Məhkəmə qərarları › İş №e-2(003)-1565/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1565/2023

06.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1565/2023 06.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı Yamən qızının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh2 və İddiaçı Yamən qızının, onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Yamən qızının cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Yamən qızı cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh2 İddiaçı Yamən qızının mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 736 q küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 İddiaçı Yamən qızının mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 736 q küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 736 q küçəsində yerləşən fərdi yaşayış evi İddiaçı Yamən qızına xüsusi mülkiyyət hüququ əsasında məxsusdur. Hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 iddiaçı ilə qohum olduqları üçün müvəqqəti yaşamaq üçün bir müddət həmin evdə qalmalarını xahiş etmişlər. İddiaçı isə qohumluq münasibətlərinə görə etiraz etməmiş və qalmalarına icazə vermişdir. Cavabdehlərə yalnız müvəqqəti yaşamaq üçün icazə verilmiş, aralarında istifadə hüququnun verilməsi ilə bağlı razılaşma olmamış, hətta cavabdehlər həmin evə qeydiyyata bilə salınmamışlar. Hazırda iddiaçı həmin evi satmaq qərarına gəlmiş və bununla bağlı cavabdehlərdən həmin fərdi yaşayış evini tərk etmələrini xahiş etsə də, cavabdehlər buna etiraz etmişlər. Hesab edir ki, cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 tərəfindən iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət hüququ, mənzil hüququ və mənzil toxunulmazlığı hüququ pozulmuşdur. Hal-hazırda iddiaçı mülkiyyətində olan həmin yaşayış evini satmaq istəyir. Lakin, cavabdehlər oradan çıxmadıqlarına görə bunu həyata keçirmək mümkün olmur. Məhkəmə iclasında Cavabdeh1 qızı iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, yaşadıqları Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 736 q küçəsində yerləşən fərdi yaşayış evi onun mərhum həyat yoldaşı X6 tərəfindən alınmış, evdə və həyətdə təmir işləri aparılmışdır. 2008-ci ildən etibarən o, ailəsi ilə birlikdə həmin evdə yaşayır, ev faktiki olaraq onlara məxsusdur. Sadəcə olaraq ev mərhum ərinin qardaşı, X3 adına müəyyən səbəblərə görə sənədləşdirilmişdir. Əri Faiq övladlarının yetkinlik yaşına çatmalarını gözləyirdi ki, oğlu Yamən evlənəndə ona toy hədiyyəsi etsin, yəni ev qardaşının adından oğlunun adına keçsin. Lakin, Qabil əri Faiqin etibarından sui-istifadə edərək öz bacı-qardaşlarını həmin evə pasport qeydiyyatına salmış, sonradan həmin evi Rufət adlı şəxsin adına formal olaraq rəsmiləşdirilmişdir. O, Rüfətlə danışaraq evin faktiki olaraq onun ərinə məxsus olmasını demiş, Rüfət də bunu təsdiq edərək onunla razılaşmışdır. Bundan sonra Qabil qardaşı Faiqin ölümündən sui-istifadə edərək evi bacısı Nailənin adına rəsmiləşdirmişdir. Onların ailəsi bağ evində 2008-ci ildən etibarən yaşayırlar. Baldızı Nailə evi onun adına keçirilməsi üçün külli miqdarda pul istəmişdir. Lakin maddi imkanı olmadığından və həmin evin onun vəfat etmiş ərinə məxsus olması səbəbindən Nailə ilə razılaşmamışdır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X4 hüquqlarını müdafiə etdiyi şəxsin izahatına oxşar məzmunda izahat verdi, əlavə olaraq bildirdi ki, iddiaçının adına çıxarış olması, evin iddiaçıya məxsus olması demək deyil. Cavabdeh Bakı şəhəri Yasamal rayonunda yerləşn evini satıb, daha sonra bu evi almışdır. Cavabdehin qaynı Qabil bu evdə bir gün belə yaşamamışdır. Ev Cavabdeh1 ərinə məxsus olmuşdur. Cavabdeh2 məhkəməyə etiraz ərizəsi göndərərək digər Cavabdeh1 ilə oxşar məzmunlu izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş ********** saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 736q ünvanında yerləşən bağ evi tam mülkiyyət hüququ ilə İddiaçı Yamən qızına məxsusdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş **********24-11301 reyestr nömrəli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 736q ünvanında yerləşən bağ evinin hüquq subyekti İddiaçı Yamən qızıdır. - E-məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 qızı Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi, 98A, 57 ünvanında qeydiyyatdadır. - E-məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 736q ünvanında yerləşən yaşayış evi xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** saylı çıxarışa əsasən tam mülkiyyət hüququ ilə İddiaçı Yamən qızına məxsusdur. Cavabdehlər izahat və etirazlarında da bu faktı etiraf etmişlər. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İşin mübahisəsiz hallarından görünür ki, cavabdehlər mübahisə predmeti olan yaşayış evində 2008-ci il tarixindən etibarən yaşayırlar. Bu səbəbdən hal-hazırkı mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə uyğun həll edilməlidir. Həmin normada yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün onun mülkiyyətçisi ilə notariat qaydasında təsdiq edilən yazılı razılaşma lazımdır. Hazırkı iş üzrə isə belə bir yazılı razılaşma mövcud deyildir və bu da onu deməyə əsas verir ki, cavabdehlərin ümumiyyətlə mübahisə predmeti olan yaşayış evinə istifadə hüquqları yaranmamışdır. Hal-hazırda cavabdehlər evdə heç bir qanuni əsas olmadan yaşayırlar ki, bu da evin mülkiyyətçisinin hüquqlarını pozur. Göstərilənlərə əsasən məhkəmə hesab hesab edir ki, cavabdehlərin mübahisə predmeti olan yaşayış evindən istifadə etmək barədə hər-hansı hüquqmüəyyənedici sənədləri olmadığından və həmin yaşayış evi iddiaçının mülkiyyətində olduğundan, cavabdehlərin həmin sahədən çıxarılması barədə iddia tələbi əsaslıdır. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit elməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 İddiaçı Yamən qızının mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 736q ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar