Məhkəmə qərarları › İş №e-2(002)-98/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-98/2024

31.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-98/2024 31.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçının nümayəndəsi (anası) X1, Cavabdehin nümayəndəsi X11 iştirakları ilə,, İddiaçı Cavabdeh MMC-yə qarşı “istehsalat qəzası nəticəsində dəymiş maddı və mənəvi zərər tələbi”-nə dair iddia ərizəsinə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-ə qarşı “istehsalat qəzası nəticəsində dəymiş maddı və mənəvi zərər tələbi”-nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdən hal-hazırki günədək almış olduğu xəsarətlə bağlı dəymiş maddi ziyan olaraq 100000 (yüz min) AZN, mənəvi zərər olaraq 50.000 (əlli min) AZN Cavabdeh MMC-dən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə əmək müqaviləsi əsasında Cavabdeh MMC-də metal konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı işinə qəbul edilmişdir. xx.xx.2018-ci il tarixdə saat 10.30-da 11 saylı sexin ərazisində əl ilə idarə olunan qazla kəsici avadanlıqda metal tir üzərində qaynaq bucağı kəsərkən, kəsilmiş isti metal parçası fırlanaraq naməlum şəraitdə ayağında olan çəkməni deşmiş və sağ ayağının pəncə hissəsinə yandırıcı xəsarət yetirmişdir. Buna səbəb işəgötürən ``Bos Şelf``MMC-nin əməyin mühafizə qaydalarını pozaraq üzərində qoruyucu səth olan çəkmə ilə onu təmin etməməsi olmuşdur. Belə ki, əvvəllər bir neçə dəfə bu barədə rəhbərliyə müraciətlər edərək qoruyucu səthə malik olan çəkmələrə təmin edilməyini xahiş etmişdir. Lakin, onun müraciətlərinə əhəmiyyət verilməmişdir. Hadisə baş verdikdən sonra ilk 3 gün zavodun tibb məntəqəsində saxlanılmışdır. Ailə üzvlərinin tələbindən sonra xx.xx.2018-ci il tarixdə ev şəraitində müalicə almışdır. xx.xx.2018-ci il tarixdə artıq ağrılarının şiddətləndiyi üçün həkimə müraciət etmək qərarına gəldi. Həmin gün X9 müayinə və müalicə olunmağı üçün müraciət etmişdir. Müayinə olunduqdan sonra həkim Bəhram Vəzirəliyev tərəfindən ``Sağ pəncənin əzilməsi və əzilmiş yarası`` diaqnozu təyin edilməklə, xəstəlik vərəqəsi açılmışdır. Maraqlıdır ki, X2 zaman ilkin tibbi müayinə arayışında xəsarət alma şəraiti kimi iki fərqli arayış tərtib edilmişdir. Həmin arayışlardan birində ``deməsinə görə öz həyətində ayağına dəmir düşüb`` və ``deməsinə görə xx.xx.2018-ci il tarixdə iş yerində ayağına dəmir düşüb. İlk yardım zavodun tibb məntəqəsində göstərilib. 5 gün ərzində sarğıları dəyişdirilib `` qeydləri aparılmışdır. Halbuki, ``Bos Şelf`` MMC-nin vəzifəli şəxlərinin təkidi ilə xəsarət alan zaman xəstəxanaya çatdırılmamağının səbəbindən ilkinn müayinə arayışında ``sağ pəncənin proksimal hissəsində ağrı, 1 sm ölçüdə infeksiyalaşmış yara`` olması müəyyən edilmişdir. Qeyd etmək istəyir ki, X3 müayinə etmiş həkimi Bəhram Vəzirəliyev, eləcə də xəstəxananın rəhbərliyi tərəfindən hadisə və xəsarət almağı barədə hüquq-mühafizə orqanlarına, eləcə də X14 məlumat verilməmişdir. İlk 5-7 gün ərzində müayinə və müalicədən sonra sağ ayaq pəncəsində təcili cərrahi əməliyyatın aparılması bildirilsə də sonradan imtina edilmiş, lokal müalicə üsulu icra ediləcəyi göstərilmişdir. 2019-cu ilin avqust ayınadək olan müddət ərzində çoxsaylı xəstəxanalarda müayinə və müalicə olunmağının nəticəsi olmamış, artıq ağrıları mütəmadi və şiddətli olduğundan ``Bos Şelf`` MMC-nin rəhbərliyindən müalicə olunmağı üçün maddi yardımın göstərilməsini xahiş etməyə başlamışdır. Həmin vaxt baş vermiş hadisə barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edəcəyini bildirdikdən sonra xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanıdna X15 məlumat verilmişdir. xx.xx.2019-cu il tarixdə hadəsinin araşdırılması ilə bağlı təhqiqat komissiyası yaradılmış, müvafiq izahatlar toplanaraq araşdırma aparılmışdır. Qeyd edim ki, işəgötürən SƏTƏM menecerinin iştirakı ilə həmin gün hadəsinin baş vermə şəraiti simuliyasiya edilmiş, fotoşəkillər akta əlavə edilmişdir. Lakin, həmin akta əlavə edilmiş fotoşəkillərdə çəkmələrin üzərində qoruyucu səth müşahidə edilir. Buna baxmayaraq hadisə baş verən gün onun üzərində olan çəkmədə qoruyucu səth olmamışdır. Təhqiqat araşdırması aparmış müfəttiş yekun nəticənin onun xeyrinə olduğunu, yəni işəgötürənin təqsirli hərəkətləri nəticəsində həyat və sağlamlığıma zərər vurulduğuna dair yekun qərar qəbul edilməsi barədə ona məlumat verilmişdir. Qeyd edir ki, onun xx.xx.2018-ci il tarixdə xəsarət alması, bununla bağlı X10 tərəfindən hüquq-mühafizə orqanları, eləcə də X14 məlumatın verilib-verilməməsinə dair sorğulara cavablar verilməmişdir. Bu səbəbdən də həmin hissədə sübutların məhkəmə tərəfindən sorğu verilmək yolu ilə əldə edilməsini xahiş etmişdir. Proses iştirakçılarının çıxış və izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahatında iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.Əlavə qeyd edir ki, mediasiyada cavabdeh barışıq təklif edib, iddiaçıya kömək etməyə söz verdilər. Bu hərəkətləri ilə onlar artıq öz təqsirini sübut etdilər. X12 mövqeyini dəqiq bilmək olmur. İddiaçının müalicəsi çox pul tələb edəndə artıq cavabdeh müəssisə iddiaçını işdən çıxardı.Hadisədə iddiaçının ayağında qoruyucu səthin olmaması özünü göstərir. Belə ki, cavabdeh hadisəni simulyasiya etdiyi şəkillərdə həmin qoruyucu səthi göstərsə də, hadisə zamanı iddiaçının ayağında olan ayağının fotoşəklindən görünür ki, həmin qoruyucu səth onun ayağında olmamışdır. Qoruyucu səth olsa idi, baş vermiş hadisədə iddiaçının ayağı bu zədəni almazdı. Həmin qoruyucu səthi təmin etmək cavabdehin öhdəliyi idi. İddiaçının hadisə zamanı harada durması və onun pozuntu olması ilə bağlı heç bir akt yoxdur. İddiaçı məhkəmə iclasında izahatında vəkili ilə razı olduğunu bildirərək, iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi (anası) X4 məhkəmə iclasında izahatında bildirir ki, Oğlunun bu xəsarəti işdə olmuşdur. Əgər o qoruyucu olsaydı o, oğlunun ayağını bədbəxt hadisədən qoruyardı. Xahiş edir ki, iddia təmin edilsin. Cavabdehin nümayəndəsi X16 məhkəmə iclasında izahatında iddianın təmin edilməməsini xahiş edərək, bildirir ki, hadisə iş zamanı baş versə də, hadisə işəgötürənin təqsiri səbəbindən olmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahatında bildirmişdir ki hadisədən öncə təhlükəni hiss edib özündən yüksək vəzifədə olan 4 rəhbərinə onunla bağlı müraciət etdi ki, ona ayaqlıq verilsin. Bu haqda cavabdeh müəssisənin briqadiri, formen və sex rəisinə kimi məlumat vermişdir. Sexdə o vəsait tapılmadı deyə ona verilmədi. Əvəzində isə ona rəhbər şəxslər tərəfindən deyildi ki, ya ayaqqabısız işləməlisən, ya da işdən çıxmalısan. Məcbur qalıb işi ayaqqabısız icra etmişdir. O, qanunauyğun formada işi saxlayb təhlükə barədə rəhbərliyə müraciət etdi. Onunla bağlı hadisə baş verəndən sonra səhəri gün bütün sexə müəssisə ayaqqabı payladı. Hadisə baş verəndən sonra onu Neftçilər Xəstəxanasına aparanda İsgəndər həkim onu qarşıladı, ona hadisənin işdə olduğunu dedi. İsgəndər həkim xəstəxana xərcini sığorta yox, idarənin ödədiyini bildirdi. Neftçilər xəstəxanasında Şəhriyar həkim dedi ki, əməliyyat olunmalısan və ayağına implant qoyulmalıdr. Bununla bağlı valideynləri gəlib xəstəxanada imza çəkdilər və onu əməliyyata hazırladılar. Hər şey hazır olanda həkimə zəng gəldi və həkim əməliyyatı dayandırdı. Sonra idarəyə maddi dəstək olması üçün bildirəndə müəssisənin vəkili Ziyad müəllim dedi ki, idarənin pulu yoxdur. Müəssisə o halında hadisədən 4 ay sonra məcbur onu işə çıxardılar. İşə çıxandan sonra ayağına dərman vurmaq üçün belə işdən ona icazə vermirdilər. O formada işləyə-işləyə axırda ayağı pis oldu həkimə apardılar. Müalicə dövründə Bakı Klinikasına gedəndə cavabdeh müəssisə kartına 700 manat göndərdi ki, xəstəxanada müalicəsinə xərclədiyi qəbzləri onlara aparsın. Ondan əvvəl də sümüyü qanqrena olanda da cavabdeh ona köməklik edib. Cavabdeh bu hadisə ilə bağlı ona ümumən heç 5000 manat köməklik etməyib. O işi tək edirdi və köməkçi olmayıb deyə hərbir şeyi özü edirdi, o an bütün işləri tam və dolğun formada necə tək edə bilərdi ki, əsas məqsədi işii edib bitirmək idi Təhlükəni görən kimi işiNi saxlayıb rəhbərinə məlumat verib sonra davam etmişdir. Hadisədən öncə işini saxlayıb vaxtında ona çəkmə üçün qoruyucu səth verilməsi ilə bağlı rəhbərliyə məlumat vermişdir.Lakin rəhbərlik tərəfindən müraciətinə əhəmiyyət verilmədi. Hal-hazırda onun həmin müalicə üçün maddi imkanı yoxdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2017-ci il tarixli 165299 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında müddətli əmək müqaviləsi bağlanmışdır İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2018-ci i ltarixli və xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, xx.xx.2017-ci il tarixli 165299 nömrəli əmək müqaviləsinin 4.1-ci maddəsinə dəyişikliklər edilmiş və bu dəyişiklər edilməsi ilə bağlı bildirişlər qeydə alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli istehsalatda bədbəxt hadisə haqqında İZ formalı aktın məzmunundan görünür ki, "xxxx" MMC-nin metalkonstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı İddiaçı 22 may 2018-ci il tarixdə "xxxx" MMC-nin 11 saylı sexinin 2-ci texniki zolağına işyerinə gəlmiş, əməyin mühafızəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimat aldıqdan sonra əmək funksiyalarının içrasına başlamışdır. Həmin günü quraşdırıcı usta X13 tərəfindən aparılmış iş bölgüsü zamanı quraşdırıcı İddiaçı əllə idarə olunan qazla kəsici avadanlıq vasitəsi ilə uzunluğu 12 metr,hündürlüyü 60 sm olan metal tirin üzərində qaynaq bucağının kəsilməsi (faska açılması)işi tapşırılmışdır. İddiaçı verilmiş iş tapşırığına əsasən işə başlamış və qazla kəsici ilə tirdə qaynaq bucağını kəsərkən tirin qırağından kəsilmiş isti metal qırıntısı onun sağ ayağının pəncəsinin üzərinə düşərək xəsarət almışdır.Hadisədən sonra İddiaçı ilkin tibbi yardım göstərilmiş və o, Neftçilər xəstəxanasına göndərilmişdir. Hadisənin səbəlıəri kimi ,BOS Self" MMC-nin 11 saylı sexinin 2-ci texniki zolağında əllə idarə olunan qazla kəsici avadanlıq ilə metal tirin üzərində qaynaq bucağı kəsilmiş isti metal konstruksiyalarının quraşdırılması üzrə İddiaçı sağ ayağının pəncəsinin üzərinə düşməsi olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhəri İdarəsindən İddiaçı vəkilinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh işçisi İddiaçı xx.xx.2018-ci il tarixdə xəsarət alması ilə bağlı araşdırma aparılıb-aparılmaması barədə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarınıza Azərbaycan Respublikasının ƏMək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətində baxılmışdır.Bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəİi Qərarı ilə təsdiq edilmiş 'İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınrması Qaydalarna əsasən İddiaçı xx.xx.2018-ci il tarixdə əsarət alması ilə nəticələnmiş bədbəxt hadisə X18 Xidmətinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən tədqiq edilmişdir. Hadisə istehsalatla əlaqəli hesab edilərək İZ formalı aktla rəsmiləşdirilmiş və “Bos Şelf MMC tərəfindən uçota alınmışdır. Məlumat üçün bildirmişdir ki, xx.xx.2021-ci il tarixli məktubunuza əsasən İddiaçıla baş vermiş bədbəxt hadisənin təhqiqat materiallarının surəti X18 Xidmətinin xx.xx.2021 -ci il tarixli **********6 nömrəli məktubu ilə Sizə göndərilmişdir. Həmçinin, İddiaçı Cavabdeh MMC-də xəsarət alması və pozulmuş hüquqlarının bərpa olunmasına köməklik göstərilməsi barədə müraciətinə X18 Xidmətində baxılmış və Xidmətin xx.xx.2023-cü il tarixli3-17-5/2-4856/2023nömrəliməktubu ilə vətəndaşa cavab verilmişdir (məktubun surəti əlavə olunur).Əlavə olaraq nəzərinizə çatdırmışdır ki, İddiaçı xəsarət alması barədə hadisə baş verən gün işəgötürən tərəfindən X18 Xidmətinə məlumat verilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən tərəflərindən işəgötürən inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan 1205 nömrəli xx.xx.2022-ci il tarix əmrlə “BOS Şelf" MMC tərəfi ilə İddiaçı arasında arasından bağlanmış xx.xx.2017-ci il tarixli 165299 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarmasi) əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş inzibatı tənbeh vermə haqqında MN ******* saylı qərardan görünür ki , AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti tərəfindən “BOS Şelf" MMC barəsində İddiaçı xx.xx.2018-cü il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barəsində həmin gün xəbər verilmədiyindən İXM 555.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədildiyindən 1000 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-ci il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin xx.xx.2019-cu il tarixli əmrdən görünür ki, Azərbaycan Respubnlikasının Nazirlər Kabinətinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş ”İstehsalatda baş verən bədbəxt hadislərinin təhqiqi və uçota alınması Qaydalarına əsasən baş vermiş bədbəxt hadisənin təhqiq edilməsi təhqiqat komissayının yaradılması əmr edilmişdir.Həmin əmrə əsasən yaradılmış komissiyanın rəyinə görə komissiya təhqiqat aktının 4-cü bölməsinə əsasən bədbəxt hadisənin baş verməsində əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxsləri müəyyən etməmişdir. İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalat xarakterlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"na müvafiq olaraq “İZ” formalı aktla rəsmiləşdirilməli və Cavabdehndə uçota alınmalıdır. “İZ” formalı aktın bir nüsxəsinin zərərçəkənə verilməsi cəmiyyət rəhbərliyi tərəfindən təmin edilməlidir.Komissiya üzvləri zərərçəkənlə görüşmüş və ona sosial hüquqlarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada izah etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin xx.xx.2019-cu il tarixli əmrdən əlavə edilmiş İddiaçı izahatlardan görünür ki, xx.xx.2018-cü il tarixdə işə başlamazadan öncə texniki təhlükəsizlik barəsində təlimat aldığını və əmək funksiyalarının icrasına başladığını, təxminən 10:30 radələrində kəsici qurğu ilə 60 kq-lıq balkanın polkasında faska açarkən balkanın qırağından çıxan dəmirqarışıq şlaq ani surətdə qoparaq sağ ayağının pəncə nahiyəsinə girərək xəsarət yetirmişdir. Hadisədən sonra zavodun tibb məntəqəsində ona ilkin yardım göstərdikdən sonra 5 gün davamlı olaraq müəsisənin tibb məntəqəsində müalicəsini davam etdirmişdir. xx.xx.2022-ci il tarixdə ayağı infeksiya olmuş və ağrıları artdığından X9 apardılar. Hal-hazırda müalicəsi davam etdirir.İşə başlamışdan öncə önlük və qolluqla təmin edilmiş, lakin ayaqlıqla təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Səhiyyə Nazirliyi X7 xx.xx.2018-cü il tarixli çıxarışından görünür ki, İddiaçı aşıq baldır oynağı və ayağın bərk əzilməsi qəti diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Səhiyyə Nazirliyi X7 xx.xx.2019-cü il tarixli çıxarışından görünür ki, İddiaçı sağ pəncədə postravmatik sümük iliyi ödəmi diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 25909 nömrəli qəbzdən görünür ki, İddiaçı dərmanlarına görə 980 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli epikrizindən görünür ki , 15 gün ərzində xəstəxanada İddiaçı stasionarda yatılı müalicə olunmasına və oynaq terapevtik maddənin inyeksiyasına görə cəmi 1523.90 manat məbləğində xərc çəkilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki,araşdırma zamanı baş vermiş hadisə ilə əlaqədar olaraq əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulub-pozulmamasım müəyyən etmək mümkün olmamışdır. İddiaçı hadisə nəticəsində az ağır xəsarət almış, eyni zamanda əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulub-pozulmamasmı müəyyən etmək mümkün olmamışdır.Beləliklə, "Bos Şelf' MMC-də quraşdırıcı vəzifəsində işləmiş İddiaçı iş zamanı xəsarət alması faktında hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2- ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi, X5 əməlində hər hansı cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 44 saylı rəyindən görünür ki, 1983cü il təvəllüdlü vətəndaş İddiaçı bədən səthində aşkar edilmiş xəsarətlər - sağ ayaq oynaqlarm bükücü-açıcı vətərlərin konturakturası, subxondrial sklerozu, oynaq yarığının daralması və hissi-hərəki funksional pozğunluğu ilə müşayiət olunan sağ pəncənin yumşaq toxumalarının əzilməsi və termiki yanığı nəticəsində qayıqvari sümüyünün osteonekrozu (cərrahi əməliyyat - osteotomiya) yüksək hərarətin - isti cismin təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2018-ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən (33%) az olmaqla dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İddiaçı bədən səthində aşkar edilmiş xəsarətin xarakter, lokalizasiyasmı və tibbi sənəddə qeyd olunanları nəzərə alıb demək olar ki, qeyd olunan xəsarət müxtəlif şəraitdə o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni isti metal qırıntısının sağ ayaq nahiyəsinə düşməsi nəticəsində əmələ gəlməsi mümkündür.Məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 15 may 2023-cü il tarixli 10/2962 nömrəli rəyində qeyd edilmişdir ki, hadisənin baş vermə şəraitini nəzərə almaqla yoxlama materiallarında hadisə ərəfəsində İddiaçı ayağında olan ayaqqabının odadavamlı xüsusi ayaqqabı olub-olmaması, ayaqqabının üzərində termiki təsir izlərinin yaranıb-yaranmaması barədə məlumatlar olmadığına görə, hadisənin bilavasitə texniki səbəbini müəyyən etmək mümkün deyildir. Hadisənin bilavasitə texniki səbəbini müəyyən etmək mümkün olmadığına görə, hadisə ilə əlaqədar əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulub-pozulmamasma dair suallar üzrə tədqiqat aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2019-cu il təvvəllüdlü arayışdan görünür ki, xx.xx.2018-ci il tarixdə Şirkət ərazisində İddiaçı xəsarət alması ilə nəticələnmiş hadisədə Şirkətə heç bir maddi ziyan dəyməmişdir. İş materiallarına fotoşəkillər əlavə edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191.2. Ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda və bu şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Maddə 194.1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Maddə 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 195-ci maddəsinin c) bəndinə əsasən, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə, işəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Maddə 196-cı maddəsinin 1-ci bəndinə əsasən, Bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın)-müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Maddə 215. Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; və s. 40. Maddə 217. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Maddə 225.1. İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Maddə 238. İşçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir. 239.1-ci maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 239.2-ci maddəsinə əsasən İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 239.3-ci maddəsinə əsasən İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Maddə 290.3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294.5-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli aralıq qətnaməsinə əsasən mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290cı maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilmişdir. Qanunvericinin bu yanaşmasına müvafiq olaraq Nazirlər Kabinetinin Qərarının 1.1ci bəndində müəyyən edilmişdir ki, zərərçəkənin təqsirinin dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa müvafiq olaraq işəgötürənin təqsiri oldugu halda təqsirinin dərəcəsindən asılı olmayaraq, o, tam məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarından görünür ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, “Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəbli nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. Mənəvi zərərin məbləğinin müəyən edilməsi üçün konkret meyarlar qanunvericiliklə müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsirləri aiddir. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək, az olması isə aşağı olmasını şərtləndirir. Belə ki, bir şəxsin avtomobil qəzasında vəfat etməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir. Təzminatın miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər. İztirab və sarsıntının ağırlıq dərəcəsinə təsir göstərən faktorlardan biri də ölən və ya cismani zərərə məruz qalanın yaxınlarının mənəvi təzminat tələb etmələri halında onların zərərçəkmiş şəxslə qohumluq dərəcəsi və şəxsi münasibətlərinin xarakteridir. Yaxınlara ödəniləcək mənəvi təzminatın miqdarında qohumluq dərəcəsindən asılı olmayaraq mövcud olan şəxsi münasibətlərin xarakteri də əhəmiyyət kəsb edir. Bu zaman sağ ikən şəxslərarası münasibətlərin məzmununa xüsusi diqqət edilməlidir. Odur ki, ölən şəxslə yaxşı münasibəti olan və daim onun yanında qalan bir kəsə ödəniləcək təzminat məbləği, münasibətləri pis olan və uzun zaman ərzində onunla görüşməyən şəxsə ödəniləcək məbləğdən çox olmalıdır. Mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır (bu Qərarın 21-ci bəndi). Zərərvuranın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Bu anlamda, ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərənin məbləği ilə eyni olmamalıdır. Həmçinin,mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarının izahatını dinləyib iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddia qismən təmin edilməlidir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, tərəflərin izahatları ilə müəyyən edilmiş hallarından görünür ki, iddiaçının iş yerində əmək funksiyalarını həyata keçirərkən zədə alması işin mübahisəsiz halıdır. Tərəflər arasında mübahisəli hal: iddiaçı onun çəkməsində işəgötürənə dəfələrlə müraciət etməsinə baxmayaraq qoruyucu səthin təmin edilməməsi səbəbindən sağlamlığına geridpnülməz zərər aldığını qeyd edir, cavabdeh(işəgötürən) isə hadisənin işəgötürənin təqsirində yaranmamasını iddia edərək iddanən rədd edilməsini xahiş edir. İşin faktiki hallarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin “İstehsalatda baş verən bədbəxt hadisənin təhqiq edilməsi üçün Təhqiqat komissiyasının yaradılması haqqında” xx.xx.2019-cu il tarixli əmrinə əsasən formalaşdırılmış komissiyanın rəyindən görünür ki, bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4-cü bölməsinin İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalat xarakterlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq İZ formalı aktlarla rəsmiləşdirilməsi və Cavabdeh MMC tərəfindən uçota alınması qeyd olunmuşdur. İstehsalatda bədbəxt hadisə haqqında 1 saylı “İZ” formalı aktdan görünür ki, "xxxx" MMC-nin metalkonstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı İddiaçı 22 may 2018-ci il tarixdə "xxxx" MMC-nin 11 saylı sexinin 2-ci texniki zolağına işyerinə gəlmiş, əməyin mühafızəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimat aldıqdan sonra əmək funksiyalarının içrasına başlamışdır. Həmin günü quraşdırıcı usta X13 tərəfindən aparılmış iş bölgüsü zamanı quraşdırıcı İddiaçı əllə idarə olunan qazla kəsici avadanlıq vasitəsi ilə uzunluğu 12 metr,hündürlüyü 60 sm olan metal tirin üzərində qaynaq bucağının kəsilməsi (faska açılması)işi tapşırılmışdır. İddiaçı verilmiş iş tapşırığına əsasən işə başlamış və qazla kəsici ilə tirdə qaynaq bucağını kəsərkən tirin qırağından kəsilmiş isti metal qırıntısı onun sağ ayağının pəncəsinin üzərinə düşərək xəsarət almışdır.Hadisədən sonra İddiaçı ilkin tibbi yardım göstərilmiş və o, Neftçilər xəstəxanasına göndərilmişdir. Hadisənin səbəbləri kimi ,BOS Self" MMC-nin 11 saylı sexinin 2-ci texniki zolağında əllə idarə olunan qazla kəsici avadanlıq ilə metal tirin üzərində qaynaq bucağı kəsilmiş isti metal konstruksiyalarının quraşdırılması üzrə İddiaçı sağ ayağının pəncəsinin üzərinə düşməsi olmuşdur. Hazırki iş üzrə iddiaçı baş vermiş bədbəxt hadisə nəticəsində dəymiş maddi ziyan və mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etməyərək, bədbəxt hadisənin baş verməsində şirkətin təqsiri olmadığını və iddiaçının diqqətsizliyi və ehtiyatsızlığından irəli gələrək baş verdiyinə əsaslanaraq iddianın rədd edilməsini xahiş etmişdir . Beləliklə, iş materiallarına və tərəflərin izahatlarına əsasən hadisənin iddiaçının əmək funksiyalarının icrası zamanı baş verdiyi, sözügedən bədbəxt hadisənin istehsalat xarakterli olması, hadisə barədə işəgötürən tərəfindən əmək müfəttişliyinə gec məlumat verilməsini, iddiaçının çəkməsində qoruyucu səthlə təmin edlməməsini və məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında göstərilir ki, qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə yanaşı, təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır. İşin yuxarıda qeyd edilən hallarına əsasən, hazırkı halda işəgötürən istehsalat xarakterli bədbəxt hadisənin baş verməsində təqsirsiz olmasını sübuta yetirə bilməmişdir. Həmçinin, işəgötürənin hər hansı inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmaması onun əməyin mühafizəsi normalarının pozulması nəticəsində iddiaçının səhhətinə vurulan zərərə görə məsuliyyət daşımaması anlamına gəlmir. Beləliklə, məhkəmə hesab edir ki, işəgötürən baş vermiş bədbəxt hadisədə əməyin mühafizəsi normalarının pozulmasına görə təqsirlidir, bu hal iddiaçının iş materiallarında və məhkəmə iclaslarında olan bütün izahatlarında işəgötürən tərəfindən xüsusi qoruyucu səthli ayaqlıqla təmin edilmədiyi ifadəsinin cavabdeh tərəfindən əksinin sübuta yetirə bilməməsi ilə, eyni zamanda bədbəxt hadisə baş verdiyi halda cavabdeh tərəfindən X18 Xidmətinə gec məlumat verilməsi ilə və həmçinin işəgötürən tərəfindən işçiyə bədbəxt hadisə ilə əlaqədar əvvəllər edilmiş müəyyən miqdarda ödənişlər edilməsi ilə öz təsdiqini tapır. Belə olan halda, məhkəmə qeyd edir ki, işəgötürənin hər hansı inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmaması onun əməyin mühafizəsi normalarının pozulması nəticəsində iddiaçının səhhətinə vurulan zərərə görə məsuliyyət daşımaması anlamına gəlmir. Yuxarıda sadalanan normaları və iş üzrə müəyyən edilmiş halları, məhkəməyə maddi ziyan tələbinin əsası kimi iddiaçı tərəfindən təqdim edilmiş qəbzləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının maddi ziyan tələbi 2503,90 manat hissədə (xəstənin stasionarda yatılı müalicə olunmasına görə və oynaq terapevtik maddənin inyeksiyasına görə cəmi 1523.90 manat və dərmanlarına görə isə 980 manat olmaqla cəmi 2503.9 manat) təmin edilməli, maddi ziyan tələbi digər hissədə iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, məhkəməyə maddi ziyan barədə heç bir digər sübut təqdim edilmədiyindən rədd edilməlidir. Həmçinin məhkəmə iddiaçının mənəvi ziyanla bağlı tələbinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin qeyd edilən normalar çərçivəsində maddi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olması iş materialları ilə sübut olunur. Göründüyü kimi, iddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Qeyd edilənlərlə əlaqədar iddiaçının və ailə üzvləeinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli aralıq qətnaməsi və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının göstərişlərini nəzərə alaraq, işəgötürənin işçiyə vurduğu mənəvi ziyana görə tam maddi məsuliyyət daşımasını, və işin faktiki hallarını nəzərə alaraq mənəvi zərəri 10.000 manat məbləğində qiymətləndirir. Belə ki, iddiaçıya dəymiş mənəvi zərərin 10.000 (on min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan, ədalətli və mütənasib əvəzi kimi qəbul edilə bilər. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə məhkəmə həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, iddiaçıya cavabdeh tərəfindən ödənilməli olan müavinətin qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanıb ödənilmədiyini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh MMC tərəfindən iş zaman baş vermiş bədbəxt hadisə nəticəsində dəymiş maddi və mənəvi zərər tələbi qismən təmin edilməli, 2503,90 manat maddi ziyan və 10000 manat mənəvi zərər Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 127,51 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət nəfinə ödənilməlidir. Nəticə hissəsi: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2503(iki min beş yüz üç) manat,90(doxsan) qəpik maddi ziyan və 10000(on min) manat mənəvi zərər Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 127(yüz iyirmi yeddi) manat, 51(əlli bir) qəpik dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət nəfinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar