Məhkəmə qərarları › İş №e-2(003)-1964/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1964/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1964/2023 13.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13000 manat pul və ödənilmiş 129,0 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı vətəndaş X2 ilə 1998-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdu. İlk gündən həyat yoldaşının yaşadığı ünvana, yəni Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1n fərdi yaşayış evinə cehiz əşyaları ilə birgə köçərək orada daımi olaraq yaşamağa başlamışdır. Həmin ünvana da o, qanuna müvafiq qaydada daimi pasport qeydiyyatına düşmüşdür. Daha sonra onların birgə nikahlarından 1999-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir. O, uşağı ilə birgə həmin ünvanda yerləşən evdə yaşamışdır. Son vaxtadək iddiaçı orada övladı ilə birgə yaşamış, lakin ailə münasibətləri bir qədər gərgin olduğundan həmin ünvanı tərk edib oğlu ilə birgə müvəqqəti olaraq qohumlarının evində qalmağa məcbur olmuşdur. Evində bütün iddiaçıya məxsus olan cehiz əşyaları, eləcə də qızıl-zinət əşyaları da orada qalmışdır. Lakin 2022-ci ildə həyat yoldaşı Haşımov Elşənin yaxın qohumu Cavabdeh əvvəlcədən düşünülmüş plan üzrə iddiaçının (və onun oğlunun) yaşadığı və qeydiyyatda olduğu fərdi evi qəsdən yararsız hala salaraq demək olar ki, onu məhv etmişdirlər. Nəticədə, iddiaçı həmin evə qayıda bilməmiş, gənc övladı ilə birgə demək olar ki, küçədə qalmağa məcbur olmuşdur. Məhz bu səbəbdən onlar öz evlərinə qayıda bilməmişlər. İddiaçının illərlə yaşadığı ev qəsdən, qərəzli şəkildə Cavabdeh tərəfindən sökülmüşdür. Hazırda da həmin evin yerində tamamilə başqa fərdi yaşayış evi inşa edilmişdir. Həmçinin iddiaçının yaşadığı və qeydiyyatda olduğu ev yararsız hala salınmış, sonradan tamamilə sökülmüş və orada saxlanılan və iddiaçıya məxsus olan bütün əşyaları, o cümlədən qızıl-zinət əşyaları da talan olunaraq mənimsənilmişdir. Yaranmış məsələnin həlli üçün iddiaçı ilk növbədə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci PB-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Orada araşdırma aparılmış və araşdırma zamanı cavabdehlə mübaihəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar aparılmışdır. Nəticədə, tərəflər arasında barışıq əldə edilərək xx.xx.2022-ci il tarixli “Saziş” Müqaviləsi bağlanılmış və həmin müqavilə Bakı şəhəri 7 saylı Notariat Ofisində rəsmilləşdirilmişdir. Həmin sazişin 1.1-ci bəndinə əsasən “Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdeh tərəfindən söküldüyünə, ev əşyalarının və digər əşyaların məhv edilməsinə görə dəyən ziyanı tərəflər öz aralarında 15000 manat məbləğində qiymətləndirmişlər”. Daha sonra həmin Sazişin 2-ci bəndinə əsasən “Cavabdeh iddiaçıya dəyən ziyanı ödəməyi öz üzərinə götürmüşdür. İlkin ödəniş 2000 manat məbləğində Saziş bağlandığı vaxt notariat ofisində açılmış depozit hesabı vasitəsi ilə cavabdeh tərəfindən ödənilmişdir. Qalan məbləğ isə, yəni 13000 manat hissə-hissə və ya bir dəfəlik olaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməli idi. Əvəzində isə, Sazişin 4cü bəndinə əsasən, “pul cavabdeh tərəfindən tam ödənildikdən sonra, iddiaçı qeydiyyatdan çıxmağı və gələcəkdə həmin əmlaka dair heç bir iddiasının olmayacağını öz öhdəsinə götürmüşdür. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Beləki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 7 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli “Saziş” Müqaviləsinə əsasən İddiaçı Cavabdeh 13000 manat pulu borc vermişdir. Həmin müqavilənin 2-ci bəndinə görə borc alan krediti xx.xx.2023-cü il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzin surətindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 129,0 manat məbləğində pul ödəmişdir. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında 08 sentyabr 2022-ci il tarixdə notarial qaydada kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 13000,0 manat məbləğində pulu xx.xx.2023-cü ilədək qaytarmağı öhdəsinə götürmüş olsa da, hər hansı bir ödəniş etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 329.2-ci maddəsinin mahiyyətindən görünür ki, əqdlərin həm şifahi, həm də yazılı formada bağlanmasına yol verilir. Həmin Məcəllənin 329.3-cü maddəsində göstərilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyi üçün iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi təmin edilərək ödənilməmiş qalan 13000 manat pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın 129 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia təmin olunduğu üçün 129 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi əsaslı olduğu və sübuta yetirildiyi üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 13000 (on üç min) manat məbləğində borc pul və 129 (yüz iyirmi doqquz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar