Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-123/2024 12.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Üçüncü şəxs X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi və mənzilin əvvəlki vəziyyətə gətirilməsi tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etd i : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin və onlarla yaşayan digər şəxslərin Bakı şəhəri, Xəzər rayonu, Qala stansiyası, “DOS-2” küçəsi, 4 saylı evin, 2 saylı mənzilindən çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi və mənzil üzərində hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətlərə son qoyulması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddət Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində hərbi qulluqçi olmuşdur. Həmin vaxtı Əzizbəyov rayonu (indiki Xəzər rayonu) ərazisində yerləşən hərbi hissədə qulluq etdiyindən mənzil növbəsinə dayandığı Bakı şəhəri Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarı əsasında ona xx.xx.1988-ci il tarixli, 250646 nömrəli Order verilməklə Qala stansiyası, “DOS-2” küçəsində yerləşən 4 nömrəli evin, 2 saylı mənzili (2 otaqlı 28 kv.m sahəsi) verilmişdir. O, ailə üzvləri ilə birlikdə həmin mənzildə 1993-cü ilə qədər yaşamışdır. Sonra işi ilə əlaqədar Respublikanın müxtəlif rayonlarına təyinatla göndərildiyindən mənzili Zəngilan və ya Qubadlı rayonundan olan, hazırda adını unutduğu bir şəxsə verərək, mənzil alana və ya mənzillə təmin olunana qədər orada yaşamasını, mənzildən çıxacağı halda ona məlumat verməsini xahiş etmişdir. Hazırda əmək pensiyasına çıxmışdır. Mənzilə qayıtmaq istədikdə ona məlum olmuşdur ki, həmin şəxs ona məlumat vermədən mənzili hazırki cavabdehlərə verməklə çıxıb getmişdir. Tərəfindən Xəzər RPİ-nin 1-ci PŞnə və Xəzər Rayon İH-nin Qala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə sorğu göndərilmiş, müəyyən edilmişdir ki, ona məxsus mənzildə cavabdehlər qanunsuz olaraq yaşayırlar. Onların ona orderlə verilmiş mənzildə yaşaması mülkiyyət hüquqlarını pozur. Dəfələrlə mənzilə gedərək, cavabdehlərin mənzildən çıxmalarını tələb etsə də, onlar həmin evdən çıxmırlar. Mülkiyyət hüquqlarından yararlana və başqa vasitələrlə hüququnu bərpa edə bilmədiyinə görə məhkəməyə müraciət etməyə məcbur qalır. İşin baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Qala stansiyası, “DOS-2” küçəsi, 4 saylı evin, 2 saylı mənzilindən çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi və mənzil üzərində huquqlarının həyata keçirilməsinə mane olan hərəkətlərə son qoyulması tələbi ilə bərabər mənzilin əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin də cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, evə yerli baxış keçirilərkən müəyyən edilmişdir ki, cavabdehlər mənzilin daxili divarlarının yerini dəyişmişlər. Mənzil əvvəl 2 otaqlı olmaqla qabaq tərəfində bütöv aynabənd olmuş, evin arxa tərəfə 2 pəncərəsi və əlavə çıxış qapısı olmuşdur. Ona görə hesab edir ki, mənzil əvvəlki vəziyyətinə qaytarılmalıdır. Bunun məhkəmə qaydasında tələb edilməsi üçün hazırkı iddia ərizəsində iddia tələbinin dəqiqləşdirilməsinə zərurət vardır. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. İzahatında həmçinin bildirdi ki, X1 adına verilmiş order saxta orderdir və cavabdehlərin yaşadıqları ünvan iddiaçıya verilmiş mənzildir. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh1 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, o, DOS-4, ev 2 ünvanında yaşayır, iddiaçının iddia etdiyi mənzil onların yaşadıqları mənzilə aidiyyəti yoxdur. Ev atası X1 adınadır və bu barədə atasının adına order mövcuddur. 1991-ci ildə Rauf adlı şəxs şəhərcikdə evləri almış, ondan da Sahibə adlı şəxs almışdır. Sahibədən isə atası almışdır. 1994-cü ildən həmin evdə yaşayırlar. Evi Sahibə adlı şəxs satdığa qoymuş, atası 1700 ABŞ dollarına ondan almışdır. Məhkəmə iclaslarında iştirak etmiş üçüncü şəxs X3 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, evi o, Sahibə adlı şəxsdən almış və bu barədə onun adına orderdə verilmişdir. Uzun müddətdir həmin evdə yaşamışlar, hazırda isə oğlu, Cavabdeh1, ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh2 məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə, iş üzrə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -X5 Əzizbəyov icraiyyə komitəsinin 250646 nömrəli, xx.xx.1988-ci il taixli orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Qala stansiyasında DOS-2 küçəsi, ev 4, mənzil 2 verilmişdir (28 kv.metr olan 2 otaqlı mənzil). -Xəzər rayon İcra Hakimiyyəti tərəfindən verilmiş bildirişdən görünür ki, İcra Hakimiyyəti Başçısı Aparatının arxivində saxlanılan sənədlərə əsasən bildirilmişdir ki, Bakı şəhəri Əzizbəyov rayon X6 İcraiyyə komitəsinin xx.xx.1988-ci il tarixli, 16 nömrəli qərarı əsasında İddiaçı st.Qala, DOS-2, ev 4, yaşayış sahəsi 28 kv.m olan 2 otaqlı, 2 saylı mənzilə dair xx.xx.1988-ci il tarixli, 250646 nömrəli order verilmişdir. -Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin iddiaçının nümayəndəsi və vəkili Vəkil ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Xəzər rayonu, Qala qəsəbəsi, DOS-2 küçəsi, ev 4, mənzil 2-də Cavabdeh1 və Cavabdeh2 yaşayırlar. -Yasamal rayon İcra hakimiyyətinin 003826 nömrəli, xx.xx.2006-cı il tarixli orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 (5 nəfə ailə üzvü olan) Qala hərbi şəhərcikdə yerləşən DOS-4, bina -4, ev 2 (3 otaqdan ibarət, 32 kv.m olan) verilmişdir. Orderin verilməsinə əsas Yasamal rayon İH-nin xx.xx.2006-cı il tarixli, 056 nömrəli sərəncamı olmuşdur. Məhkəmə sorğusuna cavab olaraq verilmiş Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Baçısının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X1 adına Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2006-cı il tarixli, 003826 nömrəli orderin verilməsi aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq verilmiş Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin Baçısının İ müavinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınan məlumatda DOS-2 və DOS-4 binalarının Sovetlər İttifaqı dövründə Müdafi Nazirliyinin tabeçiliyində olmuş, daha sonra həmin ərazidə yerləşən hərbi baza köçürülmüş və tabeçiliyində olmuş DOS binalarının hər hansı bir idarə və təşkilatın balansına verilmədiyi bildirilmişdir. Qala qəsəbəsi, DOS-2, ev 4 ünvanında yerləşən 2 saylı mənzilə dair İddiaçı xx.xx.1988-ci il tarixli, ******* nömrəli orderin verilməsinə əsas olmuş sənədlər Bakı Şəhər İcra Hakimiyyətinin arxivinə təhvil verildiyi bildirilmişdir. Məhkəmə tərəfindən mübahisə predmetinə daxil olan mənzilə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisə predmetinə daxil olan mənzildə hazırda iş üzrə cavabdehlər yaşayırlar. Cavabdehlərin bildirdiklərinə görə mənzildə tikinti işləri aparılmış, hazırda mənzil 1 zaldan, 1 yataq otağından, mətbəx və sanitar qovşağından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə qeyd edir ki, mülki iş üzrə tərəflər arasındakı mübahisəli hüquq münasibətləri yaranan vaxtı nəzərə alınmalı və həmin zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq qiymət verməlidir. Belə ki, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsin əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X6nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin Maddə 60-cı maddəsinin 1-ci hissəsinə əsasən müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İşin müəyyən edilmiş halları isə ondan ibarətdir ki, mübahisə predmetinə daxil olan mənzil iddiaçıya X5 Əzizbəyov icraiyyə komitəsinin 250646 nömrəli, xx.xx.1988-ci il tarixli orderi əsasında verilmişdir. İddia ərizəsində qeyd olunanlara əsasən iddiaçı 1993-cü ilədək həmin mənzildə yaşamış, daha sonra işi ilə əlaqədar həmin evi tərk etmişdir. Hazırda həmin mənzildə uzun müddətdir ki, iş üzrə üçüncü şəxs olan X3, öz ailəsi ilə birlikdə yaşamış və hazırda həmin mənzildə iş üzrə cavabdehlər yaşayırlar. X1 mübahisə predmeti olan mənzildə yaşamasına əsas isə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş order olmuşdur ki, həmin orderin həqiqətdən Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilməsi iş üzrə müəyyən edilməmişdir. Odur ki, məhkəmə həmin orderin iş üzrə hüquqmüəyyənedici sənəd kimi qəbul edilməsini mümkün hesab etmir. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə iddiaçı mübahisə predmeti olan mənzildən 1993-cü ildən sonra istifadə etməsi, həmin mənzilə geri qayıdaraq yaşamaq niyyətində olması və ya həmin mənzilinin onun sahibliyində olması barədə hər hansı bir hərəkətlərin onun tərəfindən edilməsi iş üzrə müəyyən edilməmiş və bu barədə hər hansı bir sübut iddiaçı tərəfindən də təqdim edilməmişdir. Bununla da müəyyən olunur ki, iş üzrə iddiaçı daimi əsaslarla mübahisə predmeti olan mənzili tərk etmişdir (başqa yaşayış sahəsinə köçmüşdür). Ona görə də məhkəmə, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin tələblərini əsas tutaraq hesab edir ki, iddiaçının mübahisə predmeti olan mənzildə yaşamasına (istifadə etməsinə) əsas olmuş hal aradan qalxmaqla iddiaçının həmin mənzilə olan hüquqi əsası itirilmişdir. Belə ki, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yaşayış sahəsinə hüquqi əsası itirilmiş iddiaçının həmin yaşayış sahəsinə dair iddia qaldırması əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Qala stansiyası, DOS-2 küçəsi, 4 saylı evin, 2 saylı mənzilindən çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi və mənzil üzərində hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətlərə son qoyulması tələbi ilə bərabər mənzilin əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin də cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-123/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-123/2024
12.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver