Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2241/2023 13.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsassız varlanma nəticəsində əldə etdiyi 1896,49 manat pulun və ona illik 5%-lə hesablanmış 55,31 manat əldən çıxmış faydanın, həmçinin ödənilmiş 39,52 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya məxsus plastik kart istifadəçisidir. Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından 26.7-7.9.2022-ci il tarixləri aralığında nağdsız ödəniş əməliyyatları icra etmişdir. Nəticədə cavabdeh banka cəmi 1896,49 manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız vaarlanma nəticəsində əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh heç bir əsas (müqavilə və ya qanuni əsas) olmadan, texniki səhvin baş verdiyinə görə iddiaçının hesabına əsassız varlanmışdır. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməklə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməklə izahatında bildirmişdir ki, kartına pul vəsaiti yaranmış, İddiaçı ASC ilə əlaqə yaratmış, oradan onlarlıq deyil bildirilmişdir. Bundan sonra da o, pul vəsaitini xərcləmişdir. Hazırda isə həmin pul məbləğini tam şəkildə qaytarmaq imkanı yoxdur, hissə-hissə olmaqla ödəniş edə bilər. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: -ödəniş kartı üzrə çıxarışdan görünür ki, hesabda 0.00 manat olmaqla cavabdehə məxsus “Birbank cashback plus” kartı hesabından xx.xx.2023-cü il tarixdə hissələr şəklində olmaqla cəmi 1896,49 manat məbləğində əməliyyatlar aparılmışdır. -iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, banka məxsus **********1469536100 nömrəli plastik kart hesabından istifadə zamanı balansda faktiki olaraq kifayət qədər vəsait olmadığından hesabın kreditləşməsi baş vermiş və 1901,50 manat məbləğində borc yaranmışdır. Qeyd olunan vəsaitin 5 təqvim günü ərzində karta mədaxil edilməsi xahiş olunmuş, əks halda həmin vəsaitin qaytarılması ilə bağlı tərəflərindən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. -dövlət rüsumunun ödənilməsinə dair ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 39,52 manat məbləğində rüsum ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçıda olan cavabdehə məxsus bank hesabında (bank kart hesabında) cavabdeh tərəfindən mədaxil olunmayan müəyyən pul vəsaiti məbləğində hesab (vəsait) yaranmış və cavabdeh hər hansı bir əsas olmadan həmin vəsaitin hesabına xx.xx.2023-cü il tarixdə hissələr şəklində olmaqla cəmi 1896,49 manat məbləğində əməliyyatlar aparmışdır. Bununla da o, hüquqi əsas olmadan iddiaçının hesabına əmlak (pul vəsaiti) əldə etmiş və həmin vəsaiti iddiaçıya qaytarmamışdır. Eyni zamanda iş üzrə cavabdeh, məhkəmə iclasında bu halı mübahisələndirməməklə iddia tələbinə qarşı hər hansı bir etirazı olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh əsassız varlanmış şəxs kimi əldə etdiyini məhrum olana, yəni iddiaçıya geri qaytarmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən ona illik 5%-lə hesablanmış 55,31 manat əldən çıxmış faydanın tutulması hissəsi əsassızdır. Belə ki, iddiaçı, iddia ərizəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanmaqla cavabdehdən 55,31 manat tələb edir. Həmin maddəyə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi qeyd olunan maddə tərəflər arasında yaranmış borc münasibətləri əhatə edir ki, hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisə isə iddiaçı tərəfindən cavabdehə borc qismində pulun verilməsindən yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində çərçivəsində cavabdehdən 55,31 manat məbləğində pulun tələb edilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1896,49 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 39,52 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1896,49 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 39,52 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-2241/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2241/2023
13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver