Məhkəmə qərarları › İş №e-2(003)-101/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-101/2024

03.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-101/2024 03.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X6 qarşı torpaq sahəsinin boşaldılması və tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Xaşaxuna qəsəbəsinin ərazisində yerləşən 2501 saylı, xx.xx.2006-cı il tarixli müqavilə əsasında X4 ayrılmış 14 saylı bağ sahəsinin və Bakı şəhəri Xəzər rayonu Xaşaxuna qəsəbəsinin ərazisində yerləşən 98285 saylı xx.xx.2006-cı il tarixli müqavilə əsasında İddiaçı1 ayrılmış 14a saylı bağ sahəsinin cavabdeh X10 tərəfindən boşaldılması, qanunsuz inşa edilmiş tikililərin cavabdehin vəsati hesabına sökülməsi, 100 manat ödənilmiş dövlət rüsumunun və hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində texniki səhvə yol verildiyini bildirmiş və məhkəmədən Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna qəsəbəsinin ərazisində yerləşən 2501 saylı, xx.xx.2006-cı il tarixli müqavilə əsasında İddiaçı2 ayrılmış 14 saylı bağ sahəsinin və Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna qəsəbəsinin ərazisində yerləşən 38285 saylı, xx.xx.2006-cı il tarixli müqavilə əsasında İddiaçı1 ayrılmış 14a saylı bağ sahəsinin Cavabdeh tərəfindən boşaldılması, qanunsuz inşa edilmiş tikililərin cavabdehin vəsati hesabına sökülməsi, 100 manat ödənilmiş dövlət rüsumunun və hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna qəsəbəsinin ərazisində yerləşən 14 saylı bağ sahəsi, 2501 saylı xx.xx.2006-cı il tarixli müqavilə əsasında İddiaçı2 və Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna qəsəbəsinin ərazisində yerləşən 98285 saylı xx.xx.2006-cı il tarixli müqavilə əsasında İddiaçı1 qızına 14a saylı bağ sahəsi ayrılmışdır. Həmsərhəd olan həmin bağ sahələrinin hər birinin sahəsi 0,12 ha olmaqla ümumi sahə 0,24 ha təşkil edir və hər tərəfdən daş hasara alınmaqla birgə istifadə olunur. Qeyd edir ki, 14 saylı bağ sahəsinin sahibi İddiaçı2, 14a saylı bağ sahəsinin sahibi İddiaçı1 doğma qızıdır. Eyni zamanda onu da bildirir ki, həmin bağların daxilində 9 kv.metrdən ibarət yaşayış otağı vardır. Lakin iddiaçıların qanuni istifadələrində olan bağ torpaq sahəsinə Cavabdeh tərəfindən müdaxilə edilərək orada yerləşən yaşayış evi sökülmüş və bağın ətrafına çəkilmiş divar sökülərək iki hissəyə bölünmüşdür. Cavabdehdən bu qanunsuz hərəkətlərə son qoyulması və bağ torpaq sahələrinin boşaldılması tələb edilmiş, lakin cavabdeh bağ sahələrini boşaltmamış, özbaşına tikinti işlərinin aparılmasını davam etdirir. Bununla bağlı ərazi üzrə sahə müvəkkilinə etmiş olduqları müraciət də heç bir nəticə verməmişdir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edirlər ki, sökülmüş yaşayı evi cavabdehin vəsaiti hesabına bərpa olunmalı, aparılmış qanunsuz tikililər cavabdehin vəsaiti hesabına sökülməli və zəbt olunmuş bağ torpaq sahələri cavabdeh tərəfindər boşaldılmalıdır. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsi xahiş etdi və izahatında bildirdi ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçıların qanuni istifadəsinə verilmişdir. Bununla bağlı Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi ərazisində yerləşən 14 saylı bağ sahəsi, 2501 saylı xx.xx.2006-cı il tarixli müqavilə əsasında İddiaçı2 və həmin bağın bir hissəsi isə olan 14a saylı bağ sahəsi, 98285 saylı xx.xx.2006-cı il tarixli müqavilə əsasında İddiaçı1 qızına ayrılmışdır. Torpaq sahələri iddiaçıların birgə istifadələrində olmuşdur. Torpaq sahəsini, iddiaçıların məlumatı olmadan cavabdeh müxtəlif formalarda hasara alıb satmışdır. Bu barədə ona bildirilmiş, o, isə torpaq sahəsinin bələdiyyə torpaq sahəsi olduğunu bildirmiş və qohumunun adına almışdır. Torpaq sahəsinin bələdiyyə torpaq sahələrinə heç bir aidiyyəti yoxdur. Torpaq sahəsi bağ massivinə aiddir və iddiaçılara icarə müqaviləsi əsasında verilmiş, həmçinin torpaq sahəsinin sxemi vardır və məhkəməyə təqdim edilmişdir. Ona görə də hesab edir ki, torpaq sahəsi cavabdeh tərəfindən boşaldılmalı və orada cavabdeh tərəfindən inşa edilmiş tikililər sökülməlidir. Həmçinin bildirdi ki, cavabdeh tərəfindən inşa edilmiş tikililər hasarlardan ibarətdir. Belə ki, cavabdeh torpaq sahəsini hasarlar vasitəsilə müxtəlif hissələrə ayırmışdır. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, onun istifadəsində olan torpaq sahəsi iddia ərizəsində göstərilən torpaq sahəsi deyil. Bu torpaq 2005-ci ildən ona məxsusdur, bələdiyyə sərəncamında olan torpaqdır və sənəd üzərində 24 sotdur. Torpaq sahəsi dayısı arvadı X1 adınadır. Onun yaşı düşmədiyinə görə torpağı dayısı arvadının adına almışdır. İddiaçılarda olan sənəd başqa torpaq sahəsinə məxsusdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X5 və istismarı Birliyi ilə İddiaçı1 arasında bağlanmış Xaşa-Xuna ərazisindəki “14a” nömrəli bağın istifadəyə verilməsi haqqında 38285 saylı, xx.xx.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə X5 və istismarı Birliyi tərəfindən Əzizbəyov rayonunun Xaşa-Xuna ərazisində 0.12 hektar torpaq sahəsi olan “14a” nömrəli bağ sahəsinin İddiaçı1 istifadəsinə verilməsi haqqında bağlanmışdır. -Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X5 və istismarı Birliyi ilə İddiaçı2 arasında bağlanmış Xaşa-Xuna ərazisindəki “14” nömrəli bağın istifadəyə verilməsi haqqında 2501 saylı, xx.xx.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə X5 və istismarı Birliyi tərəfindən Əzizbəyov rayonunun Xaşa- Xuna ərazisində 0.12 hektar torpaq sahəsi olan “14” nömrəli bağ sahəsinin İddiaçı2 istifadəsinə verilməsi haqqında bağlanmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə tərtib edilmiş torpaq sahəsinin planının surətindən görünür ki, X3 istifadəsinə verilmiş Əzizbəyov rayonu Xaşa-Xuna qəsəbəsində yerləşən, BTİ və İB-nin 2501 saylı müqavilə əsasında 14 saylı bağ sahəsi 1200 kv.metrdən ibarətdir. -********** nömrəli qəbzin surətindən görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı1 tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı1 tərəfindən 4 saylı Vəkil Bürosunun hesabına 220 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi olan 14 saylı bağ sahəsinin üzərində olan tikili ilə birlikdə istifadəyə veilməsinə dair keçmiş X5 və İstismarı Birliyi ilə X7 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 2501 nömrəli müqavilə arxiv qovluğunda mövcuddur. -1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan torpaq sahəsinin cizgi və planın surətindən görünür ki, Xaşa-Xuna bağ massivində yerləşən 14 saylı bağ sahəsinin sahəsi xx.xx.2006-cı il tarixdə 2400 kv.metr olmuşdur. -Əzizbəyov rayonu Qala Bələdiyyəsinin 645 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamının surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu İcra hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 595 saylı məktubu rəhbər tutularaq Cəlilabad rayonunun Zərbəli kəndində yaşayan X2 Qala qəsəbəsində ev tikmək üçün 1200 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. -Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında xx.xx.2001 (5) -ci il tarixli alqısatqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə Qala bələdiyyəsi tərəfindən X2 Bakı şəhəri, Əzizbəyov rayonu, Yeni massiv küçəsində yerləşən ümumi sahəsi 1200 kv.m torpaq sahəsinin satılması haqqında bağlanmışdır. -Əzizbəyov rayonu Qala Bələdiyyəsinin 641 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamının surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu İcra hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 595 saylı məktubu rəhbər tutularaq Cəlilabad rayonunun Zərbəli kəndində yaşayan X2 Qala qəsəbəsində ev tikmək üçün 1200 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. -Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə Qala bələdiyyəsi tərəfindən X2 Bakı şəhəri, Əzizbəyov rayonu, Yeni massiv küçəsində yerləşən ümumi sahəsi 1200 kv.m torpaq sahəsinin satılması haqqında bağlanmışdır. -“X12 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsinin ərazisində yerləşən 14 nömrəli bağ sahəsi, xx.xx.2006-cı il tarixli, 2501 saylı və 14a nömrəli bağ sahəsi xx.xx.2006-cı il tarixli 38285 saylı müqavilələrə əsasən naturada ölçüləri ümumilikdə 0.24 ha təşkil edir və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan plan-cizgidə göstərilən ölçülərə uyğundur. Mübahisəli torpaq sahəsi Xaşa-Xuna bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqlardan müvafiq olaraq 4350 metr və 5160 metr kənarda yerləşir, yəni həmin torpaq sahələri bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahələrinə aid deyil. Həmin bağ torpaq sahələrinə aid Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan plan-cizgidə göstərilən tikililər naturada (yerdə) sökülmüş, onların qalıqları yerdə görünsə də, hazırda həmin sahə müxtəlif ölçülərə bölünməklə hasar çəkilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “X12 və Ekspertiza Mərkəzi” MMC tərəfindən 2400 kv.m torpaq sahəsinə dair təqdim edilmiş koordinatlara əsasən sahə bağ sahəsinin xx.xx.2006-cı il tarixli cizgisinə uyğun gəlir. 14 və 14 a saylı bağ sahələrinin ayrı-ayrılıqda arxiv cizgiləri olmaması səbəbindən ümumi sah daxilində yerləşmələrini təqdim olunmuş (1200,0 kv.m) koordinatlara uyğun olubolmamasının dəqiqləşdirmək mümkün deyil (hər iki bağ sahəsi arasında bölgü sxemi əlavə olunması məqsədəuyğundur). Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-1736/2023 saylı qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin mütəxəssislərinin iştirakı ilə keçirilməsi qərara alınmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: -Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyti Başçısı Aparatının X5 və istismarı Birliyi ilə İddiaçı1 Həsnovna arasında bağlanmış Xaşa-Xuna ərazisindəki 14 a nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixli 38285 saylı müqaviləyə əsasən İddiaçı1 Həsnovnaya verilmiş Xəzər rayonu Xaşa-Xuna ərazisində olan 0,12 hektar torpaq sahəsinin (14a nömrəli bağın) naturada yeri müəyyən edilməklə, - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X5 və istismarı Birliyi ilə X7 arasında bağlanmış Xaşa-Xuna ərazisindəki 14 nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixli 2501 saylı müqaviləyə əsasən X4 verilmiş Xəzər rayonu Xaşa-Xuna ərazisində olan 0,12 hektar torpaq sahəsinin (14 nömrəli bağın) naturada yeri müəyyən edilməklə, -və Xəzər rayon Qala Bələdiyyəsinin 641 və 645 nömrəli xx.xx.2005-ci il tarixli sərəncamları ilə X2 Qala qəsəbəsində ayrılmış hər biri 1200 kv.m olan torpaq sahələrinin naturada yeri müəyyən edilməklə,

1. Mübahisə predmeti olan torpaq sahəsi, Bakı şəhəri Xəzər rayon Qala Bələdiyyəsinin mülkiyyətində olmuş (olan) torpaq sahələrinin hüdudlarında yerləşirmi? Həmin topraq sahəsinin Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə aidiyyəti varmı?

2. İddiaçılara ayrılmış torpaq sahələrinin koordinatları cavabdehin istifadəsində olan torpaq sahəsinin kordinatları ilə üst-üstdə düşürmü? Üst-üstə düşdüyü halda hansı hissədə və ölçüdə yerləri göstərilməklə sxematik plan tərtib edilsin?

3. Sökülməsi tələb olunan tikililər iddiaçılara ayrılmış torpaq sahəsinin daxilində yerləşirmi? Qeyd olunan qərardad əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, mübahisə predmetinə daxil olan torpaq sahələri vahid elektron kadastr baza məlumatlarına əsasən Xaşa-Xuna bağ massivi olmaqla dövlət mülkiyyəti torpaqlarıdır. Qərardadın ikinci sualına cavab olaraq göstərilmişdir ki, iddiaçının bildirdiyinə görə ümumi ərazi digər vətəndaşlar tərəfindən zəbt olunmuşdur (hasarlanmışdır). Həmin vətəndaşların Bələdiyyə sənədləri var. Lakin cavabdeh tərəfindən torpaq sahəsinə dair sənəd təqdim edilmədiyindən torpaq sahəsinin koordinatları və ölçüləri, sənəd üzrə sahələr məlum olmadığından, həmçinin 14 və 14a saylı bağ sahələrinə dair ayrı ayrılıqda 1200,0 kv.m-ə arxiv cizgisi olmadığından hansı hissədə hansı ölçüdə üst-üstə düşməsinə dair dəqiq sxematik plan tərtib etmək mümkün olmamışdır. Ümumi sahədəki bağ sahələrinə dair X12 və Ekspertiza Mərkəzi MMC tərəfindən tərtib edilmiş koordinatlar əsasında sahədə olan digər vətəndaşlar tərəfindən inşa edilmiş yarımçıq tikilinin və hasarların faktiki vəziyyətinə uyğun sxem tərtib edilmişdir. Ümumi sahənin bir hissəsi yol kimi ayrılmışdır. Həmin hissədə digər cənub hissədəki qonşunun qapısı (kiçik), qaz və işıq xətləri var. Faktiki hovuz yerləşən hissə şimal hissədəki qonşunun hasarı daxilindədir. Qərardadın üçüncü sualına cavab olaraq göstərilmişdir ki, iddiaçının bildirdiyinə görə ərazidə olan hasarlar və yarımçıq tikili cavabdeh tərəfindən inşa edilmiş, yol kimi ayrılmış sahə isə onun icazəsi olmadan istifadə olunur. Həmin tikililər və yol kimi istifadə olunan sahə X12 və Ekspertiza Mərkəzi MMC tərəfindən tərtib edilmiş koordinatlar əsasında 14 və 14a saylı bağların ərazisindədir. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, həmin ekspert rəyi, yuxarında qeyd olunan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi ilə eynilik təşkil edir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. - 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: -66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. -111-ci maddəsinin əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin araşdırılmış hallarından görünür ki, iddiaçıların istifadəsinə verilmiş “14” və “14a” saylı torpaq sahələri əvvəl mövcud olmuş sahəsi 2400 kv.mert olan 14 saylı bağ sahəsinin bərabər hissələrə ayrılmış (hər biri sahəsi 1200 kv.metr olan) bağ sahələrindən ibarətdir. Həmin bağ sahələrinə dair iddiaçılar ilə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyti Başçısı Aparatının X5 və İstismarı Birliyi arasında bağlanmış istifadəyə verilməsi haqqında 2501 və 38285 nömrəli müqavilələr mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -99.2-ci maddəsinə əsasən ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Ekspertizanın keçirilməsi bir neçə ekspertə həvalə edilə bilər. -101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutları qiymətləndirərkən hesab edir ki, iş üzrə yaranmış mübahisənin həlli üçün “X12 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2023cü il tarixli mütəxəssis rəyi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi əsas götürülməlidir. Belə ki, həmin rəylər bir-birilərinə zidd deyil, əksinə rəylər bir-birilərini tamamlamaqla eyni nəticə əldə edilmişdir. Qeyd olunan rəylərdən və həmin rəylərə əlavə edilmiş torpaq sahəsinin sxemlərindən, həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mübahisə predmeti olan torpaq sahəsinin (bağ sahələrinin) bələdiyyə torpaqlarına aidiyyəti yoxdur. Cavabdehin istifadəsində olan torpaq sahəsinin koordinatları iddiaçılara məxsus Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ərazisində yerləşən 14 və 14a saylı bağ sahələrinin koordinatlarına uyğun gəlir. Həmçinin bağ sahələrində inşa edilmiş tikililərin yerləşdiyi ərazi 14 və 14a saylı bağ sahələrinin ərazisidir. Bununla da müəyyən olunur ki, cavabdehin faktiki istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ərazisində yerləşən torpaq sahəsi iddiaçıların istifadəsinə verilmiş 14 və 14a saylı bağ sahələrinin ərazisidir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin istifadəsində olan torpaq sahəsinin bələdiyyə torpaqlarına aid torpaq sahəsindən ibarət olmasını və bununla bağlı Qala bələdiyyəsi tərəfindən qohumu X2 həmin torpaq sahəsinin ayrılmasını bildirsədə və Qala bələdiyyəsi tərəfindən X2 torpaq sahəsinin ayrılması barədə sərəncamların və alqı-satqı müqavilələrinin surətlərini təqdim etsə də, həmin sənədlərin mötəbərliyinə dair hər hansı bir sənəd məhkəməyə təqdim etməmişdir. Belə ki, həmin sənədlərin həqiqətəndə Qala Bələdiyyəsi tərəfindən verilməsi və bu barədə Qala Bələdiyyəsində müvafiq arxiv sənədlərinin, həmçinin torpaq sahələrinin cizgi-planının olmasına dair sübutlar təqdim edilməmişdir. Bu zaman məhkəmə nəzərə alır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir və iş üzrə verilmiş mütəxəssis rəylərindən görünür ki, mübahisə predmetinə daxil olan torpaq sahəsinin bələdiyyə balasında olan torpaq sahələrinə aidiyyəti yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa- Xuna bağ massivi ərazisində yerləşən 2501 saylı, xx.xx.2006-cı il tarixli müqavilə əsasında X4 ayrılmış 14 saylı bağ sahəsi və Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna qəsəbəsinin ərazisində yerləşən 38285 saylı, xx.xx.2006-cı il tarixli müqavilə əsasında İddiaçı1 ayrılmış 14a saylı bağ sahəsi Cavabdeh tərəfindən boşadılmalı və həmin bağ sahələrində inşa edilmiş tikililər Cavabdeh vəsaiti hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -115.0.1 və 115.0.6-cı maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin təmin olunmasını nəzərə alaraq hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 100 manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat, cəmi 320 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı1 ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehdən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ərazisində yerləşən 2501 saylı, xx.xx.2006-cı il tarixli müqavilə əsasında İddiaçı2 ayrılmış 14 saylı bağ sahəsi və Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna qəsəbəsinin ərazisində yerləşən 38285 saylı, xx.xx.2006cı il tarixli müqavilə əsasında İddiaçı1 ayrılmış 14a saylı bağ sahəsi Cavabdeh tərəfindən boşadılsın, həmin bağ sahələrində inşa edilmiş tikililər Cavabdeh vəsaiti hesabına sökülsün və dövlət rüsumuna görə ödənilmiş 100 manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat, cəmi 320 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar