Məhkəmə qərarları › İş №e-2(003)-2011/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2011/2023

23.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2011/2023 23.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, X14 ünvanında yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, Abşeron rayon X14 üzrə 09 dekabr 2000-ci il tarixli 16 nömrəli əmrdən çıxarışa əsasən Binə qəsəbəsində fərdi yaşayış evi tikmək üçün iddiaçıya 0,06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində iddiaçının atası fərdi yaşayış evi tikdirmişdir. Lakin, iddiaçı valideynləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzildə yaşadığına görə Binə qəsəbəsində inşa etdirdiyi fərdi yaşayış evi bir müddət boş qalmışdır. İddiaçının əmisi oğlu X8 2010-cu ildə Gürcüstan Respublikasından Bakıya köçmüş və 2015-ci ildə Cavabdeh ilə aliə həyatı qurmuşdur. Əmisi oğlu X3 yaşayış yeri olmadığına görə iddiaçı özünə məxsus fərdi yaşayış evini 2016-cı ildə müvəqqəti olaraq yaşamaq üçün ona vermişdir. X8 ilə Cavabdeh arasında bağlanmış nikah qeydi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Tərəflər arasında nikah qeydi pozulduqdan sonra ev əşyalarının götürülməsi ilə bağlı iddiaçı dəfələrlə əmisi oğlu X4 müraciət etsə də, bu günə qədər ev boşaldılmamışdır. Daha sonra Cavabdeh qanunsuz olaraq iddiaçıya məxsus evə daxil olmuş və ev əşyalarının evdə olmasını əsas gətirərək, orada yaşamağa davam etmişdir. Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evində qanunsuz yaşaması iddiaçının əmlak hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur. İddiaçının əmisi oğlunun nikahı pozulduqdan sonra iddiaçı cavabdehdən evi tərk etməsini tələb etmişdir. Nikah pozulduqdan sonra cavabdeh evdən gedərək atasına məxsus evdə yaşamışdır. Lakin sonradan cavabdeh cehiz əşyalarının həmin evdə olmasını əsas gətirərək evə daxil olmuş və hal-hazıradək ordan çıxmamışdır. İddiaçı atasının köməyi ilə evi tikdirmişdir. Məhkəmə iclasında ifadələri alınan şahidlərin iddiaçını tanımaması bu səbəblə əlaqədardır ki, evi iddiaçının atası tikdirmişdir. Ustalar yalnız iddiaçının atası Qəzənfəri görmüşlər. Ustalara xidmət haqqlarını da Qəzənfər vermişdir. Qeyd olunanalara əsasən iddia ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, hal-hazırda cavabdehin yaşadığı evin yerləşdiyi torpaq sahəsi Abşeron rayon X14 üzrə xx.xx.2000-ci il tarixli 01 saylı əmrdən çıxarışa əsasən cavabdehin anası X1 ayrılmışdır. İddiaçının həmin torpaq sahəsinin ona məxsus olması fikirləri tamamilə uydurmadır və təqdim etdiyi çıxarış etibarsızdır. Torpaq sahəsində ev tikinti işləri cavabdehin anası Tərgül xanım tərəfindən başladılmış və tikintiyə sonuncu özü nəzarət etmişdir. İddiaçı tərəfin şahidlərindən biri onun yaxın qohumu, digərləri isə qonşulardır. Qonşuların heç biri iddiaçını tanımadıqlarını bildirdilər. Eyni zamanda, iddiaçı ona 0,06 ha torpaq sahəsi ayrıldığını bildirsə də, mübahisə predmeti olan yaşayış sahəsinin inşa edildiyi torpaq sahəsi 0,035 ha təşkil edir. Yaşayış evinin bütün kommunal sənədləri Cavabdeh adınadır. Cavabdeh iddiaçının əmisi oğlu Qurbanov Mübarizlə nikah bağladıqdan sonra həmin evdə birlikdə yaşamağa başlamışlar. Lakin, daha sonra onlar arasında olan nikah pozulmuşdur. İddiaçının qeyd olunan yaşayış sahəsinə dair hər hansı sənədi yoxdur. Sadalananalara əsasən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərdi ki, o, mübahisə predmeti olan evlə qonşuluqda yerləşən evdə yaşayır. 2002-ci ildən etibarən X18 ərazisində yaşayır. İddiaçının atası Qəzənfərlə arası çox yaxşı olub. Təxminən 2004-2005-ci ildə Qəzənfər ev tikdirirdi. Həmin vaxt onun avtomobili vasitəsilə tikintidə işləyən ustalara su aparılmışdır. Həmin evdən bir qədər aralıda yaşayır. Təxminən 5-6 il əvvəl eşitmişdir ki, həmin evdə Qəzənfərin qardaşı oğlu evlənərək orada qalır. Həmin ev tikiləndən sonra orada uzun müddət yaşayış olmamışdır. Həmin evin bünövrəsi Qəzənfərin maddi imkanları hesabına qoyulub. Ev tikilən zaman Allahverəni orada görməmişdir, yalnız Qəzənfəri görmüşdür. Həmin evdə başqa yaşayan olmayıb. Məhkəmə iclasında şahid X12 ifadəsində qeyd etdi ki, o, mübahisə predmeti olan evlə qonşuluqda yerləşən evdə yaşayır. 20 ildir ki, Binə Sovxozu ərazisində yaşayır. 2003cü ildə həmin əraziyə köçmüşdür. Həmin tarixdən bir az sonra Qəzənfərin bacısı Kifayət onu çağıraraq Sovxozda yerləşən evin dam örtüyünü vurmağı xahiş etmişdir. İşinin haqqını Qəzənfər ödəmişdir. Həmin vaxt evi tikənin kim olduğunu bilməmişdir. Sonradan ona məlum olub ki, Qəzənfər evi oğlu üçün tikmiş, oğlu da öz əmisi oğluna yaşamaq üçün vermişdir. Ev tikilən zaman Allahverəni orada görməmişdir, yalnız Qəzənfəri görmüşdür. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərdi ki, o, 1988-ci il tarixdə Bakı şəhərinə, təxminən 2-3 il sonra isə X18 adlanan əraziyə köçmüşdür. Mübahisəli evi kimin tikdirdiyini, kimə məxsus olmasını və yerini bilməmişdir. Qonşu kimi tanıdığı Kifayət qardaşı Qəzənfəri təqdim edərək ev tikdirdiyini və zəruri olduqda onun həyətində olan su quyusundan su götürməsinə icazə verməsini xahiş etmişdir. O, da öz növbəsində su “matoru” üçün yanacaq pulunu aldıqdan sonra su quyusundan ustalara və Qəzənfərə su vermişdir. Həmin evdə kimi yaşadığını bilməmişdir. Allahverəni ümumiyyətlə tanımır. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirdi ki, o, iddiaçının atasıdır. Hal-hazırda Xətai rayonunda yaşayır. 90-cı illərdən bəri Binə Sovxoz ərazisində işləmişdir. 2000-ci il tarixdə Sovxozdan torpaq sahəsi almışdır. Ərazi 8 sot olmuşdur, sonradan 2 sotunu sataraq ehtiyaclarına sərf etmişdir. Hazırda həmin ərazi 6 sotdan (0.06 ha) ibarətdir. Sonradan bir çox yerlərdə işləmişdir. Allahverən müəyyən müddət-təxminən 2000-ci il tarixədək sovxozda fəhlə işləmişdir. Təxminən 2002-2003-cü illərdə Qafar adlı şəxs evin divarını tikmiş, dam örtüyünü isə Ədalət usta vurmuşdur. Suyu qonşuluqda yaşayan Gülzar xanım vermişdir. Qurbanov Mübariz onun qardaşı oğludur. Gürcüstan gəldikdən sonra 2015-ci ildə evlənmiş və evi olmadığına görə onlar evi Mübarizə müvəqqəti yaşaması üçün vermişlər. Sonradan nikahları pozulsa da, Mübarizin arvadı hələ də onların evində yaşayır. Ona dəfələrlə evdən çıxmasını təkid etsələr də, o, buna əməl etməmişdir. Torpağın sənədi oğlunun adınadır, evi isə o özü tikmişdir. Cavabdeh nikah pozulduqdan sonra atasının evinə getmişdir. Toy ərəfəsində evin vəziyyəti ürəkaçan olmadığından evin kosmetik təmirini sonradan cavabdehin ailəsi özü etmişdir. Həyətdə olan hamam və sanitar qovşağını da cavabdehin valideynləri tikdirmişdir. Evi Mübarizə satmaq fikirləri heç vaxt olmamışdır. Məhkəmə iclasında şahid Balabaşin Aleksey Nikolayeviç ifadəsində göstərdi ki, o, usta işləyir. Cavabdehin anası İsgəndərova Tərgülün evində iş görmüşdür. Təxminən 10- 11 il əvvəl Tərgül İsgəndərova onu Binə qəsəbəsində Sovxoz adlanan əraziyə apararaq boş torpaq sahəsini göstərmiş və burada ev tikmək istədiyini bildirmişdir. Həmin torpaq sahəsini qızı üçün saxladığını, qızının yaxında evlənəcəyini və bunun üçün ev lazım olduğunu bildirmişdir. Həmin vaxt torpaq boş olmuş, lakin hasarı olmuşdur. Tikinti başladıqdan sonra orada 6-7 nəfər usta işləməyə başlamışlar və tikinti işləri hər gün olmaqla mütəmadi şəkildə davam etmişdir. Evin bünövrəsi onlar tərəfindən qazılmışdır. Hər usta yanında şagirdləri ilə bərabər evin tikintisində işləmişdir. Onun tərəfindən görülən işlər fundamentin qazılması, hörgü və daş işi olmuşdur. Evi 1 mərtəbədən ibarət olmaqla 2 otaqlı, koridor və mətbəx də olmaqla tikmişlər. Lakin 1 otaq natamam qalmışdır. Ev yerdən 5 daş hündürlüyündə tikilmişdir. Hamam və sanitar qovşağını həyətdə tikmişlər. Ev təxminən 4 aya tikilərək hazır vəziyyətə gətirilmişdir. Uzun müddət keçdiyindən evin bünövrəsində beton töküldüyünü xatırlamır. Məhkəmə iclasında şahid X13 ifadəsində göstərdi ki, təxminən 10 il əvvəl cavabdehin anası İsgəndərova Tərgül üçün X18 adlanan ərazidə ev tikilməsində ustalara köməkçi kimi işləmişdir. 5 daş üstündə 2 otaq, dəhliz, mətbəx tikilmişdir. Daha sonra həyətdə hamam və sanitar qovşağı tikmişlər. Tikinti işləri təxminən 4 ay davam etmişdir. Evin dam örtüyünü onlarla işləyən digər ustalar vurmuşdur. Evin fundamenti daşdan (kubik) qoyulmuşdur. Armatur hörülməsi onun yadında deyil. Tikinti işinə nəzarət edən İsgəndərova Tərgül olmuşdur. İddiaçı tanımır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron Rayon X14 üzrə xx.xx.2000-ci il tarixli 16 saylı əmrdən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 0,06 ha torpaq sahəsi ayrılmışdır. -Abşeron Rayon X14 üzrə xx.xx.2000-ci il tarixli 01 saylı əmrdən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, X1 0,035 ha torpaq sahəsi ayrılmışdır. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli inventarlaşdırmaya dair hesabat cədvəlinin surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ərazisində Cavabdeh məxsus olan torpaq sahəsinin sənəd üzrə sahəsi 350 kv.m (0,035 ha), faktiki sahəsi də 350 kv.m (0,035 ha) təşkil edir. Tikinti planına əsasən həmin sahədə yerləşən yaşayış evi 2 otaq, 1 zal, mətbəx, dəhliz, sanuzel, qarderob və açıq eyvandan ibvarətdir. -Bakı şəhəri Xəzər rayonu Binə bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı fərdi ev tikmək üçün ayrılmış 0.06 ha torpaq sahəsinin olması barədə bələdiyyədə məlumat yoxdur. Lakin o, hal-hazırda Abşeron rayon X10 01 saylı xx.xx.2000-ci il tarixli əmri üzrə fərdi ev tikmək üçün ayrılmış 0.08 ha torpaq sahəsinə görə bələdiyyəyə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Abşeron rayon X10 01 saylı xx.xx.2000-ci il tarixli əmri üzrə X1 ayrılmış 0,035 ha torpaq sahəsinə görə sonuncu bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Eyni zamanda, Abşeron rayon X10 xx.xx.2000-ci il tarixli əmri ilə ayrı-ayrı ünvanlarda İddiaçı 0,08 ha, Cavabdeh 0,06 ha torpaq sahələri ayrılmışdır. -Abşeron Rayon X14 üzrə xx.xx.2000-ci il tarixli 01 saylı əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı 0,08 ha torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının müavininin xx.xx.2023-cü il tarixli 5-12/2-1452/2023 nömrəli məktunda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman həmin ünvanda X5 və Cavabdeh yaşamaları müəyyən olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan aydın olur ki, məhkəmənin sorğusunda adları qeyd olunan fiziki şəxslərin adlarına qeyd olunan ünvanda qeydiyyata alınmış torpaq sahəsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abşeron Rayon X14 üzrə xx.xx.2000-ci il tarixli 16 saylı əmri ilə İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin məhz hazırki mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsi olmasına dair hər hansı bir sənəd mövcud deyil. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, qeyd olunan fiziki şəxslərin adlarına qeyd olunan ünvanda qeydiyyata alınmış torpaq sahəsi ilə bağlı məlumat aşkar edilməmişdir. Eyni zamanda iddiaçı 0.06 ha torpaq sahəsində tikilmiş evlə bağlı iddia qaldırsa da, Binə bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda İddiaçı fərdi ev tikmək üçün ayrılmış 0.06 ha torpaq sahəsinin olması barədə məlumatın olmadığı, 0.08 ha torpaq sahəsinə görə bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alındığı bildirilmişdir. Bundan başqa mübahisəli yaşayış evi ilə bağlı "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli hesabat cədvəlində Abşeron Rayon X14nda yerləşən Cavabdeh məxsus torpaq sahəsinin faktiki ölçüsünün 0,035 ha olması müəyyən edilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin iddiaçıya ayrılmasına dair hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Odur ki, həmin torpaq sahəsi üzərində inşa edilmiş mübahisəli fərdi yaşayış evinin məhz iddiaçıya ayrılan torpaq sahəsi üzərində inşa olunması sübuta yetirilmir. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyil. Çünki, o, qeyd olunan torpaq sahəsində tikilmiş mübahisəli fərdi yaşayış evinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 02 saylı, 14 fevral 2003-cü il tarixli qərarına əsasən “Torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Qeyd edilsin ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.” Həmin Məcəllənin 48.4-cü maddəsinə əsasən “Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.” Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən “Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən “Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.” Həmin Məcəlləsinin 65-ci maddəsinə əsasən “Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Şahid ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən dəvət edilən şahidlərin ifadələri heç bir digər sübutla təsdiq olunmadığından mötəbər sübut hesab oluna bilməz. Bundan başqa, iddiaçının sübut kimi təqdim etdiyi -“Azəriqaz” İB ilə aralarında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqavilədə istehlakçı İddiaçı, qaz veriləcək ünvan Xəzər rayonu Qala qəsəbəsi Südçülük sovxozu göstərilsə də, həmin ünvanda yerləşən evin hazırki mübahisə predmeti olan evə aid olması sübut edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar