Məhkəmə qərarları › İş №e-2(003)-2163/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2163/2022

04.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2163/2022 04.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı evdən çıxarılma və istifadə hüququna xitam verilməsi tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ə.Rəhimov küçəsində 1 ünvanında yerləşən 0.075 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 152.1 kv.m olan fərdi yaşayış evindən çıxarılması, mənzilin iddiaçıya təhvil verilməsi, cavabdehin həmin yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 25 saylı notariat ofisinin 8i-1765 saylı 17 sentyabr 2020-ci il tarixli icra qeydi aparılmış, ipoteka qoyan Cavabdeh məxsus ipoteka predmeti olan ƏMDK yanında DƏDRX-nin Bakı şəhər 1 saylı ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh verilmiş **********01-10301 reyester nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.075 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 152.1 kv.m olan fərdi yaşayış evinə (öhdəlik yaradan müqaviləyə əsasən 109753.58 AZN borc üzrə) tutma yönəldilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 275 saylı ekspert rəyinə əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ə.Rəhimov küçəsində 1 ünvanında yerləşən 0.075 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 152.1 kv.m olan fərdi yaşayış evi 140000 manat dəyərində qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən keçirilən hərracda xx.xx.2021-ci il tarixli 86/02 nömrəli Hərracın yekunları barədə protokoluna əsasən ipoteka ilə yüklü edilmiş olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ə.Rəhimov küçəsində 1 ünvanında yerləşən 0.075 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 152.1 kv.m olan fərdi yaşayış evi 89250 manata İddiaçı BOKT MMC-yə satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reeystri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2022-ci il tarixli **********01-10301 reyestr nömrəli ********** saylı çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ə.Rəhimov küçəsində 1 ünvanında yerləşən 0.075 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 152.1 kv.m olan fərdi yaşayış evi İddiaçı BOK MMC-nin mülkiyyətindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Həmçinin bildirdi ki, mübahisə predmeti olan ev və torpaq sahəsi artıq iddiaçıya məxsus olmasına baxmayaraq iş üzrə cavabdeh həmin evdə yaşayır və könüllü evi tərk etmək istəmir. Ona görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən İddiaçı BOKT MMC-nin tələbi ilə ipoteka qoyan Cavabdeh məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 152.1 kv.m olan fərdi yaşayış evi və 0.075 ha torpaq sahəsi ünvanında yerləşən əmlaka tutmanın yönəldilməsi barədə icra qeydi verilmişdir. İş materiallarında olan Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 86/02 nömrəli protokoldan görünür ki, 25 saylı Notariat Kontorunun 8i-1765 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin, Xəzər rayon İcra şöbəsinin 33/5A saylı xx.xx.2021-ci il tarixli sifariş məktubunun icrasına əsasən ipoteka predmeti olan X3 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0.075 ha torpaq sahəsi açıq hərrac yolu ilə satışa çıxarılmış və ipoteka predmeti ipoteka saxlayan İddiaçı BOKT MMC tərəfindən əldə olunmuşdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0.075 ha torpaq sahəsi İddiaçı BOKT MMC-nin mülkiyyətindədir. İş materiallarına olan xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin hallarından müəyyən edilir ki, mübahisə predmeti olan X3 məxsus olmuş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0.075 ha torpaq sahəsi ipoteka ilə İddiaçı BOKT MMC qarşısında yüklü edilmiş, həmin əmlak icra qeydi əsasında açıq hərracda satışa çıxarılmış və sonda ipoteka saxlayan İddiaçı BOKT MMC tərəfindən alınmışdır. Nəticədə İddiaçı BOKT MMC-yə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: (59.3.1) yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya (59.3.2) ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0.075 ha torpaq sahəsi olan daşınmaz əmlakı qanuni əsaslarla əldə etmiş və onun mülkiyyət hüququ müvafiq çıxarış verilməklə Dövlət reyestrində qeydə alınmışdır. İş üzrə cavabdeh X4 həmin evdə yaşamaqla iddiaçıya məxsus əmlakdan istifadə etməsi qanuni hesab edilə bilməz. Belə ki, cavabdehin həmin evdə yaşamasının qanuni əsası müəyyən edilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən ipoteka qoyulmuş iş üzrə mübahisə predmeti olan evə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan (digər şəxslərlə) birlikdə tutduqları həmin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qanunun bu tələblərinə baxmayaraq mübahisə predmeti olan ev açıq hərracdan satıldıqdan sonra iş üzrə cavabdeh (ipoteka qoyan) həmin evi tərk etməmişdir. Bununla da daşınmaz əmlak yeni mülkiyyətçisinə, yəni iddiaçıya təhvil verilməmişdir. Odur ki məhkəmə hesab edir ki, iddia tələbi mübahisə predmeti olan evdən cavabdehin çıxarılması və iddiaçıya təhvil verilməsi hissəsində əsaslıdır və iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehin yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0.075 ha torpaq sahəsi (daşınmaz əmlak) iddiaçı tərəfindən alınmaqla bu barədə dövlət reyestrində cavabdehin adına olan müvafiq qeydiyyat ləğv edilməklə iddiaçının adına mülkiyyət hüququ qeydə alındığı vaxtdan cavabdehin həmin daşınmaz əmlaka dair mülkiyyət hüququna xitam verilmişdir. Əmlakdan istifadə hüququ isə mülkiyyət hüququnun tərkib hissəsi olduğundan cavabdehin həmin daşınmaz əmlakdan həmçinin istifadə hüququna da xitam verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə cavadbehin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.075 ha torpaq sahəsinə artıq istifadə hüququ da mövcud deyil və mövcud olmayan hüquqa xitam verilməsi mümkün deyil. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X4 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evidən və 0.075 ha torpaq sahəsindən çıxarılmalı, həmin daşınmaz əmlak İddiaçı BOKT MMC-yə təhvil verilməli və ödənilmiş dövlət rüsumuna görə 100 manat alınaraq İddiaçı BOKT MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. X4 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən və 0.075 ha torpaq sahəsindən çıxarılsın, həmin daşınmaz əmlak İddiaçı BOKT MMC-yə təhvil verilsin və ödənilmiş dövlət rüsumuna görə 100 manat X1 alınaraq İddiaçı BOKT MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar