Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1187/2023 06.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Nadir Gurbuganın Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nadir Gurbuga Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il tarixli müqaviləyə əsasən görülməmiş işlərin müqabilində cavabdehdən 32571 manatın və ödənilmiş 188 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 2020-ci il tarixdə ona məxsus Sabunçu rayonu, Ləhiş bağlarında yerləşən 12 sot bağ sahəsində iki mərtəbəli 240 m2 sahəsi olan yaşayış evnin tikintisi, həyətdə 15 x 7 metr hovuzun qazılması və beton işlərinin görülməsi, 4 x 7 metr ölçüdə bisetkanın tam şəkildə qurulması, bütün həyətin yaşıllaşdırılması, pilitə daşlarının döşənməsi, həyətin hasarlanması, avtomat qapı və müqavilədə göstərilən digər işlərin görülməsi ilə bağlı müqavilə bağlamışlar. Müqavilənin dəyəri 120000 təşkil etmişdir. O hissə-hissə olaraq cavabdehə 115000 manat ödəmişdir. Cavabdeh işin müəyyən hissəsini görmüş, lakin işin çox hissəsini görməmişdir. Onun və "xxxx" MMC-nin hesabatına görə tərəfindən 60000 manatlıq iş görülməmişdir. Cavabdeh aralarında bağlanmış müqavilənin şərlətinə bir tərəfli qaydada əməl etməyərək müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Onun tərəfindən Sabunçu RPİ-nə şikayət verilmiş və cavabdeh orada ona olan borcunu etiraf etmişdir. O, eyni vaxtda gördüyü işlərin hansı məbləğdə olması barədə mütəqil ekspertə müraciət etmişdir. Ekspert rəyində onun tərəfindən aparılmış işlərlə bərabər (təqribi olaraq 15300 manatlıq) 97729,6 manat təşkil etmişdir. Həmin hesabatı Sabunçu RPİ-nə təqdim etmişdir. O, bir neçə dəfə cavabdehə müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, yəni ona müqavilə bağlanan zaman ilkin ödəniş və sonradan hissə-hissə verdiyi 115000 manat pul məbləğini və eyni zamanda 2020-ci il tarixdən başlayaraq müqavilədə nəzərdə tutulmuş həmin xidmətlərin göstərilməməsi nəticəsində ona dəymiş maddi zərərə görə hesablanmış məbləğləri, həmçinin hüquqlarının müdafiəsinə görə hüquqşunasa ödənilmiş haqların tutulması barədə müqavilədə və Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş bütün hüquqlarından istifadə edərək məhkəmədə iddia qaldıracağı barədə cavabdehə pretenziya məktubu ünvanlamışdır. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi istiqamətində hər hansı addım atmamışdır. İşə baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən cavabdehdən 35571 manatın və ödənilmiş 188 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılması dövründə məlum olmuşdur ki, cavabdehin işçisi olan X1 iddiaçıdan müqavilə üzrə qəbul etdiyi 3000 manatı ona təqdim etmişdir. Bununlada cavabdehə toplam olaraq 118000 manat pul verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun iddianın təmin edilməsini xahiş etdi və iddia ərizəsinn məzmununa oxşar izahat verid. İzahatında həmçinin bildirdi ki, iddiaçı ilə cavabdeh arasında tikinti işlərinin görülməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, tikinti işlərini yarımçıq saxlamışdır və keyfiyyətsiz iş görmüşdür. Ona görə də iddia tələbini əsaslı hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, ərizəni təmin etməyərək işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışına hazırlıq iclaslarında iştirak etmiş iş üzrə Cavabdeh iddia tələbini qismən etiraf edərək izahatında bildirmişdir ki, o, əvvəllər fərdi evlərin tikintisi ilə məşğul olmuşdur. İddiaçının sifarişi əsasında fərdi evin tikintisi ilə bağlı müvafiq yazılı müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında ona 115000 manat pul verilmişdir. Evin tikintisi ilə bağlı müəyyən işləri görmüş, lakin tam olaraq yekunlaşdıra bilməmişdir. Materialların qiymətləri qalxdığından iddiaçı ilə aralarında olan razılaşmaya əsasəs tikilini təhvil verə bilməmişdir. O, iddiaçının evində 100000 manatlıq iş görmüşdür. Hazırda iddiaçıya 15000 manat məbləğində pul verməlidir. Həmçinin izahatında bildirmişdir ki, əlavə işlərin görülməsi üçün iddiaçıdan işçisi Malik Bəşirovun vasitəsilə 3000 manat məbləğində pul almışdır. Belə ki, müqavlədə göstərilənlərdən fərqli olaraq əlavə beton tökülmüş, armaturlar qoyulmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - sifarişçi Nadir Gurbuga və icraçı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli tikinti müqaviləsinin surətindən görünür ki, həmin müqavilə icraçı tərəfindən ünvan ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsində sifarişçinin istəyi üzrə tikinti və təmirin yaşayışa hazır şəkildə həyata keçirilməsi üçün icraçıya 120000 manat məbləğində pulun ödənilməsi haqqında bağlanmışdır. Həmin müqavilədən görünür ki, görüləcək işlər – torpaq sahəsinin daş hasara alınması və fasad işlərinin görülməsindən, həyətdə 2 mərtəbəli toplam 240 kv.mter olan evin tikiintisi və tam təmirli şəkildə təhvil verilməsindən (1-ci mərtəbə 1 qonaq otağı, 1 mətbəx, 1 hamam-tualet, 2-ci mərtəbə 4 yataq otağı, eyvan, 2 hamam-tualet), istilik sisteminin, santexnika (hamam-tualet aksessuarları daxil), elektrik, kanalizasiya və qaz xəttinin çəkilməsindən (1-ci mərtəbə kollektor sistemli isti pol, 2-ci mərtəbə radiator sistemi), 1-ci mərtəbə və hamamlar kafel, metlax, qranit döşəmə, 2-ci mərtəbə laminant döşəmədən, bütün tavan hissəsi bəzək alçipan, evin iç qapılarının qoyulmasından, 1-2-ci mərtəbə arasındakı pilləkənin istəyə uyğun hazırlanmasından, həyətdə 15x7 metr hovuzun beton işlərinin görülməsindən, həyətdə 4x7 metr bisetka tam şəkildə qurulmasından, bütün istənilən şəkildə işıqlandırılmasından, uzaqdan idarəli avtomatik darvaza qapının qoyulmasından ibarətdir. - Bakı şəhəri Sabunçu RPİ İŞ-nin müstəntiqi polis mayoru S.O.İsmayılov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, X2 müraciəti əsasında Cavabdeh barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, araşdırma zamanı Cavabdeh izahatında Nadir tərəfindən ona hissə-hissə cəmi 115000 manat pul ödədiyini, işin tam olaraq başa çatdırılması üçün Nadirin ona 21000 manat ödəməli olduğunu, vəsait çatmadığına görə işi tam olaraq başa çatdıra bilmədiyini, əlavə vəsait ödənərsə işi başa çatdıracağını bildirmişdir. -xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən Xəzər Rayon Məhkəməsinə müraciət edilməsi üçün 188 manat dövlət rüsumu ödənilmişdir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan ünvanında yerləşən bağ evinin təmir-tikinti xərci 97729,6 manat təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4310 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Ləhiş bağ sahəsi, 241 saylı BTK-nın bağ sahəsində inşa edilmiş 2 mərtəbəli evin, hovuzun, bisetkanın (olduğu halda) tikintisinə çəkilmiş xərclərin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 78670 manat məbləğində olduğu müəyyən olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında bağ sahəsində tikinti işlərin aparılması ilə bağlı müvafiq müqavilə bağlanmış və həmin müqavilə əsasında 120000 manat məbləğində pul müqabilində cavabdeh tərəfindən müxtəlif tikinti işləri görülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Həmin Məcəllənin 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, iş üzrə cavabdeh iddiaçı ilə bağladığı tikinti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmədiyindən müqavilə şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İşin hallarından görünür ki, cavabdeh tərəfindən görülməli işlər üçün iddiaçı tərəfindən ona 118000 manat pul verilmişdir. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı tərəfindən ona müqavilə üzrə hissə-hissə olmaqla cəmi 115000 manat və əlavə işlərin görülməsi üçün 3000 manat məbləğində pul verilmişdir. İş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, mübahisə predmetinə daxil olan tikini işlərinə çəkilmiş xərclərin bazar qiyməti 78670 manat təşkil edir. Bununla da müəyyən olunur ki, iş üzrə cavabdehə 118000 manat məbləğində pulun verilməsinə baxmayaraq, onun tərəfindən üzərinə götürülmüş öhdəliklər tam yerinə yetirilməmiş və nəticədə müqavilə şərtlərini pozmuşdur. Eyni zamanda cavabdeh müqavilə şərtlərindən fərqli olaraq əlavə təmir işlərin görüldüyünü qeyd etsə də bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iş üzrə verilmiş ekspert rəyini, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsindən imtina etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 35571 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 188 manat alınaraq iddiaçı Nadir Gurbugaya verilməlidir. Həmçinin iddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri, yəni 100 manat cavabdehdən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 35571 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 188 manat alınaraq iddiaçı Nadir Gurbugaya verilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-1187/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1187/2023
06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver