Məhkəmə qərarları › İş №e-2(003)-1481/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1481/2025

03.12.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1481/2025 03.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə dair istifadə qaydalarının müəyyən edilməsi və maneələrin aradan qaldırılması” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə dair istifadə qaydalarının müəyyən edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən həyətdə sol tərəfdə inşa edilmiş fərdi yaşayış evinə dair Cavabdeh1 ilə birgə istifadə qaydalarının müəyyən edilməsinə, evdə olan yataq otağı, uşaq otağı və sanitar qovşağın onun və xx.xx.2015-ci il təvəllüdlü X3 istifadəsinə, qonaq otağı və həyətdə olan sanitar qovşağın Cavabdeh1 istifadəsinə verilməsinə, digər şəxslərin həmin sahələrə (otaqlara) yalnız icazə olarsa daxil olmasına, dəhliz, mətbəx və həyətin ümumi istifadəyə verilməsinə, yaşayış sahəsindən istifadəyə mane olacaq bütün növ manelərin aradan qaldırılmasının cavabdehlərə həvalə edilməsi, o cümlədən, qaz, işıq və su xəttlərinin kəsilməsi, zərər vurulması, sayğaclara bu məqsədlə müdaxilə edilməsi, kanalizasiya xətlərinin, su borularının dəyişdirilməsi, bağlanması və ya zərər vurulmasının, kranlara, qapıpəncərələrə və ümumi istifadədə olan hissələrdə digər əşyalara zərər vurulmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, o, Cavabdeh1 ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)- 1783/2023 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuşdur.İddiaçı nikaha daxil olduqdan sonra ünvan 1 ünvanında yerləşən, sənədsiz və özbaşına tikili olan fərdi yaşayış evinə köçmüşdür. Nikahdan sonra həmin evdə qapı və pəncərələr qoyulmuş, əsaslı tikinti işləri aparılmış, əlavə artırmalar tikilmiş və ev tam təmir edilmişdir. İddiaçı 2013–2023-cü illər ərzində həmin evdə yaşayaraq faktiki olaraq evi qurmuşdur.Nikah hələ pozulmamışdan əvvəl, 2023-cü ilin yanvar ayının ilk günlərində cavabdehlər iddiaçının evdə olmamasından istifadə edərək evin açarlarını dəyişmiş və iddiaçını azyaşlı övladı xx.xx.2015-ci il təvəllüdlü X4 evə buraxmamışlar. İddiaçı və azyaşlı övladı uzun müddət qış şəraitində evin qarşısında qalmağa məcbur olmuşdur. Bu səbəbdən iddiaçı evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-1970/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçının və azyaşlı övladının mübahisəli yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdehin kassasiya şikayəti təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir.xx.xx.2025-ci il tarixdə qətnamənin icrası həyata keçirilmişdir. Lakin faktiki olaraq iddiaçının və övladının yaşayış evindən istifadəsinə cavabdehlər tərəfindən ciddi maneələr yaradılmışdır. İcra zamanı icra məmurunun iştirakı ilə evdə qaz, su və elektrik enerjisinin kəsildiyi müəyyən edilmişdir. Cavabdehlər kommunal xidmətləri bilərəkdən kəsmiş, evi qış mövsümündə yaşayış üçün yararsız hala salmışlar. Bundan əlavə, evdə yerləşən sanitar qovşağı çirkli vəziyyətə salınmış, həyətdə olan sanitar qovşağın qapısı bağlanmışdır. Cavabdeh1 evə pişik buraxmış, mətbəxi bilərəkdən çirkləndirmişdir. Ev üç otaqdan ibarətdir: yataq otağı, uşaq otağı və qonaq otağı. Digər Cavabdeh2 (Cavabdeh1 anası) həmin həyətdə yerləşən başqa evdə yaşayır. Kommunal xidmətlər üçün həyətdə faktiki olaraq iki ev olmasına baxmayaraq, yalnız bir sayğac mövcuddur və cavabdehlər digər evdən istifadə etdikləri halda, iddiaçının köçürüldüyü evə gələn bütün xətləri kəsmişlər. xx.xx.2025-ci il tarixdə iddiaçı işıq və qazın bərpası məqsədilə usta çağırmış, lakin Cavabdeh1 ustanı hədələyərək həyətdən çıxmasını tələb etmişdir. Bu səbəbdən ustalar müdaxilə etməkdən çəkinmişlər. İddiaçı həmin tarixdə 102 xidmətinə müraciət etmiş, 1 saylı Polis İdarəsində şikayət ərizəsi qeydə alınmışdır. İddiaçı kommunal xidmət qurumlarına müraciət edərək ayrıca sayğacların quraşdırılmasını və öz adına müqavilələrin bağlanmasını xahiş etmiş, lakin ona ünvan üzrə artıq kommunal xətlərin mövcud olduğu və bir evdə iki sayğacın mümkün olmadığı bildirilmişdir. Bununla əlaqədar olaraq iddiaçı Daxili İşlər Nazirliyinə, Bakı Şəhər Prokurorluğuna və Bakı Baş Polis İdarəsinə şikayətlər ünvanlamışdır. 2023-cü ilin yanvar ayında iddiaçı evdən çıxarıldıqda, bütün cehiz və şəxsi əşyaları evdə qalmışdır. Xəzər Rayon Məhkəməsində işə baxılarkən keçirilən yerli baxış zamanı həmin əşyaların evdə olduğu da müəyyən edilmişdir. Buna baxmayaraq, Cavabdeh1 iddiaçıya məxsus əşyaları evdən aparmışdır. xx.xx.2025-ci il tarixdə birgə nikah dövründə alınmış 132 ekran ölçülü televizor evdən aparılmış, bununla bağlı da 102 xidmətinə məlumat verilmişdir. Cavabdeh televizorun anasına məxsus olduğunu bildirsə də, bu hal üzrə hələlik hüquqi tədbir görülməmişdir. Hazırda iddiaçının və azyaşlı övladının məhkəmə qətnaməsi əsasında köçürüldüyü evdə yaşaması mümkün deyildir. Evdə işıq, su və qaz yoxdur, sanitar qovşaqlardan istifadə mümkünsüzdür, kran başlıqları çıxarılmışdır. Elektrik və su xətləri Cavabdeh2 adına rəsmiləşdirilmiş və onun göstərişi ilə kəsilmiş, qaz xətti isə Cavabdeh1 tərəfindən kəsilmişdir. Cavabdehlər iddiaçının şəxsi əşyalarını oğurlayaraq, ona yaşayış sahəsindən normal istifadə etməyə imkan vermirlər. Beləliklə, cavabdehlər məhkəmə qətnaməsinə hörmətsizlik nümayiş etdirərək onun icrasına qəsdən mane olurlar. Bu səbəbdən mübahisəli yaşayış evinə dair istifadə qaydalarının müəyyən edilməsi, cavabdehlərin qanunazidd hərəkətlərinin qarşısının alınması və kommunal xidmətlərin bərpa edilməsi zərurəti yaranmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini dəqiqləşdirərək, ünvan 1 ünvanında yerləşən həyətdə sol tərəfdə inşa edilmiş 3 otaqlı fərdi yaşayış evindən iddiaçının istifadəsinə yönəlmiş bütün növ maneələrin, o cümlədən həmin fərdi yaşayış evində olan kommunal xəttlərə və kommunal xidmətlərdən istifadə üçün nəzərdə tutulan bütün növ avadanlığa zərər vurulmasının cavabdehlərə qadağan edilməsi və kommunal xidmətlərin (işıq, qaz, su) quraşdırılması, cari təmiri və istifadəsinə olan maneələrin aradan qaldırılmasına və gələcəkdə cavabdehlərə qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə etirazın dəlilləri Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək ünvan 3 ünvanıdakı girişi solda olan evə istifadə qaydalarının müəyyən edilməsi, kommunal xətlərin verilməsi tələbini etmişdir. Məhkəmə qərarı ilə girişi solda olan evə Kübra Əbdüləli qızı köçürülürkən və köçürüldükdən sonra da ona heçbir maneə törədilməyib, həmin mənzilin də, həyətin küçə qapısının da açarlarının bir nüsxəsi ondadır istediyi vaxt gəlib gedir. Hesab edir ki, iddianın təmini mənə konstitusiya ilə verilmiş mülkiyyət hüququnun kobud şəkildə pozuntusudur və bu onun qanunla ona məxsus mülkiyyət hüququnu məhdudlaşdıraçaqdır. İddiaçının həmin ünvanda girişi solda olan evdə yaşamasına etiraz etmir, lakin 3 otaqlı evin 2 otağının ona verilməsinə qəti etiraz edir.Yaşadığı mənzilə (girişi sağda, ev damı tam ayrı) quraşdırılmış işıq və su sayğaclarının abonent kodları, müqavilələri mənim adınadır. Hal-hazırki vəziyyətdə istifadə olunacaq kommunallarda sərfiyyat aşmasına görə limitlərin olması gələcəkdə arasında ciddi münaqişənin yaranmasına səbəb olacaqdır. O eyni anda bir neçə xəstəlikdən əziyyət çəkən təqaüdçü ağbirçək qadındır və nəqədər yaşayacağını da bilmir, bu səbəblərdən qalan ömrünü digər problemlərlə yaşamaq istəmir. İddiaçı ərizədə elə təsəvvür yaradır ki, guya İddiaçı məxsus sayğaclar var və ona maneə yaradılır. Kübra köçürülüb sol tərəfdə yerləşən evə, o evdə müstəqil tikilib ancaq qaz sayğacı var oda Kübranın adınadır. Getsin açsın istifadə etsin. Kübranın köçürüldüyü sol tərəfdə yerləşən evdə işıq və su sayğacı ümumiyyətlə olmamışdır. Getsin müraciət etsin kommunalı çəkdirsin. Niyə görə Firuzə özünə məxsus evdən Kübraya kommunal xidmət göstərməlidir. Bu səbəblərdən onun adında olan və onun yaşadığı mənzildən Kübranın köçürüldüyü digər mənzilə işıq və su xəttinin verilməsinə qəti etiraz edir. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 4 ünvanında yerləşən həyətdə sol tərəfdə inşa edilmiş fərdi yaşayış evindən Cavabdeh1 ilə birgə istifadə qaydalarının müəyyən edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən evdə yerləşən yataq otağı, uşaq otağı və sanitar qovşağın onun və azyaşlı övladı Əliyev Uğurun istifadəsinə verilməsi, qonaq otağı və həyətdə yerləşən sanitar qovşağın Cavabdeh1 istifadəsinə ayrılması, digər şəxslərin mübahisəli sahələrə yalnız icazə ilə daxil olması, dəhliz, mətbəx və həyətyanı sahənin ümumi istifadədə saxlanılması, habelə yaşayış sahəsindən istifadəyə maneə törədən bütün hərəkətlərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda qaz, su və elektrik xətlərinin kəsilməsinin, sayğaclara müdaxilənin, kanalizasiya və su xətlərinə, kranlara, qapıpəncərələrə və ümumi istifadədə olan digər əşyalara zərər vurulmasının cavabdehlərə qadağan edilməsi tələb olunmuşdur.Cavabdeh tərəf hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir.Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə İddiaçı qeyd olunan ünvanda yerləşən həyətdə sol tərəfdə inşa edilmiş fərdi yaşayış evinə köçürülmə verilmişdir. Həmin yaşayış evində daxili sanitar qovşaq mövcuddur, həyətdə yerləşən sanitar qovşaq isə sol tərəfdə inşa edilmiş evə aid deyildir. Apellyasiya Məhkəməsi tərəfindən həyətyanı sahədən istifadə hüququ verilməmişdir və bu da mümkün deyildir, çünki iddiaçının həmin həyətyanı sahəyə dair mülkiyyət və ya istifadə hüququ mövcud deyildir.Bundan əlavə, İddiaçı faktiki olaraq atasına məxsus evdə yaşamaqda davam edir, mübahisəli evə yalnız ara-sıra, qısa müddətlik gəlib çıxır. Hazırkı iddia ərizəsində isə iddiaçı daha əlverişli otaqları və evdaxili sanitar qovşağı öz istifadəsinə götürməyə cəhd göstərir ki, bu da cavabdeh tərəfin hüquqlarını pozur. Cavabdeh hesab edir ki, yaşayış sahəsindən istifadə əvvəlki ümumi qaydada saxlanılmalıdır.İddiaçı tərəfindən irəli sürülən tələblər cavabdehin yaşayış şəraitini əhəmiyyətli dərəcədə məhdudlaşdırır, xüsusilə də qonaq otağının cavabdehin istifadəsinə verilməsi və onun həyətdə yerləşən sanitar qovşaqdan istifadə etməyə məcbur edilməsi əsaslı hesab edilmir.İddiaçı digər şəxslərin mübahisəli sahələrə daxil olmasının qadağan edilməsini xahiş edir. Digər şəxs dedikdə cavabdehin anası – iş üzrə cavabdeh qismində iştirak edən Cavabdeh2 nəzərdə tutulur. Cavabdeh2 vaxtaşırı həmin ünvana gələrək təmizlik və məişət işləri ilə məşğul olur ki, bu da qanunvericiliyə zidd hesab edilə bilməz.İddiaçı mətbəx, dəhliz və həyətyanı sahənin ümumi istifadəyə verilməsini tələb edir. Cavabdeh bildirir ki, qeyd olunan sahələr artıq faktiki olaraq ümumi istifadədədir və bu barədə əlavə məhkəmə müdaxiləsinə ehtiyac yoxdur.Qaz, su və elektrik xətlərinə müdaxilənin qadağan olunması ilə bağlı qeyd edilir ki, qaz sayğacı İddiaçı adına rəsmiləşdirilmişdir və ona heç bir müdaxilə edilməmiş, qazın verilişi iddiaçının öz ərizəsi əsasında dayandırılmışdır.Su və elektrik xətləri isə Cavabdeh2 adına olan sayğaclardan çəkilmişdir. Nikah münasibətləri pozulduqdan sonra Firuzə xanım öz adına olan kommunal xətlərin verilişini dayandırmışdır ki, bu da onun mülkiyyət hüquqlarından irəli gəlir. Həmin xətlər sol tərəfdə inşa edilmiş evə yalnız müvəqqəti xarakter daşıyaraq ötürülmüşdür.Cavabdeh bildirir ki, iddiaçıya yalnız köçürülmə hüququ verilmiş və məhkəmə qətnaməsi icra olunmuşdur. Qətnaməyə hörmətsizlik edilməmiş, əmlaka zərər vurulmamış, heç bir əşya oğurlanmamışdır. Bu hallar yerində baxış zamanı, eləcə də foto və video materiallarla təsdiq oluna bilər.Eyni zamanda qeyd edilir ki, iddiaçı tərəfindən yataq otaqlarından birinin qapısının açarı dəyişdirilmiş və cavabdehin həmin otaqdan istifadəsinə süni maneələr yaradılmışdır.Nəzərə alınmalıdır ki, iddiaçının köçürüldüyü yaşayış evi yeni tikilidir və kommunal təminat məsələləri qanunvericiliyə uyğun qaydada ayrıca həll edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, iddianın əsassız olduğu qənaətinə gəlinir və təmin edilməməsi xahiş olunur. İş materiallarına əlavə olunmuş sənədlər Bakı Apellyasiya Məhkəməsinin 2(003)-1970/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin sürətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Xəzər Rayon Məhkəməsinin 2(003)-2553/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. İddiaçı oğlu xx.xx.2015-ci il X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən həyətdə olan tikililərdən sol tərəfdə yerləşən (girişi solda olan) fərdi yaşayış evinə köçürülmüş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(003)-1970/2024 saylı xx.xx.2025-ci il tarixli qərrdadının sürətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)1970/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı oğlu xx.xx.2015-ci il X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən həyətdə olan tikililərdən sol tərəfdə yerləşən (girişi solda olan) fərdi yaşayış evinə köçürülməsi həmin evin yaşayış üçün lazımi kommunal vasitələrindən (qaz, su, işıq, sanitar qovşaq,və sair) istifadə etməsini də özündə ehtiva edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İnsan hüquqları üzrə Avrpa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, «mülkiyyətə müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümlünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v. Turkey, xx.xx.1996, § ЫЫ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmənin mövqeyi Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı toplanmış sübutlar, iş materialları və qüvvədə olan məhkəmə aktları əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, nikah dövründə tərəflər ünvan 1 ünvanında yerləşən həyətdə sol tərəfdə inşa edilmiş fərdi yaşayış evində birgə yaşamışlar. Nikah münasibətləri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-1970/2024 saylı qətnaməsi ilə iddiaçının və azyaşlı övladının həmin ünvanda yerləşən, həyətdə sol tərəfdə inşa edilmiş (girişi solda olan) fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, qeyd olunan qətnamə qanuni qüvvəyə minmiş və xx.xx.2025-ci il tarixdə icra olunmuşdur. Məhkəmə müəyyən etmişdir ki, göstərilən qətnamənin icrasına baxmayaraq, cavabdehlər tərəfindən iddiaçının yaşayış sahəsindən faktiki istifadəsinə ciddi maneələr yaradılmışdır. Belə ki, icra zamanı və sonrakı dövrdə yaşayış evində qaz, su və elektrik enerjisinin verilişinin dayandırıldığı, sanitar qovşaqların istifadəyə yararsız vəziyyətə salındığı, kommunal xətlərin bərpasına yönəlmiş cəhdlərə cavabdehlər tərəfindən qəsdən mane olunduğu aşkar edilmişdir. Bununla bağlı icra materialları, polis orqanlarına edilmiş müraciətlər və iş üzrə digər sübutlar cavabdehlərin hərəkətlərinin təsadüfi deyil, məqsədli xarakter daşıdığını təsdiq edir. Məhkəmə hesab edir ki, yaşayış sahəsinə köçürülmə hüququ yalnız şəxsin fiziki olaraq həmin məkana daxil olması ilə məhdudlaşmır, eyni zamanda həmin yaşayış sahəsindən normal və təhlükəsiz yaşayış üçün zəruri olan kommunal vasitələrdən – qaz, su, elektrik enerjisi və sanitar qovşaqdan istifadə imkanını da özündə ehtiva edir. Bu mövqe Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə də təsdiq olunmuşdur. Kommunal təminatı olmayan yaşayış sahəsinin faktiki olaraq yaşayış üçün yararsız olması iddiaçının məhkəmə qətnaməsi ilə tanınmış hüququnun məzmununu tamamilə aradan qaldırır. Cavabdehlərin kommunal xətlərin onların adında rəsmiləşdirilməsi faktına istinad edərək həmin xətləri kəsməsi və bununla da iddiaçının yaşayış hüququna maneə yaratması məhkəmə tərəfindən əsaslı hesab edilmir. Məhkəmə belə qənaətə gəlir ki, kommunal xətlər üzərində formal abonentlik hüququndan istifadə edərək məhkəmə qərarı ilə köçürülmüş şəxsin yaşayış sahəsindən normal istifadə imkanının məhdudlaşdırılması mülki hüququn əsas prinsiplərinə və məhkəmə qətnamələrinin məcburiliyinə ziddir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına qəsdən mane olunması isə hüququn aliliyi prinsipini pozur. Eyni zamanda məhkəmə nəzərə alır ki, mübahisəli yaşayış sahəsində iddiaçı ilə birlikdə azyaşlı uşaq yaşayır və uşağın normal yaşayış şəraitində böyüməsi dövlət tərəfindən xüsusi müdafiə olunan hüquqdur. Cavabdehlərin hərəkətləri nəticəsində azyaşlı uşağın qış mövsümündə kommunal təminatı olmayan yaşayış sahəsində qalması onun mənafelərinə açıq şəkildə ziddir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər tərəfindən iddiaçının yaşayış sahəsindən istifadəsinə qanunsuz və qəsdən maneələr yaradılmış, bununla da məhkəmə qətnaməsinin mahiyyəti və məqsədi faktiki olaraq pozulmuşdur. Bu səbəbdən iddiaçının yaşayış sahəsinə dair istifadə qaydalarının müəyyən edilməsi, kommunal xidmətlərin bərpa olunmasına və onlardan istifadəyə maneələrin aradan qaldırılmasına dair tələbləri hüquqi və faktiki baxımdan əsaslıdır və iddianın təmin edilməsi zəruri hesab olunur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən həyətdə sol tərəfdə inşa edilmiş 3 otaqlı fərdi yaşayış evindən iddiaçının istifadəsinə yönəlmiş bütün növ maneələrin, o cümlədən həmin fərdi yaşayış evində olan kommunal xəttlərə və kommunal xidmətlərdən istifadə üçün nəzərdə tutulan bütün növ avadanlığa zərər vurulması cavabdehlərə qadağan edilsin və kommunal xidmətlərin (işıq, qaz, su) quraşdırılması, cari təmiri və istifadəsinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan maneələr aradan qaldırılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar