Məhkəmə qərarları › İş №e-2(003)-2153/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2153/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2153/2024 27.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması barədə kiçik mübahisələr üzrə iddia ərizəsi üzrə mülki işə baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması barədə kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh əsassız varlanmaya görə 58,56 avro məbləğində əsas borcun, 14,59 avro faiz borcunun, cəmi 73,15 avro məbləğində pul vəsatinin, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “İddiaçı ASC-nin plastik kartlarının əldə edilməsi və istifadəsinə dair” müqaviləyə əsasən əsasən sonuncuya avro hesabina bağlı (MC Word Be NeoCard) debet kart verilmişdir. Cavabdeh tərəfindən müqavilə əsasında yaradılmış 547453***5063 saylı kart hesabına xx.xx.2023-cü il tarixində yaranan texniki xəta səbəbindən onun qeyd olunan kart hesabında yetərli pul vəsaiti (həmin zaman hesabında 1,44 Avro məbləğində pul vəsaiti olduğu təqdirdə) olmadığı halda banka məxsus 58,56 Avro məbləğində pul vəsaitini istifadə etmişdir. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq Cavabdeh tərəfindən istifadə edilmiş banka məxsus vəsaitin geri qaytarılması istiqamətində işlər görülmüş, lakin qeyd olunan vəsait cavabdeh tərəfindən nağdılaşdırıldığından (qeyd olunan pul vəsaiti istifadə olunduğundan) həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Göstərilən pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda onun banka 58,56 Avro məbləğində əsas borc, 14,59 avro faiz borcu olmaqla, cəmi 73,15 avro məbləğində borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli “Qoşulma razılaşması“ müqaviləsinə əsasən yaranmış “Texniki overdraft”a görə bankın müştəridən istifadə etdiyi pul məbləğlərinin faizləri ilə birlikdə (faiz hesablanarsa) geri tələb etmək hüququ var. Həmin müqavilənin 2.1-ci maddəsinə qeyd edilmiş linkdə yerləşdirilmiş qoşulma razılaşmasına əsasən yaranmış “Texniki overdraft”a görə pul vəsaitlərini hesablanmış faizləri ilə birlikdə (illik 42% olmaqla) geri qaytarmaq müştərinin vəzifəsidir. xx.xx.2022-ci il tarixli “Qoşulma razılaşması” və Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətlər nəticəsiz qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan: Ödəniş kartlarının hazırlanmasına və verilməsinə dair xx.xx.2022-ci il tarixli ərizədən xx.xx.2022-ci il tarixli razılaşmadan (NEO Kart) görünür ki, Cavabdeh avro hesabına bağlı (MC Word Be NeoCard), 547453**5063 nömrəli və kart hesabının nömrəsi 24-1841333-5 olan debet kart verilmişdir. Hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən 547453**5063 nömrəli kartdan 58,56 avro məbləğində pul vəsaiti istifadə edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 58,56 avro əsas borcu, 14,59 avro faiz borcu yaranmışdır. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, cavabdehdən 3 gün müddətində borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. X1 ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.4-cü maddəsinə əsasən hdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa dərhal icranı tələb edə bilər. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 741-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh iddiaçının pul vəsaitindən istifadə etmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC-nin xeyrinə Cavabdeh ödəniş günü Azərbaycan Respublikasının manatına olan məzənnəyə uyğun olaraq 58,56 avro əsas borc, 14,59 avro faiz borcu, cəmi 73,15 avro borc və 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. İddiaçı ASC-nin xeyrinə Cavabdeh ödəniş günü Azərbaycan Respublikasının manatına olan məzənnəyə uyğun olaraq 58,56 avro əsas borc, 14,59 avro faiz borcu, cəmi 73,15 (yetmiş üç avro, on beş avrosent) avro borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar