Məhkəmə qərarları › İş №e-2(003)-1289/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1289/2024

02.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1289/2024 02.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh – Cavabdeh İddiaçı ləyaqətsiz vərəsəsi hesab edilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun illərdir ki, Azərbaycan Respublikasında yaşamır. O, uzun illərdir ki, Litva Respublikasında yaşayır. Hələ onun valideynləri sağ olarkən, o, Azərbaycanı tərk etmişdir. Orada Litva Respublikasının vətəndaşı ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan da xx.xx.2006-cı il təvəllüdlü İvan Enko övladı dünyaya gəlmişdir. Əslində isə Cavabdeh iddiaçının qardaşıdır. Məsələ orasındadır ki, onların anaları hələ Əziz erkən yaşında olarkən dünyasın dəyişmişdir. Ataları Valeriy isə xəstəliklərdən əziyyət çəkirdi. Beləliklə, Cavabdeh erkən yaşından qayğısız qalmış və ona demək olar ki, baxan olmamışdır. Məhz bu səbəbdən iddiaçı Bakıya qayıdaraq Cavabdeh övladlığa götürmək qərarına gəlmişdir. Bunun üçün o, Bakıya qayıtmış və o zaman nikahda olan şəxs Viktor Enko ilə birgə cavabdehi övladlığa götürmüşdür. Bunun üçün onlar Səbail Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və nəhayət iş üzrə Səbail Rayon Məhkəməsinin 2-645/2006 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsi çıxarılmışdır. Qətnamə ilə, Cavabdeh iddiaçıya (eləcə də, onun keçmiş ərinə) övladlığa verilməsi müəyyənləşdirilmişdir. Beləliklə, İddiaçı cavabdeh Əzizin tərbiyyəsi ilə məşğul olmuş və ona qayğı göstərərək, onu himayəsinə tam olaraq almışdır. Cavabdeh xeyli müddət ərzində iddiaçı və onun ailəsi ilə birgə Litvada yaşamışdır. Müəyyən müddətdən sonra Əziz Bakıya qaytmışdır. Bu zamanlar İddiaçı Azərbaycana gəlibgetmişdir. Qərara almışdır ki, özünə bir neçə daşınmaz əmlak əldə etsin. Beləliklə, bu məqsədlə Bakı şəhəri Nizami rayonunda 2 mənzil almışdır. Bundan başqa isə müxtəlif banklarda bank hesabları açaraq adına pul əmanəti qoymuşdur. Daha sonra isə, həmin əmlakların idarə olunması üçün Cavabdeh Litvadan müvafiq etibarnamələr vermişdir. Həmin etibarnamə əsasında cavabdeh mənzilləri kirayə vermiş və kirayədən əldə edilən pul vəsaitlərinin müəyyən hissəsini iddiaçnın razılığı ilə öz ehtiyaclarına xərcləmişdir. Lakin müddət keçdikcə cavabdeh bununla kifayyətlənməmiş və çirkin əmələ əlataraq, iddiaçının ona göstərdiyi etimadından, etibarından və nəhayət qohumluq (övladlığa götürülməsindən) əlaqəsindən sui-istifadə edərək, saxta sənəd və dələduzluq edərək, iddiaçnın bütün əmlakını mənimsəmişdir. Bunun üçün o, əvvəlcədən bir qrup şəxslə əlbir olaraq iddiaçının adından saxta etibarnamə düzəltdirmiş, daha sonra həmin etibarnamə əsasına saxta müqavilələr bağlamışdır. Nəhayət iddiaçının mənzillərini və bankda saxlanılan pul vəsaitlərini cinayətkarcasına mənimsəmişdir. Mənzilləri satmış və pulunu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təbii ki, bu cinayətlər haqqında iddiaçının məlumatı olmamışdır. Bir neçə vaxtdan sonra iddiaçı Bakıya gəlmiş və məlum olmuşdur ki, bankda saxlanılan pul vəsaiti mənimsənilmiş və 2 mənzili qanunsuz olaraq və saxta yolu ilə adına sənədləşdirilərək özgəninkiləşdirilmişdir. Təbii ki, iddiaçı baş vermiş hadisələrlə əlaqədar cavabdehdən izahını almaq istəmiş və əmlaklarını ona qaytarılmasını cavabdehdən tələb etmişdir. Lakin cavabdeh bundan imtina etmişdir. Nəhayət İddiaçı şikayətlə hüquq mühafizə orqanlara müraciət etmək qərarına gəlmişdir. Nəticədə, Nərimanov Rayon Polis İdarəsində ibtidai istintaq aparılmış və cinayət işinə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində Cavabdeh və digərlərin təqsirləndirilməsinə dair cinayət işi yekunlaşmış və hər bir iştirakçıya layiqli cəza verilmişdir. Hazırda da, Cavabdeh azadlıqdan məhrumetmə cəzasını 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Qeyd etmək lazımdır ki, iddiaçının özünün İvan Enko adlı yetkinlik yaşına çatmayan övladı var. O, 2006-cı il təvəllüdlüdür. Cavabdehin törətdiyi cinayət hadisəsi ilə əlaqədar mənimsənilmiş əmlaklar (bankda saxlanılan puldan başqa) başqa məhkəmə prosesi zamanı geri qaytarılmışdır. Həmin məhkəmə işi uzun müddət aparılmış və daha sonra isə, neçə vaxt ərzində Nizami Rayon İcra Şöbəsində icra olunaraq tamamilə həll olunmuş və iddiaçının mülkiyyət hüququ bərpa olunmuşdur. Beləliklə, cavabdehin qəsdən törətdiyi cinayətə görə, iddiaçının mülkiyyət hüquqları pozulmuş və ona həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. Hazırda əmlak hüquqları bərpa olunsa da, cavabdeh övladlığa götürülmüş hesab olunur və iddiaçının ölümü halında, da o və yeganə övladı olan İvan Enko birinci növbəli vərəsə hesab olunacaqdır. Əlbəttə ki, iddiaçı buna qarşı etirazedir və özünün sağlığında hələ cavabdehin ləyaqətsiz vərəsə kimi hesab olunmasını məhkəmə qətnaməsilə tanıtdırmaq istəyir. Çünki belə vəziyyətdə yeganə çıxış yolu budur. Cavabdeh gələcəkdə iddiaçının qanun üzrə vərəsəsi heç bir halda hesab oluna bilməz. Əlavə qeyd etmək istəyir ki, iddiaçı hələ bir neçə vaxt bundan öncə, cavabdehin ona qarşı qəsdən törətdiyi cinayətin mənfi fəsadların aradan qaldırılması məqsədilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Səbəb isə, vaxtılə iddiçının törətdiyi cinayətin nəticəsi kimi, qanunsuz yolla iddiaçıya məxsus olan mənzillərin satışı nəticəsində, mənzilləri əldə edən şəxslər (və onların ailə üzvləri), o cümlədən Cavabdeh formal olaraq ünvanlara daimi pasport qeydiyyatına düşmüşdürlər. Ona görə də, həmin şəxslərin daimi pasport qeydiyyatından çıxarılması üçün Bakı İnzibati Məhkəməsində iddia ilə müraciət etmiş və yuxarıda qeyd edilən şəxslərin daimi pasport qeydiyyatından çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Həmin tələb də, Bakı İnzibati Məhkəməsində təmin edilərək, müvafiq qərar da çıxarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Lakin xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə Sistemi” vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın tam həcmdə təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçı tərəfin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2- 645/2006 saylı, xx.xx.2006-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.1992-ci ildə Bakı şəhəri Səbail rayonunda doğulmuş Qəhrəmanov X1 Elona Valeryevna və X7 övladlığına verilmişdir. İş materiallarına əlavə edilmiş övladlığa götürmə haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1992-ci ildə doğulmuş Qəhrəmanov X1 Elona Valeryevna və X8 tərəfindən övladlığa götürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-16-17/6/2-8422/2023 saylı xx.xx.1992-ci il təvəllüdlü məhkum X4 (Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü, AR CM-nin 178.3.2-ci maddəsi, cəza müddəti, 7 il 11 ay 28 gün azadlıqdan məhrum etmə, cəzasının əvvəli xx.xx.2019-cu il, cəzasının sonu xx.xx.2027-ci il) Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuşdur. Onun atası X8, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2840/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər Cavabdeh, X2 və X3) “qeydiyyatdan çıxarılma“ tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 1203-cü maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 08 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, qanunvericilik mülkiyyətçinin bağışlama qabiliyyətinin vərəsəlik hüququ ilə məhdudlaşdırılmasına dair norma nəzərdə tutmaqla yanaşı, miras qoyana sağlığında müvafiq şərtlər daxilində vərəsəlik hüququndan məhrum etmə imkanı da vermişdir. Belə ki, miras qoyan hər hansı vərəsəni, o cümlədən məcburi pay almaq hüququ olan vərəsəsini ləyaqətsiz vərəsə hesab etdirməklə mirasdan kənarlaşdıra bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Yuxarıda qeyd olunduğu kimi vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Mülki qanunvericiliyə görə, ləyaqətsiz vərəsə kimi tanınması üçün şəxsin iki alternativ hərəkətdən birini etməsini müəyyənləşdirmək lazımdır: birincisi, fiziki şəxsin miras qoyanın son iradəsini həyata keçirməsinə maneə törətməsi və bununla özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına imkan yaratması; ikincisi, fiziki şəxsin vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı cinayət və ya digər əxlaqsız hərəkət törətməsi. Göstərilən hallardan biri olduqda və həmin hal məhkəmə qaydasında təsdiqləndikdə, hüquq pozuntusu törədən şəxs ləyaqətsiz vərəsə kimi nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilmir, vərəsəlik hüququndan məhrum edilir. Hazırkı halda müəyyən edildi ki, iddiaçı cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etsə də, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas ola biləcək, yəni cavabdehin iddiaçının miras qoyan kimi son iradəsini həyata keçirməsinə maneə törətməsi və bununla özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına imkan yaratması müəyyən edilməmiş. Habelə iddiaçının hər hansı bir vəsiyyətinin olması faktına dair sübbutu da təqdim edilməmişdir ki, onun vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı cavabdeh tərəfindən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi müəyyən edilsin. Göründüyü kimi iddiaçı yuxarıda göstərilən qanunvericilikdə müəyyən edilmiş hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmiş, həmin əsaslar məhkəmə iclasında da müəyyən edilməmişdir. İddia ərizəsində göstərilən əsaslar isə Cavabdeh İddiaçı qarşı dələduzluq etməsi məhkəmə hökmü ilə müəyyən edilərək cavabdehin barəsində müvafiq ittiham hökmü çıxarılmışdır. Həmçinin müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya qarşı dələduzluq əməlində miras əmlaka dair vəsiyyətnamə ilə bağlılıq və ya iddiaçının miras əmlaka dair son iradəsinin həyata keçirilməsinə dair fakt müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilənlənlər ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas sayıla bilməz. Qanunvericilikdə ləyaqətsiz vərəsə hesab edilməsinin konkret şərtləri müəyyənləşdirilmiş, hazırkı halda isə cavabdehin əməllərində həmin hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi barədə tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar