Məhkəmə qərarları › İş №e-2(003)-1641/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1641/2023

04.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1641/2023 04.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsində qanunsuz tikilinin sökülməsi, inşaat tullantılarının cavabdehin hesabına ərazidən uzaqlaşdırılması və zəbt olunmuş sahənin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən DƏDRX tərəfindən reyestr nömrəsi **********63, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 1- 2153 ünvanında mülkiyyətində olan ümumi sahəsi 0,3574 ha olan torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin onun vəsaiti hesabına sökülməsi və inşaat tullantılarının ərazidən uzaqlaşdırılması, 100 manat ödənilmiş dövlət rüsumunun və hüquqi xidmətin göstərilməsinə görə vəkilə ödənilmiş 220 manat pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Atçılıq adlanan ərazidə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********63 reyestr nömrəli çıxarışa əsasən 0,3574 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi onun tərəfindən daş hasara alınmışdır. Torpaq sahəsinə baş çəkərkən ona məlum olmuşdur ki, Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində qanunsuz yaşayış evi inşa edilmişdir. Bununla bağlı cavabdehə dəfələrlə müraciət edərək zəbt olunmuş torpaq sahəsində özbaşına inşa edilmiş yaşayış evinin sökülməsini və zəbt olunmuş sahənin boşaldılmasını tələb etsə də, onun tərəfindən heç bir müsbət hərəkət edilməmiş, əksinə iddiaçıya hədə-qorxu gəlmiş, torpaq sahəsinin boşaldılmasından, özbaşına tikilinin sökülməsindən və inşaat tullantılarının ərazidən uzaqlaşdırılmasından imtina etmişdir. Buna görə də Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması və barəsində qanunamüvafiq tədbir görülməsi üçün Xəzər rayon Polis İdarəsinə şikayət ərizəsilə müraciət edilmişdir. Ərizə əsasında başlanmış cinayət işi üzrə araşdırma aparılmış və zərərçəkən qismində iddiaçı tanınmışdır. Cavabdeh əməlində cinayət tərkibi olduğuna görə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin1(003)-7/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə 1 (bir) il 8 (səkkiz) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eyni zamanda iddiaçı cinayət işinin istintaqı zamanı Cavabdeh qarşı həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin onun vəsaiti hesabına sökülməsi və inşaat tullantılarının ərazidən uzaqlaşdırılması barədə mülki iddia versə də, həmin iddia hökmdə baxılmamış saxlanaraq, mülki qaydada müraciət etmə hüququ iddiaçıya izah edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkilinin izahatına oxşar məzmunda izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Bakı İstintaq Təcridxanasında cəza çəkən Cavabdeh məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını və onun nümayəndəsi və vəkilinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 1-2153 yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət əsasında ********** saylı qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyatdan keçirilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-7/2023 saylı hökmündən görünür ki, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 1-2153 ünvanında yerləşəntorpaq sahəsini özbaşına olaraq tutaraq üzərində bir mərtəbəli kürsülü yaşayış evi tikmiş və bu əməllərinə görə Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı Cavabdeh və X1 qarşı torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin onların vəsaiti hesabına sökülməsi və inşaat tullantılarının ərazidən uzaqlaşdırılması barədə mülki iddiası baxılmamış saxlanılmışdır. -Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(103)- 960/2023 saylı qərarından görünür ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Cavabdeh Azərbaycan Respublikası CM-nin 188.2ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-7/2023 saylı hökmü dəyişdirilmədən saxlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi və orada özbaşına tikili inşa etməsi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə sübut edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-7/2023 saylı məhkəmə aktı hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 180.2 və 180.3-cü maddələrinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi hazırki halda İddiaçı Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır və 158.4-cü maddəyə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1- ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, özbaşına tikili cavabdehin hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılmalıdır. Məhkəmənin bu qənaəti həm də ona görə əsaslıdır ki, tikinti aparılmış torpaq sahəsi cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil və buna görə də özbaşına tutulmuş (zəbt edilmiş) hesab edilir, orada aparılmış tikili isə qanunvericiliyə əsasən qanunsuz tikilidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş 220 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı həmin ödənişi sübut edəcək hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 1-2153 ünvanında yerləşən torpaq sahəsi daxilində Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikili (bir mərtəbəli, kürsülü yaşayış evi) cavabdehin hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq İddiaçı qaytarılsın. Dövlət rüsumuna görə ödənilmiş 100 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar