Məhkəmə qərarları › İş №e-2(003)-1773/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1773/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1773/2024 21.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC Cavabdeh qarşı müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli “Əməkdaşların peşəkar inkişaf xərclərinin maliyyələşdirilməsi haqqında müqavilə”yə əsasən Bank tərəfindən cavabdehin təlimdə iştirakı üçün ödənilmiş 2950 məbləğində pulun, 49,50 manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (bundan sonra – Bank) və Cavabdeh arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən işçi həmin tarixdən Bankın Proqram təminatının inkişafı departamentinin bank sistemlərinin inkişafı şöbəsinə back-end üzrə kiçik proqramçı vəzifəsinə qəbul edilmişdir. Bankla işçisi Cavabdeh arasında xx.xx.2022-ci il tarixli “Əməkdaşların peşəkar inkişaf xərclərinin maliyyələşdirilməsi haqqında müqavilə” (bundan sonra – müqavilə) bağlanmışdır. Müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən Bank İşçinin ABB Tech Academy tərəfindən təşkil olunan: “X1 (Software Engineering)” təlimində iştirak haqqının ödənilməsini,İşçi isə qeyd edilmiş imtahan prosesində iştirak etdikdən sonra sertifikat əldə etdiyi tarixdən sonrakı 1 il ərzində, İşçi ilə Bank və/və ya onun törəmə müəssisələri arasında əmək münasibətlərinə xitam verildiyi təqdirdə (müəssisənin ləğv edilməsi, işçilərin sayı və ya ştatlarının ixtisar edilməsi, işçinin ölümü, əmək qabiliyyətinin 6 aydan artıq müddətə itirilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi halları istisna olmaqla), İşçi Bank tərəfindən ödənilən məbləği bu bənddə qeyd olunan müddət ərzində işlədiyi dövrə proporsional nisbətdə müəyyən olunan həcmdə geri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq ABB ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, “xx.xx.2021-ci il tarixli, AZC/2021-013 saylı təlim xidmətlərinin göstərilməsi haqqında Müqavilə”yə 3 saylı Əlavəyə əsasən Cavabdeh Proqram Təminat Mühəndisliyi təlimində iştirak etməsi üçün Bank tərəfindən "xxxx" MMC-nin İnnovasiya Mərkəzinə 2950 AZN (iki min doqquz yüz əlli manat) vəsait köçürülmüşdür. Bank və Cavabdeh arasında bağlanmış Əməkdaşların peşəkar inkişaf xərclərinin maliyyələşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli müqavilənin 1.3-cü bəndinə əsasən İşçi təlimi bitirdikdən sonrakı 1 ay ərzində iştirakını təsdiq edən sənədin surətini (iştirakını təsdiq edən sertifikat) və ya həmin sənədin alınmasını təsdiq edən elektron məktubu Banka təqdim etmədiyi halda, Bank tərəfindən ödənilən təlimdə iştirak haqqını geri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən İşçi təlim prosesində iştirak etmədiyi halda, iştirak haqqı məbləğini Banka geri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən bu Müqavilədə nəzərdə tutulmuş hallarda İştirak haqqı məbləğinin geri ödənilməsini İşçidən tələb etmək Bankın hüququdur. Həmin müqavilənin 2.1.3-cü bəndinə əsasən İşçidən təlimi müvəffəqiyyətlə tamamlamadıqda və ya müqavilənin 2.4.7-ci bəndində nəzərdə tutulan tələblərə riayət etmədikdə təlimdə iştirak üçün ödənilən məbləğin geri ödənilməsini ondan tələb etmək Bankın hüququdur. Həmin müqavilənin 2.4.3-cü bəndinə əsasən bu Müqavilədə nəzərdə tutulmuş hallarda Bank tərəfindən ödənilmiş İştirak haqqı məbləğini Banka geri ödəmək işçinin vəzifəsidir. Həmin müqavilənin 2.4.4-cü bəndinə əsasən təlimdə iştirakını təsdiq edən sənədin surətini (iştirakını təsdiq edən sertifikat) alındığı tarixdən 1 (bir) il müddətindən tez Bank və/və ya onun törəmə müəssisələri ilə əmək münasibətlərinə xitam verildiyi təqdirdə iştirak haqqının məbləğini (xərcləri) işlədiyi müddətə proporsional olaraq geri ödəmək İşçinin vəzifəsidir. Həmin müqavilənin 2.4.7-ci bəndinə əsasən təlimin müvəffəqiyyətlə tamamlanmasını təsdiq edən sənədin surətini (iştirakını təsdiq edən sertifikat) və ya həmin sənədin alınmasını təsdiq edən rəsmi elektron məktubu sertifikatı əldə etdikdən 1 (bir) ay müddətində Banka təqdim etmək, mümkün olduqda isə, təsdiqedici sənədin əslini kağız daşıyıcıda Banka (surətinin Bank tərəfindən çıxarılması üçün) təqdimetmək işçinin vəzifəsidir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən İşçi təlimdə iştirak etmədiyi və ya Müqavilənin 2.4.7-ci bəndinin tələblərinə riayət etmədiyi təqdirdə təlimdə iştirak haqqı üçün Bank tərəfindən ödənilən məbləği 10 (on) iş günü ərzində Banka geri ödəməlidir. Göründüyü kimi hazırki iş üzrə Cavabdeh Bankla onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ABB Tech Academy tərəfindən təşkil olunan “X1 (Software Engineering)” təlimində lazımi qaydada iştirak etməyi və iştirakını təsdiq edən sənədi 1 ay müddətində Banka təqdim etməyi öz öhdəsinə götürmüşdür. Lakin təlim təşkilatçısı tərəfindən Banka təqdim olunan məlumata görə cavabdeh proqram boyunca 45%-lik davamiyyət göstərmişdir, heç bir ev tapşırığını təqdim etməmiş, final layihə təqdimatında da iştirak etməmişdir. Nəticədə proqramdan məzun ola bilməmiş və o heç bir sertifikata layiq görülməmiş, o cümlədən təlimin yekunlaşmasından sonrakı 1 il ərzində, daha dəqiq desək, xx.xx.2023-cü il tarixdə öz arzusu ilə işdən ayrılmışdır. Qeyd edilən hallar da iddiaçı olaraq Banka müqavilənin yuxarıda göstərilən şərtləri baxımından təlim üçün ödənilmiş 2950 AZN vəsaitin geri qaytarılmasını tələb etmək hüququ vermişdir. Bank tərəfindən cavabdehə qeyd edilən məbləğin ödənilməsi barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, Banka heç bir ödəniş edilməmişdir. İddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.20224-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi Kərimov X2 Məhkəmə Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 1 il müddətinə, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Əməkdaşların peşakar inkişaf xərclərinin maliyyələşdirilməsi haqqında müqavilənin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən: 1.1. Bank bu Müqaviləyə əsasən, İşçinin ABB Tech academy tərəfindən təşkil olunan: “Proqram təminatı mühəndisliyi (Softvvare Engineering)” təlimində iştirak haqqının — “iştirak haqqı”) ödənilməsini həyata keçirir. 1.2. Bu Müqavilənin 1.1-ci bəndində qeyd edilmiş təlim prosesinin sonunda iştirakını təsdiq edən sənədin surətini (iştirakını təsdiq edən sertifikat) əldə etdiyi tarixdən sonrakı 1 (bir) il ərzində, İşçi ilə Bank və/və ya onun törəmə müəssisələri arasında əmək münasibətlərinə xitam verildiyi təqdirdə (müəssisə ləğv edildiyi və ya işçilərin sayı və ya ştatları ixtisar edilən halları istisna olmaqla), İşçi Bank tərəfindən ödənilən məbləği bu bənddə qeyd olunan müddət ərzində işlədiyi dövrə proporsional nisbətdə müəyyən olunan həcmdə geri ödəməyi öhdəsinə götürür. 1.3. İşçi təlimi bitirdikdən sonra 1 (bir) ay ərzində iştirakını təsdiq edən sənədin surətini (iştirakını təsdiq edən sertifikat) və ya həmin sənədin alınmasını təsdiq edən elektron məktubu Banka təqdim etmədiyi halda, Bank tərəfindən ödənilən təlimdə iştirak haqqını geri ödəməyi öhdəsinə götürir. 1.4. İşçi təlim prosesində iştirak etmədiyi halda, İştirak haqqı məbləğini Banka geri ödəməyi öhdəsinə götürür. 1.5. İştirak haqqı məbləği birbaşa müvafiq olaraq təlim prosesini təşkil edən şirkətə (bundan sonra - “şirkət”) ödənilirsə və İşçinin təlimdə iştirak etməməsi, təlim prosesinin ləğv edilməsi və ya hər hansı digər səbəbdan İştirak haqqı məbləği şirkət tərəfindən Banka tam və ya hissəvi şəkildə geri ödənildikdə, İşçinin İştirak haqqı məbləğini geri ödəmək vəzifəsi müvafiq həcmdə azalır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında təlim xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan mail yazışmasından görünür ki, Cavabdeh qatıldığı proqram 19 fevralda başlmış və 8 avqustda bitmişdir. Cavabdeh proqram boyunca 45%-lik davamiyyət göstərmişdir, heç bir ev tapşırığını təqdim etməmiş, final layihə təqdimatında da iştirak etməmişdir. İş materiallarında olan 708K saylı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, "Proqram təminatının inkişafı departamentinin Bank sistemlərinin inkişafı şöbəsində back-end üzrə kiçik proqramçı" vəzifəsində işləyən Cavabdeh ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, AR ƏM-in 68.2 nömrəli maddəsinin "a" - tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə bildiriş göndərilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən Cavabdeh təlimi üçün 2950 manat pul vəsaiti ödənilmişdir. Bank tərəfindən cavabdehə qeyd edilən məbləğin ödənilməsi barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Banka heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına 2950 manat məbləğində pul əldə etməklə əsassız varlanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlandığının müəyyən edilməsi onun üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur. Belə ki, Mülki Məcəllənin 1092.1-ci addəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2950 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 49.50 AZN (qırx doqquz manat əlli qəpik) manat dövlət rüsumu və 0.40 manat (qırx qəpik) bank xidmət haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş olan 49.50 AZN (qırx doqquz manat əlli qəpik) manat dövlət rüsumu və 0.40 manat (qırx qəpik) bank xidmət haqqı cavabdehdən tutularaq, iddiaçı "xxxx" ASCna ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli “Əməkdaşların peşəkar inkişaf xərclərinin maliyyələşdirilməsi haqqında müqavilə”yə əsasən Bank tərəfindən cavabdehin təlimdə iştirakı üçün ödənilmiş 2950 manat məbləğində pul, 49,50 manat dövlət rüsumu, ümumilikdə cəmi 2999,50 (iki min doqquz yüz doxsan doqquz manat, əlli qəpik) manat Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar