Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1006/2025 07.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8400,0 manat məbləğində pul vəsaitinin və ödədiyi 104,0 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona 8400,0 manat məbləğində pul borcludur. xx.xx.2020-ci ildə şəxsən təqdim etdiyi yazılı müqaviləyə əsasən İddiaçı ilə Cavabdeh arasında 8400,0 manat dəyərində kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən 12 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehhəmin tarixdə götürdüyü 8400,0 manat pul borcundan ödəniş olunmamışdır. Dəfələrlə ona şifahi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəyəcəyini bildirmiş və bugünə kimi pul ödəməmişdir. xx.xx.2023-ci ildə bildirişi Cavabdeh göndərməklə ona ümumi olan 8400,0 manat pul borcunu 3 gün müddətində geri qaytarmağı tələb etmişdir. Əks halda qanunvericiliyə müvafiq olaraq barənizdə borcun alınması məqsədiylə məhkəmə qaydasında müraciət etməklə tələb edəcəyini bildirmişdir. Lakin yenə də pulu ödəməmişdir. Proses iştirakçılarının izahatı İddiaçıya məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraiət edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı yalnız qismən qəbul edərək bildirmişdir ki, o, iddiaçından cəmi 1500 manat məbləğində pul almışdır. Bu səbəbdən cavabdeh iddianın yalnız göstərilən məbləğ həddində təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərmişdir ki, İddiaçı irəli sürdüyü tələblər tamamilə əsassız və sübutsuzdur. İddiaçı iddia ərizəsində guya cavabdehlə onun arasında xx.xx.2020-ci il tarixli yazılı borc müqaviləsinin mövcud olduğunu və həmin müqavilə əsasında cavabdehin 8400 manat məbləğində borc aldığını iddia edir. Lakin cavabdeh bildirir ki, onunla iddiaçı arasında hər hansı borc münasibəti yaranmamış, tərəflər arasında heç bir yazılı müqavilə bağlanmamış və bu barədə hər hansı sənəd imzalanmamışdır. Cavabdeh iddiaçının göstərilən məbləğdə borc verilməsi barədə iddiasını əsassız hesab edir. Cavabdeh əlavə olaraq qeyd edir ki, İddiaçı ümumiyyətlə tanımır və tanımadığı bir şəxsin ona qarşı məhkəmədə iddia qaldırması onun üçün tamamilə gözlənilməz və anlaşılmazdır. Cavabdeh məhkəmədən xahiş edir ki, iş üzrə bütün halların hərtərəfli, obyektiv və qanunauyğun şəkildə araşdırılmasını təmin etsin və iddiaçının iddia tələblərinin əsassız olması nəzərə alınaraq, iddianı tam şəkildə rədd etsin. İş materiallarına əlavə olunmuş sənədlər - İltizamın sürətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı ilə lotoreya oyunu qurublar və 15 ay müddətinə hər ay 600,0 manat ödəməyi öz öhdəsinə götürüb. 8400,0 manat pulu götürdüyünü yazılı şəkildə ifadə edib. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsilə müraciət edən zaman 104,0 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ümumi 8400,0 manat pul borcunu 3 gün müddətində geri qaytarmağı tələb etmişdir. Əks halda qanunvericiliyə müvafiq olaraq barənizdə borcun alınması məqsədiylə məhkəmə qaydasında müraciət etməklə tələb edəcəyini bildirmişdir. - AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 4/1435 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 66-cı vərəqində olan xx.xx.2020-ci il tarixli İltizamdakı “Bakı şəhəri Buzovna — qəsəbəsi.....” sözləri ilə başlayıb “......***-***-**-** Aldım:” sözləri ilə bitən əlyazmalardan (tarix göstəricisində haşiyələnmiş rəqəmlərdən və “hər ay”, “ödənişi” “da” sözlərinin qarşısındakı “6” rəqəmlərindən başqa), “İMZA:” qrafasındakı və “Aldım” sözünün qarşısındakı imzalar - Cavabdeh RAFAYİL oğlu tərəfindən icra olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı Cavabdeh 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul borcunun və 104 manat dövlət rüsumunun tutulmasını tələb edir. İddiaçı tələblərini xx.xx.2020-ci il tarixli yazılı borc müqaviləsi (iltizam) ilə əsaslandırmışdır. Cavabdeh etiraz ərizəsində borc münasibətlərinin ümumiyyətlə mövcud olmadığını, iddiaçını tanımadığını bildirmiş, lakin məhkəmə iclasında 1500 manat məbləğində borc aldığını etiraf etmişdir. Bu hal AR MPM-nin 106.3-cü maddəsinə əsasən, cavabdehin həmin məbləğə dair borc faktını etiraf etməsi kimi qiymətləndirilir və bu məbləğ üzrə sübutetmə yükündən iddiaçını azad edir. Bununla belə, iddianın qalan hissəsi üzrə məsələ mövcud yazılı sübutlar və ekspert rəyi əsasında qiymətləndirilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh tərəfindən 8400 manat məbləğində borc alındığı yazılı şəkildə təsdiq edilmişdir. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/1435 saylı ekspert rəyinə əsasən, təqdim olunmuş iltizam sənədində “İMZA” qrafasında və “Aldım” sözünün qarşısında olan imzalar və əsas mətni təşkil edən əlyazmalar (6 rəqəmi istisna olmaqla) Cavabdeh məxsusdur. AR MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutları obyektiv və tam qiymətləndirir və heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ekspert rəyinin elmi-texniki xarakteri, xüsusi bilik tələb edən sahəyə aid olması və onun əsasında imzanın cavabdehə məxsusluğunun müəyyən edilməsi sənədin həqiqiliyini təsdiq edən mühüm sübut kimi qiymətləndirilir. Beləliklə, cavabdehin “sənəd imzalamamışam”, “iddiaçını tanımıram” izahatları iş materiallarındakı yazılı sübutlar və ekspertiza rəyi ilə təkzib olunur. AR MPM-nin 77.1-ci maddəsinə əsasən, tərəflər iddia və etirazlarını əsaslandıran halları sübut etməlidirlər. İddiaçı borc münasibətinin mövcudluğu və məbləği barədə yazılı borc iltizamı təqdim etmiş, sənəd üzrə aparılmış ekspertiza rəyini işə əlavə etdirmişdir. Bu hallar məhkəmə tərəfindən işin digər sübutları ilə birlikdə tam və hərtərəfli araşdırılmışdır (AR MPM 14, 88). Cavabdeh isə borc münasibətlərinin olmamasına dair heç bir yazılı və ya digər mötəbər sübut təqdim etməmiş, yalnız ümumi xarakterli etirazlar irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin etirazları sübutla təsdiqlənmədiyindən hüquqi əhəmiyyət kəsb etmir. Eyni zamanda cavabdehin məhkəmə iclasda 1500 manat məbləğində borc aldığını etiraf etməsi (AR MPM 106.3) borc münasibətinin ümumilikdə mövcudluğunu da dolayı yolla təsdiqləyir. Yuxarıda göstərilən sübutların təhlili, tərəflərin izahatları və tətbiq edilməli hüquq normaları əsasında məhkəmə belə nəticəyə gəlir ki: Tərəflər arasında xx.xx.2020-ci il tarixli yazılı borc müqaviləsi mövcuddur, Cavabdeh bu müqavilə ilə 8400 manat borc aldığını təsdiqləmişdir, borc müqaviləsindən irəli gələn öhdəlik icra edilməmişdir və iddiaçının tələb etdiyi borc məbləği əsassız deyil və sübutlarla tam təsdiq olunur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borcun iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, borcun qaytarılmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 104,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 104,0 manat dövlət rüsumu cavabdehdən alınaraq ona verilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməli, Cavabdeh 8400,0 manat borc məbləğinin və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 104,0 manat dövlət rüsumu olmaqla, cəmi 8504,0 (səkkiz min beş yüz dörd manat) manat tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 8400,0 manat borc məbləğinin və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 104,0 manat dövlət rüsumu olmaqla, cəmi 8504,0 (səkkiz min beş yüz dörd manat) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-1006/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1006/2025
07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver