Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-191/2025 10.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi və sair” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146-da yerləşən 25 saylı binanın 2 saylı mənzilinə ½ hissədə pay sahibi olmağına baxmayaraq faktiki olaraq mənzildən təyinatına uyğun istifadə edə bilmədiyini nəzərə alaraq ona düşən payın naturada müəyyən edilməsini və dəyərinin bazar qiymətinə uyğun cavabdeh tərəfindən ödənilməsi və ya mənzilin hərracdan satılaraq ½ hissədə tərəflər arasında bölüşdürülməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, evin naturada bölgüsü mümkün olmamışdır. Bundan sonra cavabdehə payını satmaqla bağlı, eyni zamanda iddiaçının payını almaqla bağlı müraciət etsə də, cavabdeh qəti şəkildə buna etiraz etmişdir. Bu səbəbdən də son variant kimi əmlakın hərracda satılması və paylara uyğun pulun verilməsini xahiş edir. Eyni zamanda bildirdi ki, ekspert rəyindəki 60.000 manat mənzilin real bazar qiymətinə uyğun deyildir. Evin dəyəri daha artıqdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin ev ona məxsusdur, pulunu tam şəkildə özü ödəmişdir. Hərhansı kompensasiya ödəməyə, həmçinin öz payını satmağa razı deyildir. Ev köhnə və təmirsiz olmaqla təxmini 45000 manat qiyməti vardır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-534/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146-da yerləşən 25 saylı evin 2 saylı mənzili tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak hesab edilməklə həmin mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh payları müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında olan 44.60 kv.m xüsusi mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyul 2025-ci il tarixli, 10/3430 nömrəli rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 25 nömrəli yaşayış binasının, 2 mənzilin tikililərinin planlı yerləşməsini, yardımçı otaqların sayını, yəni mənzil üzrə bir sanitariya qovşağının, bir dəhlizin və bir mətbəxin olmasını nəzərə alaraq, tədqiq olunan mənzilin tikililərinin tərəflərin 1/2 paylarına uyğun iki ayrı-ayrı təcrid mənzil şəklində naturada bölünməsi İnşaat Norma və Qaydalarının, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-tikintitexniki ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 06 noyabr 2025-ci il tarixli, CVN/N 13-464/25 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 25 nömrəli yaşayış binasının, 2 saylı mənzilin 06 noyabr 2025-ci il tarixinə bazar dəyəri 60.000 manat, likvid dəyəri 54.000 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddiaçının tələbi aşağıdakılardan ibarətdir: - ona düşən payın naturada müəyyən edilməsi və mənzilin dəyərinin bazar qiymətinə uyğun cavabdeh tərəfindən ödənilməsi; - bu mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq satışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasında paylara uyğun 1⁄2 hissədə bölüşdürülməsi. Məhkəmə prosesi zamanı tərəflər arasında əmlakın məhkəmədən kənar satılması ilə bağlı razılıq olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsi paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verildiyini, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bildiyini müəyyən etmişdir. Məhkəmə prosesi zamanı tərəflərə mübahisəni barışıq yolu ilə həll etmək təklif olunmuş, lakin tərəflər arasında barışıq əldə olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisə Mülki Məcəllənin 221-ci maddəsinin tələbinə uyğun həll olunmalıdır. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 25 nömrəli yaşayış binasının, 2 saylı mənzilin üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh mülkiyyət hüquqları müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 25 nömrəli yaşayış binasının, 2 saylı mənzilin 06 noyabr 2025-ci il tarixinə bazar dəyəri 60.000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ümumi paylı əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir və tərəflər arasında iddia tələbində göstərilən mənzilin məhkəmədən kənar satılması barədə razılıq əldə olunmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyul 2025-ci il tarixli, 10/3430 nömrəli rəyindən məlum olur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 25 nömrəli yaşayış binasının, 2 mənzilin tikililərinin tərəflərin 1/2 paylarına uyğun iki ayrı-ayrı təcrid mənzil şəklində naturada bölünməsi İnşaat Norma və Qaydalarının, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Bundan başqa tərəflərə kompensasiya ödəməklə digər tərəfi payının alınması ilə bağlı razılıq əldə edilməsi təklif olunmuş, lakin cavabdeh tərəfindən hər-hansı kompensasiya ödənişinə etiraz edilmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş mülki qanunvericilik normalarına əsaslanaraq, belə qənaətə gəlir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh payları müəyyən edildiyindən və həmin mənzilin dəyəri mütəxəssis rəyinə əsasən müəyyən edildiyindən, həmçinin tərəflər arasında əmlakın məhkəmədənkənar satılması ilə bağlı razılıq olmadığından, həmçinin həmin əmlakın naturada bölgüsü mümkün olmadığından Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146-da yerləşən 25 saylı binanın 2 saylı mənzilin ilkin satış qiyməti 60.000 manat müəyyən edilməklə həmin əmlak açıq hərracda satılaraq əldə edilmiş pul məbləğinin ½ hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərcləri özəl ekspertiza qurumu tərəfindən verilmiş mütəxəssis rəyinə görə olan xərc və ekspert rəyinin verilməsi üçün xərcdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan həmin xərclər cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146-da yerləşən 25 saylı binanın 2 saylı mənzilin ilkin satış qiyməti 60.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq əldə edilmiş pul məbləğinin ½ hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. İş üzrə verilmiş mütəxəssis rəyinə görə 300 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-191/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-191/2025
10.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver