Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1269/2025 04.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və faiz ödənilməsi” tələbinə dair iddiasi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X5 Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixdən Cavabdeh1 X10ndə kadrlar xidmətinə 8-ci dərəcə ilə mühəndis vəzifəsi üzrə işə bərpa olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X5 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi işlədiyi vəzifə üzrə aldığı aylıq əmək haqqının (vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar, ilin sonunda verilə “13-cü maaş” kimi əlavə əmək haqqı və s.) hesablanaraq ödənilməsi və əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyindən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 tərəfindən ərizə təqdim edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X5 Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh2 X5 Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 ilə əvəz edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1970-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. 1985-1989-cu illərdə “Kirovabad (Gəncə) Maşınqayırma Texnikimunda” rəsmxətt və təsviri incəsənətin tədrisi ixtisası üzrə orta-ixtisas təhsili, daha sonra 2004- 2008-ci illərdə “Təfəkkür” Universitetində Filologiya– Azərbaycan dili və Ədəbiyyat ixtisası üzrə ali təhsil almışdır. xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Samux rayonu Tatılı kənd natamam orta məktəbində və Samux rayonu M.Əzizbəyov adına 15 saylı orta məktəbdə rəsmxətt və təsviri incəsənət müəllimi, xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci ilədək Gəncə Dövlət Universitetində təsviri incəsənət və onun tədrisi metodikası kafedrasında laborant işləmişdir. Daha sonra xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilədək AR Müdafiə Sənayesi Nazirliyi MKNRS İB-nin “Peyk zavodu” rəhbərliyin yanında aparataparıcı mühəndis (kadr işləri üzrə) vəzifəsində çalışmışdır. xx.xx.2008-ci il tarixdən isə AR Müdafiə Sənayesi Nazirliyinin X2 İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri xidmətinə arxivçi (kargüzar) vəzifəsinə qəbul olunmuşdur. Daha sonra xx.xx.2009-cu il tarixdə Kadrlar xidmətinə aparıcı-mühəndis vəzifəsinə keçirilmişəm. Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2018-ci il tarixli 37 nömrəli əmrinə əsasən “X6” MMC-yə çevrilmişdir. Sonradan “X6” MMC yenidən təşkil olunaraq hüquq varisliyi qaydasında "xxxx" MMC-nin X10 statusuna keçmişdir. Həmin vaxt, yəni xx.xx.2024-cü il tarixdə iddiaçının işdən çıxma ərizəsi alınıb, “X6” MMC-də tutduğu vəzifədən azad edilmişdir, yenə də həmin gün, yəni xx.xx.2024-cü il tarixdə işə qəbul olma ərizəsi alınmış və iddiaçı yenidən təşkil edilmiş "xxxx" MMC-nin X10ndə “X6” MMC-də işlədiyim eyni vəzifəyə, yəni Kadrlar xidmətinə 8-ci dərəcə ilə mühəndis vəzifəsinə təyin olunmuşdur. 2024-cü ilin noyabrın 26-sında isə əmək müqaviləsinin müddətinin qurtarması əsas ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinə əsassız və qanunsuz şəkildə xitam verilmişdir. Qeyd edim ki, iddiaçı xx.xx.2020-cil tarixdən Yeni Azərbaycan Partiyasının aktiv üzvü olmuşdur. Müdafiə Sənayesində işlədiyi dövrlərdə Nazirliyin xx.xx.2022-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” ilə əlaqədar yubiley medalı ilə, müdafiə sənayesinin inkişafında xüsusi xidmətlərimə görə xx.xx.2023-cü il tarixdə “Fəxri Fərmanla” təltif edilmişdir. İşinin öhdəsindən qabiliyyətlə, layiqincə gəlməklə nümunəvi işçi olmuşdur. Aşağıdakılara əsasən müəssisənin xx.xx.2024-cü il tarixli 1677/K nömrəli əmrinə əsasən əmək müqaviləyə xitam verilməsi əsassız və qanunsuz olduğundan, xx.xx.2024-cü il tarixdən iddiaçı işə bərpa olunmalıdır və həmin dövrdən məcburi iş buraxma müddəti üçün hesablanmış bütün ödənişlər (əmək haqqı, əmək haqqına əlavə və s.), o cümlədən gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Belə ki, əvvəla Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitam verilə bilər. Lakin, iddiaçının əmək müqaviləsi müddətli deyil, müddətsiz olmuşdur. Belə ki, kimi iddiaçı qanunsuz çıxarıldığı "xxxx" MMC-nin X10ndə xx.xx.2008-ci ildən müddətsiz əmək müqaviləsi əsasında işləmişdir. Məsələ burasındadır ki, "xxxx" MMC-nin X10 əvvəllər, yəni o, ilk dəfə xx.xx.2008-ci ildə işə daxil olanda X6 adı altında fəaliyyət göstərirmiş. Daha sonra zavod xx.xx.2018-ci ildə MMC-yə çevrilmiş və sonradan 2024-cü ilin fevralında “X6” MMC yenidən təşkil olunaraq hüquq varisliyi qaydasında "xxxx" MMC-nin X10 statusuna keçmişdir. Məhz bu səbəbdən həmin vaxt, yəni xx.xx.2024-cü il tarixdə iddiaçıdan işdən çıxma ərizəsi alınıb, “X6” MMC-də tutduğu vəzifədən azad edilmiş, yenə də həmin gün, yəni xx.xx.2024-cü il tarixdə işə qəbul olunma ərizəsi alınmışdır. İddiaçı yenidən təşkil edilmiş "xxxx" MMC-nin X10ndə “X6” MMC-də işlədiyim eyni vəzifəyə, yəni Kadrlar xidmətinə 8-ci dərəcə ilə mühəndis vəzifəsinə təyin olunmuşdur. Lakin, xx.xx.2024-cü il tarixdə müqavilə müddətinin qurtarmasına görə işdən çıxarılmışdır. Halbuki iddiaçının həmin müəssisə ilə əvvəlki əmək müqaviləsi müddətsiz olub, sadəcə “X6” MMC ləğv edilərək, X10 adı altında yenə də Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "xxxx" MMC-nin idarə edilməsinə verilmişdir. Bununla yanaşı əgər qeyd etdiyim kimi iddiaçıdan asılı olmayan səbəbdən yəni, MMC-nin digər ilə əvəz edilməsi əsası ilə axırıncı əmək müqaviləsi müddətli bağlanmışdırsa, bu halda işəgötürən əmək qanunvericiliyinin tələbləri pozmuşdur. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 elektron ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə əlavə sübut və vəsatətin olmadığını, iddia ərizəsini tam müdafiə etdiyini, iddianın tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin məzmununa oxşar izahat vermiş və iddia tələblərini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında verilmiş suallara cavab olaraq iddiaçının etibarnamə üzrə nümayəndəsi bildirmişdir ki, kadrlar şöbəsi işçilərin işdən çıxma ərizəsini almış və daha sonra yenidən digər işə qəbul edilmişdir. Sonrakı işdə isə işçilərlə 3 aylıq əmək müqaviləsi bağlanmışdır. İndiyə kimi müddətsiz olmuş, lakin struktur dəyişikliyindən sonra müddətli olmuşdur. Halbuki iddiaçı 18 ilə yaxın həmin işdə çalışmışdır. Noyabr ayında müqavilə uzadılmamışdır. Qeyd etmişdir ki, hüquqi şəxsin statusuna xitam verilsə də, lakin istehsalat müəssisəsi qalmış və yalnız bu şəxslə müqavilə müddəti uzadılmamışdır. Lakin digər bütün işçilərlə müqavilə uzadılmışdır. Əmək müqaviləsinə 26 noyabr 2024-cü il tarixdə xitam verilsə də, lakin həmin bildiriş 28 noyabr 2024-cü il tarixdə iddiaçıya məktubla təqdim edilmişdir. Bildiriş isə xx.xx.2024-cü il tarixdə rəsmi şəkildə bizə çatdırılmamışdır. Lakin müqaviləyə xitam isə xx.xx.2024-cü il tarixdə olmuşdur. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini əsassız olduğu üçün qəbul etməmiş və iddia tələbinə etiraz etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, İddiaçı 2008-ci ildən müəyyən struktura aid olan müxtəlif vəzifələrdə çalışmışdır. İddiaçı ilə həmin vaxtı işlədiyi dövrdə müddətsiz müqavilə imzalanmışdır. Əvvəlki strukturlar bir-birini tamamlayan strukturlar olmuşdur. Transformasiya olmamış, sadəcə eyni sistemə aid olan strukturlar olmuşdur. Cavabdeh1 MMC X6nun transformasiyası olmamışdır. Cavabdeh1 əvvəldən var olan müstəqil subyekt olmuşdur. “X3” MMC hal-hazırda da mövcuddur. Həmin müəssisədən işdən azad olunmuş və Cavabdeh1 verdiyi ştata işə qəbul olunmuşdur. Cavabdeh1 sadəcə digər müəssisələrin əmlaklarına sahibdir. Lakin digər bütün öhdəliklər həmin müəssisələrin üzərində qalmaqdadır. Belə ki, 23 may 2024-cü il tarixli əmrlə müəssisələr deyil, həmin müəssisələrə məxsus olan əmlaklar Cavabdeh1 balansına keçirilmişdir. Belə ki, bundan sonra əmlakları Cavabdeh1 balansına keçən həmin hüquqi şəxslər sadəcə boş müəssisələr oldu və sadəcə əmlakları Cavabdeh1 balansına keçmişdir. Əmlakları qəbul etdikdən sonra keçid dövrü yaşanmağa başlandı. Cavabdeh1 balansına daxil olan bütün əmlaklar mərkəzdən idarə olunur. Keçid dövrü olduğu üçün həmin proseslərlə tanış olan şəxsləri öz müəssisələrinə cəlb etmişlər. Həmin şəxslərin Cavabdeh1ndə mütəmadi şəkildə işləməyinə ehtiyaları olmamışdır. Onların mərkəzdə komandaları vardır. Həmin MMC-lər boş MMC olduğu üçün proseslərlə tanış olan şəxsləri işə cəlb edərək müddətli əmək müqaviləsi imzalamışlar. Onlara həmin şəxslər daimi lazım deyilmiş, zatən işçi heyətləri mövcud imiş. Müəyyən müddət üçün işi bilən, işlə agah olan şəxsləri müvəqqəti olaraq Cavabdeh1ndə işləmək üçün cəlb etmişlər. Eyni zamanda qeyd etmişdir ki, iddiaçı ilə 03 aylıq müqavilə bağlamaqlarına baxmayaraq keçid dövrü uzandığı üçün iddiaçı ilə bağlanan müqaviləni uzatmışlar. Onlar iddiaçı ilə müqavilə müddətini uzatdıqları zaman iddiaçı bununla bağlı etiraz etməmişdir. Sadəcə olaraq iddiaçıya müqavilə müddəti bitdikdən sonra müqavilə müddətini artırmayacaqların bildirdikdə iddiaçı buna etiraz etmişdir. İddiaçı iki dəfə əmək müqaviləsinin uzadılmasına heç bir etiraz etməmişdir. Lakin müqaviləyə xitam verən zaman isə buna öz etirazını bildirmişdir. Cavabdeh1 keçid dövrünü bitirdiyi üçün iddiaçı ilə yollarını ayırmışlar. Çünki artıq iddiaçının Cavabdeh1ndə işləməyinə ehtiyac olmamışdır. Eyni zamanda iddiaçının müdafiə sənayesi üzrə kifayət qədər iş təcrübəsi olduqlarından məlumatlı olmuşlar. Lakin buna baxmayaraq müqavilənin müddəti bitdiyi, eləcə də həmin şəxsə ehtiyac olmadığı üçün iddiaçı ilə müqavilənin müddətini uzatmamışlar. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı onlar tərəfindən göndərilən bildirişi qəbul etmək niyyətində deyilmiş. Belə ki, bildiriş həm poçt, həm elektron poçt, həm də akt tərtib etməklə göndərilmişdir. Lakin bütün bunlara baxmayaraq iddiaçı bildirişi qəbul etməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 bildirdi ki, təklif və maraqları olduğu üçün şəxsə müraciət etmişlər. İddiaçı da 03 aylıq müqavilə bağlamağa razılıq vermişdir. “X6” MMC əmlakı olmadığına görə aktiv fəaliyyət göstərmir və həmin müəssisə bağlanmamış və hazırda VÖEN-i aktivdir. İddiaçı 2024-cü ilə kimi işləmiş və 27 fevral 2024-cü ildə işdən çıxmışdır. İddiaçıya Cavabdeh1 ilə müqavilə bağlaması təklif edilmiş və iddiaçı da buna razılıq vemişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı onların təklifini qəbul edərək “X6” MMC-də işləyə-işləyə sonuncu iş yerindən çıxmış və daha sonra onlarla müqavilə bağlanmış və daha sonra əmək müqaviləsinə qanunverciliyə uyğun olaraq düzgün xitam verilmişdir. Məhkəmə cavabdehin etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1677/k saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətindən görünür ki, İddiaçı X10nin kadrlar xidmətinin mühəndisinin xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddesinin 2-ci hissənin "b" bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi, xx.xx.2024/xx.xx.2024-cü ilə qədər olan dövr üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinə müvafiq olaraq istifadə edilməmiş əsas məzuniyyət 23 təqvim günü əvəzinə pul ödənilməsi, işçinin əmək kitabçasında lazımi qeydlərin aparılması və sonuncu iş günü işçiyə verilməsi təmin edilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xxxxxxx00011 saylı əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ilə xx.xx.2014-cü il tarixdən etibarən “X6” MMC-də müddətsiz olaraq kadrlar xidmətinin mühəndisi vəzifəsində calışmışdır. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-ci il tarixli, MŞB/MT015/2025-0002-02 saylı arayışdan görünür ki, Cavabdeh2 X5 Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 xx.xx.2025-ci il tarixə, saat 11:30-a təyin olunmuş mediasiya sessiyasında nümayəndəsinin iştirakını təmin etməmiş, X1 isə iştirak edərək 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator: Ş.Z.Səfərbəyov). İş materiallarında olan Cavabdeh2 X5 Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 1xx/xx-1993 saylı məktubundan görünür ki, Cavabdeh1nə 12 dekabr 2024-cü il tarixə ünvanlanmış mediasiya prosesinin tətbiqi barəsində təklifə baxılmış və ilkin mediasiya sessiyasında iştirak etməyə, həmçinin təklif edilən mediator və mediasiya təşkilatına hər hansı etiraz olmamışdır. İş materiallarında olan İddiaçı aid ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə çalışmışdır. Eyni zamanda İddiaçı xx.xx.2008-ci il tarixdə “X6”na əmək müqaviləsi əsasında icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri xidmətinə arxivçi (kargüzar) vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2009-cü il tarixdə əmək müqaviləsi əsasında kadrlar xidmətinə 7-ci dərəcəli aparıcımühəndis vəzifəsinə keçirilmişdir. Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2018-ci il tarixli 37 №-li əmrinə əsasən “X6” MMC-yə çevrilmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) işdən azad edilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh1 MMC-nin X10nin kadrlar xidmətinə 8-ci dərəcə ilə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verilmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh1 ilə bağladığı əmək müqaviləsinin surətindən görünür ki, əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “F” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 03 (üç) ay müddətinə, yəni müddətli bağlanmışdır. Əmək müqaviləsinin 8.1-ci bəndinə əsasən əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən işəgötürən tərəfindən bu əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir. Həmin müqavilənin 8.4-cü bəndinə əsasən işəgötürən tərəfindən zor işlədərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin ifadəsinin əleyhinə bu Əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş kommersiya qurumunun dövlət reyestrindən çıxarışından görünür ki, paylarının 100%-i Azərbaycan Respublikasına məxsus oılan və hüquqi ünvanı AZ2000, Gəncə şəhəri, Nizami küçəsi, ev 561 olan “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2005-ci il tarixdə ********** nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyata alınmış və həmin MMC-nin hazırki qanuni təmsilçisi X4r. İş materiallarında olan zərfin surətindən görünür ki. “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı qeydiyyatda olduğu ünvan 2 ünvanına göndərilmiş zərfin üzərindəki təqdim ştemrelində xx.xx.2024-cü il tarixdə “imtina edilib” qeydinin yazıldığı müəyyən edilmişdir. İş materiallarında olan və Cavabdeh1 MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 09 saylı bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixində qurtardığı üçün AR Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq, həmin əmək müqaviləsi üzrə münasibətlər müəssisə tərəfindən növbəti dövr üçün davam etdirilməyəcəkdir. Qeyd olunanlar nəzərə alınaraq xx.xx.2024-cü il tarixindəm etibarən bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin qurtarması) əsasən xitam veriləcəyi və əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq son haqqhesab aparılacağı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən tərəfindən tərtib edilmiş 01 saylı, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı əmək müqaviləsi müddətinin bitməsinə görə müqaviləyə xitam verilməsi haqqında xəbərdarlıq məktubu ilə tanış olsa da, bu barədə müvafiq qeydiyyatı aparmaqdan və imza etməkdən imtina etmişdir. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024cü il tarixli xidmət üçün müraciətlə bağlı bildirişin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixində qurtardığı üçün AR Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq, həmin əmək müqaviləsi üzrə münasibətlər müəssisə tərəfindən növbəti dövr üçün davam etdirilməyəcəkdir. Qeyd olunanlar nəzərə alınaraq xx.xx.2024-cü il tarixindən etibarən bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin qurtarması) əsasən xitam veriləcəyi və əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq son haqqhesab aparılacağı qeyd edilmişdir. İş materiallarında olan xəbərnamənin surətindən görünür ki, “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı qeydiyyatda olduğu ünvan 2 ünvanına göndərilmiş zərf xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə sənayesi Nazirliyinin xx.xx.2024-cü il tarixli, 14 nömrəli əmrinin surətindən görünür ki, “X9” MMC-nin “X6” MMCnin balansında olan dövlət əmlakı (əsas vəsaitlər və qeyri-maddi aktivlər) əvəzsiz olaraq Cavabdeh1 MMC-nin balansına verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “X9” MMC-nin “X6” MMC tərəfindən tərtib olunmuş 150/k saylı, xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixindən etibarən əmək müqaviləsinə xitam verilmiş və əmək məzuniyyətindən istifadə etmədiyi xx.xx.2023-cü il tarixindən xx.xx.2024cü il tarixinə qədər olan dövr üçün 14 təqvim günü əvəzinə pul (kompensasiya) ödənilməsi əmr edilmişdir. Məhkəmə iddianın iddiaçının işə bərpa olunması və xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi işlədiyi vəzifə üzrə aldığı aylıq əmək haqqının hesablanaraq ödənilməsi hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək huququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə gorə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ. İV. Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq huququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin huquq bərabərliyini, onların mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlana bilər. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə ilər. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılması”na dair 31 yanvar 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.” İşin hallarından göründüyü kimi iddiaçı 2008-ci ildən etibarən X2 müxtəlif vəzifələrdə çalışmışdır. Zavod xx.xx.2018-ci ildə MMC-yə çevrilmiş və sonradan 2024-cü ilin fevralında “X6” MMC yenidən təşkil olunaraq hüquq varisliyi qaydasında "xxxx" MMC-nin X10 statusuna keçmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçıdan işdən çıxma ərizəsi alınaraq o, “X6” MMC-də tutduğu vəzifədən azad edilmiş, həmin gün, yəni xx.xx.2024-cü il tarixdə 3 aylıq müddətə eyni vəzifəyə yəni Kadrlar xidmətinə 8-ci dərəcə ilə mühəndis vəzifəsinə təyin olunmuşdur. Lakin xx.xx.2024-cü il tarixdə müqavilə müddətinin qurtarmasına görə işdən çıxarılmışdır. Göründüyü kimi iddiaçı 16 il müddətsiz əmək müqaviləsi ilə X2 çaılşmışdır. Qeyd edilənlərə əsasən belə qənaətə gəlmək olar ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olur. Bu səbəbdən məhkəmə hesab edir ki, sonradan onunla müddətli əmək müqavilə bağlanması Əmək Məcəlləsinin tələblərinə zidd olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılması”na dair 31 yanvar 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə əmək müqaviləsinin bağlanılmasının mümkünlüyünü müəyyən edən 47-ci maddəsinin “f” bəndi ilə bağlı aşağıdakıların qeyd edilməsini vacib bilir. Əmək qanunvericiliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır (Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi). Belə tənzimetmə ilə qanunverici dövlətin Konstitusiyanın 35-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədini güdür. Belə ki, əməyin, məşğulluğun fərdi və ictimai rifahda rolu nəzərə alınaraq işsizliyin aradan qaldırılması, daimi məşğulluğun təmin edilməsi məqsədilə yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda müddətli əmək müqaviləsinin bağlanması mümkün hesab edilmişdir. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 1677/K nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və əvvəlki vəzifəsinə uyğun vəzifəyə bərpa edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, 27 noyabr 2024-cü il tarixdən işə bərpa olunacağı günədək məcburi iş buraxmaya görə iddiaçıya ödənilməmiş əmək haqqı cavabdeh tərəfindən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyindən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 172-ci maddəsinin qeyd hissəsinə əsasən bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” qərarına əsasən “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsinin tələbinə görə, işəgötürən ödəncin verilməsindən imtina etdiyi halda işçi yaranmış mübahisəni məhkəmə qaydasında həll etməyə məcbur olur. Bu baxımdan normanın məzmununun fərqli şərhi, yəni ödəncin yalnız fərdi əmək mübahisəsinin yaranmadığı halda ödənilməli olması kimi şərhi hüquqi məntiqə uyğun olmamaqla yanaşı, işçinin əmək münasibətlərinə daxil olmasının əsasını təşkil edən əmək haqqı hüququnun pozulmasına görə işəgötürənin məsuliyyətdən kənar qalmasına gətirib çıxarar. Eyni zamanda bu işçinin əmək haqqı hüququnun pozulması səbəbindən qanunvericiliklə tanınan ödəncin verilməsi tələbinin təmin edilməsi üçün məhkəməyə müraciət etməsini də mənasız edər. Bu halda həmin maddənin tətbiqi mümkünsüz olur və o, əhəmiyyətsiz normaya çevrilməklə faktiki olaraq işçini müvafiq ödənci tələb etmək hüququndan məhrum edir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi “işə bərpa olunduğu günədək hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində təmin olunmamalıdır. Hazırki mübahisədən görünür ki, işəgötürən işçi ilə əmək müqaviləsinə xitam verərək, aralarında olan əmək münasibətlərinə xitam vermiş, işçiyə son haqq-hesab ödənişlərini həyata keçirmiş, sözügedən norma isə işəgötürənin işçiyə ödəməli olduğu ödəniş üzrə qanunla müəyyən edilmiş müddəti ötürməklə müvafiq ödənişləri həyata keçirməsi halı üçün keçərlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya ödınilməli olan əmək haqqı işəgötürənin təqsiri üzündən gecikdirilmədiyindən iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh2 X5 Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 X10nin kadrlar xidmətinin mühəndisi İddiaçı ilə bağlanmış 27 fevral 2024-cü il tarixli əmək müqaviləsinin 26 noyabr 2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 1677/k saylı əmri əmri ləğv edilərək İddiaçı Cavabdeh1 X10nin kadrlar xidmətinin mühəndisi vəzifəsinə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün aldığı aylıq əmək haqqı (vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar, ilin sonunda verilə “13-cü maaş” kimi əlavə əmək haqqı və s.) İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №e-2(003)-1269/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1269/2025
04.06.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver