işi uzatdı. Hər dəfə deyirdi ki, “az qalıb, qaçqınlar çıxacaqlar, müharibə bitib, pandemiyadır, qaçqınlara ev verirlər, sənədləşmə işləri gedir, onun özü də guya maraqlıdır ki, bu iş tez bitsin və s.” Amma sonradan bildi ki, Cavabdeh2 onu aldadır və 31 avqust 2021-il tarixli alqı-satqı müqaviləsi əsasında onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili digər Cavabdeh1 mülkiyyətinə keçirmişdir. Çünki, iddia ərizəsinə əlavə etdiyi alqı-satqı müqaviləsindən də görünür ki, həmin alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil 20000 manat dəyərində formal qiymətləndirilərək özgəninkiləşdirilmişdir. Hətta mənzil onun adına keçdikdən sonra, aparılan proseslərdən xəbəri olmamışdır və mənzilə çıxarış alındığını bilməmişdir. İşin hallarından açıq-aydın görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli etibarnamə əsasında onun adından çıxış edərək onu aldatmış və həmin mənzili digər cavabdeh (oğlu) Cavabdeh1 adına keçirmişdir. Belə olan halda hesab edir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13, 71 saylı mənzilin özgəninkiləşdirilməsinə dair 31 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunmalı, həmin mənzilin üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyatı bərpa olunmalı, həmin mənzilin üzərində digər Cavabdeh1 mülkiyyət hüquqlarının tanınmasına dair verilmiş çıxarış ləğv olunmalıdır. Bundan əlavə, ilk iddia üzrə iddiaçı tərəf qarşılıqlı iddia barədə yazılı etiraz təqdim edərək bildirmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçılar qeyd etmişlər ki, guya qeyd edilən ünvanda yerləşən mənzilin özəlləşdirilməsi və alqı-satqısı ilə bağlı müzakirələr İddiaçı anası Olqa Smirnova ilə olmuşdur. Olqa Smirnova ilə uzaq qohumdur, bu zaman Mariya azyaşlı uşaq idi. Guya o zaman aralarında belə bir razılaşma olub ki, mənzil Olqanın adına özəlləşəndən, məcburi köçkünlər mənzildən köçürüldükdən sonra mənzilin dəyərini təmir xərclərini çıxmaq şərti ilə üçlükdə (Olqa, Tatyana və makler) qiymətləndirib həmin məbləğin yarı qiymətinə mənzili ona satacaqlarmış. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçılar qeyd edirlər ki, guya belə razılaşma həm də Mariya ilə olmuşdur. Bildirir ki, bu fikirlər olduqca əsassız və formal mülahizələrdir. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçılar bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Qeyd olunanlara əsasən, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Marina Smirnova, onun anası Olqa Smirnova və nənəsi X10 dənizində yerləşən Çilov (Jiloy) adasında yaşamışlar. Nina Zinovyevanın onlara qohum olması barədə X2 məlumatı var idi, lakin onu görməmişdi. Sonralar elə oldu ki, həmin adada işə düzəlməli oldu və iş rejimi hər ayın 15 günü adada işləməkdən ibarət idi. Həmin adada Mariyanın anası ilə görüşmüş və qohumluq münasibətlərini bərpa etmişlər. Mariya həmin vaxtlar azyaşlı uşaq idi. Həmin zamanlar Olqa Yuryevna anası X5 qəsəbəsində ikiotaqlı ev verildiyini, lakin evin hansı ünvanda yerləşməsi haqqında har hansı bir məlumatının olmadığını bildirmiş, mənzilin orderini ona verərək mənzilə nəzarət etməsini bildirmişdir. Bundan sonra Lökbatan qəsəbəsində mənzilin ünvanını tapmışdır. Bu təxminən 1994-1995-ci illərə təsadüf edirdi. Mənzildə Cəbrayıl rayonundan olan məcburi köçkün ailəsi yaşayırdı. Bu haqda İddiaçı anası Olqa Yuryevnaya məlumat vermişdir. Mənzilin özəlləşdirilməsi və mənzilin alqı-satqı məsələsi ilə bağlı bildirir ki, bu işlə əlaqədar hüquqi hərəkətlərini Mariyanın anası Olqa Yuryevna ilə müzakirə etməklə Olqanın ona verdiyi etibarnamə əsasında etmişdir. Daha sonra Olqa ilə aralarında olan razılaşmaya əsasən, mübahisəli mənzil Olqanın adına özəlləşdiriləcək, məcburi köçkünlər çıxdıqdan sonra mənzilin təmir xərcləri çıxılmaqla mənzil yarı qiymətə ona satılacaq. Belə razılaşmadan Mariyanın da xəbəri var idi. 2018-ci ildə, yəni Olqa Yuryevnanın vəfatından sonra mənzilin özəlləşdirilməsi ilə bağlı hərəkətlərini dayandırmışdır. Onun qızı Mariya ilə mənzillə əlaqəli hər hansı münasibətləri və ünsiyyətləri olmamışdır. 2020-ci ilin ortalarında Mariya ona zəng edərək hal-əhval tutduqdan sonra əvvəlki qohumluq münasibətlərini bərpa etmək istədiyini bildirməklə yanaşı, həm də mənzil məsələsi ilə əlaqədar işləri davam etdirmək istədiyini bildirmişdir. Mariya ilə həmin ilin təxminən noyabrında görüşdülər, söhbət əsnasında Mariyaya özəlləşdirmə məsələsinin mürəkkəb olduğunu bildirmişdir. Belə ki, mənzildə yaşayan məcburi köçkünlər köçürülmədən mənzilin özəlləşdirilməsi mümkün deyildir. Aralarında razılaşmaya görə məcburi köçkünlər mənzildən köçürüləndən sonra mənzilə baxış keçirib təmir xərcləri müəyyən ediləcək, təmir xərcləri çıxılandan sonra mənzili o, yarı qiymətə alqı-satqı yolu ilə alacaqdı. Mariya bu şərtlə razı idi. 2021-ci ilin ortalarında telefon danışığı zamanı Mariya ona özü üçün həyət evi almaq istədiyini bildirmiş və ona pul lazım olacağını bildirmişdir. Tatyana və İbrahim aralarında məsləhətləşib belə qərara gəldilər ki, istədiyi məbləğdə pulu Mariyaya versinlər, nəzərə alaraq ki, mənzilin çıxarışı Mariyanın adınadır və pulu alandan sonra yoxa çıxa bilər, bu ehtimalı nəzərə alaraq verəcəkləri pulu sığortalamaq üçün notariusda oğlu İbrahim ilə alqı-satqı müqaviləsi bağlamışdır və bu haqda Mariyaya bildirmişdir ki, mənzilin kimin adına olmasından asılı olmayaraq yekun qərar mənzil boşaldılandan sonra veriləcək. 2021-ci ilin yay aylarında Mariya özünə həyət evi almaq üçün 10000 manat məbləğində pul istədi. Mənzili oğlunun adına keçirməsi barədə Mariyaya təkrar bildirdi ki, mənzillə bağlı aralarında olan razılaşma pozulmasın, Mariya da razılaşmaya sadiq olduğunu bildirdi və 10000 manat pulu ondan götürüb getdi. İddia ərizəsində Mariya bəyan edir ki, guya o, Mariyanı aldatmışdır və mənzili onun icazəsi olmadan İbrahimə vermişdir. Əksinə Mariya onu aldatmışdır. Belə ki, 10000 manata və heç bir əziyyət çəkmədən hazır çıxarışa sahib olmuşdur. Mənzilin əldə edilməsində onun da marağı olmuşdur, əks halda Mariyanın xeyrinə öz pulunu, vaxtını, əsəblərini niyə və nə üçün sərf etməli idi. Ona görə sərf etmişdir ki, razılaşdıqları kimi son anda mənzili ona satacaqdır. Hesab edir ki, qeyd edilən 10 min manat pul ona məxsusdur, lakin hazırda Mariyanın qanunsuz sahibliyindədir. Onunla Olqa arasında olan razılaşmanı təsdiq edən sübut Olqa tərəfindən ona verilmiş etibarnamə, order olmuşdur, bu iki sənədi ona Olqa Yuryevna vermişdir. Mariyaya onun tərəfindən ödənilən pul məbləğini təsdiq edən sənəd isə yazılı qaydada tərtib olunmuşdur. Qeyd olunanlara əsasən, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 ilk iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Mariya ilə Tatyana arasında mənzil özəlləşəndən və məcburi köçkünlər çıxarılandan sonra guya mənzilin yarı qiymətə satılacağı barədə hər hansı razılaşma olmamışdır. Mariya mənzilin Tatyananın oğlunun adında olması barədə məlumatı 2025-ci ilin yanvar ayında öyrənmiş və bundan sonra məhkəməyə müraciət etmişdir. Tatyananın mənzili oğlunun adına keçirməsinə Mariyanın hər hansı razılığı olmamışdır. İzahatlardan, işdə olan sənədlərdən də aydın olur ki, alqı-satqı müqaviləsi tamamilə formal bağlanmış, Tatyana etibarnaməyə əsaslanaraq öz oğlunun xeyrinə müqavilə bağlamışdır. Ona görə də həmin müqavilə etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Həmçinin, cavabdehlərin əməlində cinayət tərkibinin əlaməti olduğundan, onların barəsində xüsusi qərardad çıxarılmasını xahiş edir. Məhkəmə baxışı zamanı cavabdeh və digər Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh2 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, Mariyanı heç vaxt aldatmamışdır. Mariya ilə onun arasında həqiqətən qarşılıqlı iddia ərizəsində qeyd etdiyi məzmunda razılaşma olmuşdur. 2021-ci ildə Mariyaya verdiyi 10 min manat pulun sığortası kimi mənzili oğlunun adına keçirmişdir. Belə ki, Mariya pul istəyəndə, oğlu öz tanışından 20 min manat borc pul almış, alqı-satqı da həmin 20 min manatla həyata keçirilmiş, bundan sonra 10 min manat pulu Mariyaya vermişdir, oğlunun tanışına olan borc isə sonradan tam şəkildə qaytarılmışdır. Hesab edir ki, Mariyaya verdiyi pul mütləq şəkildə ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinə və Cavabdeh2 izahatına uyğun izahat verərək, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 1 saylı Bakı ASAN xidmət mərkəzinin notariat ofisi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə ilk iddia təmin, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 022199 saylı, xx.xx.1994-cü il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13, 71 saylı mənzil X4 verilmişdir, ailə tərkibi 3 nəfərdən (özü, qızı X9, nəvəsi İddiaçı) ibarətdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, X9 və İddiaçı iki il müddətinə Cavabdeh2 dövlət və qeyri-dövlət orqanlarında onların adından sənədləşmə işlərini aparmaq üçün səlahiyyətləri özündə əks etdirən etibarnamə vermişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı on il müddətinə Cavabdeh2 dövlət və qeyri-dövlət orqanlarında onun adından sənədləşmə işlərini aparmaq üçün səlahiyyətləri özündə əks etdirən etibarnamə vermişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı on il müddətinə Cavabdeh2 bütün əmlaklarına dair sərəncam vermək hüququ da daxil olmaqla ümumi etibarnamə vermişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13, 71 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə reyestr kitabında ********** nömrəsi ilə xx.xx.2021-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, satıcı İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54,2 kv.m olan mənzili alıcı Cavabdeh1 mülkiyyətinə vermişdir. Satıcı İddiaçı mənzili 20000 manat qiymətinə satmış, alıcı Cavabdeh1 mənzili həmin qiymətə almışdır. Müqaviləni satıcının adından etibarnaməyə əsasən Cavabdeh2 bağlamışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13, 71 saylı mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir və bu barədə reyestr kitabında ********** nömrəsi ilə xx.xx.2021-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzin surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13, 71 saylı mənzilə görə 10000 (on min) manat məbləğində pul almışdır. İş materiallarında olan AZ-İ seriyalı 193753 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan XVİ-JQ seriyalı, 468528 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun anası X6. İş materiallarında olan AZ-İ seriyalı 816486 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Qaradağ rayon MKTB 152 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Lökbatan qəsəbəsi, keçid 1595, ev 13, 71 saylı mənzil çıxarışa əsasən Cavabdeh1 adınadır, özü mənzilə pasport qeydiyyatına düşməmişdir və mənzildə yaşamır. Həmin mənzili Cəbrayıl rayonundan gəlmiş məcburi köçkün X8 1993-cü ildən ailəsi ilə birlikdə zəbt etmişdir, qeydiyyatsız yaşayır, ailə tərkibi 4 nəfərdən (Səfərov Habil, Səfərova Arzu, Səfərli Arzuman, Səfərli Cəfər) ibarətdir. Beləliklə, mülki iş üzrə sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, ilk iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflərin izahatlarına, iş materiallarında olan yazılı sübutlara, mülki işin hallarına əsasən xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi mülkiyyətçi İddiaçı iradəsinə tamamilə zidd olmaqla, etibarnaməyə əsasən Cavabdeh2 tərəfindən hər hansı uyğun hüquqi nəticə yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış uydurma əqd olduğundan əhəmiyyətsizdir. Belə ki, Cavabdeh2 da öz izahatında bu əqdin hər hansı alqı-satqı niyyətilə deyil, İddiaçı verdiyi pulun təminatı məqsədilə kənar şəxsdən alınan vəsait hesabına bağlandığını təsdiq etməkdədir. Beləliklə, mülki iş üzrə sübutlara və məhkəmə iclasında müəyyən edilən hallara əsasən, məhkəmə hesab edir ki, müqavilənin etibarsızlığı barədə iddia tələbi, həmçinin etibarsız əqd üzrə verilmiş çıxarışın ləğvi və qanuni mülkiyyətçinin hüquqlarının bərpası barədə iddia tələbi əsaslı hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 324.6-cı maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 351.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına əsasən, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Qərarda həmçinin qeyd olunur ki, qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Bununla yanaşı, məhkəmə hesab edir ki, ilk iddia əsaslı olsa da, ilk iddia üzrə iddiaçı tərəfin cavabdehlərin barəsində xüsusi qərardad çıxarılması ilə bağlı tələbi əsaslı deyildir. Belə ki, tərəflərin qarşılıqlı münasibətləri, ilk iddia üzrə cavabdeh tərəfin izahatları, habelə 2021-ci ildə həyata keçirilmiş sənədləşmədən sonra indiyə kimi hər hansı hüquqi əməliyyatın həyata keçirilməməsi, hazırda məhkəmə tərəfindən müəyyən edilən hallar baxımından cavabdeh tərəfin əməlində cinayət tərkibinin əlamətlərinin olduğunu inkar edir. Bundan əlavə, məhkəmə iclasında müəyyən edildi ki, qarşılıqlı iddia qismən, İddiaçı 10 min manat pulun alınaraq Cavabdeh2 ödənilməsi hissəsində əsaslı, tərəflər arasında mənzilin gələcəkdə yarı qiymətinə satılması barədə razılaşmanın müəyyən edilmiş hesab edilməsi hissəsində isə əsassızdır. Belə ki, qeyd olunan məzmunda razılaşmanın mövcudluğu qarşılıqlı iddia üzrə iddiaçıların izahatından başqa hər hansı mötəbər sübutla təsdiq edilmir və sübuta yetirilmir. Ona görə də daşınmaz əmlakla bağlı həmin məzmunda razılaşmanın mövcudluğu müəyyən edilmiş hesab edilə bilməz. Buna baxmayaraq, 10 min manat pulun Cavabdeh2 tərəfindən İddiaçı verildiyi tərəflər arasında mübahisə doğurmur, həmçinin mövcud vəziyyətdə həmin pulun heç bir hüquqi əsas olmadan İddiaçı qalması əsassız varlanmaya səbəb ola bilər. Ona görə də qarşılıqlı iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 324.6-cı maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, ilk iddia təmin, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13, 71 saylı mənzilin özgəninkiləşdirilməsinə dair xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, həmin mənzilə dair Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarış ləğv olunsun, həmin mənzilin üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyatı bərpa edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 10000 (on min) manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh2 ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar