Məhkəmə qərarları › İş №e-2(003)-1796/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1796/2025

01.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1796/2025 01.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ərizə etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 saylı xüsusi notarius tərəfindən 25 dekabr 2012-ci il tarixdə qeyd edilmiş onun adından imzalanmış ərizənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 36, 26 saylı mənzilin ½ hissəsində onun qanun üzrə vərəsəlik hüququnun tanınması, həmin mənzilin satışından əldə edilmiş 110 000 manatın yarısı, yəni 55 000 manat məbləğində vəsaitin və ödənilmiş 255 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında göstərdi ki, xx.xx.2012-ci il tarixdə iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 36, 26 saylı mənzilin satılıb 50%-nin ona verilməsi şərtilə bacısı olan cavabdeh tərəfindən tərtib olunmuş ərizəni mahiyyətini anlamayaraq imza etmişdir. Daha sonra cavabdeh 2021-ci ildə heç bir səbəb olmadan iddiaçı ilə əlaqələrini kəsmişdir. 2024-cü ilin mart ayında iddiaçının oğlu Hüseyn bayramlaşmaq məqsədilə sözügedən ünvana getmişdir, lakin orada başqa şəxslərin yaşadığını görüb evin satıldığını anlamışdır. İddiaçı cavabdehlə əlaqə saxlayaraq razılaşmalarına uyğun olaraq evin satışından əldə edilmiş məbləğin yarısını tələb etsə də, iddiaçı bundan imtina etmişdir. İddiaçı bununla bağlı polisə müraciət etmiş, lakin cinayət işi başlanmasının rədd edilməsi barədə qərar çıxarılmışdır. İddiaçı mirasın qəbulu ilə bağlı notariusa müraciət etməmişdir. İddianın təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında nümayəndəsinin izahatını təsdiqləyərək göstərdi ki, atası X1 mənzili ona 1995-ci ildə bağışlamışdır. Həmçinin o rus sektorunda oxumuşdur və cavabdehin latın qrafikası ilə yazdığı ərizəni mahiyyətini anlamayaraq imzalayıb. İddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında göstərdi ki, iddianı qəbul etmir. İddiaçı ata payında imtina haqqında ərizə yazıb, imzalamış və bu ərizə notarius tərəfindən təsdiqlənmişdir. Ərizədə evin satışından əldə edilmiş məbləğin yarısının iddiaçıya verilməsi ilə bağlı heç bir qeyd yoxdur. İddiaçı sözügedən mənzildə yaşamırdı. Cavabdeh isə bir neçə il sonra övladlarının məsrəfləri ilə bağlı sözügedən mənzili 110 000 manata X2 və əldə edilən vəsaitdən iddiaçıya heç bir məbləğ ödəməmişdir. İddianın rədd olunmasını xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan 29 saylı xüsusi notarius tərəfindən 25 dekabr 2012-ci il tarixdə təsdiqlənmiş İddiaçı ərizəsində görünür ki, o atası X3 qalmış mirası qəbul etmir və gələcəkdə buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməyəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı adından imzalanmış ərizənin etibarsız hesab edilməsi tələbi ilə bağlı iddiaçı ərizənin cavabdeh tərəfindən tərtib olunduğunu, latın əlifbasını bilmədiyi üçün ərizənin mahiyyətini anlamadan imzaladığını bildirsə də bununla bağlı əsaslı sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın bu tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X4 vərəsəsi olaraq Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 36, 26 saylı 2 otaqlı mənzildən tam pay almalıdır. İş materiallarına əlavə olunan xx.xx.2021-ci il tarixli DƏDKR çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 36, 26 saylı mənzilin 2 otağı Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmədə müəyyən olundu ki, İddiaçı mirası qəbul etdiyi barədə ərizə verməmiş, əksinə mirasdan imtina və gələcəkdə buraxılmış müddətin bərpası üçün iddia qaldırmayacağı barədə ərizə vermişdir. İddiaçı ailəsi ilə birgə uzunmüddətdir ki, ünvan 1 ünvanında yaşadığı üçün mübahisəli əmlaka sahiblik etməmiş, əmlakı idarə etməmişdir. Cavabdeh isə mirasın qəbul etməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müraciət etmiş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və çıxarış almış, uzunmüddət sözügedən mənzildə yaşamaqla mirası qəbul etmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 36, 26 saylı mənzilin ½ hissəsində onun qanun üzrə vərəsəlik hüququnun tanınması tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 36, 26 saylı mənzilin onun mülkiyyətində olan 2 otağını X5 110 000 manata satmışdır. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh ona məxsus əmlakı qanunvericilikdə nəzərdə tutulmuş qaydada X5 110 000 manata satmışdır. Cavabdeh öz əmlakını satmasını və bu əmlakın satılması zamanı kiməsə hər hanısa hissə verilməsi ilə bağlı razılığın olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının sözügedən mənzilin satışından əldə edilmiş 110 000 manatın yarısı, yəni 55 000 manat məbləğində vəsaitin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə müəyyən olundu ki, İddiaçı iddia tələbləri əsassız olduğundan rədd edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş 255 manat dövlət rüsumunun ödənilməsi tələbi əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia əsassız olduğundan rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar