Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1310/2023 20.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili İddiaçı3, Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğvi və sair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər Baş idarəsi və Bakı şəhəri 7 saylı Dövlət notariat kontoruna qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğvi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 7 saylı notariat ofisinin notariusu X12 Həmzəyevə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilərək xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, xx.xx.1984-cü il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onlar tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsinə və miras əmlaka dair hər birinə 1/3 həcmdə pay tanınmaqla qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin notariusa həvalə olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri 7 saylı notariat ofisinin notariusu X12 Həmzəyevə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilərək vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, xx.xx.1984-cü il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı1 tərəfindən faktiki qəbul edilmə faktının müəyyən edilməsi, miras əmlaka dair ona ½ həcmdə payın müəyyən edilməsi və ½ pay üzrə İddiaçı1 qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin notariusa həvalə olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili İddiaçı3 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, İddiaçı1, İddiaçı2 və Cavabdeh1 xx.xx.1984-cü il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin faktiki mirasçıları olaraq mirası qəbul etmişlər, lakin rəsmiləşdirilməsi ilə bağlı hər hansı tədbir görülməmişdir. Püstə Cəfərova 1984-cü il tarixdə vəfat etsə də, İddiaçı1 sənədləri qaydaya saldıqdan sonra xx.xx.2002-ci il tarixində həmin mülkiyyətə dair sənədləri Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsindən qeydiyyat vəsiqəsini və digər sənədləri şəxsən almışdır. İddiaçılar və Cavabdeh1 əvvəlcədən nənələrindən miras qalmış yaşayış sahəsini bərabər bölünməsi ilə bağlı razılaşmış və yay aylarında mütəmadi olaraq orada yaşamışlar. Hətta Cavabdeh1 maddi imkanı yaxşı olmadığına görə evlə bağlı zəruri sənədləri hər zaman onun bacıları almışdır. Lakin, keçən ilin dekabr ayında iddiaçılara məlum oldu ki, Cavabdeh1 adına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmiş və iddiaçılara məxsus əşyalar yardımçı sahəyə aparılmışdır. Hazırda Cavabdeh1 nənələrindən miras qalmış evdə iddiaçıların yaşamasına icazə vermir. Bununla bağlı Xəzər Rayon Məhkəməsinə müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət olunmuş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək mülki işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilənədək mübahisəli yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. İş materiallarında olan sübutlardan da açıq-aşkar görmək olur ki, mərhum Püstə Cəfərovadan miras qalmış əmlak iddiaçılar tərəfindən faktiki qəbul edilmişdir. Lakin, İddiaçı1 həmin ünvanda qeydiyyatda olsa da, tərtib edilib notariusa təqdim edilən arayışda onun adının qeyd olunmadığı üçün qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməmiş və məhkəməyə müraciət etməsi hüququ izah edilmişdir. Hal-hazırda İddiaçı2 iddiadan İddiaçı1 xeyrinə imtina etmişdir. Bu səbəbdən həmin fərdi yaşayış sahəsinə İddiaçı1 ½ həcmdə pay hüququ tanınmalıdır. Eyni zamanda cavabdeh də ərizə təqdim edərək İddiaçı1 miras əmlakı faktiki qəbulunu etiraf etmiş və onun mübahisə predmeti olan yaşayış sahəsinə ½ həcmdə pay hüququnun tanınmasına heç bir etiraz etmədiyini bildirmişdir. Məhkəmə icklasında İddiaçı1 nümayəndəsi və vəkili İddiaçı3 izahatına uyğun izahat verərək iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, bacısı İddiaçı1 miras əmlakı faktiki qəbulunu etiraf edir və onun mübahisə predmeti olan yaşayış sahəsinə ½ həcmdə pay hüququnun tanınmasına heç bir etiraz etmir. Bu barədə məhkəməyə ərizə də təqdim etmişdir. Mübahisə predmeti olan ev onun nənəsinə məxsus olmuşdur. Nənəsi vəfat etdikdən sonra özləri və iki dayısı orada yaşamışlar. Dayıları vəfat etdikdən sonra dayılarının ailəsi başqa yerə köçmüş və orada yaşamamışlar. X9 1998-ci il tarixdə vəfat etmişdir. Nənəsi öldükdən sonra X9 mirası faktiki olaraq qəbul etmişdir. Bacıları ilə birlikdə həmin evdə uzun müddət yaşamışlar. Halhazırda bacısı İddiaçı1 mübahisə predmeti olan miras əmlakda ½ pay hüququnun tanınmasına etiraz etmir. Lakin, iddia tələbinin onun adına xx.xx.2022-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi hissəsini qəbul etmir və bu hissədə iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Bakı şəhəri 25 saylı Dövlət notariat kontoru məhkəməyə müraciət edərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDKR publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 95.40 kv.m olan yaşayış sahəsi xüsusi mülkiyyət əsasında **********11-10301 reyestr nömrəsi ilə X3 adına qeydiyyatdan keçirilmişdir. -Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 322766 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1984-cü il tarixdə “İİ-İİİ dərəcə qan dövranının pozulması” səbəbindən Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1984-cü il tarixdə 129 nömrə ilə qeyd aparılmışdır. -Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 289375 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1998-ci il tarixdə “kəskin ürək qan-damar çatışmazlığı” səbəbindən Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1998-ci il tarixdə 162 nömrə ilə qeyd aparılmışdır. - İddiaçı1 məxsus doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, sonuncunun valideynləri – atası – X7, anası isə X5r. -5 saylı Bakı “ASAN” Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh1 ünvan 1 ünvanında xx.xx.2011-ci il tarixdən qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: xx.xx.1968-ci il təvəllüdlü İddiaçı1 və digərləridir. - Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən İddiaçı1 və Aidə Abaslıya verilmiş xx.xx.2022-ci ilk tarixli d/186 nömrəli cavab məktubunun surətindən məlum olur ki, qeyd olunan şəxslər barəsində Daxili İşlər Nazirliyinin ******* saylı arayışında qeydiyyatda olmaları barədə məlumat olmadığından və Mülki Məcəllənin 1246-cı maddəsinə əsasəmn (03 ay ərzində mirası qəbul edilməsi) vərəsəlik hüququ haqqında şəhadətnamədə adları qeyd olunmamışdır. - xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1984-cü il tarixdə ölmüş X3 vərəsəsi- nəvəsi Cavabdeh1 ünvan 2 ünvanındakı miras əmlakdan ½ hissədə pay almışdır. Miras əmlak ½ hissədə isə açıq saxlanılmışdır. Xəzər (keçmiş Əzizbəyov) rayon İHB-nın Mərdəkan qəsəbəsində nümayəndəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli arayışın surətindən aydın olur ki, İddiaçı1 xx.xx.1984-cü il tarixdən Püstə Cəfərovaya məxsus ünvan 2 ünvanınd qeydiyyatdadır. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDKR publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 95.40 kv.m olan yaşayış sahəsi ½ hissədə xüsusi mülkiyyət əsasında **********15-10301 reyestr nömrəsi ilə Cavabdeh1 adına qeydiyyatdan keçirilmişdir. Əmlakın ½ hissəsi açıq saxlanılır. -Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 387 saylı arayışdan görünür ki, İddiaçı1 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat İdarəsində rəhbərliyi təmin edən Mehman Soltanovun xx.xx.2023-cü il tarixli 3-16-5/2-xx-xx-3215 nömrəli məktubuna əsasən hazırki iş üzrə Bakı şəhəri 25 saylı Notariat Ofisi icra üçün təyin olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsində təsbit edilmişdir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi X3 mülkiyyəti olmuş olduğundan, mübahisəli mənzil miras əmlakı kütləsidir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə hesab edir ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi miras qoyan X3 ölüm məqamı mülkiyyətində olduğundan, onun birinci növbə vərəsəsi olan qızı X6 vəfat etdiyindən ona çatası miras payından övladları Cavabdeh1, İddiaçı1 və İddiaçı2 payı yarandığından iddiaçılar hazırkı iddia tələbi ilə müraciət etməkdə haqlıdırlar. İşdə olan notariat işinin materiallarından görünür ki, Cavabdeh1 qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilərkən miras əmlakın ½ hissəsi açıq saxlanmışdır. İddiaçı1 həmin ünvanda qeydiyyatda olduğundan və Cavabdeh1lə eyni növbə vərəsə olduğundan, onun da miras əmlakda payı mövcuddur (vərəsəlik işi № 2V-417). Hazırkı iddia tələbinin İddiaçı1 ½ hissədə payının müəyyən edilməsi hissəsi cavabdeh tərəfindən də etiraf edilmişdir. Cavabdehin bu hissədə etirafı məhkəmə tərəfindən qəbul edilir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1145-сi maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı hesab edilə bilməz. Belə ki, ünvan 3 ünvanında yerləşən mübahisəli yaşayış sahəsinə dair Cavabdeh1 mərhum X3 vərəsəsi X6 vəfat etdiyindən irsi transmissiya hüququndan istifadə edərək qanuni və əsaslı şəkildə ərizə ilə notariat orqanına müraciət etmiş və həmin şəhadətnaməni almışdır. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən X1 miras qalmış ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən xx.xx.2022ci il tarixdə 1/2 hissəyə dair mərhumun vərəsəsi olan nəvəsi Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir və X3 1/2 hissə payı açıq qalmışdır. Belə ki, notarius tərəfindən həmin vaxt digər vərəsələr olan İddiaçı1 və İddiaçı2 paylarının müəyyən edilməsi və ya açıq saxlanılması ona görə mümkün olmamamışdır ki, notariusa təqdim edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda onların adları olmamış, onlar tərəfindən müddət ötürülmüş və notariusda həmin müddətin üzürlü hesab edilməklə bərpa edilməsinə dair hər hansı bir sənəd də olmamışdır. Bu hal notariat orqanı tərəfindən iddiaçılara ünvanlanmış məktubda öz əksini tapmışdır. Halbuki, işdə olan sənədlərdən və tərəflərin izahatlarından da müəyyən edilir ki, İddiaçı1 da mübahisə predmeti olan ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş və vərəsəlik işi açılan zaman orada yaşamaqla mirası faktiki olaraq qəbul edib sahiblənmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlayaraq və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası faktiki olaraq qəbul etmiş və onun həmin əmlaka subyektiv hüququ vardır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı1 mərhum nənəsindən qalmış, irsi transmissiya əsasında anasından ona keçmiş miras əmlaka münasibətdə vərəsə kimi pay almaq hüququ yarandığından, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində vərəsə İddiaçı1 1/2 hissədə payı müəyyən edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsi və Bakı şəhəri 7 saylı Dövlət notariat kontoruna qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğvi və sair” tələbinə dair iş üzrə İddiaçı2 iddiasından imtinasının qəbul edilməsi və ona aid hissədə iş üzrə icraata xitam verilməsi nəzərə alınmalıdır. Bütün qeyd edilənlərə məcmu halda qiymət verməklə məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilərək, X1 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə vərəsə İddiaçı1 ½ hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia ərizəsi qismən təmin edilsin. X1 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində vərəsə İddiaçı1 ½ hissədə payı müəyyən edilsin. X2 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə ½ hissədə İddiaçı1 qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi Bakı şəhəri 25 saylı Notariat Ofisinə həvalə edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-1310/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1310/2023
20.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver