Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1686/2024 21.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “azyaşlı uşaqları ilə birlikdə, birgə nikah dövründə inşa etdiyikləri və Cavabdeh yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq ərazisində, X17 küçəsində, 3 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri, həmin evin inşa edilməsinə xərclənmiş 83000 (səksən üç min) manat məbləğində pul vəsaitinin birgə nikah dövründə əldə edilmiş pul vəsaiti hesab edilərək, həmin məbləğdə onun payının 1/2 hissədə, Cavabdeh payının 1/2 hissədə müəyyən edilməsi” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq ərazisində 3 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi, həmin evin inşa edilməsinə xərclənmiş 83000 manat məbləğində pul vəsaitinin birgə nikah dövründə əldə edilmiş pul vəsaiti hesab edilərək, həmin məbləğdə onun payının 2/3 hissədə, Cavabdeh payının 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 avqust 2014-cü il tarixdə Cavabdeh (bundan sonra cavabdeh) ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Cavabdeh ilə ailə qurduqdan sonra bir müddət onun valideynlərinin yaşadığı evdə yaşamış, birgə nikahlarından 21 iyul 2015-ci təvəllüdlü X9, 31 oktyabr 2017-ci il təvəllüdlü X7 və 27 aprel 2021-ci il təvəllüdlü X13 adlı uşaqları anadan olmuşdur. 2016-cı ildə Buzovna qəsəbəsində, Albalılıq deyilən ərazidə (X17 küçəsində) 3 sot torpaq sahəsi almışlar və orada özlərinə iki mərtəbəli ev tikməyə başlamışdırlar. Həmin evi bir il müddətinə inşa etmişlər. Lakin evi tam təmir edib başa çatdırmadan 2017-ci ildə həmin evə köçmüşlər və sonradan həmin evə elektrik enerjisinin və qazın verilməsi üçün cavabdehin adına müvafiq müqavilələr bağlanaraq evləri qaz və elektrik enerjisi ilə təchiz etmişlər. Uşaqlarının ikisi həmin evdə anadan olublar. Həmin evdə özləri, yəni cavabdeh, o və uşaqlar qalmışlar. Lakin cavabdeh xaricə gedəndə o, evdə uşaqlarla tək qalmasın deyə onun anası gəlib onunla qalmışdır. Həmin evdə 09 iyun 2023-cü il tarixədək yaşamışlar. Lakin 2023-cü ilin fevral ayından cavabdeh xaricdə olduğu üçün qaynanası onunla qalmış və 09 iyun 2023cü il tarixdə qaynanası onu evdən qovmuş, o uşaqlarını da götürüb evdən getməyə məcbur olmuşdur. Həmin tarixdən də uşaqlar onunla valideynlərinin yanında yaşamağa başlamışdırlar. Həmin zamanlar cavabdeh xaricdə idi, lakin o ölkəyə gələn kimi gəlib ailəsinə sahib olmaqdansa 03 avqust 2023-cü il tarixdə onun atasının evinə gələrək onu atasının evində döymüşdür. Bundan sonra isə o, iddia ərizəsi iə məhkəməyə müraciət edərək aralarında olan nikahın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-3140/2023 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və 21 iyul 2015-ci təvəllüdlü X9, 31 oktyabr 2017-ci il təvəllüdlü X7 və 27 aprel 2021-ci il təvəllüdlü X8 onun yanında qalmasımüəyyən edilmişdir. 09 iyun 2023-cü il tarixdən cavabdeh onu öz evinə buraxmır, hətta uşaqların geyimlərini götürməyə belə ona icazə vermir. Belə ki, onun bütün əmlaklarım, qızıl-zinət əşyaları, geyimləri və uşaqların geyimləri belə həmin evdə qalmışdır. O, evdən çıxandan sonra cavabdeh özü də həmin evdə yaşamamasına baxmayaraq, onu da evə buraxmır, o, məcbur qalıb uşaqları ilə birlikdə valideynlərinin evində yaşayır. 2016-cı ildə biz həmin torpaq sahəsini 13000 manata almış, evin tikintisinə 70000 manat məbləğində pul vəsaiti xərcləmiş, ümumilikdə onların həmin evə 83000 manat məbləğində xərcləri çıxmışdır. Belə ki, həmin ev iki mərtəbədən ibarət olmaqla birinci mərtəbə 3 otaqdan, 1 qarajdan, 1 dəhliz və bir hamam otağından, ikinci mərtəbə isə 4 otaqdan, mətbəxdən, dəhlizdən, 1 hamam otağından ibarətdir. Evin ikinci mərtəbəsində yerləşən iki otaq, hamam və mətbəx təmirli olsa da digər hissələri təmirsiz qalmış, təmiri başa çatdıra bilməmişdirlər. Mübahisənin cavabdehlə məhkəmədən kənar qaydada həll etməyi üçün mediasiyaya müraciət etmiş, cavabdeh ikinci mediasiya prosesinə gəlmədiyinə görə mübahisənin mediasiyada həlli mümkün olmamışdır. Ona görə də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq deyilən ərazidə, X17 küçəsində 3 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evinin birgə nikah dövründə inşa edilməsini nəzərə alaraq həmin evin tikintisinə çəkilmiş xərclərdə onların payları müəyyən edilməli, eyni zamanda o, azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməlidir. Həmçinin azyaşlı uşaqları onunla qaldığına görə evə çəkilmiş xərcdə paylar müəyyən edilərəkən uşaqları da mənafeyi nəzərə alınmalı, torpağın alınmasına və evin tikintisinə xərclənmiş 83000 manat məbləğində pul vəsaiti onun payı 2/3 hissədə, cavabdehin payı isə 1/3 hissədə müəyyən edilməlidir. İddiaçının nümayəndəsi və vəkili iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı azyaşlı uşaqları birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq ərazisində 3 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməyi, həmin evin inşa edilməsinə xərclənmiş 83000 manat məbləğində pul vəsaitinin birgə nikah dövründə əldə edilmiş pul vəsaiti hesab edilərək, həmin məbləğdə onun payının 1/2 hissədə, Cavabdeh payının 1/2 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, azyaşlı uşaqları ilə birlikdə, birgə nikah dövründə inşa etdiyikləri və Cavabdeh yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq ərazisində, X17 küçəsində, 3 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri, həmin evin inşa edilməsinə xərclənmiş 83000 (səksən üç min) manat məbləğində pul vəsaitinin birgə nikah dövründə əldə edilmiş pul vəsaiti hesab edilərək, həmin məbləğdə onun payının 1/2 hissədə, Cavabdeh payının 1/2 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, iddia iki hissədən ibarətdir. Evə köçürülmə və evə çəkilmiş xərclərin 1/2 payda paylarının müəyyən edilməsindən ibarətdir. Cavabdeh tərəfindən iddiaçının uşaqları ilə birlikdə evə köçürülməsinə etirazı yoxdur. Evə çəkilmiş xərclə bağlı sübutları olmasa da, cavabdeh tərəfdə etiraf edir ki, ev tərəflərin birgə nikah müddətində tikilmişdir. Hazırda iddia tamamilə sübuta yetirilmişdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, mübahisəli fərdi yaşayış evi onun və atasının qazancları hesabına tikilmişdir. İddiaçı evi qardaşı Amilə xəbər etmədən tərk etmişdir. Mübahisəli evdə Cavabdeh ailə üzvləri ilə yaşamışdır. Mübahisəli evdə Amil və ailə üzvlərindən başqa heç kim yaşamamışdır. Onu evdən heç kim çıxarmamışdır. Hazırda evə köçürülməsinə etirazları yoxdur. Bundan başqa Cavabdeh öncəki məhkəmə iclasında iştirak edərkən izahatında göstərmişdir ki, ev tikilən zaman 700-800 manat əmək haqqı aldığı üçün atası və qardaşı ona kömək etməyə məcbur olmuşlar. Onların köməkliyi ilə evi tikmişdir. İddiaçını evdən çıxarmamışdır. İddiaçı ilə bir yerdə yaşayan zaman valideynləri onlarla yaşamamışdır. Həmçinin Cavabdeh nümayəndəsi X2 hazırlıq iclasında iştirak edən zaman izahatında göstərmişdir ki, mübahisəli evi özü 2016-cı ildən bankdan kredit götürərək tikməyə başlamışdır. Ev tamamilə təmir olunmamışdır. Hazırda evin sənədi yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-3140/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında qalmasının müəyyən edilməsi və aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən İddiaçı ilə Cavabdeh arasında 30 avqust 2014-cü il tarixdə 686 nömrəli akt qeydi ilə icra edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından olan uşaqları - 21 iyul 2015-ci il təvəllüdlü X9, 31 oktyabr 2017-ci il təvəllüdlü X7 və 27 aprel 2021 -ci il təvəllüdlü X13 boşanmadan sonra anaları İddiaçı yanında qalması, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edilən vaxtdan, yəni xx.xx.2023-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi üç uşağa görə 540 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X5 ödənilməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin təmin edilmiş hissəsinə münasib olaraq 84 manat 80 qəpik dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş olan doğum haqqında şəhadətnamələrin surətindən və elektron portal çıxarışından görünür ki, tərəflərin birgə nikahından 21 iyul 2015-ci il təvəllüdlü X9, 31 oktyabr 2017-ci il təvəllüdlü X7 və 27 aprel 2021 -ci il təvəllüdlü X13 doğulmuşdur. İş materiallarında olan paylayıcı “Azəriqaz” İstehsalat Biriliyinin Bakı X12 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2017-ci il tarixli, 03/6063 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material cinayət işinin başlanmasının rədd edilməsi, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi əsasında vət. Cavabdeh barəsində tədbir görülməsi üçün ərazi üzrə polis sahə inspektoruna qərarın surətinin təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 13-13/2-1/16- 1667/2024 saylı məktubundan görünür ki, Əliyev X3 Cəmiyyətin elektron məlumat bazasında qeyd olunan şəxsin abonent olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq adlanan ərazidə yerləşən fərdi yaşayış evində **********90046 nömrəli abunə kodu ilə qeydiyyata alınmasına dair məlumat vardır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 13-13/2-1/16- 1998/2024 saylı məktubundan görünür ki, Əliyev X3 Cəmiyyətin elektron məlumat bazasında qeyd olunan abunə kodu üzrə xx.xx.2019-cu il tarixdı Cavabdeh abonent olaraq qeydiyyata alınmasına dair məlumat vardır. İşdə olan Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019cu il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, X17 küçəsi fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh 30 avqust 2014-cü ildə nikaha daxil olaraq, cavabdehin valideynlərinə məxsus evə gəlin köçmüş, sonradan isə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, X17 küçəsində tikilmiş mənzilə köçərək orada yaşamışdırlar. Tərəflər arasında ailə münasibətlərinin pozulması səbəbindən, iddiaçı uşaqları 21 iyul 2015-ci il təvəllüdlü X9, 31 oktyabr 2017-ci il təvəllüdlü X7 və 27 aprel 2021 -ci il təvəllüdlü X13 ilə birlikdə həmin mənzili tərk etmişdirlər. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, uşaqları 21 iyul 2015-ci il təvəllüdlü X9, 31 oktyabr 2017-ci il təvəllüdlü X7 və 27 aprel 2021 -ci il təvəllüdlü X13 ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, X17 küçəsində tikilmiş mənzilə köçürülmələrini xahiş etmişdir. Eyni zamanda ərizəsində həmin evin inşa edilməsinə xərclənmiş 83000 manat məbləğində pul vəsaitinin birgə nikah dövründə əldə edilmiş pul vəsaiti hesab edilərək, həmin məbləğdə onun payının 1/2 hissədə, Cavabdeh payının 1/2 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı Cavabdeh qarşı “azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq ərazisində 3 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməyi” tələbi barəsində iddiasını araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, mübahisəli ev müvafiq icazə sənədləri alınmadan inşa edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Həmin evin hər hansı bir hüquqmüəyyənedici sənədi olmadığından özbaşına tikili sayılır. Həmin hallar tərəflərin izahatları və təqdim etdikləri sübutlar əsasında təsdiqini tapmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil tərəflərin birgə nikaha daxil olmasından sonra inşa edilməyə başlanmış və tərəflər birgə nikahda olan müddətdə azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçərək yaşamışdırlar. Həmçinin tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, mənzil 2 mərtəbəli olmaqla təmirlidir. Göründüyü kimi, mübahisəli ev özbaşına tikilidir. Qanunvericilikdə isə özbaşına tikililərə dair mübahisələri həll etmək üçün birbaşa tətbiq edilən maddi hüquq normaları nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Belə ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Hazırki mübahisə isə özbaşına tikiliyə köçürülmə və ondan istifadə hüququnun tanınması ilə bağlı tələblərdir ki, Mülki Məcəllənin qeyd edilən normasında həmin münasibətləri tənzimləyən normalar yoxdur. Özbaşına tikilidən bir iqtisadi dəyər kimi yararlanmanı tənzimləyən norma(lar)ın mövcud olmadığına istinad etməklə, iddiaçının qeyd edilən evə köçürülməsi tələbinin rədd edilməsi mübahisə predmeti olan fərdi yaşayış evində yaşamış, həmin evdə faktiki sahibi ilə birlikdə təsərrüfat işləri aparmış və həmin evə münasibətdə artıq iqtisadi marağı formalaşmış iddiaçı Orucova (Ələkbərova) Dürdanə Vidadi qızına münasibətdə ədalətli məhkəmə araşdırması hüququnu məhdudlaşdıra bilər. Bu hal isə qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır və yolverilməzdir. Mübahisə, dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Beləliklə, məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Ailə qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Analoji mübahisələrin həlli ilə bağlı vahid məhkəmə təcrübəsinin yaranmasına zərurət var və Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Bundan başqa qeyd olunmalıdır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X10rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli evə köçürülməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə: ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə qeyd edir ki, özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. İşin mübahisə edilməyən halları ilə iddiaçının həmin evdə, cavabdehlə birgə təsərrüfat aparması, mübahisəli ev inşa edilərkən və evdə müəyyən təmir işləri aparılarkən iddiaçının həmin evdə yaşaması, iddiaçıya məxsus əşyalarının hazırda da həmin evdə olması və hazırda iddiaçının yaşayış sahəsinə ehtiyacının olmasıdır. İddiaçı mübahisəli evdə cavabdehlə birgə yaşamaqla birgə təsərrüfatın aparılmasında iştirak etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlə mübahisə yaranması səbəbindən mübahisə predmeti olan evdən müvəqqəti olaraq getməsi onun yaşayış yerini itirməsi üçün əsas olmamışdır. Belə ki, iddiaçıya məxsus müəyyən əşyaların hələ də mübahisəli evdə olması, onun həmin evdən daimi olaraq getməsi faktını istisna edir. İşin mübahisəli halları isə mübahisəli evin cavabdehin atasının və qardaşının köməkliyi ilə tikilməsi, cavabdehin həmin evə hər-hansı aidiyyətinin olmamasıdır. Belə ki, məhkəmə cavabdehin izahatlarına tənqidi yanaşaraq hesab edir ki, cavabdehin (onun nümayəndəsinin) göstərdikləri formal mülahizələrə əsaslanmış, mübahisəli evin cavabdehin atası və qardaşı tərəfindən tikilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmənin qənaətinə görə, mübahisəsi gedən tikilidə yaşamış iddiaçının evin cari təmirində və qorunub saxlanmasında iştirak etmədiyini qəbul etmək ağlabatan mühakimə əsasında mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, cavabdehlə münasibətlərinin pozulması nəticəsində evdən çıxmaq məcburiyyətində qalmış, sonradan qayıtmaq istəsə də cavabdeh və üçüncü şəxs buna imkan verməmişlər. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçılara qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşağı ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə onu da qeyd edir ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində yaşadığı və əşyalarının yerləşdiyi bu evdə yaşamaq hüququ vardır. İddiaçıya həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğu işin halları ilə sübut olunur. Buna görə də mübahisəli ev iddiaçının yaşayış yeri hesab edilməklə onun həmin evə köçürülməsi barədə tələbi təmin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə həmçinin onu da nəzərə alır ki, cavabdehin nümayəndəsi məhkəmədə verdiyi izahatında iddiaçının həmin evə köçüb yaşamasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. İddiaçının həmin evə köçürülməsi qərara alındığından və onun 14 yaşına çatmamış uşaqları da iddiaçının himayəsində olduğundan onların da iddiaçı ilə birlikdə həmin evə köçürülməsi təmin edilməlidir. Məhkəmə iddia tələbinin “həmin evin inşa edilməsinə xərclənmiş 83000 manat məbləğində pul vəsaitinin birgə nikah dövründə əldə edilmiş pul vəsaiti hesab edilərək, həmin məbləğdə onun payının 1/2 hissədə, Cavabdeh payının 1/2 hissədə müəyyən edilməsi barədə” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, mübahisəli mənzil hüquqların dövət reyestrində qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 nömrəli qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən ərin (arvadın) intellektual fəaliyyəti nəticəsində, habelə nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və digər səylər nəticəsində əldə etdiyi gəlirlər ər-arvadın ümumi əmlakına daxil olduğundan müxtəlif oyunlar, müsabiqələr, yarışmalar və sair oxşar tədbirlərdən əldə olunmuş aktivlər də ər-arvadın birgə mülkiyyəti hesab olunur. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Qanunvericiliyin tələbindən göründüyü kimi nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Lakin özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ərarvad arasında bölgünün predmeti ola bilməz. Hazır ki, iş üzrə tərəflər arasında mübahisə predmeti olan əmlak öz başına tikilidir. Ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Lakin ididaçının iddia tələbindən göründüyü kimi iddiaçı mübahisəli əmlaka çəkilmiş xərcin ½ hissəsinin cavabdehdən tutulmasına xahiş etməmiş, yalnız həmin əmlakın dəyərinə onun ½ hissədə payının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının bu hissədə tələbinin hər-hansı qanununi əsası yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evin inşa edilməsinə xərclənmiş 83000 manat məbləğində pul vəsaitinin birgə nikah dövründə əldə edilmiş pul vəsaiti hesab edilərək, həmin məbləğdə onun payının 1/2 hissədə, Cavabdeh payının 1/2 hissədə müəyyən edilməsi barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı uşaqları 21 iyul 2015-ci il təvəllüdlü X9, 31 oktyabr 2017-ci il təvəllüdlü X7 və 27 aprel 2021 -ci il təvəllüdlü X13 ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, X17 küçəsində tikilmiş fərdi yaşayış evindən ibarət özbaşına tikiliyə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı az yaşı uşaqları 21 iyul 2015-ci il təvəllüdlü X9, 31 oktyabr 2017-ci il təvəllüdlü X7 və 27 aprel 2021-ci il təvəllüdlü X13 ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, X17 küçəsində 3 sot tikilmiş fərdi yaşayış evindən ibarət özbaşına tikiliyə köçürülsünlər. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-1686/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1686/2024
21.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver