Məhkəmə qərarları › İş №e-2(003)-1465/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1465/2024

27.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1465/2024 27.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qala bələdiyyəsi və X4 olmaqla Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və sair” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xəzər rayonu Qala Bələdiyyəsinin 18 aprel 2007-ci il tarixli 9 saylı qərarı ilə İddiaçı Zülfüqar qızına alqı-satqı yolu ilə satılmış Qala qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsindən ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılması, mövcud hasarın yenidən əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu Qala Bələdiyyəsinin 18 aprel 2007-ci il tarixli 9 saylı qərarı ilə Qala qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsi alqısatqı yolu ilə İddiaçı satılmış, bu barədə dövlət rüsumu bələdiyyənin büdcəsinə ödənilmiş və torpaq sahəsinin sxemi tərtib edilərək iddiaçıya təqdim edilmişdir. İddiaçı torpaq sahəsini aldıqdan sonrakı müddətdə ərazini daşdan hasara aldırmış və giriş darvazası qoymuşdur. Həyətdə kanalizasiya quyusu qazdırmış, ərazi bir qədər çökək olduğuna görə əlavə torpaq sahəsi tökmüşdür. 2021-ci ilin ortalarında Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin 4 sotunu zəbt eləmiş, bununla bağlı iddiaçı tərəfindən aidiyyəti üzrə hüquqmühafizə orqanlarına müraciət edilmiş, iş üzrə Xəzər RPİ-nin 3-cü Polis şöbəsində araşdırma aparılmış, sonda xx.xx.2021-ci il tarixli qərar əsasında cinayət işinin başlanılması rədd edilərək, mülki qaydada məhkəməyə müraciət etməsi iddiaçıya tövsiyə olunmuşdur. Bir müddət sonra cavabdeh yenidən həmin sahəni hasara almaq istəmiş, mübahisə zəminində xx.xx.2022-ci ildə cavabdeh oğlanları ilə birlikdə torpaq sahəsində işləyən X5 və X1 xəsarət yetirmiş, həmin fakt üzrə də müvafiq araşdırma aparılmış, sonda xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh qanunsuz hərəkətləri ilə əlaqədar iddiaçı tərəfindən aidiyyəti üzrə Xəzər rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmə araşdırması müddətində cavabdeh ərazini könüllü boşaltdığına görə, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılması barədə müraciət etmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-181/2023 saylı qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. 2024-cü ilin yanvar ayında cavabdeh yenidən torpaq sahəsini zəbt etməyə cəhd etmiş və ərazinin bir hissəsini zəbt etmişdir. İddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də heç bir nəticəsi olmamış, nəticədə iddiaçı hüquqların müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçıya məxsus torpaq sahəsilə bağlı bələdiyyə qərarı hal-hazırda qüvvədədir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qala bələdiyyəsinin nümayəndəsi və X4, Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron rayon donuzkökəltmə sovxozu üzrə verilmiş xx.xx.1990-cı il tarixli 1347 saylı çıxarışdan görünür ki, X2 ev tikmək üçün 0,04 ha torpaq sahəsi ayrılmışdır. -Abşeron rayon donuzkökəltmə sovxozu üzrə verilmiş xx.xx.1990-cı il tarixli 1750 saylı çıxarışdan görünür ki, Cavabdeh ev tikmək üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır. -Qala bələdiyyəsi tərəfindən verilmiş tədiyyə bildirişləri və fiziki şəxsin vergi uçotuna alınması barədə şəhadətnamədən görünür ki, Cavabdeh Qala qəsəbəsi X9 ərazisində yerləşən evdə vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3801 saylı rəyindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 9 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsinə dair təqdim edilmiş sxemdə miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. İddiaçı ayrılmış torpaq sahəsinə dair təqdim edilmiş təsdiq olunmamış koordinatlı sxemdə göstərilən ərazi faktiki vəziyyətdə iddia olunan torpaq sahəsi ilə və Qala bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş sxemdə göstərilən torpaq sahəsi ilə uyğunsuzluq təşkil edir. Lakin iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi ərazisi 970 kv.m təşkil edən torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 nömrəli əmrdən çıxarışa əsasən Cavabdeh fərdi ev tikmək üçün ayrılmış 0,08 ha torpaq sahəsinin coğrafi yerləşmə yerini müəyyənləşdirməyə imkan verən miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafə göstərilən sxemin təqdim edilməməsi səbəbindən sözügedən ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. Lakin cavabdehin iddia etdiyi və naturada göstərdiyi ərazisi 400 kv.m torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Qala qəsəbə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 9 nömrəli qərarı ilə və Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 nömrəli əmrdən çıxarışa əsasən ayrılmış torpaq sahələrinin coğrafi yerləşmə yerlərini müəyyən etmək mümkün olmadığından üst-üstə düşüb-düşməməklərini də müəyyənləşdirmək mümkün olmamışdır. Lakin iddiaçının və cavabdehin iddia etdikləri və naturada göstərdikləri torpaq sahələri tam olaraq üst-üstə düşür. Qala qəsəbə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 9 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsinə dair təqdim edilmiş sxemdə miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan səbəbdən inşa edilmiş hasarın ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşibyerləşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. - Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. - Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Qala qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarından görünür ki, Əzizbəyov rayonu Qala qəsəbəsinin ərazi hüdudları daxilində, Qala qəsəbə ərazisində istifadə olunan 1200 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. - Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Qala Bələdiyyəsinin qərarına əsasən Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon Qala qəsəbəsi Yeni Massiv ərazisində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi alıcı İddiaçı verilmişdir. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyil. İddiaçı onun istifadəsində olan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunduğunu bildirərək iddia qaldırmışdır. Lakin, məhkəmə araşdırması zamanı həm ekspert rəyi ilə, həm də sübutları tədqiq etməklə iddiaçının torpaq sahəsinin cavabdehə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmədiyi, cavabdehin inşa etdiyi hasarın onun hüquq və mənafeyinə hər-hansı qaydada toxunmadığı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-49.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 02 saylı, 14 fevral 2003-cü il tarixli qərarına əsasən “Torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Qeyd edilsin ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.” Həmin Məcəllənin 48.4-cü maddəsinə əsasən “Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.” Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən “Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən “Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.” Həmin Məcəlləsinin 65-ci maddəsinə əsasən “Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Həmin Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iclasında, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3801 saylı ekspert rəyi iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilərək hesab edilmişdir ki, cavabdehin torpaq sahəsindən çıxarılması, tikilinin sökülüb-sökülməməsi məsələsi məhz ekspert rəyi əsasında müəyyən edilməlidir. Bu səbəbdən həmin ekspert rəyi əsas götürülməli və cavabdehin yerləşdiyi torpaq sahəsi ilə iddiaçıya ayrılmış torpaq sahəsinin üst-üstə düşməsi müəyyən edilmədiyindən iddia ərizəsi təmin edilməməlidir. “X6 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 108 saylı mütəxəssis rəyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3801 saylı ekspert rəyi ilə ziddiyət təşkil edir. Məhkəmə xx.xx.2023-cü il tarixli 10/3801 saylı ekspert rəyini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən verildiyini nəzərə alaraq daha mötəbər sübut hesab edir. Qeyd olunanlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qala bələdiyyəsi və X4 olmaqla Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qala bələdiyyəsi və X4 olmaqla Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti iddiaçıdan tutulmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qala bələdiyyəsi və X4 olmaqla Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar