Məhkəmə qərarları › İş №e-2(003)-1108/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1108/2023

28.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1108/2023 28.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh “E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi”-nin direktoru Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh “E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi”-nə qarşı “əmrin ləğvi, iddiaçının kimya müəllimi vəzifəsinə işə bərpası, məcburi iş buraxma dövrü üçün hesablanan aylıq əmək haqqının ödənilməsi.” tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdeh “E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi”-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının işdən çıxarılması barədə xx.xx.2022-ci il tarixli 126-k nömrəli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, İddiaçı cavabdeh müəssisədə “kimya müəllimi” vəzifəsinə bərpa olunması və işə bərpa olunan tarixədək olan məcburi iş buraxma dövrü üçün olan aylıq əmək haqqının iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi”-nin direktoru Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz ərizəsi göndərərək İddiaçı iddia tələbinin əsassız olduğundan rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2017-ci il tarixində həmin məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. İddiaçı öncəki tədris illərində 9 saat dərs yükü ilə təmin olunsa da, onun rəhbərliyi müddətində dərs yükü 2018-2019-cu tədris ilində 10 saat kimya, 4 saat həyat bilgisi; 2019-2020-ci tədris ili 10 saat kimya, 4 saat həyat bilgisi; 2020-2021-ci tədris ili 10 saat kimya, 8 saat biologiya; 2021-2022-ci il tədris ili 10 saat kimya, 6 saat həyat bilgisi; 2022-2023-cü tədris ilində 10 saat kimya, 6 saat həyat bilgisi şəklində olmuşdur. Bu müddət ərzində iddiaçı normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirməmiş, müəssisə daxili intizam qaydalarını pozduğuna görə dəfələrlə izahatları alınaraq aktlar və protokollarla sənədləşmiş və inzibati tənbeh metodlarından istifadə edilmişdir. İddiaçı rəhbərlik etdiyi müddət ərzində 9 şifahi xəbərdarlıq, 2 yazılı xəbərdarlıq edilmiş, 5 dəfə isə Əmək Məcəlləsinə əsasən əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinə (töhmət və şiddətli töhmət) cəlb edilmişdir. Şagirdlərin, valideynlərin çoxsaylı şifahi və yazılı şikayətlərinə, Nizamnamədə nəzərdə tutulan vəzifələrindəki nöqsanlara və pedaqoq kimi səriştəsizliyinə baxmayaraq inzibati tənbeh metodlarından istifadə edilməklə yanaşı güzəşt edilərək rəhbər kimi fərdi söhbətlər aparılmış, məsləhətlər verilmiş, nöqsanları aradan qaldırmaq şərti ilə hər zaman mənəvi dəstək olaraq əmək fəaliyyətinin davam etdirilməsinə mane olunmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixində Vİ b sinifinin həyat bilgisi dərsi zamanı şagirdlərdən X1 vurmuş və X7 isə itələyərək onlara qarşı kobud rəftar etmişdir. İtələməsi nəticəsində şagirdin başı divara dəymiş, özünü pis hiss etmişdir. Hadisə ilə bağlı sinif rəhbəri Məmmədtağıyeva Kəklik rəhbərliyə ərizə ilə müraciət etmişdir. Müəllim və şagirdlərin izahatları alınmış, akt tərtib edilmişdir. Həmin gün valideynlər də müəssisəyə yaxınlaşaraq şikayət ərizəsi ilə müraciət etmişlər. Tədris işləri üzrə direktor müavininə müvafiq dərkənarla baş vermiş hadisənin araşdırılması tapşırılmış, şagirdlərdən və İddiaçı izahat alınmış, akt tərtib edilmişdir. Həmkarlar İttifaqına təqdimat verilmiş, xx.xx.2023-cü il tarixdə Həmkarlar İttifaqının iclası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə müəssisə rəhbəri tərəfindən məktəbin ilk HİK-nə müraciət olunmuşdur. xx.xx.2022-ci il tarixdə məktəbin ilk HİK-nin iclasında məsələyə baxılmış və 58 nömrəli protokol tərtib edilmişdir. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, müəssisə rəhbəri tərəfindən məcbur edilmiş, təzyiq göstərilmiş, öz azad iradəsinin ziddinə olaraq işəgötürənə ərizə ilə işdən azad olunmasını xahiş etmişdir. Lakin, iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdir, çünki belə bir hal baş verməmişdir. xx.xx.2022-ci il tarixində 61 nəfər üzvü ilə Həmkarlar İttifaqının iclasında İddiaçı şagirdlərə göstərdiyi şiddət hadisəsi hər hansı tələb irəli sürmədən, şəxsiyyətinə qarşı hər hansı zidd hərəkət edilmədən müzakirə olunmuşdur. Qeyd olunanlar 58 saylı protokolda öz əksini tapmışdır. Bundan sonra onun iddiaçı ilə heç bir şəkildə kontakt və görüşü olmamışdır. İddiaçı ilə xx.xx.2004-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (öz təşəbbüsünə əsasən) uyğun olaraq, öz təşəbbüsünə əsasən xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə xitam əmri, əmək kitabçası müəssisə tərəfindən poçt vasitəsilə iddiaçıya göndərilmişdir. Lakin qeydiyyatda olduğu ünvanda yaşamadığından geri qayıtmışdır. İddiaçı xx.xx.2023-cü il tarixində işə bərpa ərizəsi ilə müəssisəyə müraciət etmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsi işçiyə verilən hüquqdur və işçi öz hüququnu realizə etmək hüququna malikdir. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində dəqiq təqvim tarixi göstərmiş, ailə vəziyyəti səbəb göstərilərək öz arzusu ilə işdən azad olunmağını xahiş etmişdir. Buna görə də Əmək Məcəlləsinin 69.4-cü maddəsində göstərildiyi kimi işçi əvvəlki ərizəni geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi əsası yoxdur. xx.xx.2023-cü il tarixində iddiaçıya poçt vasitəsilə cavab məktubu göndərilmişdir. Qeydiyyatda olduğu ünvanda yaşamadığından məktub geri qayıtmışdır. xx.xx.2023-cü il tarixdə əmək kitabçası və xitam əmri şəxsən özünə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixində mediator X3 cavab məktubu poçt vasitəsilə göndərilmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək bildirdi ki, 2003-cü il tarixdə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirərək kimya müəllimliyi ixtisasına yiyələnmişdir. Universiteti bitirdikdən sonra əvvəlcə başqa orta məktəbdə çalışmış, daha sonra xx.xx.2004-cü il tarixindən etibarən “E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi”-ndə “kimya müəllimi” olaraq fəaliyyətə başlamışdır. 2017-ci il tarixdə müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanından uğurla keçmiş və fəaliyyəti dövründə işinə böyük məsuliyyətlə yanaşmışdır. 2017-ci ildən etibarən işəgötürən müəssisəyə yeni direktor- Cavabdeh təyin edilmişdir. Direktorla arasında müəyyən dövrlərdə anlaşılmazlıqlar yaranmış və həmin vaxtdan başlayaraq, direktor daima ona qərəzli münasibət sərgiləmiş, ən xırda məqamlarda belə problemi böyüdərək müxtəlif intizam tənbehləri tətbiq etmişdir. Bu qərəzli münasibət iddiaçının işdən çıxarılma tarixinə qədər davam etmişdir. Belə ki, iddiaçının xəbəri olmadan cavabdeh tərəfindən müxtəlif siniflərin şagirdlərinə, hətta həmkarları tərəfindən onun əleyhinə şikayət yazdırılmasına nail olunmuşdur. xx.xx.2022-ci il tarixində məktəbdə iclas təşkil olunmuş və iddiaçının əleyhinə “çoxsaylı şikayətlərin” olması bildirilmiş və direktor Cavabdeh çıxış edərək iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılacağını bildirmişdir. Bundan sonra onun əleyhinə səs toplayaraq işdən çıxarılma əmrinin verildiyini elan etmişdir. İclasdan sonra həmin gün məktəbin riyaziyyat müəllimi Cavadova Ramiləyə tərbiyə işləri üzrə müavin tərəfindən dəfələrlə zəng elətdirib öz istəyi ilə işdən çıxma ərizəsi yazmasını tələb etmişlər. Xəstə olduğunu deməsinə baxmayaraq səhəri gün tərbiyə işləri üzrə müavin özü də neçə dəfə zəng edərək onu işə çağırmışdır. Yeganə müəllim ona demişdir ki, direktor “insanlıq” edir, ona öz istəyi ilə işdən çıxma ərizəsi yazmağa imkan verir, əks təqdirdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onu işdən azad edəcək. O da məcbur olub, başqa çıxış yolu qalmadığından məktəbə gedərək öz azad iradəsinin ziddinə olaraq ərizə ilə işəgötürənə müraciət edərək xx.xx.2022-ci il tarixdən etibarən öz xahişi ilə işdən azad olunması barədə ərizə təqdim etmişdir. Bundan sonra iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 126-k nömrəli əmrlə xx.xx.2022-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək işdən çıxma ərizəsinin geri götürülməsi məqsədi ilə bu işə ehtiyacı olduğunu və yenidən öz işinə bərpa olunmaq istəyini bildirsə də, cavabdeh tərəfindən şifahi olaraq rədd cavabı almışdır. Eyni zamanda iddiaçıya işdən çıxarılma əmri, əmək kitabçası və digər haqq-hesab sənədləri xx.xx.2023cü il tarixində təqdim edilmişdir. Dekabr ayının 10 günlük maaşını isə dekabr ayının 26-sı almışdır. Hal-hazırda 2 kredit borcu vardır və atası onkoloji xəstədir. Həmçinin 5 yanvarda işə geri qayıtmaq barədə istəyi ilə bağlı ərizə ilə direktora müraciət etmiş, lakin heç bir əsas gətirmədən rədd cavabı almışdır. İşəgötürənin təzyiqləri və təhdidi altında yazılmış işdənçıxarılma ərizəsinin əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli əmr qanunsuz olduğu üçün ləğv olunsı, əvvəlki vəzifəsinə bərpa olunması və işə bərpa olunan tarixədək olan məcburi iş buraxma dövrü üçün olan aylıq əmək haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh “E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi”-nin direktoru Cavabdeh iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid “E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi”-nin tərbiyə işləri üzrə direktor müavini X8 izahatında bildirdi ki, həmin məktəbdə 13 ildir, direktor müavini olaraq isə 5 ildir ki, işləyir. Vəzifəsi sinif rəhbərləri, müəllimlər və şagirdlər arasında tərbiyə işinin təşkili ilə bağlıdır. İddiaçı qarşı heç bir təzyiq olunmamış, yalnız zəng edərək ona iş yoldaşı kimi məsləhət vermiş və işdən çıxması ilə bağlı ərizə yazmağının daha münasib olacağını ona bildirmişdir. Fidan da ona ”onsuz da ərizəmi yazacam” demişdir. İddiaçı xasiyyətcə sərt olduğundan, sonuncuya kimsə tərəfindən təsir edilməsi mümkün deyildir. Məhkəmə iclasında şahid “E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi”-ndə sinif rəhbəri- “Azərbaycan dili və ədəbiyyat” müəllimi X4 izahatında bildirdi ki, İddiaçı onun sinif rəhbəri olduğu sinifdə kimya fənnindən dərs deyirdi. Sonuncuya işdən azad olunma barədə ərizə yazmasına təzyiq göstərilməsi barədə eşitməmişdir. Əvvəllər şagirdlərlə İddiaçı arasında yaranan münaqişələrlə bağlı dəfələrlə iclaslarda iştirak etmiş və bu məsələni müzakirə etmişdir. Məhkəmə iclasında şahid “E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi”-nin Həmkarlar İttifaqı Komitəsinin katibi, “Azərbaycan dili və ədəbiyyat” müəllimi işləyən X9 izahatında bildirdi ki, o da Həmkarlar İttifaqı Komitəsinin İddiaçıla bağlı keçirdiyi iclasda iştirak etmiş və onun işdən azad olunması barədə təqdimatın lehinə səs vermişdir. Həmin iclasda İddiaçı uşaqlara şiddət göstərməsi düzgün hesab edilməmişdir. Lakin, iclasda işdən çıxarılma ilə bağlı hər hansı təzyiq göstərilməmişdir. Daha sonra onun öz ərizəsi ilə işdən azad olunduğunu eşitmişdir. Məhkəmə iclasında şahid “E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi”-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıyeva Vəfa Bakıxan qızı izahatında bildirdi ki, məktəbdə nitq qüsurlu şagirdlər təhsil alır. Onlar mütəmadi İddiaçı şikayət edir, onun dərslərindən yayınırdılar. “Məktəblinin dostu” layihəsindən gələnlər də şagirdlərin Fidan müəllimin dərslərindən yayındıqlarının şahidi olmuşlar. Həmkarlar İttifaqı Komitəsinin iclasında uşaqlara göstərilən şiddət müzakirə edilmişdir. İclasda Fidan xanıma hər hansı bir təsir və ya təzyiq olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin və şahidlərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi”-nin direktoru X2 ilə İddiaçı arasında əmək müqaviləsinin surətindən görünür ki, müqavilə 14 sentyabr 2013-cü il tarixdə bağlanmışdır. - Cavabdeh tərəfindən iddia ərizəsinə etirazla birlikdə təqdim edilmiş sənədlərin surətindən aydın olur ki, əmək funksiyalarını pozduğuna görə məktəbin “kimya” müəllimi İddiaçı barəsində ayrı-ayrı vaxtlarda, müxtəlif inzizam tənbeh tədbirləri, şifahi və yazılı xəbərdarlıq tətbiq edilmişdir. -“E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi”-nin müəllimi İddiaçı tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixindən ailə vəziyyəti ilə bağlı problemlər olduğu üçün işdən azad edilməsini xahiş etmişdir. -xx.xx.2022-ci il tarixli 126-k nömrəli əmrdən çıxarışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdən İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə əsasən işdən azad edilmişdir. -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsinin xitamı bildirişi xx.xx.2022-ci il tarixdə işəgötürən tərəfindən imzalanaraq sistemə daxil edilmişdir. - Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı əmək mübahisəsi ilə bağlı xx.xx.2023-cü il tarixində mediasiyanın tətbiqi barədə təklif göndərmiş, xx.xx.2023-cü il tarixində isə mediasiya sessiyası üçün Bakı 16 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.” Azərbaycan Respublikasının Konstitusiyasının 35.2-ci madəsinə əsasən “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.” Həmin Məcəllənin 9-cu maddəsinin “b” bəndinə əsasən “əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək münasibətləri sahəsində işçinin əsas hüquqlarındandır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü əsasında xitam verilə bilər. İş materiallarından göründüyü kimi İddiaçı ilə -“E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi” arasında bağlanmış əmək müqaviləsinə İddiaçı təşəbbüsü əsasında xitam verilmişdir. Məhkəmə iddiaçının ona təzyiq olunması məsələsinə münasibətdə qeyd edir ki, iddiaçı əsas gətirdiyi bu faktı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə bu fakt iş materiallarında olan kifayət qədər sübutlarla təkzib olunur. Belə ki, şahidlərin ifadələrindən görünür ki, ona işdən öz ərizəsi ilə çıxması barədə hər hansı təzyiq edilməmişdir. Hətta məktəbin tərbiyə işləri üzrə direktor müavini X8 ona zəng etdikdə o, “onsuz da ərizəmi yazacam” deyərək iradə ifadəsini göstərmişdir. Bundan başqa iddiaçı tərəfindən müxtəlif orqanlara ünvanlanmış müraciətlərin və cavab məktublarının tarixlərindən görünür ki, iddiaçı işdən çıxma barədə ərizə yazılmasından dərhal və ya qısa müddət sonra deyil, təxminən 01 aya yaxın müddət sonra şikayət etmişdir. Bundan başqa İddiaçı iddiasının əsası kimi Əmək Məcəlləsinin 69-cu maddəsinin 4cü bəndinə istinad etmişdir. Belə ki, həmin Məcəllənin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının göstərilən hala istinad etməsi əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndində qeyd olunmuşdur ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Qanunvericiliyin tələbindən aydın olur ki, işçi tərəfindən ərizəsində işdən çıxmaq istədiyi günü göstərmədikdə xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsinə məhdudiyyət qoyulmuşdur. İşin mübahisəsiz hallarından da göründüyü kimi İddiaçı işdən çıxma barədə verdiyi ərizəsində işdən çıxma gününü dəqiqliklə göstərmiş, cavabdeh tərəf isə sonuncunun ərizəsi ilə razılaşdığından müvafiq işdən çıxma barədə əmri imzalamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, “E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi” tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamış, cavabdeh tərəfindən iddiaçının ərizəsi əsasında əmək müqaviləsinə xitam verilməsi, bu barədə xx.xx.2022-ci il tarixdə əmrin verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Həmin əmrin ləğv edilməsinə heç bir əsas yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi”nə qarşı "əmrin ləğvi, işə bərpa və sair" tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi”-nə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrü üçün hesablanan aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar