Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-934/2024 26.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti) qarşı «zəbt olunmuş mənzildən cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılması, mənzilin boşaldılması, mənzilə köçürülmə, mənzildən istifadəyə görə törədilən maneçiliyin aradan qaldırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə kirayəçi X6 arasında xx.xx.2014-ci il tarixli “1/28” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə kirayəçi X6 arasında sosial kirayə müqaviləsi bağlanmış və Bakı şəhəri Qaradağ rayonu, Ümid qəsəbəsi, 1-ci binanın 28 nömrəli 2 otaqlı yaşayış sahəsi X1 və ailə üzvlərinin istifadəsinə və sahibliyinə verilmişdir.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-5517/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən, İddiaçı və 22 yanvar 2014-cü ildə doğulmuş oğlu X2 Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, bina 1, məcburi köçkün şəhərciyi, 1saylı binanın 28 saylı mənzilinə istifadə hüquqları tanınması və mənzilə köçürülməsi qət edilmişdir.
3. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir: Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ümid qəsəbəsində salınmış 200 mənzilli yaşayış kompleksində 1 saylı binada yerləşən 28 nömrəli 2 otaqlı mənzildə (X13 FİN 1fb29gw) uzun müddət üzrsüz səbəbdən yaşayış olmadığının müəyyən edilməsinə dair verilmiş məlumata əsasən Komissiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli qərarı ilə təsdiq edilmiş Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi forması (həmin qərarın V bəndinin 5.7.1-ci maddəsinə əsasən kirayəçi və ailə üzvləri yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda müqavilə kirayə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilir) və 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahəsinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (həmin qərarın İİİ bəndinin 3.7-ci hissəsində qeyd olunur ki, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq, Komitənin rəhbərliyi ilə razılaşdırılmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir) qərarları əsas götürərək, Loğman Cəbiyevlə bağlanmış kirayə müqaviləsinin ləğv olunmasına və mənzilin boşaldılaraq Komitəyə təhvil verilməsinə qərar vermişdir.
4. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “1/28” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Bakı şəhəri Qaradağ rayonu, Ümid qəsəbəsi, 1-ci binanın 28 nömrəli 2 otaqlı yaşayış sahəsi Cavabdeh və ailə üzvlərinin istifadəsinə və sahibliyinə verilmişdir.
5. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru X10 Rayon Ümid qəsəbəsi MKİS-in sahə nəzarətçisi İlham Heydərov tərəfindən yazılmış xidməti məlumata əsasən, Ümid qəsəbəsində bina 1, mənzil 28-də yaşayan Füzuli rayonundan məcburi köçkün X6 2018-ci ildən Rusiya Federasiyasında yaşayır. Həmin mənzildə qeydiyyatda olan həyat yoldaşı İddiaçı və oğlu X7 qeydiyyatda olduqlarına baxmayaraq həmin mənzildə yaşamayıblar. Yuxarıda göstərilən tarixdən həmin mənzil kirayə verilmişdir. Məlum olduğuna görə oğlu və xanımın Qaradağ Rayon Sahil qəsəbəsində şəxsi mənzilləri vardır. Dəfələrlə bildirişlər veriləsinə baxmayaraq Dövlət Qaçqınkom tərəfindən verilmiş müqavilənin şərtlərinə əməl etməmişlər. Buna görə də həmin mənzili xx.xx.2022-ci il tarixində MİD tərəfindən boşaldılaraq Xocalı rayonundan olan məcburi köçkün Cavabdeh Şamil oğluna təhvil verilmişdir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3-21-3-02/2-7716/2024 nömrəli məktuba əsasən, İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
7. Qaradağ RPİ-nin 38-ci PB-in təhqiqatçısı, polis kapitanı Ramin Vəkilov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İddia tələbi
8. İddiaçı Cavabdeh və ailə üzvlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Emil oğlunun ailə üzvləri ilə birlikdə ona məxsus Bakı şəhəri Qaradağ rayonu, Ümid qəsəbəsi, məcburi köçkün şəhərciyi, 1 saylı binanın zəbt olunmuş 28-ci mənzilindən çıxarılmaları, mənzilin boşaldılması, azyaşlı övladımla birlikdə həmin mənzilə köçürülməyi, mənzildən istifadəyə cavabdeh və digər şəxslər tərəfindən törədilən istənilən maneçiliyin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu, Ümid qəsəbəsi, məcburi köçkün şəhərciyi, 1 saylı binanın zəbt olunmuş 28-ci mənzilindən çıxarılmaları, mənzilin boşaldılması, mənzilə köçürülmə, mənzildə qalmış əşyalarının natirada geri qaytarılması, bu mümkün olmadığı təqdirdə həmin əşyaların dəyərinin ödənilməsi, məznildən istifadəyə cavabdeh və digər şəxslər tərəfindən törədilən istənilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2024-cü il tarixdə elektron məhkəmə infomrasiya sistemi vasitəsilə iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh Emil oğlunun, X8 və digər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, məcburi köçkün şəhərciyi, bina 1-də yerləşən 28-ci mənzilindən çıxarılmaları, İddiaçı azyaşlı övladı ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o azyaşlı övladı X7 ilə mübahisə edilən yaşayış sahəsində, mənzil zəbt olunan günədək daimi olaraq yaşamışlar. Belə ki, 2014-cü il tarixdən o məcburi köçkün ailəsinin üzvü kimi Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, bina 1-də yerləşən 28 saylı 2 otaqlı mənzildə həyat yoldaşı X6 ilə rəsmi nikah münasibətlərində olmaqla yaşamış və onunla Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi arasında “kirayə müqaviləsi” bağlanmış və sonradan yaranmış məhkəmə mübahisəsi zamanı mənzildən istifadə hüququm bir daha təsdiqlənmişdir. 2022-ci ildə valideynlərinin hər ikisinin vəfat etməsi, yas mərasimlərinə başı qarşıdığından, Cavabdeh Emil oğlu bu vəziyyətdən istifadə edərək guya ki, mənzildə yaşamadığı bəhanəsi ilə mənzili düşünülmüş qaydada zəbt etmiş, üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi arasında xx.xx.2022-ci il tarixli 1/28 nömrəli “Xüsusi Təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”ni adına bağlamağa müvəffəq olmuş, üçüncü şəxsin qeyri-qanuni hərəkətləri nəticəsində mənzil həmin gündən hal-hazıradək onunla birlikdə yaşayan ailə üzvləri X8 ilə X11, X5 və X3 (müqavilədə göstərilən şəxslər) istifadəsində qalmışdir. Mübahisəsiz qaydada istifadəmdə olmuş mənzildə ona məxsus əşyalar qalmışdır və cavabdehlər bu əşyalardan istifadə etməkdədə davam edirlər. Cavabdeh bildirir ki, MKİS tərəfindən akt tərtib edilməklə boş mənzilə köçmüşdür. Mənzilə dair MKİS işçilərinin iştirakı ilə tərtib edilmiş aktın heç bir əsası yoxdur. Mənzilin giriş qapısının qıfılının sındırılaraq içəri daxil olma istifadəsində olan yaşayış sahəsinin zəbt olunması hesab edilir. xx.xx.2022-ci il tarixdə qapının qeyri-qanuni yolla açılması və mənzilimdə olan əşyaların sıradan çıxarılması barədə Qaradağ rayon prokurorluğuna şikayət etmişdir. Cavabdeh Emil oğlu üçüncü şəxs arasında bağlanmış “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” nə istinad etməklə mənzilin onun və ailə üzvlərinin istifadəsinə verilməsinə əsaslanmış, mənzili zəbt edərək ona məxsus əşyaları özgənikləşdirməklə (satmaq, bağışlamaq) məşğuldur. Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş hallardan bir daha məlum olur ki, cavabdehlə üüçüncü şəxs arasında bağlanmış kirayə müqaviləsi qanuna zidd olduğundan, heç bir hüquqi qüvvəyə malik deyildir. Məhkəməyə məlum edirəm ki, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(002)-5517/2016 saylı qətnaməsi ilə mənim və 22 yanvar 2014-cü ildə doğulmuş oğlu X7 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, məcburi köçkün şəhərciyi, 1 saylı binanın 28-ci mənzilinə istifadə hüquqlarımız tanınmış və köçürülmüşlər. Məhkəmə qərarı icra olunmuş və hal-hazırda da qüvvədəir. Müqavilə şərtlərinə əsasən müqavilənin dəyişdirilməsi və müqaviləyə xitam verilməsi yalnız məhkəmə qaydasında həyata keçirilir. Hazırki mübahisəli yaşayış sahəsinə dair 2014-cü ildə əri X6 ilə QMKİÜDK-i arasında bağlanmış kirayə müqaviləsi qüvvədə olduğundan, həmin müqaviləyə xitam verilmədiyindən, cavabdehlərin hazırki kirayə müqaviləsinə istinad edərək mənzili zəbt etmələri, onun mənzildən istifadəmə törədilən maneçiliklər davam etidiyndən, mənzildən könüllü şəkildə çıxmalarını bildirsəm də, heç bir nəticəsi olmamışdır. Məlumat üçün bildirirəm ki, cavabdehlə məhkəmədən kənar şəkildə mübahisənin həlli ilə əlaqədar razılaşma mümkün olmadığından, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir.
12. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-cü maddəsi və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.3-ci maddələrinə istinad etmişdir.
13. İddia tələbiə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. Məcburi köçkün deyil. Keçmiş həyat yoldaşı Cəbiyev Loğman məcburi köçkün olduğuna görə ona kirayə müqaviləsi ilə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən mənzil verilmişdi. O zaman onunla evli idi, 2017-ci ildə boşanmışdır. Ev verilən zaman uşaqlarla birlikdə evə köçmüş və uzun illər həmin evdə yaşamışlar. Cəbiyev Loğmandan boşanıb. Mağazada işləyən zaman qonşusu ona dedi ki, “evə gəl, sənin evinə girirlər”. O da evə getdi. Gördü ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin əməkdaşları evin açarını sınıdırıb evə cavabdeh və ailəsini yerləşdirirlər. O, buna mane olmaq istəsə də buna əhəmiyyət vermədilər. Bununla bağlı “102” polis xidmətinə məlumat versə də polis əməkdaşları heç nə etmədilər. Cavabdeh və ailəsi evə yerləşdirilənə qədər həmin evdə uşaqlarla birlikdə yaşayıb. Evdə əşyaları vardı. Cavabdeh və ailəsi həmin əşyalardan istifadə edirlər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə mənzilə istifadə hüququ tanınıb və həmin evə köçürülüb. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Cəbiyev Loğmanla kirayə müqaviləsinin olmasına baxmayaraq qanunsuz olaraq cavabdehlə kirayə müqaviləsi bağlayıb, onu evə köçürüb. Cavabdeh əşyalarını çölə töküb. Əşyaları binanın zirzəmisindədir. Həyat yoldaşı Cəbiyev Loğman məcburi köçkün olduğuna görə ev ona verilmişdi. 2016-cı ildə ondan boşanıb. Ancaq boşanmağına baxmayaraq 2018-ci ilə qədər oğlu Yusif, o və Loğman birlikdə yaşayıblar. 2018-ci ildə Loğman Rusiyaya getdi. 2022-ci ilə qədər evdə yaşayıb. Oğlu hərbi xidmətdə infeksiyaya yoluxduğuna görə evə bir neçə gündən bir gəlirdi. Həmin vaxt bacısının evində yaşayıb. 2022-ci ilin iyun ayının 12-də evdə olub. Suyu bağlayıb evdən çıxıb. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti evdə müvəqqəti olmamağından istifadə edib evə başqa ailəni yerləşdirib. Həmin vaxt mağazada işləyirdi. Qonşusu ona dedi ki, “sənin evinə başqa ailəni yerləşdirirlər”. O, gedəndə gördü ki, evin qapısını sındırıb başqa ailəni evə yerləşdirirlər. Həmin vaxt bununla bağlı bütün dövlət orqanlarına şikayət etsə də, nəticəsi olmadı. Mənzildən istifadə hüququ məhkəmə qərarı ilə tanınmışdır. Ancaq məhkəmə qərarı icra olunmadı. Çünki icra məmuru ona dedi ki, “Loğman evdə olduğuna görə səni evə köçürə bilmirik”. Hal-hazırda böyük oğlu ilə birlikdə kirayədə yaşayır. Cavabdeh hələ də evdən çıxmayıb. Cavabdeh evə daxil olduqdan sonra Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti onunla müqavilə bağlayıb. 2022-ci ildə ev üçün 40 manat kommunal ödəniş edib. İddiaçı tərəf iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
15. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. İddiaçı evdən qanunsuz olaraq çıxarılıb, cavabdeh və ailəsi köçürülüb. İddiaçının evdə yaşaması ilə bağlı həm sosial kirayə müqaviləsi, həm də məhkəmə qətnaməsi var. İddiaçının əşyaları hələ də evdədir. İddiaçının mənzildən istifadə hüququ məhkəmə qərarı ilə tanınıb. Ancaq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti qanunsuz olaraq iddiaçını evdən çıxararaq başqa ailəni evə köçürüb. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti iddiaçının evdə yaşamadığını bildirsə də bununla bağlı nə akt, nə də hər hansısa sübut təqdim edə bilir. İddiaçının evə köçürülməsinə ehtiyacı var. O, hal-hazırda kirayədə qalır. Tərəflər hələ də razılığa gələ bilməyiblər. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin qərarından təzəlikcə məlumatları olub. Buna görə Komissiya qərarını mübahisələndirməyiblər. Ev cavabdeh tərəfindən zəbt edildikdən sonra onunla müqavilə bağlanıb. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
16. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı uzun müddət evdə yaşamırdı. Özü də məcburi köçkündür. Onun da evə ehtiyacı vardı. İddiaçı evdə yaşamadığına görə evə ailəsi ilə birlikdə köçürülüb. İddiaçının əşyaları evdə deyil, binanın zirzəmisindədir. 1992-ci ildən Lökbatan qəsəbəsində kirayədə yaşayırdı. Evə ehtiyacı olub, evə də köçürülüb. O və ailəsi xüsusi təyinatlı kirayə müqaviləsi əsasında mübahisəli mənzilə qaçqın olduqları və ev növbəsində olduqları üçün köçürüblər. MKİS-in qərarı ilə iddiaçının keçmiş ərinin adına olan kirayə müqaviləsi ləğv edilmişdir. Onlar evə köçəndən sonra iddiaçı evə gəlməmişdir. 2022-ci ilin iyun ayından evdə yaşayır. O, evə köçən zaman problem olmayıb. İddiaçı da o köçəndən sonra evə heç vaxt gəlməyib. Evdən çıxmağa razı deyil, çünki başqa evi yoxdur, ailəsi ilə yeganə yaşayış yeri həmin mənzildir. İllərdir mənzilə ehityacı vardır. Bundan sonra o, evdə yaşaya bilər. Cavabdeh tərəf iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
17. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçının həyat yoldaşı Cəbiyev Loğman məcburi köçkün olduğuna görə onunla sosial kirayə müqaviləsi bağlanıb. İddiaçı məcburi köçkün deyil. Cəbiyev Loğman iddiaçını evdən qovub və onlar çoxdan ayrılmışlar. Bundan sonra iddiaçı daha sonra məhkəməyə müraciət edərək mənzilə köçürülmüşdür. İddiaçı daha sonra ondan boşanmış və Cəbiyev Loğman xaricə köçmüşdür, uzun müddətdir xarici ölkədə yaşayır. Yəni evin keçmiş kirayə müqaviləsinin verildiyi şəxsin iddiaçı ilə heç bir əlaqəsi qalmamışdır. MKİS tərəfindən həmin mənzilin cavabdehə verilməsinin səbəbi iddiaçının uzun müddət orada yaşamaması olmuşdur. İddiaçı mənzildən çıxıb getmiş Bakı şəhərinin başqa rayonlarında yaşamaqla həmin evi isə kirayəyə vermişdir. Bu da xüsusi təyinatlı mənzil institutunun mahiyyətinə ziddir. Belə ki, həmin mənzillər ilk növbədə mənzilə ehtiyacı olan qaçqın ailələri üçün verilməlidir. Bu səbəbdən, Departament tərəfindən Loğman Cəbiyevin adına verilmiş xüsusi təyinatlı kirayə müqaviləsi ləğv edilərək Cavabdehla yeni kirayə müqaviləsi bağlanmışdır. Hesab edir ki, Komitənin müstəqil surətdə xüsusi təyinatlı kirayə müqaviləsini ləğv etmək səlahiyyəti mövcuddur. İddiaçı tərəfindən həmin qərar mübahisələndirilməmiş və Cavabdeh xüsusi təyinatlı kirayə müqaviləsi hazırda qüvvədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli Qərarına əsasən məcburi köçkünlər üçün ayrılmış evlərə daha çox evə ehtiyacı olan ailələr köçürülür. İddiaçı uzun müddətdir evdə yaşamadığına görə ev boş idi. Onlar da iddiaçı məcburi köçkün olmadığına və ev boş olduğuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli Qərarına əsasən həmin evə evə daha çox ehtiyacı olan cavabdeh və ailəsi köçürdülər. Bununla bağlı onlar inzibati qərar qəbul etdilər. İddiaçı onun həyat yoldaşı ilə bağlanan sosial kirayə müqaviləsinin ləğv edilmədən başqa məcburi köçkün ailəsi ilə sosial kirayə müqaviləsinin bağlandığını bildirir. Hesab edir ki, iİddiaçı ilk olaraq onların qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Daha sonra cavabdeh və ailəsinin evdən çıxarılması tələbini irəli sürməlidir. İddiaçının əşyaları evdə yoxdur. Hazırkı iş üzrə sənədləri məhkəməyə təqdim edib. Dövlət qurumu evi məcburi köçkünlərə verir. İdarə evi kirayə müqaviləsi əsasında iddiaçının həyat yoldaşı Cəbiyev Loğmana verib, iddiaçıya evi verməyib. Loğman da 2016-cı ildən ölkədən köçüb. Loğman ölkədən getməmişdən öncə evdə yaşayıb. Onlar belə düşünürdülər ki, iddiaçı ümumiyyətlə evdə yaşamayıb. İddiaçı evdə yaşamadığına görə onun barəsində akt tərtib etməyiblər. İddiaçının evdən istifadə hüququ ilə bağlı məhkəmə qətnaməsi olsa da, bunun hazırkı məsələyə aidiyyəti yoxdur. Belə ki onlar Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il tarixli, 65 saylı qərarına əsasən Loğmanla bağladıqları kirayə müqaviləsinə xitam veriblər. Çünki iddiaçı nə məcburi köçkün, nə də Loğmandan boşandığına görə onun ailə üzvü olmadığına görə onun həmin evdə istifadə hüququ olmur. İddiaçı kirayə müqaviləsi tərəfi deyil. İddiaçı barəsində çıxarılan məhkəmə qətnaməsindən də xəbərləri olmayıb. İddiaçının Sahil qəsəbəsində evi var. Onun mübahisəli mənzilə ehtiyacı yoxdur. Onlar isə evə daha çox ehtiyacı olan ailəni yerləşdiriblər. İddiaçı Cəbiyev Loğmanın keçmiş ailə üzvüdür. Keçmiş ailə üzvü evdə yaşaya bilməz. İddiaçının məcburi köçkün statusu yoxdur. Sosial kirayə müqaviləsində iddiaçının adı qeyd edilib, amma evdə yaşamayıb. Ev verilən şəxsin həyat yoldaşı məcburi köçkün olmayanda boşandığı təqdirdə evdən çıxarılır. İddiaçı Cəbiyev Loğmandan boşandıqdan sonra evdə az müddətdə yaşayıb. Nə iddiaçı, nə də oğlu məcburi köçkündür. İddiaçının məcburi köçkün statusu yoxdur. Sosial kirayə müqaviləsində iddiaçının adı qeyd edilib, amma evdə yaşamayıb. İddiaçı Cəbiyev Loğmanın ailə üzvü olsaydı cavabdeh ilə bağlanan müqaviləni mübahisələndirə bilərdi. Ancaq o, Cəbiyev Loğmanın ailə üzvü deyil. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə1 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının:
18. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
19. Maddə. 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri;
20. Maddə 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.
21. Maddə 96. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur.
22. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.
23. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.
24. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.
25. Maddə 100.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər.
26. Maddə 100.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər.
27. Maddə 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.
28. Maddə 82.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər.
29. Maddə 82.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi onunla birlikdə yaşayan ailə üzvlərinin yazılı razılığı ilə istənilən vaxt sosial kirayə müqaviləsini ləğv etmək hüququna malikdir.
30. Maddə 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir.
31. Maddə 82.4. Kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.2. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 82.4.3. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. 82.5. Sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir.
32. Maddə 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir.
33. Maddə 101.2. Xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir.
34. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.
35. Maddə 102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular.
36. Maddə 68.1 Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər;
37. Maddə 68.2 Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
38. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
39. Maddə 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
40. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
41. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
42. Maddə 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
43. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
45. Maddə 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
46. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”:
48. 1.4. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir.
49. 1.5. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) qərarı ilə həyata keçirilir.
50. 2.8. Məcburi köçkün kirayə müqaviləsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə, bu Qaydaya, onunla bağlanılmış kirayə müqaviləsinə və qanunvericiliklə müəyyən edilmiş digər qaydalara əsasən mülki məsuliyyət daşıyır.
51. 2.9. Kirayə müqaviləsi məcburi köçkünün ona verilmiş yaşayış sahəsində qalma müddətinə şamil edilir və məcburi köçkün yaşayış sahəsindən çıxdıqda və ya çıxarıldıqda, onunla bağlanılmış kirayə müqaviləsi ləğv edilir.
52. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. b) Əsaslandırma 53 . İddia təmin edilməməlidir.
54. Belə ki, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, məcburi köçkün şəhərciyi, 1 saylı binanın 28 nömrəli mənzil xüsusi təyinatlı mənzil fonduna aid olmaqla Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin balansındadır. Həmin mənzil iddiaçının keçmiş ərin Loğman Cəbiyevə məcburi köçkün statusunda olması əsası ilə xx.xx.2014-cü il tarixli xüsusi təyinatlı kirayə müqaviləsi əsasında verilmiş, iddiaçı məhkəmə qaydasında mənzildə istifadə hüququ əldə etmiş, daha sonra Loğman Cəbiyevlə aralarında olan nikah qeydi rəsmi qaydada pozulmuşdur.
55. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi iddiaçının mübahisəli mənzildə uzun müddət yaşamaması və evi kirayəyə verməsi əsası ilə xx.xx.2022-ci il tarixdə iddiaçının keçmiş əri Loğman Cəbiyevin adına olan xüsusi təyinatlı kirayə müqaviləsinin (xx.xx.2014-cü il tarixli) ləğv edilərək, mənzilin boşaldılaraq Komitəyə təhvil verilməsinə dair qərar qəbul etmişdir.
56. Bundan sonra həmin mənzil Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “1/28” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında cavabdehin və onun ailə üzvlərinin istifadəsinə və sahibliyinə verilmişdir.
57. İşin faktiki hallarından göründüyü kimi, mənzilə dair tərəflərdən heç birinin xüsusi mülkiyyət hüququ olmamaqla, həmin mənzil məcburi köçkün statusu olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuşdur. Belə ki, qüvvədə olan Mənzil Məcəlləsinin 96-cı maddəsinə əsasən, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur.
58. Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, bina 1, məcburi köçkün şəhərciyi, 1saylı binanın 28 saylı mənzilə dair iddiaçının keçmiş həyat yoldaşının adına verilmiş xüsusi təyinatlı kirayə müqaviləsi ləğv edilmişdir, Cavabdeh və onun ailə üzvlərinin yaşaması üçün bağlanmış xx.xx.2022-ci il tarixli xüsusi təyinatlı kirayə müqaviləsi isə hazırda qüvvədədir.
59. İddiaçı tərəfindən “xx.xx.2014-cü il tarixli xüsusi təyinatlı kirayə müqaviləsinin ləğv edilərək mənzilin boşaldılması və Komitəyə təhvil verilməsinə dair” Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli qərarı və ya cavabdehlə bağlanmış xx.xx.2022-ci il tarixli “1/28” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi mübahisələndirilməmişdir.
60. Məhkəmə qeyd edir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Eyni zamanda, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa; iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa və s.
61. Göründüyü kimi, xx.xx.2014-cü il tarixli xüsusi təyinatlı kirayə müqaviləsinin ləğv edilərək mənzilin boşaldılması və Komitəyə təhvil verilməsinə dair” Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli qərarı və ya cavabdehlə bağlanmış xx.xx.2022-ci il tarixli “1/28” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin məhkəmə qaydasında mübahisələndirilməsi, ləğv edilməsi və ya həmin müqaviləyə xitam verilməsi məhkəmə araşdırması nəticəsində müəyyən edilməmiş, iddiaçı bununla bağlı məhkəməyə müraciət etmədiyini bildirmişdir.
62. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin və onun ailə üzvlərinin mübahisəli mənzildən çıxarılmaları və İddiaçı həmin mənzilə köçürülməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, iddia təmin edilməməlidir.
63. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM maddə 14.2, 77.1 və 88 maddələri).
64. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Nəticə
65. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «yaşayış evindən çıxarılma və həmin mənzilə köçürülmə» barədə iddia tələbi rədd edilməlidir.
66. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh Emil oğlunun ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, məcburi köçkün şəhərciyi, bina 1-də yerləşən 28-ci mənzilindən çıxarılmaları, İddiaçı azyaşlı övladı ilə birlikdə həmin mənzilə köçürülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova