Məhkəmə qərarları › İş №e-2(003)-125/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-125/2024

06.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-125/2024 06.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Buzovna Bələdiyyəsi olmaqla Cavabdeh qarşı “fərdi yaşayış evinin sökülməsi və ərazidən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna Maştağa yolunda Çiləgir yaşayış massivi adlanan ərazidə qanuni istifadələrində olan torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş bir mərtəbəli yaşayış evinin onun öz hesabına sökülərək cavabdehin ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xəzər rayonunun Buzovna qəsəbəsində, Buzovna-Maştağa yolunda, Çiləgir yaşayış massivi adlanan ərazidə onların istifadəsinə verilmiş 0,02 ha və 0,0524 ha torpaq sahələri vardır. Bir-birləri ilə yaxın qohumdurlar. Həmin torpaq sahələri bitişikdir. Bu səbədən artıq xərc çəkməmək məqsədilə torpaq sahələri onların tərəfindən eyni hasarla əhatələnmişdir. Torpaq sahəsinin onların daimi istifadələrinə verilməsi barədə Dövlət Reyestrindən hər ikisinə çıxarış verilmişdir, yəni onların torpaq sahəsinə olan istifadə hüququ dövlət tərəfindən tanınaraq qeydiyyata alınmış, onlara ********** saylı xx.xx.2022-ci il tarixli və ********** saylı, xx.xx.2016-cı il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar verilmişdir. Bu yaxınlarda torpaq sahəsinə gələrkən aşkar etmişlər ki, Gədəbəy rayonu, Qalakənd kənd sakini Cavabdeh tərəfindən sözügedən torpaq sahəsində qanunsuz olaraq birmərtəbəli ev inşa edilmiş və hazırda da orada yaşamaqdadır. Cavabdeh bildirir ki, torpaq sahəsini ona Sərxan adlı şəxs satmışdır. Ona qarşı dələduzluq əməli törədilmiş, əslində isə onların qanuni istifadəsində olan torpaq sahəsi zəbt edilmiş, orada qanunsuz ev inşa edilmişdir. Faktla bağlı Xəzər rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəniqi, polis baş leytenantı Cavidan Allahverdiyev tərəfindən araşdırılma aparılmış, 25 mart 2023cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, mülki məhkəmə icraatı qaydasında müraciət edilməsi tövsiyə edilmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq orada göstərmişdir ki, barəsində verilən iddia ərizəsinə və bu iddia ərizəsi üzrə məhkəmə qərarı ilə verilən ekspertizanın xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5488 saylı ekspert rəyinə etiraz edir. İş materiallarında olan ƏMDK DƏDKR publik hüquqi şəxsin çıxarışlarının həqiqiliyinə şübhə ilə yanaşır. xx.xx.2015-ci il tarixdə sözügedən torpaq sahəsini X2 Bakı şəhəri 17 saylı dövlət notariat ofisində notariusun iştirakı ilə Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 249 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə əsasında almışdır. Bu torpaq sahəsinə hasar çəkdirmiş, ev tikdirmiş, ev kommunal xidmətlərlə təmin edilmişdir. Bu iddia ərizəsi verilənə qədər heç kəs bu torpaq sahəsinə gəlməmiş, onunla maraqlanmamışdır. Dövlə müəssisə əməkdaşları, xüsusilə də bu çıxarışı və torpağa dair texniki pasportu verən dövlət qurumu əməkdaşı bu əraziyə gəlməmiş, ölçü aparmamışdır. İddiaçıların hansı yol və vasitə ilə bu sənədləri əldə etdiyi sual və şübhə doğurur. Uzun illərdir qonşuları ilə birgə yaşayır, kommunal xidmətlərdən yararlanır, bələdiyyə orqanının hesabına pul köçürür. Ekspert rəyinə əsasən guya onun tikdirdiyi evin 18 kv.m hissəsi İddiaçı1 məxsus 0,0524 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçılar formal olaraq guya həmin torpaq sahələrinin sahibidirlər. Ancaq bu torpaqları mənimsəmək istəyən başqa şəxslərdir. Sadəcə olaraq saxta yollarla həmin torpaq sahələrinə bu şəxslərin adlarına saxta sənəd düzəltdirmiş, sonra sayğacını oğurlatmış, sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona aid olan mülkü X1. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçıların və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDKR publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna-Maştağa yolu/torpaq sahəsi ünvanında yerləşən sahəsi 0,02 ha olan torpaq sahəsi ünvan 2otariusu N.T.Qazızadənin təsdiqlədiyi 3M/04-848 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli torpaq üzərində hüququn alqı-satqı haqqında müqaviləyə əsasən daimi yüklü müddətli dövlət adına yüklü vəziyyətdə İddiaçı2 xeyrinə yüklü edilmişdir (yüklü edilən əmlakın reyestr nömrəsi: **********53). - Azərbaycan Respublikası ƏMDK yanında DƏDKR publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna-Maştağa yolu/0,0524 ha torpaq sahəsi ünvanında yerləşən torpaq sahəsi ünvan 4un təsdiqlədiyi 3M-490 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli torpaqdan daimi istifadə hüququnun alqısatqı müqaviləsinə əsasən daimi yüklü müddətli dövlət adına yüklü vəziyyətdə İddiaçı1 xeyrinə yüklü edilmişdir (yüklü edilən əmlakın reyestr nömrəsi: **********00). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5488 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan ünvanda baxış zamanı naturada təqdim edilən mişarlanmış əhəng daşından inşa edilmiş, 1 mərtəbədən ibarət yaşayış evinin 18 kv.m hissəsinin 0,0524 ha torpaq sahəsinin (ƏMDK DƏDKR PHŞ-nin Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş A seriyalı 104556 saylı “torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinat əsasında) hüdudları daxilində yerləşdiyi müəyyən olunur. - Azərbaycan Respublikası ƏMDK DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-15240-2024 saylı məktubundan görünür ki, torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli 249 saylı müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunda Çiləgir yaşayış massivində torpaq sahəsi üzərində Cavabdeh hər hansı hüquq əldə edib-etməməsi barədə məlumat verilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesfri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq Cavabdeh adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna- Maştağa yolunda Çiləgir yaşayış massivində torpaq sahəsinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılara daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Xəzər rayonunun Buzovna qəsəbəsində, Buzovna- Maştağa yolunda, Çiləgir yaşayış massivi adlanan ərazidə 0,02 ha və 0,0524 ha torpaq sahələri istifadələrinə verilmişdir. Hazırda isə onlar iddia qaldıraraq cavabdeh tərəfindən inşa edilmiş birmərtəbəli tikilinin onların qanuni istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində olduğunu bildirərək cavabdehdən həmin tikilini sökərək ərazidən çıxarmasını istəyirlər. Cavabdeh isə torpaq sahəsini Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 249 saylı icarə müqaviləsi əsasında əldə etdiyini bildirsə də, daşınmaz əmlakın reyestr xidmətindən verilmiş cavab məktubundan da göründüyü kimi, cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunda Çiləgir yaşayış massivində torpaq sahəsi üzərində hər hansı hüquq əldə etməsi müəyyən edilməmişdir. Həmin tikili özbaşına tikintidir. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi hazırki halda İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır və 158.4-cü maddəyə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1- ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iclasında, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5488 saylı ekspert rəyi iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilərək hesab edilmişdir ki, mübahisə predmeti olan tikilinin iddiaçıların torpaq sahələrinin daxilində yerləşib-yerləşməməsi, yerləşirsə hansı hissədə yerləşməsi və dolayısı ilə oranın sökülüb-sökülməməsi məsələsi məhz ekspert rəyi əsasında müəyyən edilməlidir. Bu səbəbdən həmin ekspert rəyi əsas götürülməli və mübahisə predmeti olan tikilinin bir qismi iddiaçıların torpaq sahəsinin daxilində yerləşdiyindən iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar cavabdeh tərəfindən inşa edilmiş evin tamamilə sökülməsini tələb etməkdə haqlı olmamışlar. Belə ki, yaşayış ev İddiaçı1 istifadəsində olan torpaq sahəsinin daxilində tamamilə deyil, yalnız 18 kv.m hissəsi yerləşir. Bu səbəbdən həmin hissə cavabdeh tərəfindən öz hesabına sökülərək ərazidən çıxarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, özbaşına tikilinin qeyd olunan hissəsi cavabdehin hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılmalıdır. Məhkəmənin bu qənaəti həm də ona görə əsaslıdır ki, tikinti aparılmış torpaq sahəsi cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil və buna görə də özbaşına tutulmuş (zəbt edilmiş) hesab edilir, orada aparılmış tikili isə qanunvericiliyə əsasən qanunsuz tikilidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin (bir mərtəbəli yaşayış evi) ekpsert rəyinə əsasən İddiaçı1 istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna-Maştağa yolu/0,0524 ha torpaq sahəsinin daxilində yerləşən 18 kv.m hissəsi cavabdehin hesabına sökülsün və həmin hissənin söküntüsündən sonra əmələ gələn qalıqları cavabdeh tərəfindən ərazidən çıxarılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar