Məhkəmə qərarları › İş №e-2(003)-141/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-141/2025

19.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-141/2025 19.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdən Bakı Şəhəri, Əzizbəyov Rayonu, Buzovna Bələdiyyəsinin sərəncamı ilə istifadəsində olan Buzovna-Maştağa yolunun sol tərəfində yerləşən 0.10ha torpaq sahəsinin üzərində sahiblik və istifadə hüquqlarının tanınmasına, həmin torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq naturada onun faktiki sahiblik və istifadəsinə verilməsinə, həmin torpaq sahəsinin üzərində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş hasarın cavabdehin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, keçmiş Əzizbəyov indiki Xəzər Rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixlisərəncamı ilə ona Buzovna-Maştağa yolunun sol tərəfindəki ərazidə bağ evinin tikintisi üçün 0.10 ha torpaq sahəsi ayrılmışdır. Onunla bələdiyyə arasında torpağın satın alınmasına dair müvafiq qaydada alqı-satqı aktı tərtib edilmişdir və həmin torpaq sahəsinin alqı-satqısı üçün keçmiş kursla 800 manat məbləğində pul vəsaiti ödənilmiş, həmin vasəit Buzovna bələdiyyəsinin hesabına mədaxil edilmiş və bununla bağlı ona kassa mədaxil qəbzi verilmişdir. Buzovna bələdiyyəsi tərəfindən ona satılan torpaq sahəsinin yerləşmə yerinin sxemi tərtib olunmuş və bələdiyyənin möhürü ilə təsdiq edilərək ona təqdim edilmişdir. Həmin torpaq sahəsinə dair aldığı ildən başlayaraq torpaqla bağlı bələdiyyə vergiləri tərəfindən ödənilmişdir və bunlara dair qəbzləri var. Torpaq sahəsinə dair ona aid bütün sənədlərin arxiv surətlərini Milli Arxiv İdarəsindən çıxartdırmışdır. Mövcud torpaq sahəsi 2006-cı il tarixdən qanuni istifadəsində və sahibliyində olub heç bir qonşu ilə mübahisəsi olmamışdır. Həmin torpaq sahəsini ümumi hasara almış və qapı yeri saxlamışdır. Bir müddət ölkədən kənarda olduğu üçün həmin əraziyə nəzarət etməyi nümayəndəsinə tapşırdı. O isə ona bildirdi ki, torpaq sahəsinin bir hissəsi Cavabdeh adlı tanımadığı şəxs tərəfindən qanunsuz olaraq zəbt edilmiş və qapı üçün qoyduğu hissəni özbaşına hörmüşdür. O, mütəxəssis dəvət edərək torpaq sahəsinə baxış keçirərkən məlum oldu ki 0.0298 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmiş və öz torpaq sahəsinə qatılmışdır. Cavabdeh dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq heç bir nəticə olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Çünki cavabdehdə həmin əraziyə dair heç bir sənəd yoxdur və heç bir qanuni əsası olmadan ona məxsus torpaq sahəsini zəbt etmişdir Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, torpaq sahəsinə dair sənədi yoxdur. Dövlət Neft Şirkətindən şifahi qaydada razılıq almışdır. Məhkəmə tərəflərin mövqeyini tədqiq edib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -ƏMDK DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Belə ki, torpaq sahəsi mişar daş hasar daxilindədir və qapı bağlıdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən istinad koordinatlarla verilmiş torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (Mövcud vəziyyətdə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir). Sahə dövlət mülkiyyəti torpağıdır. Eyni zamanda ən yaxın 50 metr olmaqla ətrafda ləğv olunmuş neft quyuları var. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-3917/2023 saylın qətnaməsindən görünür ki, İddiaçı X1 Cavabdeh qarşı “torpaq sahəsinin geri qaytarılması” tələbi rədd edilmişdir. -Həmin qətnamədə göstərilmişdir ki, Məhkəmə hesab edir ki, iddiaçının məhz mübahisəsini etdiyi torpaq sahəsinə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidir. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. -ƏMDK DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli digər mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinin qapısı cavabdeh tərəfindən qıfıllandığından sahədə ölçü işləri aparmaq mümkün olmadı. İddia olunan 1000.0 kv.m torpaq sahəsi mişar daş hasarla iki hissəyə bölünüb. Torpaq sahəsinin yerləşmə cizgisinə asasən torpaq sahəsinin perimetrik ölçüləri və yerləşməsi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsi"nin hüdudları daxilində yerləşir (H.Z.Tağıyev adına NQÇİ). Sahədən teqribən 75.0 m. 72.0 m və 100.0 m məsafədə ləğv olunmuş quyu məlumatları mövcuddur. Sahə "Yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. İstinad koordinatı verilmiş sahənin üst-üstə düşmə halı ilə bağlı məlumat aşkar edilmədi. -Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Hüseyn Məmmədov xx.xx.2024-cü il tarixli məlumat tərtib edərək qeyd etmişdir ki, Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən qərardadda qoyulmuş suallarla əlaqədar tədqiq olunan torpaq sahəsinə dair faktiki koordinatların, baza məlumatlarının, mütəxəssis rəyinin və tikiliyə dair hüquqmüəyyənedici və texniki sənədlərin Mərkəzə təqdim edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət verilmişdir. Vəsatətin verildiyi tarixdən 1 aydan artıq müddət keçməsinə baxmayaraq, mütəxəssislər tərəfindən tərtib edilməli müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə və "Azərbaycan Respublikası Ədliyyə Nazirliyininn Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat"ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar icrasız geri qaytarılır. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyil. Çünki, iddiaçı torpaq sahəsinin ona məxsus olması barədə hər hansı sübut təqdim edə bilməmiş, dolayısı ilə həmin halı sübut edə bilməmişdir. Əksinə, mütəxəssis rəyi ilə məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi dövlət torpağıdır. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən (157.4,157.8) Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Qeyd olunanlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və sair” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyinə görə ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və sair” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar