Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2280/2023 13.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsassız varlanma nəticəsində əldə etdiyi 4413,63 manat pulun və ödənilmiş 64,14 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya məxsus plastik kart istifadəçisidir. Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından 3.8-19.9.2022-ci il tarixləri aralığında nağdsız ödəniş əməliyyatları icra etmişdir. Nəticədə cavabdeh banka cəmi 4413,63 manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh heç bir əsas (müqavilə və ya qanuni əsas) olmadan, texniki səhvin baş verdiyinə görə iddiaçının hesabına əsassız varlanmışdır. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməklə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməklə izahatında bildirmişdir ki, volt şirkətində işləyir. İstifadəsində bir kart keşbek kartı var və müştərilərdən nağd alıb həmin kart vasitəsi ilə müvafiq ödənişlər edir. Bir müddətdən sonra birkart kartında məbləğlərin çoxalmağa başladığını görmüş və bu barədə İddiaçı ASC-yə müraciət etmişdir. Oradan bildirmişlər ki, yəqin keşbeklərdir. Daha sonra onun atası xəstələnmiş və ailəsində tək qazanc əldə edən şəxs olduğundan məcbur olmuş həmin pul məbləğini xərcləmişdir. Bundan sonra bankın əməkdaşı onunla əlaqə saxlamış və pulun geri qaytarılmasını tələb etmişdir. Onun isə imkanı olmadığından ödəniş edə bilməmişdir. Hazırda qəbul edir ki, həmin pulu ödəməlidir. Lakin tam şəkildə deyil ayda 20-25 manat ödəniş etməklə qaytara bilər. Qeyd olunanlara əsasən tələb olunan pul məbləğinin ondan hissələr şəklində tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: -ödəniş kartı üzrə çıxarışdan görünür ki, cavabdehə məxsus “Birbank cashback plus” kartı hesabından xx.xx.2023-cü il tarixində hissələr şəklində olmaqla cəmi 4420,69 manat məbləğində əməliyyatlar aparılmışdır. Daha sonra xx.xx.2023-cü il tarixindən xx.xx.2023cü il tarixədək müəyyən kiçik məbləğlərdə hesaba mədaxil olunmaqla ödənişlə aparılmış və nəticədə 4413,63 manat ödənilməmiş hissə qalmışdır. -iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, banka məxsus ******************** nömrəli plastik kart hesabından istifadə zamanı balansda faktiki olaraq kifayət qədər vəsait olmadığından hesabın kreditləşməsi baş vermiş və 4422,65 manat məbləğində borc yaranmışdır. Qeyd olunan vəsaitin 5 təqvim günü ərzində karta mədaxil edilməsi xahiş olunmuş, əks halda həmin vəsaitin qaytarılması ilə bağlı tərəflərindən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. -dövlət rüsumunun ödənilməsinə dair ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 64,14 manat məbləğində rüsum ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçıda olan cavabdehə məxsus bank hesabında (bank kart hesabında) cavabdeh tərəfindən mədaxil olunmayan müəyyən pul vəsaiti məbləğində hesab (vəsait) yaranmış və cavabdeh hər hansı bir əsas olmadan həmin vəsaitin hesabına xx.xx.2023-cü il tarixdə hissələr şəklində olmaqla cəmi 4413,63 manat məbləğində əməliyyatlar aparmışdır. Bununla da o, hüquqi əsas olmadan iddiaçının hesabına əmlak (pul vəsaiti) əldə etmiş və həmin vəsaiti iddiaçıya qaytarmamışdır. Eyni zamanda iş üzrə cavabdeh, məhkəmə iclasında bu halı mübahisələndirməməklə iddia tələbinə qarşı hər hansı bir etirazı olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh əsassız varlanmış şəxs kimi əldə etdiyini məhrum olana, yəni iddiaçıya geri qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4413,63 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 64,14 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4413,63 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 64,14 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-2280/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2280/2023
13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver