Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-145/2025 11.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müəssisəyə vurulmuş 23916 manat 50 qəpik (iyirmi üç min doqquz yüz on altı manat 50 qəpik) dəyərində ziyan məbləğinin, hüquqi xidmətə görə ödənilmiş 120 manat pulun, mediasiya görə ödənilmiş 50 manat rüsumun və iş üzrə ödənilmiş 112 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2019-cu il tarixində, xxxxxxx000300 nömrə ilə elektron sistemə daxil edilmişdir. 2 sentyabr 2019-cu il tarixli əmək müqaviləsinə əsasən, Cavabdeh səyyar satıcı vəzifəsinə qəbul edilmiş və əmək funksiyalarının icrasını öhdəsinə götürmüşdür. Həmçinin cavabdehlə 2 sentyabr 2019-cu il tarixli, 7 nömrəli “Tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır. “Tam maddi məsuliyyət” haqqında müqavilənin 1.2-ci bəndinə əsasən, maddi məsul şəxsin günahı üzündən müəssisəyə, idarəyə, təşkilata dəyən zərərin miqdarı müəyyən edildikdən sonra onun ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir. Həmin müqavilənin 1.3-cü bəndinə görə, maddi məsul şəxs X3 MMC-in işçisi olaraq müəssisənin müştəriləri ilə arasında olan mal alqısatqısına dair əməliyyatlarla əlaqədar yaranmış məsuliyyətə (müştərilər tərəfindən ödənişlərin vaxtında ödənilməməsinə, malların müştəriyə vaxtında çatdırılmamasına, müştəri və müəssisə arasında vaxtaşırı üzləşmə aparılmamasına, malların qorunub saxlanılmaması və məhv olmasına və s görə dəymiş zərərə) görə cavabdehlik daşıyır və dəyən zərərin miqdarı müəyyən edildikdən sonra ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilməsi öhdəliyini öz üzərinə götürür. Həmin müqavilənin 1.5-ci maddəsinə görə, bu müqavilə maddi məsul şəxsin işlədiyi və ona etibar edilmiş maddi sərvətlərin saxlanıldığı bütün dövr ərzində etibarlıdır (qüvvədədir). Əmək müqaviləsinin 5.1-ci maddəsinə əsasən, bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. 5.2. Tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini etmək hüququna malikdir. Lakin cavabdeh əmək müqaviləsinin 5.1 və 5.2-ci bəndlərini, tam maddi məsuliyyət haqqında müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri pozaraq müəssisəyə 23.916 manat (iyirmi üç min doqquz yüz on altı manat) dəyərində ziyan vurmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli izahatında 24.257 manat (iyirmi dörd min iki yüz əlli yeddi) vəsaiti şəxsi istifadəsi üçün xərclədiyini etiraf etmiş və 24.257 manat pulun hər ay 1000(min) manat məbləğində ödənilməsinə razılıq vermişdir. Lakin cavabdeh bugünədək borc məbləğindən sadəcə 341 manat ödəniş etmişdir. Bununla bağlı özünün xx.xx.2024-cü il tarixli ərizəsi ilə 23.916 manat borcunun olduğunu təsdiq etmişdir. Əmək müqaviləsinin 5.3-cü bəndinə görə, tərəflər məhkəməyə müraciət etmədən ziyan vurmadan əmələ gələn öhdəliklərinin özləri tərəfindən həllinə üstünlük verirlər. Mübahisənin həlli üçün tərəfimizdən mediasiyaya müraciət olunmuş, Bakı şəhəri 18 saylı Mediasiya təşkilatının mediatoru X2 tərəfindən MŞB/ 18/2024-00577 saylı, xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış tərtib olunmuşdur. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etməmiş, lakin ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə iddiaçını nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında cavabdeh bildirdi ki, xx.xx.2019-cu il tarixli “Tam məsuliyyət haqqında” müqavilədə imza ona məxsus deyil. İş materiallarına əlavə olunmuş sənədlər -İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, sonuncu ilə MMC-də xx.xx.2019-cu il tarixdən “səyyar satıcı” işinə başamışdır. -xx.xx.2019-cu il tarixli, 7 nömrəli “Tam maddi məsuliyyət haqqında” müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında maddi məsuliyyət müqaviləsi bağlanmışdır. -xx.xx.2024-cü il tarixli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi” bildirişindən görünür ki, -İddiaçı MMC ilə Cavabdeharasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68.2ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir. -39 nömrəli aktdan görünür ki, 23916,5 manat məbləğində çoxsaylı mallar əskik gəlmişdir. -“Hüquqi yardımın göstərilməsi haqqında” 253 nömrəli, 2304.2024-c üil tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə “De Fendo” Vəkil Bürosu arasında hüquqi yardımın göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. -Cavabdeh İddiaçı MMC-yə verdiyi izahatının surətindən görünür ki, onun ərazisində olan salonlarda 59274,50 manat məbləğində məhsullar mövcuddur. Ərazisində olan salonlardan 26092,50 manat vəsaitdən 24257,50 manat pul vəsaitini alıcıdan almışdır. İddiaçı MMC-nin kassasına təhvil vermişdir. Qeyd olunan 24257,50 manat məbləği şəxsi istifadəsi üçün xərcləmişdir. 1835 manat pulu isə ərazisində olan salonlar ödəyəcəkdir. Mənimsədiyi 24257,50 manat vəsaitin hər ay 1000 manat məbləğində ödənilməsinə razıdır və heç bir etirazı yoxdur. -Cavabdeh İddiaçı MMC-yə ünvanladığı ərizədən görünür ki, keçirilmiş təhvil-təslim zamanı aşkar olunmuş 23.916.50 manat məbləği təsdiqləyirəm. -Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1335 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 86-87-ci vərəqələrində olan xx.xx.2019-cu il tarixli, 7 saylı tam maddi məsuliyyət haqqında müqavilənin 1-ci vərəqinin aşağı sağ küncündəki imza və həmin müqavilənin 2-ci vərəqinin aşağısındakı “İşçi” qrafasındakı imzalar – Cavabdeh tərəfindən icra olunmuşdur. -Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 110 manat müəyyən edilmişdir. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsilə müraciət edən zaman 112 manat dövlət rüsumu ödəmişdir. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən Bakı 18 saylı mediasiya təşkilatına 60 manat ödənilmişdir. -İddiaçı MMC-nin və Vəkil1 oğunun hüquqi yardım göstərilməsi haqqında 253 nömrəli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən tərəflər hüquqi yardıma görə 300 manat xidmət haqqı razlılaşmışdırlar. -xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, hüquqi yardıma görə 122 manat pul ödənilmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi -Saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. (maddə 199(a)) -İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. (200(1)) -İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. (maddə 200(2)) -Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. (maddə 205(2)) -Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər. (maddə 206.1) -Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. (maddə 294(1)) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi -Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2) -Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88) Məhkəmənin mövqeyi Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bağlanmış, sonuncu MMC-də xx.xx.2019-cu il tarixdən “səyyar satıcı” işinə başamış, həmin tarixdə isə tərəflər arasında maddi məsuliyyət müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixdə isə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir. Göründüyü kimi, tərəflər arasında əmək münasibətlərinə xitam verilmişdir. Lakin məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbi irəli sürməkdə haqlıdır və tələbinin əsasının təşkil edən lazımi sübutlarını məhkəməyə təqdim etmişdir. Belə ki, cavabdeh tam maddi məsul şəxs kimi işlədiyi müddətdə 23916,50 manat maddi ziyan vurduğu müəyyən edilmiş və ziyanın səbəbini isə sonuncu şəxsi ehtiyacları üçün sərf etməsi ilə əlaqələndirsə də, bu hal onu həmin ziyana görə məsuliyyətdən azad etmir və 23916,50 manat həddində məsuliyyət daşıyan şəxsdir. Məhkəmə cavabdeh iddiaya etirazı münasibətdə hesab edir ki, onun etirazı əsassızdır. Ona görə ki, onun tərəfində həm ərizə, həmdəki izahatlar iddiaçıya təqdim etmiş və iddiaçıya olan borcunu etiraf etmişdir. Eyni zamanda iş üzrə ekspertiza rəyi alınmış, maddi məsuliyyət müqaviləsindəki imzanın cavabdeh tərəfində icra edildiyi müəyyən edilmişdir. Məhkəmə ekspertiza rəyi ilə razılaşaraq, sübutlar siyahısına daxil etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, cavabdehdən 23916,50 manat pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddianın hüquqi yardıma görə-120 manat, mediasiya xərcinə görə-50 manat və dövlət rüsumuna görə-112 manat cavabdehdən tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia təmin edildiyindən, iddianın sözügedən hissələri təmin edilməlidir və cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 110,0 manat məbləğində pul vəsaiti də Cavabdeh dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 23916,50 manat pul məbləğində pul, 120 manat hüquqi yardım, 50 manat mediasiya xərci, 112 manat dövlət rüsumu tutularaq iddiaçıya və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 110 manat məbləğində ekspertiza xərci Cavabdeh müştərək qaydada tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 23916,50 manat pul məbləğində pul, 120 manat hüquqi yardım, 50 manat mediasiya xərci, 112 manat dövlət rüsumu olmaqla, cəmi 24198,5 (iyirmi dörd min yüz doxsan səkkiz manat, əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci Cavabdeh müştərək qaydada tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-145/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-145/2025
11.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver